Məhkəmə qərarları › İş №2(006)-2351/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2351/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2351/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X31 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar X4, İddiaçı, X10 və X19 Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - iddiaçı X1 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 79 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 65.807 manat, aylıq kirayə pulu olaraq 20.737 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaşa görə 4.080 manat olmaqla cəmi, 95.424 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 1 000 000 (bir milyon) manat kompensasiyanın; - iddiaçı X5 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 78 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 83.460 manat, aylıq kirayə pulu olaraq 20.475 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaşa görə 4.080 manat olmaqla, cəmi, 112.815 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 1 000 000 (bir milyon) manat kompensasiyanın; - İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 78 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq, 85.800 manat, aylıq kirayə pulu olaraq 20.475 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaşa görə 4.080 manat olmaqla, cəmi, 115.155 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 1 000 000 (bir milyon) manat kompensasiyanın; - iddiaçı X11 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 79 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 55.300 manat, aylıq kirayə pulu olaraq 20.737.50 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaş olaraq 4.080 manat cəmi, 84.917 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 1 000 000 (bir milyon) manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il aprel ayının əvvəllərində düşmən təxribatları nəticəsində döyüşlər başladı. Düşmənlə sərhəd boyunca qəhrəman əsgər və zabitlərimizin canı və qanı bahasına apardığı bu döyüşlər cəmi dörd gün davam etdi və “Aprel döyüşləri” kimi Azərbaycan tarixinə düşdü. Döyüşlər əsasən, Tərtər bölgəsində baş verdi və bəzi mövqelərimiz düşməndən azad olunmaqla, Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Bununla da cinayətkar erməni rəhbərlərinin “keçilməz erməni səngərləri” haqqında mifi alt-üst edildi və ordumuz nəyə qadir olduğunu real olaraq düşmənə göstərdi. Bu tarixi döyüşlərdən cəmi bir il sonra, yəni 2017-ci ilin may ayının 1-dən başlayaraq, Tərtər bölgəsində yerləşən hərbi hissələrdə xidmət göstərən və birbaşa “Aprel döyüşləri”nin iştirakçısı olan hərbi qulluqçular arasında, kütləvi şəkildə (yüzlərlə, bəlkə də minlərlə) olmaqla, “düşmənə hərtərəfli xidmət göstərən xəyanətkarlar” axtarılmağa başladı və bu barədə 2017-ci il may ayının 7-də Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaydı. Həmin bəyanatda deyilirdi: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Bəyanatdan o da məlum olurdu ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və digər bir sıra maddələri ilə cinayət işi başlayıb. Bir müddət sonra isə, bu “cinayət işi” üzrə məhkəmələrin hökmü ilə 25 nəfər şəxsin təqsirləndirilərək 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edildiyi, eyni zamanda, yüzlərlə əsgər və zabitin (dəqiq sayı məlum deyil) bu “cinayət işinin istintaqı” zamanı amansız işgəncələrə məruz qaldığı və ən azı 11 nəfər hərbiçinin vəhşicəsinə, verilən işgəncələr nəticəsində həyatını itirdiyi barədə xəbərlər yayıldı. Bütün bu qanlı hadisələr Azərbaycan cəmiyyətində şərti olaraq “Tərtər işi”, “Tərtər terroru”, “Tərtər qətliamı” kimi adlanır və demək olar ki, hər gün geniş ictimai müzakirələrə səbəb olur. Bir çox özəl televiziyalarda, kanallarda bu hadisələr vaxtaşırı işıqlandırılır və ictimai istintaq aparılır. Məhz həmin kanallarda zərərçəkmişlər qanunsuz sorğulamalarda nələrin baş verdiyini, başlarına gətirilən hadisələr, onlara verilən amansız və ağlasığmaz işgəncələr barədə canlı-canlı danışıb və ümumilikdə “Tərtər işi” adlandırılan qorxulu sirrin açılması marağında olan Azərbaycan ictimaiyyətini işgəncə məkanları və orada verilən işgəncələr barədə imkan daxilində məlumatlandırıblar. Yuxarıda adı qeyd olunan İddiaçı da, hərbi xidmətdə olarkən 2017-ci il may ayının ilk günlərindən qanunsuz olaraq saxlanılmış, sözügedən cinayət işi üzrə dəhşətli işgəncələrə, həbslərə və sorğulamalara məruz qalaraq bütün sağlamlığını, bir insan, şəxsiyyət və bir kişi olaraq bir çox dəyərini, həmçinin, bir hərbçi olaraq sevdikləri, uğrunda can qoyduqları real işlərini itirmişdir. O və ailə üzvləri həmin ərəfədə saysız-hesabsız psixi, fiziki və mənəvi olmaqla, ağır və dözülməz hallar yaşamış və bu gün də yaşamaqdadırlar. İddiaçı qanunsuz azadlıqdan məhrum edilməsi və qanunsuz sorğulamalara cəlb edilərək günlərlə, hətta aylarla ağır işgəncələrə məruz qalması, Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli və 1(098)-9/2019 saylı, 13 mart 2019-cu tarixli hökmlərində, həmçinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə kapitanı Bayram İsmayılovun istintaq qrupunun üzvü olduğu ********* saylı cinayət işi üzrə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi kiçik ədliyyə müşaviri Qasım Məmmədovun icraatında olan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və yüzlərlə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. İddiaçı zərərçəkmiş şəxs qismində tanındığı cinayət işləri üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X27, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X16 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X12 Azərbaycan Respublikası CMnin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək, məhkum edilibdir. Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən: İ.Quliyev) 31 yanvar 2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşov hər biri isə 6 ilmüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Həmçinin, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X3, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X17, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X13, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X7 və N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X23 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum edilibdirlər. Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu tarixli və 29 yanvar 2020-ci tarixli hökmlərinə əsasən, X3 6 (altı) il, X17 6 (altı) il, X13 5 (beş) il 6 (altı) ay, X7 6 (altı) il, X23 isə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, N nömrəli hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik X20 Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilərək, 1000 (bir min) manat cərimə cəzasına və 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Böyük bir cinayətin icraçıları olan bu şəxslər, Azərbaycan Ordusunun əsgər və zabitlərinə qarşı ağlagəlməz, dəhşətli işgəncə növlərini amansızlıqla tətbiq etməklərinin qarşılığında onlara verilən bu cüzi cəzalarla zərərçəkmişlər razılaşmadılar və onlara olunan müxtəlif təqib və təzyiqlərə rəğmən öz haqlarını tələb etməklə müxtəlif instansiyalara, eyni zamanda ölkə başçısına yazılı müraciətlər və açıq çağırışlar etdilər. Yüzlərlə zərərçəkmişə misli görünməmiş üsullarla işgəncələrin verildiyi bu cinayət işinə yenidən baxılmasını və iş üzrə istintaqın təzələnməsini tələb etdilər. Nəticədə zərərçəkmişlərin ardıcıl surətdə göstərdikləri dirəniş və tələblər əsasında ölkə başçısı İlham Əliyev cənabları göstəriş vermiş və Azərbaycan Respubliası Baş Prokurorluğunda sözügedən cinayət işinin istintaqı təzələnmişdir. Yenidən başladılmış istintaqın nəticəsi olaraq Azərbaycan Respubliası Baş X18 müraciəti əsasında sözügedən iş üzrə məhkəmələrin bütün hökm və qərarlarına yeni açılmış hallar üzrə Azərbaycan Respubliası Ali Məhkəməsinin Plenumunda yenidən baxılmış, “Dövlətə xəyanət” adı altında dəhşətli işgəncələr görmüş və 10-20 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş əsgər və zabitlərin barəsindəki bütün cinayət işlərinə bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da, 5 il boyunca üzərlərində “Vətənə xəyanət”, “Dövlətə xəyanət” damğası gəzdirən, əslində isə hər biri xidməti dövründə düşmənə qarşı qəhramancasına döyüşərək, şücaətlər göstərən oğulların haqqı qismən də olsa bərpa olunmuş və onlara riyakarcasına vurulan bu “damğa” üzərlərindən götürülmüşdür. Eyni zamanda, yenidən aparılmış istintaqın nəticəsində heç bir təqsiləndirilən və zərərçəkmiş şəxslərin təqsirli olduğu sübuta yetirilmədiyindən, onların tutulması, saxlanılması, qanunsuz sorğulamalara cəlb edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində, onlara vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edilmişdir. “Tərtər işi”ndə insan ağlına gəlməyən, faşistlərin belə etmədiyi, hətta düşmən erməninin də ağlına gəlmədiyi, dünya tarixinin heç bir dövründə, heç bir ölkədə tətbiq olunmayan işgəncə növlərinin hamısı Tərtərdə zərər görmüş əsgər və zabitlərimizə tətbiq olunub. Tamamilə çılpaq vəziyyətdə, gözləri, əlləri, ayaqları bağlı olmaqla, əl və ayaq zərbələri ilə, şlanqlarla, plasmas turbalarla, troslarla, birbirinə burularaq bərkidilmiş şunullarla və s. döyülmə, suda boğulma, bədəninin bütün nayihələrindən saysız-hesabsız toka vermələr, bu vasitə ilə ağızda lampa partladılması, dişlərinin kəlbətinlə çıxarılması və həmin yerdən toka qoşulma, üz nayihəsinə vurulan təpik zərbəsi ilə 5-6 dişin birdən çıxarılması, kəlbətinlə ətinin qoparılması, drell və “katalka” məftili vasitəsi ilə sümüklərinin deşilməsi, polietilen torbaların yandırılaraq açıq bədənlərinə tökülməsi, yanıq və yara yerlərinə araq və duz tökərək əsgər çəkmələri ilə tapdalanması və s. şəkildə dilə gətirilməsi mümkün olmayan, insan şəxsiyyətini sındıran, alçaldan onlarla işgəncə növləri... Bütün bu olanlarla bərabər onların şəxsiyyətinə damğa kimi vurulan: “erməniyə işləyən”, “vətənə xəyanət edən” adları və onların ailə üzvlərinə edilən çoxtərəfli və çoxsaylı işgəncələr... Ailələrin qohum-qonşu yanında “vətən xaininin, erməniyə xidmət göstərənin ailəsi kimi” dözülməz utanc hissi keçirmələri, bir gecənin içində evini, isti ocağını, qohum-əqrabasını qoyub kəndini tərk etməsi, dəhşətli qorxular keçirməsi, iztirablar yaşaması, aylarla övladından xəbər tuta bilməməsi, digər yazılmayan və dilə gətirilməsi çətin, mümkünsüz olan yaşantılar bu insanların hansı fiziki, mənəvi işgəncələrə və zərərlərə məruz qalmalarının sübutudur. Həm də bu yazılanlar illərdir davam edir, bu gün də yaşanılır və yəqin ki, hələ uzun illər də yaşanılacaq və heç vaxt unudulmayacaq! 2017-ci il may ayının əvvəlindən iyun ayının sonuna qədər (bəziləri daha çox müddətə) bütün zərərçəkmişlər kütləvi şəkildə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən, “xidmətə uyğunsuzluq” adı altında, heç bir kompensasiya ödənilmədən hərbi xidmətdən uzaqlaşdırılıblar. Həmin zərərçəkmişlər bu günə qədər də işsizdirlər və səhhətlərində yaranmış çox ciddi və çoxsaylı problemlər uçbatından heç yerdə işləyə bilməmişlər və yaxud da onları işə götürməmişlər. İşə götürülməməklərinin səbəbi həm də, onlara vurulmuş “vətəninə xəyanət edən, düşmənə işləyən” adı ilə damğalanmaqları və sağlamlıqlarında cox ciddi problemlər yaşamaqlarıdır. Bu səbəbdən işgəncyə məruz qalmış bütün əsgər və zabitlərin maddi və sağlamlıq durumları acınacaqlı vəziyyətdədir. Bütün bu baş verən qanunsuzluqlara görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən qanunsuz olaraq uzaqlaşdırıldıqları işlərinə bərpa olunmaq, hər birinin işdən çıxarıldıqları tarixdən, işə bərpa ediləcək tarixədək olan dövr üçün əməkhaqlarının ödənilməsi və itirilmiş əmək illəri staja hesablanılmaqla, iradələrinin ziddinə, əsassız olaraq işdən çıxarılmaqları səbəbi ilə həmin müddətin onlar üçün məcburi işburaxma dövrü hesab edilməsi barədə tələb irəli sürmək zərərçəkmişlərin hər birinin qanuni haqqıdır. Onu da qeyd etmək vacibdir ki, həmin dövrdə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaqlarına razı olmasalar da, 2017-ci ilin may-iyun aylarında, o cümlədən sonrakı tarixlərdə bu qanunsuzluqları törədənlər elə bir vəziyyət yaratmışdılar ki, heç bir işgəncə görüb, zərər çəkən şəxsin harasa, kiməsə müraciət edib haqqını tələb etmək imkanı yox idi. Qanunsuz olaraq saxlanıldıqları N və N saylı hərbi hissələrin köhnə kazarmalarından buraxılan zaman yüzlərlə ağır işgəncəyə məruz qalmış digər hərbi qulluqçular kimi onların da hər birinə şikayət etməmələri, hətta müalicə almaq üçün həkimə getməmələri barədə hədə-qorxu gəlinmişdi, yazılı şəkildə iltizama imza atmaqla xəbərdarlıq olunmuşdu. Bundan başqa, bütün bu qanunsuzluqları məhkəmə qaydasında mübahisələndirməzdən öncə 2017-ci ilin may-iyun aylarında çoxsaylı hərbi qulluqçulara, o cümlədən İddiaçı qarşı törədilmiş cinayət əməllərinin araşdırılması, təqsirkar və zərərçəkmiş şəxslərin müəyyən edilməsi lazım idi. Nəhayət, zərərçəkmiş şəxslərin çoxsaylı müraciətlərindən sonra 17 dekabr 2021-ci ildə qeyd edilən cinayət əməllərinin yenidən araşdırılmasına başlanılmış və İstintaqı Qrupu yaradılmışdır. X30 yaradıldıqdan sonra, işgəncəyə məruz qalıb, zərər görən hər bir şəxs özündə cəsarət tapıb o vaxt baş verən dəhşətlər, üzləşdikləri qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən kənarlaşdırılmaları ilə bağlı məlumat və izahatlarını vermişlər və yüzlərlə işgəncələrə məruz qalmış hərbçilər zərərçəkmiş qismində tanınmış və hal-hazırda da Bakı Hərbi Məhkəməsində istintaqı gedən məhkəmə proseslərinə zərərçəkmiş kimi cəlb olunublar. İddiaçı Tərtər Hərbi Məhkəməsinin 1-(098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli və 1-(098)-9/2019 saylı, 13 mart 2019-cu tarixli hökmlərində zərərçəkmiş kimi adı keçir və həmin hökmlər qanuni qüvvəsini almış, bu gün də öz qüvvəsindədir. Belə ki, İddiaçı 2014-cü ilin iyun ayında Azərbaycan Dövlət Tibb Universitetinn hərbi tibb fakültəsini bitirərək Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə tibb məntəqəsinin həkimi kimi iş fəaliyyətinə başlamış, 2016-cı ildə 2-ci tabora təyinat aldıqdan sonra orada tibb məntəqəsinin rəisi vəzifəsini icra etmişdir. Lakin o, 2017-ci il may ayının 5-də ermənilərə işləmək ittihamı ilə qanunsuz saxlanılmış və amansız işgəncələrə məruz qalmışdır. İddiaçı bütün işgəncə məkanlarında, “Marquşevan” adlanan yerdə, Mingəçevirdə yerləşən N saylı hərbi hissədə, Bakı şəhərinə aparılarkən zərərçəkmişləri aparan maşında, Biləcəridə yerləşən saxlama yerində, “Papanin”də yerləşən hospitalda təkrar-təkrar işgəncələr görmüşdür. Qanunsuz sorğulamalar zamanı İddiaçı haqqında videogörüntülər olduğunu söyləyərək “erməniyə işlədiyini”, “satqın”, “vətən xaini” olduğunu etiraf etməyini tələb etmişdirlər. Buna görə o, mütəmadi olaraq döyülüb, bədəninin bir çox nahiyələrinə dəfələrlə elektrik cərəyanı verilmiş və dəfələrlə komaya düşmüşdür. İddiaçıya qarşı 2017-ci ilin iyun ayının 26-a qədər işgəncələr davam etmiş, məhz həmin işgəncələrin nəticəsində səhhətində yaranmış çoxsaylı problemlərə və “vətən xaini” adı ilə adlandırılmasına görə ali təhsilli hərbi həkim olaraq heç bir yerdə onu işə götürməmişlər. İddiaçı hal-hazırda da işsizdir. O, ən ağır işgəncə görənlərdən biri olmaqla, eyni zamanda 2017-ci il iyul ayının 17-də qanunsuz olaraq işdən çıxarılıb. Həmin vaxt onun orta aylıq əmək haqqı – 1.100 (min yüz) manat olub. Öz iradəsi əleyhinə işdən azad olunması onu potensial qazancından da məhrum edib. İşdən çıxarıdığı vaxtdan bu günə qədər işburaxma müddəti 78 aydır. Bu isə onun qalan xidmət dövrü üçün 85.800 (səksən beş min səkkiz yüz) manat edir (78 ay X 1100 = 85.800) Bundan başqa, İddiaçı işlədiyi müddətdə dövlətdən hər ay olmaqla, kirayə pulu 262.50 (iki yüz altmış iki manat əlli qəpik) manat (78 ay X 262.50 = 20.475) ildə bir dəfə olmaqla maddi yardım 370 (üç yüz yetmiş) manat, (6 il X 430 = 2.580) və 13-cü maaş 680 (altı yüz səksən) manat (6 il X 680 = 4080) alıbdır. Cəmi: 29.355 (iyirmi altı min beş yüz altmış iki) manat. İddiaçının maddi zərərə görə tələb etdiyi yekun məbləğ 115.155 (yüz on beş min yüz əlli beş) manatdır. Ümumilikdə iddiaçı hərbi xidmət zamanı “Vətən xaini” adlandırılaraq ağır işgəncələr və qeyri-insani, alçaldıcı rəftar gördüyündən, bu, ona ciddi və bərpa olunmaz mənəvi sarsıntı yaşatmış, iztirab çəkməsinə səbəb olmuşdur. Həmçinin, onun “dövlətə xəyanət” adı altında işgəncə görməsi təkcə özünün deyil, həm də ailə üzvlərinin də mənəvi iztirablar yaşamasına səbəb olmuşdur. Bununla da iddiaçı təqsirkar şəxslərin törətdiyi əməllər nəticəsində mənəvi zərər çəkmiş, peşəkar hərbi qulluqçu karyerasından məhrum edilmiş, özü və ailəsi stres və ağır sarsıntı yaşamışlar. Odur ki, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 1.000.000 (bir milyon) manat məbləğində qiymətləndirir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1216/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar X1, İddiaçı, X5 və X11 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin “İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi”nin ayrılaraq, ayrıca icraatda baxılması, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi yazılı münasibət təqdim edərək bildirmişdir ki, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmaqla itirilmiş illərin əmək stajına hesablanması inzibati məhkəmə icraatının predmeti olduğundan hazırki məhkəmə baxışı çərçivəsində baxıla bilməz. Belə ki, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmaqla itirilmiş illərin əmək stajına hesablanmasına dair ərizə ilə inzibati orqana müraciət etməli, müvafiq inzibati aktla razı olmadıqda inzibati məhkəməyə iddia ilə müraciət etməlidir. İddia tələbinin iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi hissəsində bilavasitə Maliyyə Nazirliyi cavabdeh olduğundan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırki mülki iş üzrə cavabdeh olaraq məhkəmə icraatında çıxış edə bilməz. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərək cavabdeh qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyini göstərmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusu törədən daxili işlər orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi müəyyən olunmamış, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yoxdur. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb olunması və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaqı aparmış orqanların cəlb olunması zəruridir. Hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq, bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq – 115.155 manat, əldən çıxmış fayda olaraq 150.000 manat, işgəncələr nəticəsində fiziki sağlamlığına vurulmuş ziyana görə 150.000 manat, cəmi 415.155 manat həcmində kompensasiyanın, mənəvi zərərə görə 1.000.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı məxsus EZ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, o, 2012-ci ildə Azərbaycan Tibb Universitetinin nəzdində mülki ixtisasa yiyələnmiş, 2014-cü ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmiş, Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli 0472 nömrəli əmri ilə ona “tibb xidməti leytenantı” hərbi rütbəsi verilmişdir. xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin 0529 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata (və ya istefaya) buraxılmışdır. xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilədək N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək N saylı hərbi hissənin tibb məntəqəsinin rəisi, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək N saylı hərbi hissənin komandirinin sərəncamında olmuşdur. xx.xx.2017 və xx.xx.2017-ci il tarixli söhbət vərəqələrindən (1-ci və 2-ci söhbətlər) görünür ki, İddiaçı tez bir zamanda ordu sıralarından təxris olunması barədə köməklik edilməsini xahiş etmiş, xidmət etməyə çətinlik çəkdiyini bildirmişdir. N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin xx.xx.2017-ci il tarixli 20 nömrəli qərarından çıxarışdan görünür ki, tibb xidməti leytenantı İddiaçı xidməti vəzifələrinin icrasına laqeyd yanaşmasını, tabeçiliyində olan şəxsi heyətin mənəvi-psixoloji durumunun aşağı olmasını və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını nəzərə alaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Təqdimatdan və xidməti xasiyyətnamədən görünür ki, tibb xidməti leytenantı İddiaçı, N nömrəli hərbi hissə komandirinin sərəncamında (N nömrəli hərbi hissənin 7032-ci motoatıcı taborunun tibb məntəqəsinin sabiq rəisi), xx.xx.2017-ci il tarixdən “tibb xidməti kapitanı” xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunmuşdur. O, (N nömrəli hərbi hissənin sərəncamına çıxarılanadək) N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız, təcrübəsiz və savadsız bir zabit kimi göstərmişdir. Vəzifəsinə aid olan rəhbər sənədləri bilmir və bilik səviyyəsini artırmaq üçün çalışmır. Taborun zabitləri və gizirləri, həmçinin bölmənin tibbi heyəti ilə öz ixtisası üzrə məşğələlər aparmır. Taborda müalicə-profilaktika və epidemiya əleyhinə tədbirlər görmür, sanitar-gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət etmir. Xroniki xəstəliyi olan şəxslər üzərində daimi tibbi müşahidə aparmır və müşahidənin nəticələrini bölmə komandirlərinə bildirmir, pəhriz yeməyinə ehtiyacı olan əsgər və çavuşlar haqqında tabor komandirinə vaxtında məlumat vermir. Taborun binalarının və təsərrüfat xidmətlərinin sanitar vəziyyətinə nəzarət etmir, şəxsi heyətin vaxtında çimməsinə, alt paltarlarının və yataq dəyişəninin, dəsmal, corab və ayaq dolaqlarının dəyişməsinə diqqət yetirmir. Kollektivdə və yoldaşları arasında hörmətə malik deyildir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini zəif bilir. Hərbi geyim formasını səliqəsiz geyinir. Yuxarıda göstərilən mənfi xüsusiyyətlərini və kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətini nəzərə alaraq, tibb xidməti leytenantı İddiaçı xidməti vəzifəyə uyğun deyil. Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0529 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 1-ci Ordu Korpusu (N nömrəli hərbi hissə) komandirinin sərəncamında olan tibb xidməti leytenantı, 703-cü Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 7032-ci motoatıcı taborunun tibb məntəqəsinin sabiq rəisi İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 canlı şəxsin ekspertizasına dair xx.xx.2018-ci il tarixli 953 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı (1991-ci il təvəllüdlü) məhkəmə-tibbi ekspertizası zamanı hər iki kürək nahiyəsində sağalmış qançır izləri olan piqmentasiyalar, burun belində, sol bel nahiyəsində, hər iki aşağı ətraflarda çoxsaylı yaralarının sağalmış izləri olan çapıq toxumaları aşkar edilmişdir. İddiaçı tərtib edilmiş xəstəlik tarixindən göründüyü kimi, o, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Bədənin ümumi küt travması, müxtəlif nahiyələrin qançırı, sağ ayağın reaktiv ödəmi” diaqnozu ilə SQ BKH-da stasionar müalicədə olmuşdur. Qeyd edilən xəsarətlərdən, ödem və qançırlar bərk küt əşyanın (əşyaların), burun belinin, sol bel nahiyəsinin, hər iki aşağı ətrafların yaralarının sağalmış izləri olan çapıq toxumalar yüksək hərarətin yerli təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən, eləcə də, şəxsin özünün göstərdiyi tarixlərdə (may 2017) və şəraitdə törənməsi də istisna deyildir, həmin xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, ayrı-ayrılıqda isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı X2 xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin (1-ci ordu korpusu) komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X27 tərəfindən səlahiyyəti olmadığı halda, 2017-ci ilin may ayının əvvəllərindən etibarən N saylı hərbi hissənin tabeliyində olan hərbi hissələrin düşmənin xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməklə şübhələnilən hərbi qulluqçuları qanunsuz olaraq N saylı hərbi hissənin köhnə qərargah binasına, daha sonra isə N saylı hərbi hissəyə gətizdirilərək, orada onun rəhbərliyi ilə sorğu-sual edilmiş, onlardan düşmənlə əlaqələri barədə məlumatlar vermələri tələb edilmiş, sorğu-sual edilən hərbi qulluqçulara, o cümlədən N saylı hərbi hissənin hərbi qulluqçusu, leytenant İddiaçı qarşı fiziki və psixi zor tətbiq edildiyindən, ona cinayət nəticəsində fiziki və mənəvi zərər vurulduğundan ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Tərtər Hərbi Məhkəməsinin 1(098)-9/2019 nömrəli, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli hökmlərindən görünür ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının sabiq sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X24 ifadəsində göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdə, saat 12 radələrində şəxsi heyət “Bozdağ” təlim yerində olarkən, tabor komandiri onları sıraya düzüb 9 nəfərin (taborun həkimi, leytenant İddiaçı də daxil olmaqla) adını çəkmiş, onlara “köhnə tabor komandiri Hidayətov Seymurla bağlı N nömrəli hərbi hissənin köhnə qərargahına izahat verməyə gedirsiniz, sizlik bir şey yoxdur, izahat verib, bura qayıdacaqsınız” demiş, artıq həmin vaxt hərbi hissənin kəşfiyyat bölüyünün maskalı hərbi qulluqçuları tam silahlı vəziyyətdə təlim yerinə gəlmiş və onları “Kamaz” markalı avtomobilə mindirmişlər. Təlim yerindən saat 18 radələrində çıxıb saat 20-21 radələrində köhnə qərargaha çatmışlar. Həmin vaxt yerə düşən kimi tanımadığı maskalı şəxslər ayağına təpik zərbələri vurub yerə yıxmış, arxadan qollarını ayaqlarına bağlamış, əllərində olan bıçaqla əynində olan köynəyi cırıb maykanı gözünün üstünə qoyaraq skoçla bağlamış, iki nəfər maskalı şəxs qollarından tutub sürüyərək binaya aparıb pilləkanla yuxarı qaldırmış və onu dəhlizdə dizi üstə saxlamışlar. 9 nəfərin hamısı eyni qayda ilə dəhlizə yığılmış, səs-küydən dəhlizdə onlardan başqa da çoxlu sayda insanlar olduğunu bilmiş, qışqırtı, bağırtı, döyülməyə xarakterik səslər eşitmişdir. Onların hamısı dəhlizdə şlanqla döyülmüş, şlanqla bədəninin bütün nahiyələrinə dayanmadan çoxsaylı zərbələr vurulmuş, ondan başqa dəhlizdə olan bütün şəxsləri də eyni qayda ilə döymüşlər. Aparıldığı vaxtdan dəhlizdə eyni qaydada dizi üstə olduğu yerdə qalmış, o və dəhlizdə olan digər şəxslər gecə boyu 1 saata yaxın fasilə ilə 2-3 saat dayanmadan eyni qayda ilə şlanqla döyülmüşlər. Aparıldığı günün səhəri, səhər saatlarında süründürülərək bir otağa salınmış, gözləri bağlı olduğundan heç nə görməmiş, orada ondan guya Anar Allahverdiyevin toy məclisində erməninin iştirak etdiyi və onun da bu barədə məlumatının olduğu soruşulmuşdur. A.Allahverdiyevlə bir kənddən olduğunu, onun toy məclisində iştirak etdiyini, amma toyda erməni görmədiyini desə də, ona inanmamışlar. Bundan sonra ona çoxsaylı və ağır işgəncələr verilmişdir, digərlərinin də səslərindən onlara işgəncələr verildiyini başa düşmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1-1(102)-41/2020 nömrəli qərarından görünür ki, Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, Sənan Maşıyev, Cabir Qəhrəmanov və digər vəzifəli şəxslər İddiaçı köhnə qərargah binasına gətirildiyi vaxtdan xx.xx.2017-ci il tarixdə günorta saatlarınadək olan müddətdə, həmin binada olduqları müxtəlif vaxtlarda İddiaçı onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, ona qarşı zorakı hərəkətlər etmiş, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə, əynində olan paltarlarını soyundurub əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağladıqları İddiaçı yerə yıxıb yumruq və təpiklə, habelə taxta parçası və plastik boru ilə onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuş, xüsusi qurğu vasitəsilə bədəninin müxtəlif nahiyələrinə naqil birləşdirməklə uzun müddət ərzində dəfələrlə elektrik cərəyanı vermiş, ona sağlamlığa yüngül zərərvurmaya aid olan “bədənin ümumi küt travması, müxtəlif nahiyələrin, habelə hər iki kürək nahiyəsinin qançırı, sağ ayağın reaktiv ödemi, burun belinin, sol bel nahiyəsinin, hər iki aşağı ətrafların çoxsaylı yaraları” xəsarətlərini yetirmişlər. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı 2014-cü ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirdikdən sonra Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli əmri ilə ona “tibb xidməti leytenantı” hərbi rütbəsi verilmiş, həmin tarixdən xx.xx.2016-cı ilədək N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, xx.xx.2016-cı ildən hərbi hissənin tibb məntəqəsinin rəisi, xx.xx.2017-ci ildən isə N saylı hərbi hissənin komandirinin sərəncamında olmuşdur. xx.xx.2017-ci il tarixdə N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi tərəfindən qəbul edilmiş qərarla xidməti uyğunsuzluğa görə onun Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə vəsatət qaldırılması qərara alınmış, bu barədə müvafiq təqdimat və mənfi məzmunda xidməti xasiyyətnamə verilmişdir. Beləliklə, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ehtiyata buraxılmazdan əvvəl – sərəncamda olarkən 2017-ci ilin may ayının əvvəlindən iyun ayının sonlarınadək Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxsi tərəfindən müxtəlif cür işgəncələrə məruz qalmışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 canlı şəxsin ekspertizasına dair xx.xx.2018-ci il tarixli ekspert rəyi ilə iddiaçının xəstəlik tarixindən onun xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə “bədənin ümumi küt travması, müxtəlif nahiyələrin qançırı, sağ ayağın reaktiv ödəmi” diaqnozu ilə stasionar müalicədə olmasının müəyyən edilməsi, bədənində olan sağalmış xəsarət izlərinin onun özünün göstərdiyi tarixlərdə (may 2017) və şəraitdə törənməsi istisna edilməmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə isə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X27 tərəfindən səlahiyyəti olmadığı halda, 2017-ci ilin may ayının əvvəllərindən etibarən N saylı hərbi hissənin tabeliyində olan hərbi hissələrin düşmənin xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməklə şübhələnilən hərbi qulluqçularından biri olan leytenant İddiaçı qarşı qanunsuz olaraq fiziki və psixi zor tətbiq edildiyindən, ona cinayət nəticəsində fiziki və mənəvi zərər vurulduğundan, iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında iddiaçıya məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələr verilməsi, fiziki və psixi zor tətbiq edilməsinin müəyyən edilməsi hazırki iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu, mübahisəsiz haldır. Hazırda iddiaçı Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalması (fiziki və psixi zor tətbiq edilməsi) nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu bildirərək, əmək haqqı və ona əlavələrə görə 115.155 manat, həmin pul məbləğindən istifadə edərək gəlir əldə edə biləcəyi halda, məhrum olduğu əldən çıxmış faydaya görə 150.000 manat və sağlamlığına vurulmuş zərərə görə 150.000 manat olmaqla, cəmi 415.155 manat maddi və 1.000.000 manat mənəvi ziyanın əvəzinin cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini; cavabdeh isə iddiaçıya onun təqsiri ucbatından ziyan dəyməsinin sübuta yetirilməməsi və əsl cavabdeh olmaması səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə İddiaçı Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalması (fiziki və psixi zor tətbiq edilməsi) nəticəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Məhkəmə iddiaçı tərəfin izahatlarını mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddia tələbi “maddi ziyan” hissəsində təmin edilməməli, “mənəvi ziyan” hissəsində isə qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin “415.155 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçı bu tələbinin 115.155 manat hissəsini Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində məhrum olduğu əmək haqqı və ona əlavələr; 150.000 manat hissəsini həmin məbləğlərdən istifadə edərək əldə edə biləcəyi gəlir (əldən çıxmış fayda); qalan 150.000 manat hissəsini isə sağlamlığına vurulmuş ziyan kimi əsaslandırdığından, bu tələbin hər bir hissəsinə ayrı-ayrılıqda münasibət bildirilməsi zəruridir. İddiaçının məhrum olduğu əmək haqqı və ona əlavələrlə əlaqədar qeyd edilməlidir ki, iş materiallarında olan sənədlər əsasında iddiaçının məhz “xidməti uyğunsuzluğa görə” (müvafiq Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən) işdən azad edilməsi barədə əmr verilmişdir. Həmin əmr hələ iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırda qüvvədədir. İddiaçının özünün hərbi qulluqçu (tibb xidməti leytenantı), əmri verən qurumun isə dövlət orqanı olması nəzərə alındıqda, həmin əmrin qanuni olub-olmamasına hüquqi qiymət verilməsi ümumi məhkəmənin səlahiyyətinə aid olmadığından, məhkəmə həmin əmr qüvvədə olduğu, qanunsuz olması və ya ləğv edilməsi barədə heç bir mötəbər sübut olmadığı halda, eyni zamanda, hazırda mübahisələndirilmədiyindən (hazırkı mübahisənin predmeti olmadığından) iddiaçının məhrum olduğu əmək haqqı və əlavələrə görə kompensasiya tələbini əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin əmri mübahisələndirərək müsbət nəticə əldə edəcəyi halda, onun məhrum olduğu əmək haqqı və əlavələrin iddiaçıya ödənilməsi məsələsi də müvafiq olaraq öz həllini tapacaqdır. Məhkəmə onu da qeyd edir ki, bu mübahisə üzrə əsl cavabdeh Maliyyə Nazirliyi deyil, iddiaçının işəgötürəni qismində çıxış edən müvafiq dövlət orqanıdır. Bu tələbin cavabdeh Maliyyə Nazirliyinə qarşı təmin edilməsi həm də ona görə əsaslı hesab edilə bilməz ki, iddiaçı əmri mübahisələndirərək müsbət nəticə əldə etsə, dövlət büdcəsindən eyni məsələyə görə iki dəfə tutulma olacaq, bu isə yolverilməzdir (iddiaçının vəkili-nümayəndəsi bildirmişdir ki, bu məsələ ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəkdir). Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin bu hissəsinin təmin edilməsi üçün əsas yoxdur. İddiaçının məhrum olduğu əmək haqqı və ona əlavələrdən istifadə edərək əldə edə biləcəyi gəlir, yəni əldən çıxmış fayda ilə əlaqədar isə qeyd edilməlidir ki, bu tələb də yuxarıda qeyd olunan tələbdən törəməklə yanaşı, heç bir dəlil-sübuta əsaslanmadığı və məhz formal mülahizəyə söykəndiyi, bir sözlə, ağlabatan olmadığı üçün təmin edilməməlidir. İddiaçının sağlamlığına vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya yetirilmiş xəsarətlərin sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər olması (ayrı-ayrılıqda isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən) iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, iddiaçının bunun qarşılığında 150.000 manat məbləğində kompensasiya tələb etməsini əsaslandıran heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, bu tələb də formal mülahizələrlə əsaslandırılmışdır. İddiaçının sağlamlığına dəymiş zərərin kompensasiyası kimi 150.000 manat məbləğində pulun ona ödənilməsi barədə tələbi təmin etmək üçün əsas müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, tələb bu hissədə də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddia tələbinin “1.000.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsində isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalması (fiziki və psixi zor tətbiq edilməsi) ali hərbi tibb təhsili olan iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000.000 manat məbləğində kompensasiya tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, məhkəmə qeyd edir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X8rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 54.1-54.2-ci maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərər görə kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyektin isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Bundan başqa, cavabdehin “iddiaçının mənəvi zərərə məruz qalmasını heç bir mötəbər sübutla təsdiqləməməsinə dair” dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, mübahisəsiz haldır ki, dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalması iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. İddiaçının mənəvi ziyan çəkməsinin mülahizə olması fikri isə heç bir məntiqə sığmır və onun inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkməsi, bir sözlə mənəvi sarsıntılar keçirməsi işin mübahisəsiz hallarından hesab olunur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar