Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2357/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlu və Cavabdeh3 iştirakları ilə, İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “etibarnamə üzrə təmsilçinin etibarnamədən istifadə edərək şəxsən özü barədə bağladığı və icra etdiyi əqd üzrə icrası məcburi olan vergi öhdəliyinin icraçısı kimi tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayon Vergilər Şöbəsində qeydə alınmış ********** saylı VÖEN üzrə yaranmış vergi öhdəliyinin (borcun) icraçısı (ödəyicisi) qismində müştərək qaydada Cavabdeh4 Əli oğlunun, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlu cavabdehlərlə adi tanışlıq münasibətində olmuşdur. 2020-ci ilin may ayının 29-da çayxanada olan söhbət zamanı tək bir dəfə sərhəddən mal keçirib gətirmək üçün ondan etibarnamə istəmişlər. O razılaşıb onlara həmin gnü etibarnamə vermişdir. Etibarnamənin məzmunu ilə tanış olmamışdır. Həmin vaxtdan etibarnamə verdiyini unutmuşdur və nəticəsi ilə maraqlanmamışdır. 2021-ci ildə Dövlət Vergi Xidmətindən ona məlumat gələrək bildirilmişdir ki, elektron qaydada təqdim edilmiş onlayn qeydiyyat ərizə əsasında onun adına xx.xx.2020-ci il tarixdə ********** nömrəli VÖEN uçota alınmışdır. Həmin VÖEN üzrə ümumi dəyəri 547727.72 manat olan mal idxal edilmişdir. İdxal edilmiş malların vergi borcu 15963.74 manat təşkil edir. Yalnız həmin vaxt bilmişdir ki, adları cavabdeh kimi göstərdiyi şəxslər onun verdiyi etibarnamədən sui-istifadə edərək ölkəyə mal idxal etmişlər və idxal etdikləri malın vergi borcunu ödəməmişlər. Bundan sonra həmin şəxslərlə əlaqə saxlaya bilməmişdir. Onlar iddiaçı ilə əlaqə saxlamaqdan boyun qaçırırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onların idxal etdikləri malın vergi borcunu özləri müştərək qaydada ödəməlidirlər. Belə ki, iddiaçı cavabdehlərə etibarnamə vermiş olsa da, onlar onun adından öz mənafeləri üçün istifadə etmişlər. Ona görə də vergi orqanı qarşısında ********** nömrəli VÖEN üzrə yaranmış öhdəliyin icrası üçün və digər risklər üçün özləri öhdəliyin vəzifəsi məhkəmə qaydasında qoyulmalıdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, iddiaçının ona qarşı qaldırdığı iddia əsassızdır və tərəfindən qəbul edilmir. İddiaçı ərizəsində cavabdehlərə müvafiq etibarnamə verdiyini qeyd edir. Eyni zamanda, iddiaçı qeyd edir ki, etibarnamənin məzmunu ilə tanış olmamışdır. Azərbaycan Respublikası Notariat haqqında Qanununun 9-cu maddəsində qeyd olunur ki, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Bunu nəzərə alaraq düşünür ki, etibarnamə ilə müəyyən hüquq və vəzifələri, o cümlədən nəticələri barədə iddiaçıya notariat orqanı tərəfindən zəruri məlumat verilmişdir. Yəni, iddiaçı etibarnamənin verilməsi şərtləri və nəticələri barədə xəbərdar idi. O, iddiaçının adından və qeyd olunan etibarnamə əsasında Azərbaycan Respublikası ərazisinə mal idxal etməmişdir, bununla bağlı heç bir gömrük rəsmiləşdirmə prosedurlarında iştirak etməmiş və iddiaçının vergi öhdəliklərinin icrasını üzərinə götürməmişdir. Hesab edir ki, onun hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının vergi borcu arasında hüquqi əlaqə yoxdur. Bununla da iddiaçının ona qarşı qaldırdığı iddia tələbi əsassızdır. İddiaçı iddianı əsaslandırmaq məqsədi ilə yalnız etibarnamədə onun adının qeyd olunmasına istinad edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı X1 ona qarşı qaldırdığı iddia tələbinin rədd edilməsi barədə müvafiq məhkəmə qərarının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Dövlət Vergi Xidmətinin Elvin İsmayılova ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, E.İsmayılov elektron qaydada təqdim edilmiş xx.xx.2020-ci il tarixli “Fiziki şəxsin onlayn qeydiyyat ərizəsi”nə əsasən həmin tarixdən ********** nömrəli VÖEN-lə uçota alınmışdır. Mülki işin materiallarında olan X2 məxsus xx.xx.2022-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, onun ödənilməyən 15.963,74 manat məbləğində ödənilməyən vergi borcu mövcuddur. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 2020-ci ilin iyun ayı ərzində YGB-si ilə X3 tərəfindən ümumi dəyəri 547727.72 manat olan ƏDV-si 98590.99 manat mal idxal edilmişdir. Ancaq hal-hazıra kimi tərəflərindən ƏDV bəyannaməsi təqdim olunmamışdır. Mülki işin materiallarında olan avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə etibar edən (mülkiyyətçi) X3, X4 və X5 tərəfindən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 etibarnamə verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli X2 ünvanlanmış məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə 7E-4218 reyestr ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 verilən etibarnaməyə xx.xx.2020-ci il tarixli ərizə əsasında qismən xitam verilmiş, bu barədə elektron notariat AİS-də qeydiyyat aparılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə iddiaçı X3 tərəfindən cavabdehlərə etibarnamə verilmiş, həmin etibarnamə əsasında iddiaçının adına VÖEN açılmış, sonradan məlum olmuşdur ki, iddiaçının ödənilməyən 15.963,74 manat məbləğində vergi borcu mövcuddur. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixli etibarnamənin məzmunundan məlumatsız olduğunu və cavabdehlərin onun etibarından sui-istifadə etdiklərini iddia edərək, cavabdehlərin ********** saylı VÖEN üzrə yaranmış vergi öhdəliyinin icraçıları qismində tanınmalarını məhkəmədən tələb edir. Məhkəmə iddia tələbinə münasibətdə ilk olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmçinin, məhkəmə qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı etibarnaməni verdiyi zaman onun məzmunundan məlumatsız olduğunu iddia etsə də, bunu sübuta yetirə bilməmişdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “etibarnamə üzrə təmsilçinin etibarnamədən istifadə edərək şəxsən özü barədə bağladığı və icra etdiyi əqd üzrə icrası məcburi olan vergi öhdəliyinin icraçısı kimi tanınması” tələbinə dair dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “etibarnamə üzrə təmsilçinin etibarnamədən istifadə edərək şəxsən özü barədə bağladığı və icra etdiyi əqd üzrə icrası məcburi olan vergi öhdəliyinin icraçısı kimi tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2357/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2357/2023
21.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver