Məhkəmə qərarları › İş №2(006)-2364/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2364/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2364/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 980 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 1010 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Chevrolet Cruze” markalı, **-VK-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il noyabrın 13-də Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, **-VK-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində “Mercedes Benz 200” markalı, **-HO-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Sabunçu DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 327.6 (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu DYPŞ-in xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 327.6 (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 370 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes Benz 200” markalı, **-NU-*** dövlət nömrə nişanlı avtomobilə 980 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 980 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ərizə təqdim edərək, baxış iclasının onların iştirakı olmadan keçirilməsini, cavabdеh Cavabdeh 980 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 1010 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin (Bank: ASC Xalq Bankı, Baş filialı; Kodu: 501026; VÖEN: **********; Müxbir hesabı: AZ24NABZ********************; S.W.İ.F.T. Bik: HAJCAZ22XXX; Adı: Xalq Sığorta ASC; VÖEN: **********; Hesab №-si: AZ05HAJCHCRAZN**********7058) hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib bildirdi ki, "xxxx" ASC-yə olan borcunu hissəhissə ödəmək imkanına malikdir. İddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AD seriyalı 757218 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze minik” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r. Mülki işin materiallarında olan Sabunçu rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 09:30 radələrində “Chevrolet Cruze” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 332.1, 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 370 saylı qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz C200” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə görə 140 (bir yüz qırx) manat, görülən işlərə görə 840 (səkkiz yüz qırx) manat olmaqla, cəmi 980 manat zərər dəymişdir. Mülki işin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Chevrolet Cruze” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci ilədək icbari sığorta edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin PXA74842 saylı sığorta aktından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 09:30-da sığortalanmış “Chevrolet Cruze” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz 200” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş zərərin məbləği "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən 980,00 (doqquz yüz səksən) manat təşkil etmiş, 980 manat məbləğində sığorta ödənişinin X2 ödənilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün plastik kart (İBAN nömrəsi: AZ60HAJC********************) X2 təhvil verilmişdir. Mülki işin materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Maştağa qəsəbəsində xx.xx.2020-ci il tarixdə saat 09:30 dəqiqədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsirli “Chevrolet Cruze minik” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdehdur (avtomobilin sahibi X1r). Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri Maştağa qəsəbəsində baş vermiş hadisə zamanı onun hadisə yerindən yayındığı, həmçinin etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi nəzərə alınaraq 980 (doqquz yüz səksən) manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında "xxxx" ASC-nin bank hesabına 7 (yeddi) iş günü ərzində könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin də ondan tutulacağı qeyd edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh Sabunçu RPİ DYPŞ-də yazdığı xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 09:30-da Maştağa qəsəbəsində etibarnamə olmadan idarə etdiyi avtomobillə Maştağa yolunda Məmmədyarov dairəsində yolun sağ kənarında sola manevr edərək hərəkətə başlayan vaxt arxada düzünə solunda hərəkət edən “Mercedes Benz 200” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsindən dəyərək toqquşmuşdur. O, hadisə yerində zərərçəkmiş sürücü ilə bir qədər söhbətləmiş, təmir etməyinə söz verərək sonradan avtomobilinə əyləşib yolu boşaltmaq üçün qarşıda avtomobili saxlayacağını bildirmiş, lakin dayanmamışdır. Hadisə yerini tərk etmək səbəbi isə avtomobili etibarnaməsiz idarə etməsi olmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Mülki işin materiallarında olan cari hesabdan xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə PXA74842 təyinatı ilə AZ60HAJC******************** nömrəli hesaba 980 (doqquz yüz səksən) manat məbləğində pul köçürülmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan və iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixədək sığortalanmış “Chevrolet Cruze” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz C200” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerini tərk etmiş, həmin yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı və 332.1-ci maddələrinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərərlə əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə 980 (doqquz yüz səksən) manat sığorta ödənişi edilmişdir. İş materialları əsasında iş üzrə müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı tərəfindən sığortalanmış avtomobillə başqa avtomobilə zərər vurmuş, iddiaçı həmin zərəri zərərçəkmiş şəxsə ödəmiş, cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilindiyindən iddiaçının ona qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh öz növbəsində iddianı tam həcmdə qəbul edir, lakin iddiaçıya olan borcunun hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəf icra mərhələsində bu məsələnin həllinə köməklik edəcəyini bildirmişdir. Cavabdehin etirafı ilə əlaqədar qeyd edilməlidir ki, onun iddianı etiraf etməsində qanunazidd və üçüncü şəxslərin maraqlarına toxunan hər hansı hal məhkəmə tərəfindən aşkar edilməmişdir. Buna görə də məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1, 1097.1-ci maddələrinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 936.1-936.2, 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda, qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, cavabdehin iddianı etiraf etməsini qəbul edərək belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan və cavabdeh tərəfindən iddia etiraf edildiyindən iddia təmin edilməli, Cavabdeh 980 (doqquz yüz səksən) manat məbləğində pul və ödənilmiş 30 (otuz altı) manat dövlət rüsumunun əvəzi, cəmi 1010 (bir min on) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 980 (doqquz yüz səksən) manat məbləğində pul və ödənilmiş 30 (otuz altı) manat dövlət rüsumunun əvəzi, cəmi 1010 (bir min on) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nin (Bank: ASC Xalq Bankı, Baş filialı; Kodu: 501026; VÖEN: **********; Müxbir hesabı: AZ24NABZ********************; S.W.İ.F.T. Bik: HAJCAZ22XXX; Adı: Xalq Sığorta ASC; VÖEN: **********; Hesab №-si: AZ05HAJCHCRAZN**********7058) hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar