Məhkəmə qərarları › İş №2(006)-2364/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2364/2025

10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2364/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və bu barədə qərar qəbul edilməsi, ona vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 3000 manat məbləğində pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin verilməsi zamanı iddiaçı tərəfindən bir sıra prosessual pozuntulara yol verilmişdir. Bu pozuntu iddia ərizəsinin prosessual qanunvericiliklə müəyyən forma və məzmununa dair tələblərə riayət edilməməsi barədədir. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehlər qismində Cavabdeh2 və Cavabdeh1 cəlb edilmişlər. İddia ərizəsinə görə cavabdehlərdən Cavabdeh2 qeydiyyat ünvanı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 mart küçəsi döngə 1 ev 7-dir. Cavabdeh1 qeydiyyat ünvanı isə ünvan 2i yaşayış yeri Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi “Çiləgər” adlanan ərazidə yerləşən nömrəsiz evdir. Cəlb edilmiş cavabdehlərin qeydiyyat ünvanının müəyyən edilməsi və bununla da hazırki iddia ərizəsinə aidiyyət qaydaları baxımından Nəsimi rayonu ərazisində baxılması üçün əsasın olub-olmamasının aydınlaşdırılmasından ötrü edilmiş axtarış nəticəsində yalnız Cavabdeh2 dair məlumat əldə etmək mümkün olmuş, sonuncunun iddia ərizəsində qeyd edilən ünvanda qeydiyyatda olduğu müəyyən edilmişdir. Lakin digər cavabdehə dair hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Bununla da məhkəmə hesab edir ki, iddiaçının iş üzrə cəlb etdiyi cavabdehlərə dair hər hansı sənəd təqdim etməməklə prosessual qanunvericiliyin tələblərini pozması müəyyən edildiyi kimi, həmin qanunvericiliyin tələbləri baxımından iddia ərizəsinin Nəsimi Rayon Məhkəməsində baxılması üçün prosessual əsas da müəyyən edilməmişdir. Belə olan halda iddiaçıya aidiyyəti üzrə (ən azı məlum olan cavabdehlərdən birinin qeydiyyat ünvanı üzrə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, təqdim etdiyi sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı cəlb etmiş olduğu cavabdehlərdən maddi və mənəvi ziyan tələb etməsinə baxmayaraq, qalan hissədə tələbini düzgün formada ifadə etməmiş, cinayət işi üzrə mülki iddiaçı qismində tanınması barədə qərarın qəbul edilməsini tələb etməklə, mülki məhkəmə icraatı qaydasında şəxsin mülki ididaçı qismində tanına bilməsi barədə qərar qəbul etmək səlahiyyətinin olmamasını nəzərə almamışdır. Belə olduğu təqdirdə iddiaçıya iddia tələbi ilə müraciət etmək qərarına gəldiyi halda qeyd edilənləri nəzərə alması zəruridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi prosessual qanunvericiliyin tələblərə uyğun verilmədiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, qərardadda qeyd edilənlər nəzərə alınmaqla, sonuncuya aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 149.2.4-1, 152.1.1, 152.1.61 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar