Məhkəmə qərarları › İş №2(006)-2367/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2367/2023

23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2367/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Aı̇ bov Emı̇ n Hörmət oğlunun cavabdeh Azərbaycan Respublı̇ kası̇ Malı̇ yyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Aı̇ bov Emı̇ n Hörmət oğlu cavabdeh Azərbaycan Respublı̇ kası̇ Malı̇ yyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1986-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. O, 2004-2006-cı illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. 2014-cü ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində xidmət etmişdir. İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda şərti adı “Tərtər işi” olan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı İddiaçı 19 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və diyər maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti bir neçə dəfə uzadılmışdır. 14 mart 2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 9 iyul 2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 332.3, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 01 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev İddiaçı və həmin cinayət işi üzrə məhkum edilmiş qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təqdim edilməsi haqqında 21 sentyabr 2018-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 9 iyul 2018-ci il tarixli hökmünə əsasən İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının 30 aprel 2018-ci il tarixli qərarına, Tərtər Hərbi Məhkəməsinin 9 iyul 2018-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 21 sentyabr 2018-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli yekun qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarına yeni açılmış hallar üzrə baxılmasına dair Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 9 iyul 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 30 aprel 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 12 noyabr 2022-ci il tarixdə iş Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilmiş, ibtidai istintaqın davam etdirilməsi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Qasım Məmmədova tapşırıldığından həmin tarixdə onun icraatına qəbul olunmaqla istintaq aparılmışdır. Aparılmış istintaqın nəticəsində 06 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə icraata İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmişdir. Beləliklə, İddiaçı əsassız və qanunsuz olaraq ittihamlara məruz qalmış, 19 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddəti bir neçə dəfə artırılmış, həbsinin ilk aylarını ağır işgəncələrə məruz qalmış, ona qarşı yeni ittiham irəli sürülmüş, ona qarşı irəli sürülmüş ittihamlarla təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui- istifadəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2617-lci ilin may ayında almışdır. "xxxx" ASC-nin Neftçilər kart mərkəzi filialından təqdim edilmiş 2016- 2017-ci illəri əhatə edən çıxarışdan görünür ki, onun həmin dövrdə orta aylıq əmək haqqı məbləği 864 (səkkiz yüz altmış dörd) manat təşkil edirdi. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci may ayından 2022-ci ilin dekabr ayına qədər, yəni 66 ay ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 57,024 (əlli yeddi min iyirmi dörd) manat edir (864x66=57,024). İddiaçı hərbi qulluqçu olaraq xüsusilə ağır cinayətlərdə ittiham olunmaqla bu ittihamlara görə təyin edilmiş uzunmüddətli azadlıqdan məhrum etmə cəzasını ağır şəraitdə çəkdiyindən, azadlığının əlindən alındığı 66 ay müddətində təkcə özünün deyil, həm də yaxın ailə üzvləri mənəvi iztirablar yaşadığından, məhz bu ittihamlara məruz qalıb həbs edildikdən sonra faktiki ailəsinin ailə başçısız qalmasından, üç azyaşlı övladının illər ərzində atasız, yalnız böyüməsindən, həm özünün, həm də valideynlərinin ağır mənəvi-psixoloji hallar yaşamasından ona vurulmuş mənəvi zərərə görə isə 150,000 (yüz əli min) manat kompensasiya tələb edir. Göstərilənlərə əsasən iddiaçı Aı̇ bov Emı̇ n Hörmət oğluna vurulmuş mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində kompensasiyanın və 57.024 (əlli yeddi min iyirmi dörd) manat maddi ziyanın cavabdeh vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı 2017-ci ilin may ayında heç bir əsas olmadan Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmətdə olarkən “Tərtər işi” kimi tanınan cinayət işi çərçivəsində qanunsuz azadlıqdan məhrumetməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Daha sonra 19 may 2017-ci il tarixdə ona, AR Cinayət Məcəlləsinin 274-cü və digər maddələri ilə ittiham elan olunmuş və onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həmin qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılmışdır. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə iddiaçı AR Cinayət Məcəlləsinin bir çox maddələri ilə təqsirli bilinərək, barəsində 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Daha sonra isə 06 dekabr 2022-ci il tarixdə iddiaçının barəsində yenidən aparılmış istintaqın nəticəsi olaraq iddiaçının təsirliliyi sübuta yetirilmədiyindən onun barəsində aparılmış cinayət işi üzrə icraata xitam verilmiş və iddiaçıya qanunsuz məruz qaldığı hərəkətlərlə bağlı ona vurulmuş ziyanın ödənilməsi hüququ və qaydası izah edilmişdir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində iddiaçı əsassız ittihamlara məruz qalmış, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, ağır işgəncələrə məruz qalmış və bu əsassız ittihamların nəticəsində 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Qeyd edilən hadisələr yaşanmazdan öncə, yəni 2017-ci ilin may ayına qədər olan müddətdə iddiaçı həqiqi hərbi xidmət qulluqçusu olaraq MN-nin N saylı hərbi hissəsində xidmət etmişdir. O, cinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl sonuncu əmək haqqını 2017-ci ilin may ayında almışdır. Onun orta aylıq əmək haqqı 864 manat təşkil etmişdir. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2022-ci ilin dekabr ayınadək, yəni 66 ay müddətində faktiki qazancından məhrum edilmişdir. Bundan əlavə, hərbi qulluqçu olaraq iddiaçı ağır cinayətlərdə ittiham olunmaqla bu ittihamlara görə təyin edilmiş uzunmüddətli azadlıqdan məhrumetmə cəzasını ağır şəraitdə çəkmiş, azadlığınının əlindən alındığı 66 ay müdətində təkcə özü deyil, həm də, yaxın ailə üzvləri ağır mənəvi iztirablar yaşamış, onun ailəsinin başsız qalması,üz azyaşlı övladının illər ərzində atasız qalması ilə əlaqədar ona və ailəsinə ağır mənəvi ziyan vurulmuşdur. Bütün bu qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, qeyd olunan tələb əsaslı olmadığından rədd edilməlidir. İddiaçı iddia ərizəsində 57.024 manat məbləğində maddi zərərin, 150.000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 207.024 manat vəsaitin ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci İ maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Digər tərəfdən Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bu baxımdan, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunması məqsədəmüvafiqdir. Mənəvi ziyanın vurulması ilə bağlı bildirilir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxşlərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi Barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıdan qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir ki, bu da ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı 66 ay cinayət təqibinə məruz qaldığını iddia etsə də, iş materiallarına olan sənədlərdə onun daha az müddətdə həbsdə olduğu görsənir. Bununla yanaşı iddia ərizəsində 57.024 manat məbləğində maddi zərər tələb etsə də, iddiaçı tərəfindən məhkəməyə aylıq gəlir və qazancını sübut edəcək faktlar təqdim edilməmişdir. Bankdan hər hansı bir kart haqqında alınmış arayış əsaslı sübut kimi qəbul oluna bilməz. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu bəcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Eyni zamanda əməkhaqqı ilə bağlı iddia tələbi araşdırılarkən, iddiaçının işdən çıxarılma əsasları dəqiqləşdirilməli və bununla bağlı dəymiş zərər qanunvericiliyin tələbinə uyğun olaraq işçi ilə işəgötürən arasında tənzimlənməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının Maliyyə Nazirliyi tərəfindən maddi və mənəvi zərərə məruz qaldığını sübut edən hallar mövcud deyildir. Göstərilənlərə əsasən iddiaçı X11 Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia tələbinin rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə:

a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Aı̇ bov Emı̇ n Hörmət oğlu qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, əlavə ittiham verilmiş, əlavə ittihamla təqsiri bilinərək 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixinə qədər, yəni 66 ay həbsdə saxlanılmış, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə Aı̇ bov Emı̇ n Hörmət oğluna qarşı irəli sürülmüş ittihamlara Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 332.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə təqsirləndirilməsinə hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hissəvi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 329.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına cinayət qanunu müddəalarının qüvvəsinə görə və şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi ziyana görə 57.024 AZN və vurulmuş mənəvi zərərə görə 150.000 AZN kompensasiyanın ödənilməsini tələb edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan 02 noyabr 2022-ci il tarixli, 1-1(104)-78/2022 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274. 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.2, 341.3, 349.2.1, 349.2.4-cü maddələri ilə, X12 Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 338.1, 338.2 və;341.3-cü maddələri ilə, X6 Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.2 və 341.3-cü maddələri ilə, X7 Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.2 və 341.3-cü maddələri, İddiaçı Cinayət Məcəlləsinin 134. 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə, X1 Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 332.3, 338.1, 338.2-ci və 341.3-cü maddələri ilə, X8 Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 331.2, 331.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə məhkum olunmalarına dair Tərtər Hərbi Məhkəməsinin 09 iyul 2018-ci il tarixli. 1(098)-146/2018 nömrəli hökmündən məhkumlar N.Quluzadə, N.Rzayev və onun müdafiəçisi F.Nağıyev, Z.Abdullayev onun müdafiəçisi V.Quliyev, V.Xəlilov, İddiaçı müdafiəçisi R.Yusifbəyli, Y.Tarverdizadənin müdafiəçisi S.Əkbərov və O.Babayev tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsi, Tərtər Hərbi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli qərarı və 9 iyul 2018-ci il tarixli hökmün ləğv edilməsi, cinayət işi yenidən baxılması üçün Gəncə Hərbi Məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılması, X5, X12,X6, X7, İddiaçı, X1 və X3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Mülki işin materiallarında olan Gəncə Hərbi Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1-1(095)-221/2022 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.4-cü maddələri ilə, X12 Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə, X6 Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə, X7 Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274. 329.3. 330.3. 331.2, 331.3. 332.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə, İddiaçı 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə, X1 Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə, X3 Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi göstərilən pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, müdafiəçilərin təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə vəsatətlərinin təmin edilməməsi, hazırkı iş üzrə təqsirləndirilənlər X5 və X3 həbsdə saxlama müddətləri 2 (iki) ay müddətə, X12, X6. X9, İddiaçı və X1 həbsdə saxlama müddətləri isə 01 (bir) ay müddətə uzadılması və onlar ibtidai araşdırmanın aparılacağı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasma etap edilmələri qərara alınmışdır.

10. Mülki işin materiallarında olan 06 dekabr 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan çıxarışdan görünür ki, ********* nömrəli cinayət işinin İddiaçı Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 332.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə təqsirləndirilməsinə hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hissəvi xitam verilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 329.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına cinayət qanunu müddəalarının qüvvəsinə görə və şəraitin dəyişməsi ilə bağlı xitam verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməsi və onun dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar xidmətin Bakı istintaq təcridxanasından həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası təqsirləndirilən şəxsə izah edilməsi, qərarın surəti İddiaçı və onun müdafiəçisi X2 göndərilməsi, tərəflərə cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin iş üzrə icraata xitam verilməsi barədə qərardan ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək qaydası və müddəti rəsmi qaydada izah olunması qərara alınmışdır.

11. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş Aı̇ bov Emı̇ n Hörmət oğlunun ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, xx.xx.2016cı il tarixdən xx.xx.2017-ci il tarixədək 14656.62 AZN mədaxil olunmuş, 14656,72 AZN məxaric olunmuşdur.

12. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX Bakı İstintaq təcridxanasının xx.xx.2022-ci il tarixli, 930 saylı arayışdan görünür ki, Aı̇ bov Emı̇ n Hörmət oğlu Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməklə xx.xx.2022-ci il tarixdə Bakı İstintaq təcridxanasında həbsdən azad olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə Aı̇ bov Emı̇ n Hörmət oğlunun qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

14. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».

15. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir.

16. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

17. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

18. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

19. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.

20. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

21. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

22. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

23. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

25. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.

26. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

28. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il).

29. Məhkəmə qeyd edir ki, iddiaçı Aı̇ bov Emı̇ n Hörmət oğlunun əsassız olaraq 66 ay müddətində həbsdə olması və barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış cinayət təqibinin əsassız olması təsdiq olunduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlı olmuşdur.

30. Məhkəmə iddia tələbinin “dəymiş maddi ziyan kimi 57.024 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə tam təmin edilməlidir.

31. İddiaçı Aı̇ bov Emı̇ n Hörmət oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ona məxsus olan əmək haqqı kartı üzrə son ilin (aylar üzrə xüsusilə) çıxarışdan görünür ki, Aı̇ bov Emı̇ n Hörmət oğlunun orta aylıq əmək haqqı məbləği 864 manat, ümumilikdə 57.024 manat (57.024 manat:66 ay=864 manat orta aylıq gəliri) manat təşkil etmişdir. Göründüyü kimi, o, qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində isə 66 ay ərzində əmək haqqından məhrum olmuşdur.

32. Məhkəmə bu halda hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 57.024 (864 manat x 66 ay = 57.024) manat məbləğində pul tutulmalıdır.

33. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

36. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

38. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

39. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

40. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı 66 ay əsassız həbsdə olduğundan və bu hal cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir.

41. Məhkəmə hesab edir ki, iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması, əsassız olaraq barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stresə düşməsinə səbəb olduğundan, ona vurulmuş mənəvi ziyan ödənilməlidir.

42. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli və mənəvi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 66.000 (1.000 x 66 ay) manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi ziyanın 66.000 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur və tam ədalətlidir.

43. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri üzrə (134; 150.2.1; 150.2.4; 150.2.5 və s.) cinayət işi başlanılmış və son olaraq bütün hissələri üzrə yekun olaraq AR CM-nin 331.2 və 329.1ci maddələri istisna olmaqla cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin istisna kimi qalan AR CM-nin 331.2 (qüvvədən düşmüş) və 329.1-ci maddələri üzrə məhkəmə qeyd edir ki, həmin sonuncu maddələrin dispozisiyasında azadlıqdan məhrum etmə cəzası müəyyən edilsədə son həddi maksimum iki il olmuş, bu isə iddiaçıya ən yüksək cəza verilməsini halının ehtimalının az olması deməkdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı son olaraq ona verilmiş ittiham üzrə cəza təyin edilmiş olsaydı da (həbs qətimkan tədbirinin seçilməsi ehtimalının az olması) belə iddiaçı öz iş yerində qalmaqla əmək münasibətlərini davam etdirəcəkdi.

44. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı Aı̇ bov Emı̇ n Hörmət oğlunun xeyrinə maddi ziyana görə 57.024 AZN (əlli yeddi min iyirmi dörd manat), mənəvi zərərə görə 66.000 (altmış altı) manat, ümumilikdə 123.024 AZN (bir yüz iyirmi üç min iyirmi dörd manat) pul tutularaq ona verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

47. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı Aı̇ bov Emı̇ n Hörmət oğlunun xeyrinə maddi ziyana görə 57.024 AZN (əlli yeddi min iyirmi dörd manat), mənəvi zərərə görə 66.000 (altmış altı) manat, ümumilikdə 123.024 AZN (bir yüz iyirmi üç min iyirmi dörd manat) pul tutularaq ona verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar