Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2367/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2018-ci il tarixdə 1 saylı Asan xidmət nikahlarını rəsmiləşdirilməklə ailə qurmuşlar. Birgə nikah dövründə 1 uşaqları doğulmuşdur – X2 xx.xx.2020-ci il təvəllüdlü. Cavabdehlə bir müddət mehriban yaşayırdılar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqa-başqa adamlar olmağını sübut etdi. Ayrılmalarının əsas səbəbi tamamilə əks insan olmalarıdır. İddiaçı ailəsinin dağılmasını istəməsə də, lakin bir yerdə yaşamaları da qeyrimümkündür. Hal-hazırda ayrılmışlar və nikahları sadəcə rəsmiyyətdədir. Ayrılmaq qəti qərarıdır. Nikah pozulduqdan sonra uşaqları azyaşlı olduqları üçün və ana qayğısına ehtiyac duyduğu üçün yetkinlik yaşına çatanadək ananın yanında qalmasını istəyir. Onun gündəlik tələbatını, sağlamlığını və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişmələri üçün kifayət qədər vəsait tələb olunur. Göstərilənlərə əsasən, Cavabdeh ilə rəsmi qaydada 06 fevral 2018-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət tərəfindən bağlanmış 264 nömrəli nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək iddiaçının yanında qalmasına və yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, nikahın pozulmasını və uşağın onun yanında qalmasını tələb edir. Hazırda övladı onunla bir yerdədir. Aliment tələbi isə yoxdur, belə ki, qarşı tərəflə razılaşdılar ki, artıq aliment tələbi yoxdur. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, nikahın pozulmasına etirazı yoxdur. Uşağın kimin yanında saxlanılması məsələsi ilə bağlı bildirir ki, onun şəraiti kifayət qədər yaxşıdır. Özünə məxsus evi vardır və anası ilə birlikdə yaşayır. İddiaçı isə kirayədə qalır və, işləyir və uşaq bağçaya gedir. Uşağı bağçaya qoymamışdan əvvəl iddiaçı işlədiyinə görə övladını Şəki şəhərinə aparmışdı və ondan gizlətməyə çalışırdı. Şəki rayon Polis İdarəsinə müraciət etdikdən sonra övladı ilə əlaqə yarada bildi. Əgər onunla qalsa işləyəcəkdir, uşaq anası ilə qalacaq. 5.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilən AZ-İİ seriyalı, 251629 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X3 arasında 06 fevral 2018-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 264 nömrə ilə qeyd edilmişdir. 8.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. 9.Mülki işin materiallarında olan Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-001518 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin İddiaçı iştirak edərək tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. 10.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, 72949840 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11.Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 5-21/2-1043/2025 saylı rəyə əsasən 20 mart 2020-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması məqsədəuyğun hesab edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında 06 fevral 2018-ci il tarixdə rəsmi şəkildə nikah bağlanmış, tərəflərin birgə nikahından bir övladları doğulmuş, daha sonra tərəflərin münasibətləri pozulmuş, hazırda onlar arasında ər-arvad münasibətləri kəsilmişdir, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır, ailənin yenidən bərpası mümkün deyildir. Hazırda iddiaçı nikahın pozulmasını və nikah pozulduqdan sonra uşağın onun himayəsinə verilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 14.Məhkəmə hesab edir ki, tərəflər nikahın pozulmasına təkid etdiyindən, nikah münasibətlərinə daxil olmaq könüllü olduğu kimi bu münasibətlərdə qalmaq da tərəflərin iradəsindən asılı olan hal olduğundan tərəflər arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 264 № ilə qeyd edilmiş nikah pozulmalıdır. 15.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 16.«Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 17.Məhkəmə tələbin “uşağın iddiaçının yanında saxlanılması” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması dövründə tərəflər arasında uşağın saxlanılması ilə bağlı mübahisə olduğundan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin rəyi tələb edilmiş və təqdim edilən rəyə əsasən 20 mart 2020-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması məqsədəuyğun hesab edilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən rəy məhkəmə üçün məcburi əhəmiyyətə malik olmasa da, uşağın üstün mənafeyi əsas götürülməklə mövcud vəziyyətdə yetkinlik yaşına çatmayan uşağın iddiaçının yanında saxlanılması daha ədalətli və ağlabatan hesab edilir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra 20 mart 2020-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanılaraq onun himayəsinə verilməlidir. 18.Hazırki vəziyyətdə məhkəmə iddiaçının aliment tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, həmin məsələyə münasibət bildirilməsinə zərurət yoxdur. 19.Bundan əlavə, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 20.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 21.“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 22.Hazırki iş üzrə iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində mediyasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 23.Beləliklə də, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı və Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 264 № ilə qeyd edilmiş nikah pozulmalı, birgə nikahdan olan 20 mart 2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanaraq onun himayəsinə verilməli, həmçinin ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci olmaqla ümumilikdə 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. 24.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 264 № ilə qeyd edilmiş nikah pozulsun. Birgə nikahdan olan 20 mart 2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanaraq onun himayəsinə verilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci olmaqla ümumilikdə 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2367/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2367/2025
07.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver