Məhkəmə qərarları › İş №2(006)-2369/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2369/2025

03.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2369/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc müqaviləsinin və borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı cavabdeh ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc müqaviləsinin və borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Əsaslandırıcı hissə:

3. Belə ki, hazırda ləğv edilməsi tələb edilən borc müqaviləsi üzrə borcun iddiaçıdan tutulması ilə bağlı xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-9012/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi iş materiallarında vardır. Məhkəmə qeyd edir ki, həmin qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmaqla, qətnamədə müəyyənləşdirilmiş faktların həmin prosesdə cavabdeh olan hazırki iş üzrə isə iddiaçı tərəfindən yenidən mübahisələndirilməsini və artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlara dair hazırki iş üzrə araşdırma aparılmasını mümkünsüz edir. Məhkəmə hesab edir ki, müvafiq bank ləğv prosesində olduğuna görə onun ləğvedicisi təyin edilmiş təşkilatın cavabdeh kimi göstərilməsi eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmadığını deməyə əsas vermir, çünki ləğvedici olaraq Əmanətlərin Sığortalanması Fondu məhz elə həmin bankın adından çıxış edir. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə borcun tutulması barədə qətnamə çıxarılmış, deməli, artıq həmin müqavilə ləğv edilmişdir, mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının artıq mövcud olmayan müqavilənin ləğvini mübahisələndirməsi məhkəmə araşdırmasının predmeti ola bilməz.

4. Tələbin ikinci hissəsi olan məktubda göstərilən borcun ləğv edilməsi ilə bağlı isə qeyd edilməlidir ki, əvvəla, hansısa məktubda göstərilən borcun ləğv edilməsi (silinməsi) tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, ikincisi isə həmin məktubun mahiyyətindən aydın olur ki, məktubda qeyd edilən borc məbləği məhz yuxarıda göstərilən icra vərəqəsinin icrası ilə bağlı ödənilməmiş qalan məbləğdir. Belə olan halda, həmin borc məbləğinin mübahisələndirilməsinə iddia icraatı qaydasında deyil, məhz həmin məhkəmə aktının icrası qaydasında – “8” indeksi ilə baxılmalıdır.

5. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin birinci hissəsinə məhkəmədə baxılmalı olmadığından, həmçinin, eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan, ikinci hissə isə borclunun kredit hüquq münasibətləri üzrə yaranmış borcunun silinməsi ilə bağlı olduğundan və bu tələbə də iddia icraatı qaydasında baxılmalı olmadığından, hazırkı ərizənin qəbul edilməsindən imtina edilməlidir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4685/2021 saylı qərardadı: Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Eyni zamanda, borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədən kənar qaydada birbaşa kreditorun özünə şifahi və ya yazılı qaydada bəyan etmək hüququna da malikdir. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər. Bundan başqa, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 153.2, 153.2.1-153.2.2-ci maddə. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-153.6-cı maddə. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

8. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Nəticə:

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153.2.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı cavabdeh ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc müqaviləsinin və borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya iddia tələbinin ikinci hissəsində göstərilən borc məbləği ilə bağlı müvafiq yekun məhkəmə aktının icrası qaydasında – “8” indeksi ilə məhkəməyə müraciət etmək hüququnun olması, həmçinin, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar