Məhkəmə qərarları › İş №2(006)-2397/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2397/2022

21.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2397/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 19 iyun 2019-cu il tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən “Lada Qranta" markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 45 ay müddətinə icarəyə götürmüşdür. Eyni zamanda icarəçinin yazılı xahişinə əsasən bu avtomobilin idarə edilməsi üçün onun təklif etdiyi X1 da avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. Lizinq alan Cavabdeh və Abbas Rəsulov bu avtomobili idarə edərkən müxtəlif vaxtlarda “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozduqlarına görə cəmi 3408 manat cərimə hesablanmışdır. Sonradan Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyinə görə İddiaçı ASC-nin iddiası ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-4230/20 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onunla bağlanmış lizinq müqaviləsinə xitam verilmişdir. Bundan sonra, İddiaçı ASC Cavabdeh əvəzindən 3408 manat cəriməni dövlət büdcəsinə ödəmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3408 manat reqres qaydasında və 56 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 1 №-li, xx.xx.2019-cu il tarixli uzun müddətli icarə (daxili lizinq) müqaviləsindən görünür ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Lizinq müqaviləsinə 1 saylı Əlavədən görünür ki, alqı-satqı müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 80.880 manat təşkil edir. İşin materiallarında olan Cavabdeh "xxxx" ASC-yə ünvanladlığı xx.xx.2019-cu il tarixli ərizədə qeyd edilmişdir ki, o, lizinq müqaviləsi əsasında idarə etdiyi avtomobili idarə etmək məqsədilə X1 etibarnamə verilməsini xahiş edir. Eyni zamanda, dəymiş ziyan və ya inzibati cərimə olarsa məsuliyyəti tam şəkildə öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən (Cavabdeh dair İXP 3265039, 3140484, 3074999, ******* saylı protokollara əsasən) Baş Dövlət Yol Polisi İdarəsinin hesabına 3408 manat məbləğində pul köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" ASC Cavabdeh ona məxsus avtomobillə törətmiş olduğu inzibati xətalara görə 3408 manat cərimə ödəmiş, hazırda iddiaçı ödədiyi pulun əvəzini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh törətdiyi inzibati xətalara görə 3408 manat cərimə ödənilmişdir. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən ödədiyi pulu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 3408 (üç min dörd yüz səkkiz) manat ödənilmiş cərimənin və 56 (əlli altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3408 (üç min dörd yüz səkkiz) manat ödənilmiş cərimənin və 56 (əlli altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar