Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-24/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 68.600 manat maddi və 50.000 manat mənəvi zərər olmaqla, cəmi 118.600 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, N0-N2-ci illərdə hərbi tibb məktəbinin hərbi tibb fakültəsində kursant kimi təhsil alaraq məktəbi uğurla bitirmişdir. Təhsildən dərhal sonra - xx.xx.N2-ci ildə feldşer kimi Tərtər rayonunda yerləşən N saylı hərbi hissəyə təyinat almış və xidmətə başlamışdır. Ona qarşı N7-ci ildə törədilən qanunsuz əməllər zamanı N saylı hərbi hissənin 2-ci taborunun tibb məntəqəsinin feldşeri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olmuşdur. 07 may N7-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaymışlar. Bəyanatda aşağıdakılar göstərilmişdir: "Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunmuşdur ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər". Bəyanatdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və digər cinayət faktları üzrə 03 may N7ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlamışdır. Sonradan məlum olmuşdur ki, bu cinayət işi üzrə məhkəmələrin hökmü ilə 25 nəfər təqsirləndirilən şəxs 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilmişdir. Həmçinin yüzlərlə əsgər və zabit istintaq dövründə işgəncələrə məruz qalmış və ən azı 11 nəfər istintaq dövründə verilən işgəncələr nəticəsində ölmüşdür. Bütün bu hadisələr Azərbaycan cəmiyyətində şərti “Tərtər işi" adlanır və vaxtaşırı geniş ictimai müzakirələrə səbəb olur.O, da sözügedən cinayət işi çərçivəsində müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətdə olarkən N7-ci ilin may ayında saxlanılmışdır. O, N7-ci ilin 6 və yaxud N mayında məzuniyyətdən hərbi hissəyə qayıtmış və həmin vaxt da hərbi hissə komandiri polkovnik-leytenant Teymur Məmmədovun göstərişi ilə qara maskalı şəxslər tərəfindən xidmət yerində saxlanılmışdır. Onu əli, ayağı və gözləri bağlı vəziyyətdə hərbi tibb maşını ilə Tərtər rayonunun Marquşevan kəndində yerləşən köhnə hərbi hissəyə aparmışlar, ora çatan kimi həyətdəcə formasını, adı və soyadı yazılan lövhəni, rütbəsini cırmışlar, "bunlar sənə yaraşmır” ifadəsini işlətmişlər. Binaya salmış, ikinci mərtəbədə bir otağa aparmışlar, orada gözünü açmışlar, yerdə işgəncə görmüş halda yatan 6-7 nəfəri göstərib demişlər ki, "bunlar kimi olmaq istəmirsənsə, dövlətə xəyanətlə bağlı bildiklərini danış". O, isə heç bir şey bilmədiyini demişdir. Bunu dedikdən sonra, onu başqa bir otağa aparmışlar. Burada ona işgəncə vermişlər. Ayaqlarının altına plastik borularla, taxtayla vurmuşlar, təpik, şillə ilə döymüşlər, üstünə su töküb islatdıqdan sonra elektrik naqili bağlayıb bədəninin müxtəlif nahiyələrinə elektirik cərəyanı vermişlər. Bu proses qısa fasilələrlə 8-10 saat davam etmişdir. Bundan sonra onu çoxsaylı digər hərbçilərlə birgə "Kamaz" markalı maşına "yükləyib" Mingəçevirdəki N saylı hərbi hissənin köhnə kazarmalarına aparmışlar. Burada adını, soyadını xatırlamadığı 2 təhqiqatçı 2 dəfə onun izahatını almışdır. İzahatın alınmasında Hərbi Prokurorluqdan gələn şəxs də iştirak etmişdir. Ona yenə vətənə xəyanətlə bağlı suallar vermişlər. O, heç bir cinayət hadisəsi törətmədiyni bir daha təkrarlamışdır. Təhqiqatçılar və Hərbi Prokurorluqdan nümayəndə ona demişdir ki, "yalan deyirsən, əsgərləri necə satmısan düşmənə onu de". Onun üzünə sürücüsü, MAXE Nicat İbrahimovu qoymuşlar. Ancaq o, Nicat İbrahimovun dediklərini təkzib etmişdir. Bundan sonra ona yenidən işgəncələr verilmişdir. Huşunu itirənə qədər ona işgəncə vermişlər, bir az özünə gələndən sonra isə yenidən müstəntiqin qarşısına çıxarıb dindirmişlər. Eyni izahat, eyni suallar və eyni cavablardan sonra yenidən işgəncələr davam etmişdir. Bu proses davamlı şəkildə təxminən 1 aya yaxın davam etmişdir. İşgəncələr eyni anda 3-4 nəfər tərəfindən verilmiş, onun bədəninə elektrik cərəyanı qoşulmuş, boğulma efekti yaradan şəkildə suda boğmuşlar, müxtəlif əşyalarla, o cümlədən əl-ayaq zərbələri ilə döymüşlər. Daha sonra Bakıya hərbi polisə gətirilmişdir. Təxminən bir həftəyə qədər orada saxlanılmışdır. Bakıda hərbi polisin əməkdaşları onu "vətən xaini" deyib döymüşlər. Hərbi polisdə saxlanılarkən 2 dəfə maşınla Hərbi Prokurorluğa sorğu-suala aparılmışdır. Daha sonra geri - Mingəçevirə qaytarılmış, burada saxlanıldıqdan bir müddət sonra gözlərini və əllərini açmışlar. İyun ayının xatırlamadığı günündə Mingəçevirdən buraxılmış, onu N saylı hərbi hissədə N ay yaraları sağalana qədər korpus komandirinin sərəncamında saxlamışlar. N7-ci ilin 7 avqustunda işgəncələr nəticəsində aldığı xəsarətləri nisbətən sağaldığı üçün müqavilə müddətinin bitməsi əsası ilə hərbidən tərxis etmişlər. Elektrik cərəyanı verilməsi nəticəsində bədənində deşiklər əmələ gəlmişdir. Evə buraxıldıqdan sonra ayağında dəri xəstəliyi yaransa da, bir müddət sonra bu xəstəlik sağalmışdır. Azərbaycan Respulikası Müdafiə Nazilriyinin bir qrup hərbi qulluqçusunun barəsində Azərbaycan Respublikası CM-nin 274 və digər maddələri ilə istintaq edilmiş ********* saylı cinayət işinin istintaqı zamanı CM-nin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməyi sübuta yetirilmədiyi üçün onun barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə (cinayətin törədilməsinə aidiyyəti olmaması və ya təqsirliliyi sübuta yetirilməməsi) əsasən 16 mart N8-ci il tarixli qərarla xitam verilmişdir. 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən 2-ci Qarabağ müharibəsində səfərbərlik çərçivəsində orduya çağırılmış və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Hazırda bədənində gözlə müşahidə edilə bilən xəsarət izi və ya ləkə qalmamış, lakin psixoloji vəziyyəti məruz qaldığı işgəncələrdən sonra sıradan çıxmışdır. Əsəb pozğunluğundan əziyyət çəkir. Hazırda heç bir yerdə işləmir, uzun müddətdir işsizdir. O, şərti adı "Tərtər işi" adlanan cinayət işi çərçivəsində hərbçiləri özünü öldürmə dərəcəsinə çatdırma, bir sıra hərbçilərin sağlamlığına ağır və az ağır zərər vurma, əzab vermə və s. cinayət əməllərinə yol vermiş N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X10, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X3 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X1 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Tərtər Hərbi Məhkəməsinin (X14 oğlunun sədrliyi ilə) 31 yanvar N9-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşov isə hər biri 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Məhkəmə tibb ekspertizasının 24 aprel N8-ci İl tarixli 1046 saylı rəyinə əsasən onun "bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar olunmamışdır". Həmin hökmdən təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti verərək, müdafiə etdikləri şəxslərə verilmiş cəzaların yüngülləşdirilməsini xahiş etmişlər. Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (sədrlik edən və məruzəçi X2) 30 sentyabr N9-cu il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, ancaq Qurban Cümşüdov və Cavid Ağadadaşovun təqsirli bilindiyi CMnin 126.3-cü maddəsinə münasibətdə CM-nin 62-ci maddəsi tətbiq edilməklə, hökm dəyişdirilmiş, bu iki şəxsin cəzaları qismən toplanmaq yolu ilə onların hər birinə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, şərti adı "Tərtər işi" adlanan cinayət işi çərçivəsində o, qanunsuz və əsassız cinayət təqibinə məruz qalmış, qanunsuz azadlıqdan məhrum edilmiş və ona amansız işgəncələr verilmiş, daha sonra isə qanunsuz olaraq hərbi xidmətdən tərxis olunmuşdur. Ona qarşı qanunsuz əməlləri onun barəsində başlanmış cinayət işinə Hərbi Prokurorluq tərəfindən 16 mart N8-ci il tarixli qərarla xitam verilməsi də bir daha təsdiq edir. Bununla da o, maddi və mənəvi ziyana məruz qalmış, peşəkar hərbçi karyerasından məhrum edilmiş, özü və ailəsi hazırda da stress və sarsıntı keçirir, hər hansı maddi gəlir və iş yeri yoxdur. Bu səbəbdən, yəni təhqiqat və istintaq orqanının qanunsuz hərətəkətləri nəticəsində ona vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almalıdır. Ona vurulmuş maddi ziyana görə kompensasiyanı belə əsaslandırır: onun hərbi xidmət dövründə aylıq əmək haqqısı 900 manat olmuşdur. Sonuncu dəfə bu əmək haqqını tam şəkildə N7-ci ilin may aylnda almışdır. Həmin ilin iyuniyul aylarında 800 manat almış, avqust ayında isə ona cəmi 300 manat verilmişdir. N7-ci ilin avqustunda isə müqavilə müddəti bitdiyi əsası ilə hərbi xidmətdən tərxis edilmişdir. Deməli, iyun-yul aylarında əmək haqqından cəmi 1.000 manat (hər ay üzrə 500 manat), avqust ayında isə 600 manat əksik almışdır. Bu cəmi 3 ay (iyun-avqust N7) 1.600 manat edir. N7-ci ilin avqust ayında növbəti 5 il üçün müqavilə müddətinin uzadılmasından qanunsuz məhrum edilməklə növbəti 5 il üçün maddi gəlirlərindən məhrum edilmişdir. Bu isə 60 ay üçün (5 il x 12=60 ay) 54.000 manat edir. Bundan başqa onun hərbi xidmətdən tərxis oldunduqdan bir müddət sonra maddi xərclərini qarşılamaq üçün təxminən 30.000 manat dəyərində olan 2005-ci il istehsalı olan "Toyota Prado" markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilini dəyərindən aşağı qiymətə 17.000 manata satmışdır. Nəticədə ona 13.000 manat ziyan dəymişdir. O, N7-ci ilin may-iyun aylarında məruz qaldığı işgəncə və pis rəftardan vaxtaşırı müalicə alır, ancaq həmin məbləğlərin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir. Beləliklə, onun məruz qaldılğı maddi zərər 68.600 manat edir (1600+54.00+13.000=68.600). Ona vurulmuş mənəvi zərəri isə 50.000 manat məbləğində qiymətləndirir. Ona qarşı başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə (cinayət törədilməsinə aidiyyəti olmaması və ya təqsirliliyi sübuta yetirilməməsi) əsasən Hərbi Prokurorluğun 16 mart N8-ci il tarixli qərarı ilə xitam verilmişdir. Ona fiziki, maddi və mənəvi zərər vuran şəxslərdən bəziləri müəyyən edilmiş, həbs edilmiş, məhkum edilsə də, qalan əhəmiyyətli hissəsi bugünədək azadlıqdadır. Zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə məhkum olunan şəxslər (Fuad Ağayev və digərləri) ona və digər şəxslərə işgəncə verən zaman dövləti təmsil etmişlər, yəni adi mülki vətəndaş kimi yox, müvafiq hərbi hissələrin vəzifəli şəxsləri kimi çıxış etmişlər, təhqiqat və ibtidai istintaq orqanının funksiyalarını həyata keçirmişlər, dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün bir sıra hərbi hissələrin əraziləri (N saylı hərbi hissənin Marquşevan ərazisindəki köhnə qərargah binası, N saylı hərbi hissənin köhnə binası və s.), hərbi hissələrin qulluqçuları (məsələn N saylı hərbi hissə və s.) onların ixtiyarına verilmişdir. Bu səbəbdən də onların gördüyü qanunazidd fəaliyyətə görə məsulyyətinin dövlətin üzərinə düşməsi də məntiqlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir. İddiaçı Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə zərərçəkmiş şəxs olduğuna əsaslanaraq dəymiş mənəvi ziyana görə 50.000 manat, maddi ziyana görə 68.600 manat, cəmi 118.600 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirirlər ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası CPM-nin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərərçəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərərçəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərərçəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan hesab edirlər ki, ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı iddiaçıya kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub-olunmaması araşdırılmalıdır. Bundan başqa CPM-nin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən bildirirlər ki, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı iddia ərizəsində “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Bununla bağlı bildirirlər ki, Cinayət Prosessual Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olubolmaması məlum deyildir. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı N7-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan hesab edirlər ki, yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa qeyd edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bundan başqa iddiaçı maddi zərərə görə kompensasiya tələb etmişdir. Bununla bağlı bildirirlər ki, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. Tərtər Hərbi Məhkəməsinin xx.xx.N9-cu il tarixli, 1(098)-7/N9 saylı hökmündən görünür ki, X12, X8 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində cəlb edilmişdir.
9. Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.N9-cu il tarixli, 1- 1(104)-51/N9 saylı qərarından görünür ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.N9-cu il tarixli, 1(098)-7/N9 saylı hökmü dəyişdirilmiş, X12, X8 və X4 təyin edilmiş cəzalarda müvafiq dəyişikliklər edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun barəsində Azərbaycan Respublikası CM-nin 274 və digər maddələri ilə istintaq edilmiş ********* №li cinayət işinin istintaqı zamanı CM-nin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmədiyi üçün barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən 16 mart N8-ci il tarixli qərarla xitam verilmişdir.
11. X6 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli psixoterapevtik müayinə haqqında rəydən görünür ki, psixoterapevtik müayinə üçün müraciət etmiş xx.xx.1992-ci ildə anadan olmuş İddiaçı verdiyi məlumata əsasən, o, N0-cu ilin avqust ayından etibarən cəbhəyanı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətdə olmuşdur. xx.xx.N7-ci il tarixində haqqında yaranmış hərbi cinayət şübhələri ilə əlaqədar olaraq həbs edilmişdir. Həbs müddətində, istintaq prosesində ağır işgəncələrə (dırnağının çıxarılması, elektrik naqilinə qoşulması, armaturla döyülməsi və s.) məruz qaldığını bildirmişdir. xx.xx.N7-ci il tarixində isə heç bir cinayət əməli olmadığı üçün sərbəst buraxılmış və bəraət edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində psixoterapevtik müayinə üçün ona müraciət etmiş və tərəfindən müayinə edilmişdir. Müayinə zamanı aşkarlanmışdır ki, İddiaçı azadlığa buraxılandan sonra bir ilə yaxın özünün sözünə görə “donmuş” vəziyyətdə olmuşdur. Heç nə haqqında fikirləşə bilmir və qərar qəbul edə bilmirdi, ancaq sakitlik olsun istəyirdi. Hal-hazırda gərgindir, əsəbidir. İndiyənədək yuxularında işgəncələri (elektrik verilməsi və s.) görür. Tez-tez oyanır. Qərarsızlıq davam edir. Tək yaşayır. Heç bir gələcək planı qura bilmir. Əhval-ruhiyyəsi sabit deyil. Emosional davamsızdır. Yemək yeməyi natamamdır, iştahı yoxdur, yeməkdən ləzzət ala bilmir.
12. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 513 saylı məktubundan görünür ki, İddiaçı N7-ci il tarixdə pul təminatı - yanvar ayı üzrə 890,14 manat, fevral ayı üzrə - 890,14 manat, mart ayı üzrə - 705,76 manat, aprel ayı üzrə - 987,62 manat, may ayı üzrə - 748,2 manat olmuşdur. Bundan əlavə N7-ci il üçün nəzərdə tutulmuş 493 manat miqdarında maddi yardım ödənilmiş, məzuniyyətə getmədiyi üçün məzuniyyətə çıxarkən əlavə vəzifə maaşı miqdarında məzuniyyət pulu ödənilməmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 07 may N7-ci il tarixdə bir qrup şəxs tərəfindən saxlanılmış və Tərtər rayonunun Marquşevan kəndinin ərazisində yerləşən hərbi hissənin köhnə qərargahına aparılmışdır. Qərargahda qanunsuz olaraq saxlanıldığı müddətdə vətənə xəyanətdə ittiham edilmiş, insan ləyaqətini alçaldan rəftara, habelə cinayət təqibinə məruz qalmış və nəticə etibarı ilə konstitusion hüquq qismində çıxış edən azadlıq və bir sıra digər hüquqları pozulmuşdur.
14. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun barəsində Azərbaycan Respublikası CM-nin 274 və digər maddələri ilə istintaq edilmiş ********* №li cinayət işinin istintaqı zamanı CM-nin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmədiyi üçün İddiaçı barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən 16 mart N8-ci il tarixli qərarla xitam verilmişdir.
15. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 68.600 manat, vurulmuş mənəvi zərərə görə 50.000 manat, cəmi 118.600 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
19. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.
20. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
21. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
22. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
23. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin:
24. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
25. 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
26. 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
27. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun:
28. 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyataxtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.
29. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
30. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
31. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
32. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
33. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
34. Məhkəmə ilk öncə iddia tələbinin vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.
35. Belə ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın olur ki, iddiaçı əsassız olaraq cinayət təqibinə məruz qalması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının bir qup şəxs tərəfindən saxlanılaraq Tərtər rayonunun Marquşevan kəndinin ərazisində yerləşən hərbi hissənin köhnə qərargahına aparılması və orada qanunsuz olaraq saxlanılması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları pozulmuş, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də, İddiaçı vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği (50.000 manat) çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 4.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.
37. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
38. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirdikdən sonra iddia tələbinin digər maddi ziyanın ödənilməsi hissəsinə də hüquqi qiymət verilməsini zəruri hesab edir.
39. İddia ərizəsindən də göründüyü kimi, ididaçı maddi zərərin əvəzi olaraq ümumilikdə 68.600 manat məbləğində pul tələb etmişdir. Bu hissədə tələbini isə aldığı əmək haqqının 900 manat olması, sonuncu dəfə əmək haqqını tam şəkildə N7-ci ilin may ayında alması, iyun-iyul aylarında 800 manat, avqust ayında isə 300 manat alması, iyuniyul aylarında əmək haqqından cəmi 1.000 manat (hər ay üzrə 500 manat), avqust ayında isə 600 manat əksik alması, N7-ci ilin avqust ayında növbəti 5 il üçün müqavilə müddətinin uzadılmasından qanunsuz məhrum edilməklə növbəti 5 il üçün (5 il x 12 = 60 ay) 54.000 manat məbləğində maddi gəlirlərindən məhrum edilməsi, habelə hərbi xidmətdən tərxis olunduqdan bir müddət sonra maddi xərclərini qarşılamaq üçün təxminən 30.000 manat dəyərində olan “Toyota Prado” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilini dəyərindən aşağı qiymətə 17.000 manat satmaqla ona 13.000 manat ziyan dəyməsi, məruz qaldığı işgəncələrə görə vaxtaşırı müalicə alması və s. hallarla əsaslandırmışdır.
40. Məhkəmə ilk öncə iddiaçının əksik aldığı əmək haqqısına dair münasibətdə bildirir ki, iddiaçıya ödənilən aylıq əmək haqqı məbləğinin müəyyən edilməsi məqsədilə aidiyyəti orqana sorğu ilə müraciət edilmişdir. Daxil olmuş sorğuya cavab məktubunda iddiaçının N7-ci il tarixdə pul təminatının - yanvar ayı üzrə 890,14 manat, fevral ayı üzrə - 890,14 manat, mart ayı üzrə - 705,76 manat, aprel ayı üzrə - 987,62 manat, may ayı üzrə isə - 748,2 manat olduğu müəyyən edilmişdir.
41. Məhkəmə qeyd edir ki, iddiaçının aldığı əmək haqqı qeyri-müntəzəm (dəyişkən) olduğundan onun N7-ci il üçün əmək haqqısının nəzəri hesablama yolu ilə ortalama 844,4 manat (890,14 + 890,14 + 705,76 + 987,62 + 748,2 = 4.221,86 manat : 5 ay= 844,4 manat) təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının sözlərinə görə ona iyun-iyul ayları üzrə 800 manat, avqust ayı üzrə isə 300 manat əmək haqqı ödənilmişdir.
42. Belə olan halda isə məhkəmə yuxarıda qeyd edilənləri, iddiaçının ortalama əmək haqqısının 844,4 manat təşkil etməsini, sonuncuya iyun-avqust ayları üzrə ümumilikdə 1.100 manat əmək haqqının ödənilməsini nəzərə alıb, nəticə etibarı ilə iddiaçıya ödənilməmiş əmək haqqının iyun ayı üzrə 444,4 manat (844,4 manat – 400 manat), iyul ayı üzrə 444,4 manat (844,4 manat – 400 manat) və avqust ayı üzrə 544,4 manat (844,4 manat – 300 manat) olmaqla, cəmi 1.433,2 manat təşkil etdiyi müəyyən edilmişdir.
43. Belə olan halda məhkəmə hesab edir ki, iddia maddi zərərin ödənilməsi hissəsində də qismən təmin edilməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 1.433,2 manat alınaraq İddiaçı ödənilməlidir.
44. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
46. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
47. Məhkəmə qeyd edir ki, iddiaçı maddi ziyanın ödənilməsinə dair iddia tələbini digər hissələrdə sübuta yetirə bilməmişdir.
48. Əksinə, iddiaçı N7-ci ilin avqust ayında növbəti 5 il üçün müqavilə müddətinin uzadılmasından qanunsuz məhrum edilməklə eyni zamanda növbəti 5 il üçün maddi gəlirlərindən məhrum edildiyini bildirsə də, sonuncunun məhkəmə iclasında verdiyi izahatı ilə onunla bağlanmış xidməti müqaviləyə xidməti müddətinin başa çatması ilə əlaqədar xitam verildiyi müəyyən edilmişdir. Belə olan halda isə iddiaçı hüquqları pozulmasaydı onunla bağlanmış müqavilə müddətinin uzadılacağına dair hər hansı bir sübut təqdim edə bilməmiş və tələbini bu hissədə yetərincə əsaslandıra bilməmişdir.
49. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinin tələbinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
50. Digər tərəfdən iddiaçı yuxarıda qeyd edilən tələbi ilə yanaşı avtomobilinin aşağı qiymətə satılması ilə əlaqədar ona maddi ziyanın dəyməsini bildirməklə, vurulmuş ziyanın ödənilməsini tələb etmiş, lakin iddia tələbini bu hissədə də sübuta yetirə bilməmişdir.
51. Ən son məhkəmə iddiaçının məruz qaldığı işgəncələrə görə vaxtaşırı müalicə almasına dair tələbini də əsassız hesab edir.
52. Belə ki, ididaçı öz iddia ərizəsində müalicə ilə əlaqədar ödədiyi məbləğlərə dair sübutları məhkəməyə təqdim edə bilməyəcəyini aşkar şəkildə ifadə etmişdir. Bununla yanaşı İddiaçı zərərçəkmiş şəxs qismində tanındığı Tərtər Hərbi Məhkəməsinin xx.xx.N9cu il tarixli, 1(098)-7/N9 saylı hökmündə (səh. 19) sonuncunun bədən səthində hər hansı xəsarət və xəsarət izlərinin olmadığı müəyyən edilmişdir.
53. Məhkəmə iddiaçının tələblərini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə qismən təmin edərək həmçinin qeyd etməyi zəruri sayır ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
54. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də maddi zərərə görə 1.433,20 manat və mənəvi zərərə görə 4.000 manat məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
55. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
56. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
57. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
58. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
59. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş maddi zərərə görə 1.433,20 manat və mənəvi zərərə görə 4.000 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir.
60. İddia qalan hissədə təmin edilməməlidir.
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı vurulmuş maddi zərərə görə 1.433,20 manat və mənəvi zərərə görə 4.000 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev