Məhkəmə qərarları › İş №2(006)-2414/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2414/2022

10.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2414/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə və "Neftin, X1 və kimya" Elmi-Tədqiqat İnstitutuna qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə və "Neftin, X1 və kimya" Elmi-Tədqiqat İnstitutuna qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1953-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının Yer Elmləri üzrə Elmlər doktoru, Ukrayna Respublikasının Geoekologiya Elmləri doktoru, X4 Akademiyasının həqiqi üzvü, X3 Dövlət Müşaviridir. 2005- 2016-cı illərdə keçmiş Sənaye və Energetika Nazirliyində “Alternativ enerji və ekologiya” şöbəsinin müdir müavini, Alternativ və X6 Mənbələri üzrə Dövlət Agentliyinin şöbə müdirinin müavini vəzifəsində fəaliyyət göstərmişdir. Hal-hazırda təqaüddədir. İddiaçı 2013-cü ildən “Neftin, X1 və kimya” Elmi-Tədqiqat İnstitunda böyük elmi işçisidir. xx.xx.2021-ci il tarixdə yeni təyin edilmiş direktorla tanış olmaq və özü barədə məlumat vermək üçün İnstituta gəldi. Lakin, bu əsnada iddiaçıya 65 yaşını haqladığına görə ərizə yazaraq işdən çıxmağını tələb etdilər. İddiaçının bu tələbin hüquqi əsaslandırmasını tələb etməyinə baxmayaraq, ona heç bir tutarlı cavab verilmədi və bir daha, təkidlə, işdən çıxmağı üçün ərizə yazılmağı bildirildi. xx.xx.2021 -ci il tarixdə İnstituta yeni dərs ilinin başlanması münasibətilə gələrkən iddiaçı bir daha eyni münasibətlə qarşılaşdı. İddiaçıya bildirildi ki, xx.xx.2021 -ci il tarixindən ərizəsini yazıb işdən çıxmalıdır. İddiaçı isə, öz növbəsində, əlbəttə ki, bu haqsız təkidlə razılaşmamışdır. Bu əsnada, iddiaçı yuxarıda adı çəkilən hadisələr minvalında rəhbərlik tərəfindən təhqiramiz və alçaldıcı münasibətlə üz-üzə qalmışdır. Rəhbərlik əsaslı tələbləri cavablandırmır, iş etikasından kənar provokaliv addımların atılmasına sürükləyir və ən sonda açıqaşkar şantaja keçdi. Belə ki, vəfat etmiş qızının övladını himayəçiliyə götürmək istəyərkən müvafiq orqan iş yerindən xasiyyətnamə tələb etdi. Halbuki, bu verilən xasiyyətnamədə reallıqla heç bir əsası olmayan və absurd iddialar əks olunmuşdur. Belə bir iftiranın xasiyyətnaməyə daxil olunması birbaşa işdən çıxmamaq istəyi ilə bağlı idi. Bütün bu baş verən hadisələr fonunda iddiaçının səhhəti günü-gündən zəifləməyə başladı. Rəhbərliyin əsassız tələbləri, iddiaçıya münasibəti və istədiyinə nail olmaq üçün atdığı addımları illər ərzində verdiyi töhfəni şübhə altına salır, onu etimaddan salır və əsəblərinin gərgin olmasına səbəb olurdu. İddiaçı baş verənləri bir neçə dəfə həm İnstitut, həm də Universitetin diqqətinə çatdırmağa çalışsa da, hər iki tərəf məsələyə səriştəsiz yanaşmış, anlaşılmazlığın həll olunması üçün heç bir real təşəbbüs göstərməmişdilər. Bütün bunlar gələcəkdə baş verəcək hadisəni labüd edirdi. İddiaçı xx.xx.2021-ci il tarixdə iş yerində olduğu zaman ürəyində ağrı və sancı hiss etdi. Bu kəskinləşmə iş yerinə gəldikdən sonra otağında, ona heç bir xəbərdarlıq edilmədən və iş etikasına zidd olaraq, başqa şəxslərin yerləşdirilməsi ilə bağlı idi. Bu haldan sonra iddiaçı öz haqlı pretenziyalarını həm orada oturan şəxslərə, həm də rəhbərliyə bildirdi. Rəhbərlik bu dəfə də öz laqeyd münasibətini nümayiş etdirdi. İddiaçının nasaz halına görə iş yerindən evinə taksi ilə getməyə çalışdı. Müvafiq halı cavabdehin elmi işlər üzrə prorektoru Lətafət xanım təsdiqləyə bilər. İddiaçının huşu özündə olsa da, halsızlıq daha da güclənirdi. İddiaçının zənginə yaxınlaşan təcili tibbi yardım briqadası isə kardioloji müdaxilənin zəruri olmasını bildirdi. Müəyyən edildi ki, nəbzi yox dərəcəsindədir, ürəyin yığılması 20%-dir. Səhhətinin bərpası üçün ilkin müayinədən, müvafiq əməliyyatlardan və müalicə kurslarından keçməli oldu və hələ də davam edir. Bu özü ilə daimi stress, gərginlik və əhəmiyyətli miqdarda maliyyə sərfiyyatı ehtiva edir. İnstitutun əmək münasibətlərinə xitam verilməsi üçün iddiaçıya müvafiq ərizənin yazılmasını tələb edilməsi qanunaziddir. Müvafiq hal haqqında müraciət və şikayətlərin baxılmamış saxlanması və məsələnin həlli üçün rəhbərliyin heç bir addım atılmaması əmək qanunvericiliyi əsasında işəgötürənin öhdəliklərinin pozuntusudur. Bu işlə bağlı yaranan situasiyanın təsiri altında səhhətin korlanması danılmazdır. Bu hadisələrdən əvvəl iddiaçının kardioloji problemlər yaşamadığı buna dəlalət verir ki, iddiaçının sağlamlığına dəyən zərər işəgötürənin qanunazidd hərəkət və hərəkətsizliyinin nəticəsi ilə səbəbli əlaqədədir. Göstərilənlərə əsasən Cavabdeh2 və "‘Neftin, X1 və kimya" Elmi-Tədqiqat İnstititundan tibbi xərclərə görə 3000 manat, mənəvi zərər kimi 2000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı uzun müddət cavabdeh “Neftin, X1 və kimya” ETİ-nin əməkdaşı kimi çalışmış və heç vaxt Cavabdeh2 ilə əmək münasibətləri yaranmamışdır. Yəni, Cavabdeh2 iddiaçının işəgötürəni qismində çıxış etməmişdir. İddiaçı ərizəsində belə izahat verir ki, guya ki, onun işdən çıxarılması üçün təzyiqlə üzləşdiyi səbəbindən səhhətində problemlər yaranmışdır. Əvvəla, Əmək Məcəlləsinin 70-ci maddəsinin e) bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yəni, bu əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün iddiaçıdan hər hansı ərizənin istənilməsi və ya “tələb edilməsi” zərurəti yoxdur. İddiaçı öz xahişi ilə cavabdeh “Neftin, X1 və kimya” ETİ-dən ayrılmış və əmək münasibətlərinə işçinin istəyi ilə xitam verilmişdir. Yəni, hər hansı “zorakılıqdan” və məcburiyyətdən söhbət gedə bilməz. Daha sonra, iddiaçının səhhəti ərizəsində qeyd etdiyi dövrdə deyil – 2021-ci ilin sentyabr ayından əvvəlki dövrdə pisləşmiş, bu səbəbdən də həmin ilin iyun ayında xəstəlik vərəqəsi götürərək işə çıxmamışdır. Yəni, iddiaçının səhhətində problemlər qeyd olunan vaxtdan daha əvvəl yarandığından iddia ərizəsində qeyd olunan kimi cavabdeh “Neftin, X1 və kimya” ETİ-nin məsuliyyətindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "Neftin, X1 və kimya" Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı uzun müddət həmin institutda işləyib. İddiaçının hal-hazırkı tələbləri xasiyyətnamə veriləndən sonra yarandı. Belə ki, iddiaçıya xasiyyətnamə lazım idi. İddiaçının işlədiyi laboratoriyanın müdiri təzə təyin olunduğu üçün iddiaçını yaxından tanımırdı. Laboratoriyanın müdiri onu problemli işçi kimi tanıyırdı. Yəni o, iddiaçının işləməyindən, işə davamiyyətindən narazı idi. Ona görə də, yaxşı xasiyyətnamə verilmədi. Bundan sonra da laboratoriya müdiri onun fəaliyyətinə nəzarət edirdi. Yenə də eyni hallar baş verməkdə davam edirdi. Bu hadisə təxminən Rasim müəllim işdən çıxmamışdan 20 gün əvvəl olmuşdur. İddiaçıya qarşı heç bir zorakılıq edilməmiş və ya hədə-qorxu ilə nəyisə etməyi tələb edilməmişdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər "Neftin, X1 və kimya" Elmi-Tədqiqat İnstitutunun və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşin materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə xəstəliyi ilə əlaqədar işə çıxmamışdır. İş materiallarında olan İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdən işdən azad edilməsini və əmək kitabçasının verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 “Neftin, X1 və Kimya” ETİ-nin xx.xx.2021-ci il tarixli, 01/212 saylı “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrinin surətindən görünür ki, “Kimyəvi sensorlar və reagentlər” problem laboratoriyasının böyük elmi işçisi İddiaçı xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin, “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) vəzifəsindən azad edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlərin qanunazidd hərəkətləri (cavabdehlərin hərəkətləri (hərəkətsizlikləri) ilə onun səhhətinin pisləşməsi arasında səbəbli əlaqənin olması) nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə və "Neftin, X1 və kimya" Elmi-Tədqiqat İnstitutuna qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə və "Neftin, X1 və kimya" Elmi-Tədqiqat İnstitutuna qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar