Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2419/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı «əqdin etibarsız hesab edilməsi və pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı «əqdin etibarsız hesab edilməsi və pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əliyeva X2 adlı dəllal vasitəsilə tanıdığı Cavabdeh2 tərəfindən aldadılmışdır. Belə ki, iddiaçı Cavabdeh2 62.000 manat müqabilində ona ev satılması məqsədilə pul vəsaiti vermişdir. Lakin bir neçə gün sonra iddiaçıya təklif edilmiş evin sənədlərinin saxta olması faktları aşkarlandığından iddiaçı cavabdehdən pul vəsaitini geri tələb etmişdir. Yaranmış münaqişənin qarşısını almıq və iddiaçını aldatmaqla davam etmək məqsədilə Cavabdeh2 və digər cavabdeh olan Bakı şəhəri 43 saylı notariat ofisinin təklifi ilə xx.xx.2023-cü il tarixli «Podrat Müqaviləsi» imzalatmışdır. Hansı ki, imzalanan həmin müqavilə formal halı daşımışdır. Həmin müqavilə üzrə nəzərdə tutulanlar yalnız cavabdehin iddiaçıya münasibətdə mənimsədiyi pul vəsaitini gələcəkdə mülki xarakterli müstəviyə daşımaq məqsədi daşımışdır. Bundan əlavə Cavabdeh2 iddiaçıya məxsus və mənimsədiyi 62.000 manat pul vəsaitindən 58.000 manatını qaytarsa da, həmin vəsaitin 4.000 manatını bu günə qədər qaytarmamışdır. Dəfələrlə pul vəsaiti tələb edilsə də, cavabdeh tərəfindən pul vəsaiti geri qaytarılmamış və iddiaçı təkrar onun tərəfindən aldadılmışdır. Tərəflər arasında bağlanmış podrat müqaviləsi formal xarakter daşıması, hər iki cavabdehin iddiaçıya qarşı pozuntuya qanuni don geyindirməsi faktları və digər hallar həmin podrat müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçıya məxsus 4000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi mütləq və zəruridir. Bundan əlavə hər iki cavabdeh barəsində «xüsusi qərar» elan edilməli və araşdırılması üçün prokurorluğa göndərilməlidir. Göstərilənlərə əsasən İddiaçı ilə cavabdeh tərəf olan Cavabdeh2 arasında rəsmiləşdirilmiş 3M-659 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli «podrat müşaviləsi»nin etibarsız hesab edilməsi, Cavabdeh2 4000 manat maddi, 1000 manat mənəvi zərərin və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi, cavabdeh tərəf olan Cavabdeh2 əməlində cinayət tərkibinin (dələduzluq əməlinin) olmasını nəzərə alaraq onun barəsində «xüsusi qərardad» qəbul edib, aidiyyəti üzrə Nəsimi rayon prokurorluğa göndərilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin tam təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun nümayəndəsinin və vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, cavabdehlə aralarında alqı-satqı müqaviləsi bağlanmış və ona məxsus evi iddiaçıya satmağı müqabilində ona 62.000 manat verməyi öz öhdəsinə götürmüşdür. Alqısatqı müqaviləsi bağlanmamışdan öncə dəllal vasitəsi ilə iddiaçı evin alınması ilə bağlı ona beh vermiş və bu zaman dəllal iddiaçıya bildirmişdir ki, onu adıçəkilən evə qeydiyyata salacaqdır. İddiaçı ilə aralarında alqı-satqı müqaviləsi bağlandıqdan bir müddət sonra iddiaçı pulunu geri istəmiş və evi almaqdan imtina etdiyini bildirmişdir. Həmin vaxt o, aldığı pulun bir hissəsini başqa ev üçün beh olaraq vermiş, bir hissəsini isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Onların bu tələbindən sonra o, aldığı pulun 58.000 manatını iddiaçıya geri qaytarmışdır. Ancaq 2.500 manat pul vəsaitini isə qaytaracağını bildirmişdir. Yerdə qalan vəsait isə beh və alqı-satqı ilə bağlı xərclər olduğundan onu qaytarmamaq ilə bağlı razılığa gəlmişlər. Cavabdeh həmçinin izahatında göstərmişdir ki, onlar podrat müqaviləsi yox alğı-satqı müqaviləsi bağlamaq niyyətində olmuşlar. Onun evi tam hazır vəziyyətdə olub və heç bir təmir-tikinti işi aparılmasına ehtiyac olmayıb. Sadəcə notarius nədənsə podrat müqaviləsi bağlanmasını məsləhət görmüş və onlar da razılamışlar. Bu səbəbdən cavabdeh iddia tələbinin qismən təmin olunmasına etiraz etmir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Bakı şəhəri 43 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda iddia tələbini qəbul etməyərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə, cavabdehin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh2 öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında yerləşən tikinti sahəsi 140 kv.m. təşkil edən 8,80 m. hündürlüyü, 6 daş kürsü 1-ci mərtəbəsi 2,80 m. tavan hündürlüyü, 2-ci mərtəbəsi 2,80 m. tavan hündürlüyü olan 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür (bənd 1). Hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 62000 manat təşkil etmişdir. Sifarişçi həmin məbləğin 62000 manat notariusun deposit hesabı vasitəsi ilə ödəyir (bənd 2.1). İddiaçı tərəfindən Cavabdeh2 ödəniş notariusun deposit hesabı vasitəsi ilə ödəyir (bənd 3.1). Bu müqaviləyə dəyişiklər olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir (bənd 3.2). Cavabdeh2 sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2023-cü il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür (bənd 4.1).
8. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilmiş 3M- 659 nömrəli notariat işindən görünür ki, "xxxx" ASC-nin «Mərkəz» filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderinə əsasən İddiaçı notarius Elşən Qurbanovun depozit hesabına 62.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
9. Həmin notariat işində olan ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı müvafiq müqavilə tərəfindən tədsqi edildikdən sonra onun məktubun əsasında podrat müqaviləsi üzrə ödənilməli olan 62.000 manat məbləğində pulu Cavabdeh2 verilməsi üçün bankda olan **********00001AZM03 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir.
10. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və «Borc verən» qismində X4 ilə «Borc alan» qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 2500 manat məbləğində pul borc vermiş, «Borc alan» krediti xx.xx.2023-cü il tarixədək «Borc verən»ə qaytarmağı öhdəsinə götürmüşdür.
11. İş materiallarında olan tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış podrat müqaviləsinin üzərində X3 tərəfindən «Evi qaytardım. xx.xx.2023 58.000 manat götürdüm», Cavabdeh2 tərəfindən «2.500 manat borc qaldı» qeyd edilmişlər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə 62.000 manat pul vəsaiti ödəyərək sonuncudan fərdi yaşayış evi almışdır. İddiaçıya təklif edilmiş evin sənədlərinin düzgün qaydada olmaması aşkar olunduqdan sonra İddiaçı cavabdehdən ödənilmiş pul vəsaitini geri tələb etmiş, Cavabdeh2 58.000 manat qaytarsa da, həmin vəsaitin 4.000 manat məbləğini qaytarmamışdır. Hazırda iddiaçı Cavabdeh2 ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsinin etibarsız hesab edilməsini, cavabdehdən 4000 manat maddi, 1000 manat mənəvi zərərin və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin onun xeyrinə tutulmasını xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin tələbinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
14. Qeyd olunan Konstitusiya normalarını özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
16. Mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka, o cümlədən daşınmaz əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (MM-in 146-cı maddəsi).
17. Mülki Məcəllənin alğı-satqı haqqında ümumi müddəalarına əsasən satıcı alğısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğısatqı müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
18. «F.M.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 29 aprel 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, «…İşə təkrar baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə məhkəmə aktları qəbul edilərkən Mülki Məcələlnin mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi, daşınmaz əşyaların alğı-satqısını nəzərdə tutan normalarının müddəalarına deyil, həmin Məcəllənin yalnız uydurma və yalan əqdlərin etibarsızlığına dair 340-cı maddəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» təlimatın 45-ci bəndinin tələblərinin pozulmasına istinad edilmişdir. Yuxarıda adı çəkilən dəlil göstərilən mülki işin qanuni həll edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən məhkəmələr MM-in 340.2-ci maddəsinə istinad edərkən həmin əqdin həqiqətən digər əqdi pərdələmək üçün bağlanmasına dair işdə sübutların olub-olmadığını araşdırmamış və buna hüquqi qiymət verməmişlər.»
19. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
22. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsi bağlanılsa da, həmin əqd əhəmiyyətsiz olmuş və görünüş üçün bağlanılmışdır. Yəni tərəflər arasında alğı-satqı münasibətləri olmuş və həmin münasibətlər evə dair podrat müqaviləsi bağlanılması yolu ilə pərdələnmişdir (bunu hər iki tərəf etiraf etmişdir).
23. Məhkəmə mübahisəli podrat müqaviləsinə, işdə olan sübutlara və işin faktiki hallarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin müqavilə yalan xarakter daşımış və tərəflər arasında olan alqı-satqı müqaviləsini pərdələmək məqsədi daşımışdır.
24. Məhkəmə qeyd edir ki, əqdin etibarlı hesab edilməsi üçün ilk növbədə həmin əqdin bağlayanın buna iradə ifadəsi olmalıdır. İddiaçı fərdi yaşayış evinin tikintisinə dair cavabdehlə podrat müqaviləsi bağlasa da, həmin evin tikinti işlərini cavabdehə sifariş etmək niyyəti və iradəsi olmamışdır (bu halı da hər iki tərəf etiraf etmişdir).
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2).
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən belə bir mövqe müəyyən edilmişdir ki, bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 416, 1078-27.1.3 və 1225.3-cü maddələri). Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir.
29. Yuxarıda qeyd olunan sonuncu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən mübahisəli podrat müqaviləsi özülüyündə etibarsız hesab edilsədə notarial qaydada bağlandığından məhkəmə tərəfindən ayrıca olaraqda etibarsız hesab edilməsinə zərurət vardır.
30. Beləliklə məhkəmə iclasında işin faktiki halları ilə təsdiq olunmuşdur ki, həqiqətən də iddiaçının podrat müqaviləsinin bağlamaq niyyəti olmamış və cavabdehlə bağlanılmış podrat müqaviləsi alqı-satqı müqaviləsini pərdələmək məqsədi daşımışdır. Belə olan halda tərəflər arasında alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədilə bağlanıldığından, həmin əqd yalan əqd hesab edilir və etibarsız hesab olunmalıdır.
31. Məhkəmə iclasında müəyyən edilmişdir ki, podrat müqaviləsi bağlandıqdan bir müddət sonra iddiaçı ödənilmiş 62.000 manatı cavabdehdən geri istəmiş və cavabdeh tərəfindən 58.000 manat qaytarılmışdır.
32. Məhkəmə əqd etibrasız hesab edildiyi üçün hüquqi nəticələrin bərpası üzrə qeyd edir ki, podrat müqaviləsi etibarsız hesab olunduğundan və əqd üzrə 62.000 manatın 58.000 manatı geri qaytarıldığından yalnız ödənilməmiş 4000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
34. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 1.000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməlidir.
35. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
36. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
37. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
38. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
39. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
40. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 1.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir.
41. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında arasında bağlanmış 13 fevral 2023-cü il tarixli 3M-659 reyestr nömrəli podrat müqaviləsi etibarsız hesab edilməli, cavabdeh X1 4000 (dörd min) manat pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
42. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 170,40 manat məbləğində pul tutulmalıdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
47. Məhkəmə iddiaçının cavabdehin əməlində cinayət əlamətlərinin mövcudluğu barədə xüsusi qərardadla prokurora müraciət olunması barədə tələbi üzrə aşağıdakıları qeyd edir.
48. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər.
49. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.
50. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır.
51. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir.
52. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir.
53. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında arasında bağlanmış 13 fevral 2023-cü il tarixli 3M- 659 reyestr nömrəli podrat müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh X1 (restitusiyaya əsasən) 4000 (dörd min) manat pul, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 170,40 (yüz yetmiş manat, qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov