Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2869/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı «əqdin etibarsız hesab edilməsi və pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(006)-2419/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı «əqdin etibarsız hesab edilməsi və pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş 3M-659 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli «podrat müşaviləsi»nin etibarsız hesab edilməsi, Cavabdeh2 4000 manat maddi, 1000 manat mənəvi zərərin və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əliyeva X1 adlı dəllal vasitəsilə tanıdığı Cavabdeh2 tərəfindən aldadılmışdır. Belə ki, iddiaçı Cavabdeh2 62000 manat müqabilində ona ev satılması məqsədilə pul vəsaiti vermişdir. Lakin bir neçə gün sonra iddiaçıya təklif edilmiş evin sənədlərinin saxta olması faktları aşkarlandığından iddiaçı cavabdehdən pul vəsaitini geri tələb etmişdir. Yaranmış münaqişənin qarşısını almıq və iddiaçını aldatmaqla davam etmək məqsədilə Cavabdeh2 və digər cavabdeh olan Bakı şəhəri 43 saylı notariat ofisinin təklifi ilə xx.xx.2023-cü il tarixli «Podrat Müqaviləsi» imzalatmışdır. Hansı ki, imzalanan həmin müqavilə formal halı daşımışdır. Həmin müqavilə üzrə nəzərdə tutulanlar yalnız cavabdehin iddiaçıya münasibətdə mənimsədiyi pul vəsaitini gələcəkdə mülki xarakterli müstəviyə daşımaq məqsədi daşımışdır. Bundan əlavə Cavabdeh2 iddiaçıya məxsus və mənimsədiyi 62000 manat pul vəsaitindən 58000 manatını qaytarsa da, həmin vəsaitin 4000 manatını bu günə qədər qaytarmamışdır. Dəfələrlə pul vəsaiti tələb edilsə də, cavabdeh tərəfindən pul vəsaiti geri qaytarılmamış və iddiaçı təkrar onun tərəfindən aldadılmışdır. Tərəflər arasında bağlanmış podrat müqaviləsi formal xarakter daşıması, hər iki cavabdehin iddiaçıya qarşı pozuntuya qanuni don geyindirməsi faktları və digər hallar həmin podrat müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçıya məxsus 4000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi mütləq və zəruridir. Bundan əlavə hər iki cavabdeh barəsində «xüsusi qərar» elan edilməli və araşdırılması üçün prokurorluğa göndərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(006)- 2419/2023 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında arasında bağlanmış 13 fevral 2023-cü il tarixli 3M-659 reyestr nömrəli podrat müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 (restitusiyaya əsasən) 4000 (dörd min) manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 170,40 (yüz yetmiş manat, qırx qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh2 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya baxışı zamanı yazılı ərizə ilə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsindən qismən, yəni ondan iddiaçının xeyrinə 4000 manat pul vəsaitinin tutulması hissədə narazı qalmasını, iddiaçıya borcunun 2500 manat olmasını, bu səbəbdən də ondan həmin məbləğdə pul vəsaitinin tutulmalı olmasını bildirmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni ondan iddiaçının xeyrinə 4000 manat pul vəsaitinin tutulması hissədə əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, qətnaməni iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müşaviləsinin etibarsız hesab edilməsi hissədə mübahisələndirmir. Çünki, onların arasında podratla bağlı hər hansı münasibət yaranmamışdır. Aralarında olan razılaşma özbaşına tikilinin alqı-satqısı ilə bağlı olmuş, bu məqsədlə iddiaçı ona 62000 manat pul vermişdir. Lakin, sonradan iddiaçı evi qəbul etməmiş və pulunu tələb etmişdir. O, pul vəsaitinin böyük hissəsini iddiaçıya qaytarmış, hətta bu barədə video çəkiliş də aparılmışdır. İddiaçıya cəmi 2500 manat borcu qalmış, iddiaçı öz xətti ilə podrat müşaviləsinin nüsxəsində qeyd etmişdir ki, “2500 manat borc qaldı”. Həmin 2500 manat pula dair isə iddiaçının oğlu ilə arasında borc müqaviləsi bağlanmışdır. O, həmin sənədləri birinci instansiya məhkəməsinə təqdim etsə də, bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. O, rayon məhkəməsində borcunun 2500 manat olmasını, bu halla bağlı video çəkilişin olmasını və s. bildirsə də, nəzərə alınmamış, yalnız iddiaçının bildirdikləri qəbul edilmişdir. Bu səbəbdən də o, 58000 manat pulun qaytarılması, iddiaçının həmin pulu alaraq, öz xətti ilə xx.xx.2023-cü il tarixli podrat müqaviləsinin nüsxəsində “2500 manat borc qaldı” sözlərini yazması və s. bütün bu halları özündə əks etdirən video çəkilişi məhkəməyə kollegiyasına təqdim edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından ondan iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinin 2500 manat həddində müəyyən olunmasını xahiş etdi. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə idiaçıya və digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz göndərərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh isə qətnaməni qismən, yəni ondan iddiaçnıın xeyrinə 4000 manat pulun tutulması hissədə mübahisələndirmiş, borcunun 2500 manat olmasını qeyd etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tutulması qət edilmiş pul vəsaiti hissədə dəyişdirilməlidir. Belə ki, işdə olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh2 öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında yerləşən tikinti sahəsi 140 kv.m. təşkil edən 8,80 m. hündürlüyü, 6 daş kürsü 1-ci mərtəbəsi 2,80 m. tavan hündürlüyü, 2-ci mərtəbəsi 2,80 m. tavan hündürlüyü olan 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür (bənd 1). Hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 62000 manat təşkil etmişdir. Sifarişçi həmin məbləğin 62000 manat notariusun deposit hesabı vasitəsi ilə ödəyir (bənd 2.1). İddiaçı tərəfindən Cavabdeh2 ödəniş notariusun deposit hesabı vasitəsi ilə ödəyir (bənd 3.1). Bu müqaviləyə dəyişiklər olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir (bənd 3.2). Cavabdeh2 sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2023-cü il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür (bənd 4.1). İşdə olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilmiş 3M-659 nömrəli notariat işindən görünür ki, "xxxx" ASC-nin «Mərkəz» filialı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli xəzinə mədaxil orderinə əsasən İddiaçı notarius Elşən Qurbanovun depozit hesabına 62.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin notariat işində olan ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı müvafiq müqavilə tərəfindən tədsqi edildikdən sonra onun məktubun əsasında podrat müqaviləsi üzrə ödənilməli olan 62.000 manat məbləğində pulu Cavabdeh2 verilməsi üçün bankda olan **********00001AZM03 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İşdə olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və «Borc verən» qismində X4 ilə «Borc alan» qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2023cü il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 2500 manat məbləğində pul borc vermiş, «Borc alan» krediti xx.xx.2023-cü il tarixədək «Borc verən»ə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış podrat müqaviləsinin üzərində X3 tərəfindən «Evi qaytardım. xx.xx.2023 58.000 manat götürdüm», Cavabdeh2 tərəfindən «2.500 manat borc qaldı» qeyd edilmişlər. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında özbaşına tikilinin aqlı-satqısı sahəsində münasibətlərin yaranması, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə 62000 manat pulun ödənilməsi, sonradan münasibətlərin pozulması, pul vəsaitinin bir hissəsinin iddiaçıya qaytarılması işin mübahisə olunmayan hallarıdır. İddiaçının bildirməsinə görə cavabdeh 58000 manat pul vəsaitini ona qaytarmış, qalıq qalmış 4000 manat pulu isə ödəməkdən imtina etmiş, bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Cavabdeh isə birinci instansiya məhkəməsində verdiyi izahatında, həmçinin göstərmişdir ki, iddiaçı cəmi 2500 manat borcu qalımışdır və bunun sübutu kimi məhəkəməyə iddiaçının xx.xx.2023-cü il tarixli podrat müqaviləsinin üzərində sadə yazılı formada icra edilmiş müvafiq qeydləri təqdim etmişdir. Birinci instansiya məhkəməsi iddiaı qismən təmin edərkən göstərmişdir ki, iddiaçının podrat müqaviləsinin bağlamaq niyyəti olmamış və cavabdehlə bağlanılmış podrat müqaviləsi alqı-satqı müqaviləsini pərdələmək məqsədi daşımışdır. Belə olan halda tərəflər arasında alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədilə bağlanıldığından, həmin əqd yalan əqd hesab edilir və etibarsız hesab olunmalıdır. Podrat müqaviləsi bağlandıqdan bir müddət sonra iddiaçı ödənilmiş 62.000 manatı cavabdehdən geri istəmiş və cavabdeh tərəfindən 58.000 manat qaytarılmışdır. Podrat müqaviləsi etibarsız hesab olunduğundan və əqd üzrə 62.000 manatın 58.000 manatı geri qaytarıldığından yalnız ödənilməmiş 4000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdeh borcunun 4000 manat deyil, 2500 manat olmasını bildirməsinə və bu halı təsdiq edən sübutları təqdim etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin həmin dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki, birinci instansiya məhkəməsi qətnaməsində cavabdehin təqdim etdiyi sübutu qeyd etmişdir. Belə ki, cavabdehin təqdim etdiyi - tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış podrat müqaviləsinin surətindən görünür ki, onun üzərində X3 tərəfindən «Evi qaytardım. xx.xx.2023 58.000 manat götürdüm», Cavabdeh2 tərəfindən «2.500 manat borc qaldı» sözləri qeyd edilmişdir. Cavabdeh, həmçinin, qeyd edilən halları təsdiq edən video çəkilin də olmasını bildirmişdir. Lakin, birinci instansiya məhkəməsi həmin sübuta, ümumiyyətlə, əhəmiyyət verməmiş, göstərilən halların dəqiqlədirilməsi istiqamətində lazımi araşdırma aparmamışdır. Bu səbəbdən də apellyasiya baxışı zamanı həmin video çəkilişə baxış keçirilmişdir. İlkin olaraq qeyd edilməlidir ki, apellyasiya icraatı zamanı qeyd edilən istiqamətində araşdırmanın aparılması, eləcə də video çəkilişə baxış keçirilməsi (əlavə məlumatların əldə olunması) prosessual qanunvericiliyin tələbləri baxımından mümkün olmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh tərəfindən həmin sübut birinci instansiya məhkəməsinə təqdim olunduğundan, məhz məhkəmənin prosessual hüquq normalarının tələblərinin pozulması ilə həmin sübutu nəzərə almaması, ona hüquqi qiymətə verməməsi, zəruri araşdırmanı aparmaması (əgər həmin sübut əsasında işə baxılması mümkün deyildirsə, bu istiqamətdə əlavə sübutların təqdim olunmasını tərəflərə təklif etməməsi və s.) apellyasiya qaydasında bu istiqamətdə araşdırmasının aparılmasını labüd və zəruri etmişdir. Belə ki, MPM-in 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. MPM-in 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 380.2-ci maddəsinə əsasən, tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər. Qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Göründüyü kimi, apellyasiya icraatı zamanı sübutların tədqiq olunması istiqamətində prosessual qanunvericiliyin tələblərinə zidd araşdırma aparılmamış, əksinə birinci instansiya məhkəməsinin səhvi nəticəsində yaranmış çatışmazlıqlar aradaq qaldırılaraq, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmuşdur. Beləliklə, cavabdehin hələ birinci instansiyası məhkəməsinə təqdim etdiyi sübutdan (podrat müqaviləsinin nüsxəsinin üzərində iddiaçı tərəfindən «Evi qaytardım. xx.xx.2023 58.000 manat götürdüm», Cavabdeh2 tərəfindən «2.500 manat borc qaldı» sözləri qeyd edilməsi), eləcə də həmin sübutla bağlı həyata keçirilmiş, tərəflərin də etiraz etmədiyi video çəkilişdən açıq-aşkar müəyyən edilir ki, hazırki mübahisə üzrə cavabdeh tərəfindən iddiaçıya pul vəsaiti qaytarılır, iddiaçı isə həmin pul vəsitini alaraq, şəxsən öz xətti ilə xx.xx.2023-cü il tarixli podrat müqaviləsinin nüsxəsinin üzərində - «Evi qaytardım. xx.xx.2023 58.000 manat götürdüm», Cavabdeh2 tərəfindən «2.500 manat borc qaldı» sözləri qeyd edir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, tərəflərin qarşılıqlı razılığı əsasında daha əvvəl onların arasında yaranmış etibarsız alqı-satqı münasibətlərinə son verilmiş, bunun nəticəsində iddiaçının özü cavabdehin 2500 manat borcunun qalmasını təsdiq etmişdir. Belə olan halda isə iddiaçının hazırki iddia tələbində cavabdehdən 4000 manati tələb etməsi işin halları və araşdırılmış sübutlarla uzlaşmır. İddiaçı qeyd edilənlərin əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edlir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (Mülki Məcəllənin 5.3-cü mad.) Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləgi 2500 manat müəyyən edilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İddia ərizəsindən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan hazırki mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olmuşdur. Bu səbəbdən də tərəflər qətnamədən kassasiya şikayəti verilə bilməzlər. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı «əqdin etibarsız hesab edilməsi və pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(006)-2419/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(006)-2419/2023 saylı qətnaməsi yoxlanılan hissədə (yəni, “Cavabdeh2 (restitusiyaya əsasən) 4000 (dörd min) manat pulun tutularaq İddiaçı ödənilməsi” hissədə) dəyişdirilsin, Cavabdeh2 tərəfindən İddiaçı ödənilməli olan pul vəsaitinin məbləği 2500 (iki min beş yüz) manat müəyyən edilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2869/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2869/2024
07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Müqavilənin etibarsız hes
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver