Məhkəmə qərarları › İş №2(006)-242/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-242/2022

24.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-242/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi X12, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC, "xxxx" MMC və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada avtomobilə vurulmuş ziyan qismində 4614 manat, hər ay üçün əldən çıxan gəlir qismində 1200 manat olmaqla, 3 aylıq 3600 manat, mənəvi ziyan olaraq 2000 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ümumilikdə 10.244 manat (on min iki yüz qırx dörd) ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsi əsasında onun mülkiyyətindədir. Həmin avtomobili 25 iyul 2012-ci il tarixdə almışdır. Avtomobili «BE». «CE», «DE» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. Avtomobili bir qayda olaraq özü İdarə edir və taxi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Avtomobil texniki cəhətdən saz vəziyyətdədir və hər-hansı bir texnikin nasazlığı olmamışdır. 22 mart 2021-ci il tarixdə təxminən saat 13 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Fatmayı yolu ilə Fatmayı qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin zaman idarə etdiyi avtomobilin arxa tərəfindən eyni istiqamətdə hərəkətdə olan avtomobil qabaq tərəfi ilə avtomobilinin arxa tərəfinə çırpılmışdır. Zərbənin təsirindən idarə etdiyi avtomobil qarşı hərəkət istiqamətinə keçib qabaq sol tərəfi ilə Novxanı-Fatmayı yolu ilə hərəkətdə olan «Hyundai Sonata» markalı avtomobilin qabaq sol tərəfinə dəymişdir. Toqquşmanın təsirindən idarə etdiyi avtomobil yerində dövrə vuraraq yolun hərəkət hissəsində mərkəzində hərəkət istiqamətinin əksinə dayanmışdır. «Hyundai Sonata» markalı avtomobil isə bir qədər irəliyə doğru hərəkət edib qarşıda dayanmışdır. Bu zaman idarə etdiyi avtomobilin arxa tərəfinə çırpılmış avtomobilin «Ravon Nexia» markalı avtomobil olmasını müəyyən etmişdir. Həmin zaman avtomobili sürən Cavabdeh2 olmuşdur və o, heç bir etibarnaməsi olmadan həmin avtomobili idarə etmişdir. Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılmış araşdırma nəticəsində qəbul edilmiş 27.04.2021-ci İl tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında müəyyən edilmişdir ki, 22 mart 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Pirşağı-Fatmayı yolunun hərəkət hissəsində «Azərmaş MMC»-yə məxsus Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsində həmin avtomobillə eyni istiqamətdə qarşısında hərəkətdə olan İddiaçı məxsus olmaqla idarə etdiyi «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılması və nəticədə «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinin qarşı hərəkət istiqamətinə keçməsi ilə Novxanı-Pirşağı yolu ilə hərəkətdə olan X6 idarə etdiyi «Hyundai Sonata» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfinə dəyməsi nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı və «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X4 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 həmin avtomobildə sərnişin olan azyaşlıları X17 və X5 zərər vurmayan bədən xəsarətləri almışdırlar. «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 İddiaçı və X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Cavabdeh2, X18 və X2 zərər vurmayan bədən xəsarətləri almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi faktı üzrə əməlində cinayət tərkibli xüsusatları olmadığı müəyyən edilmişdir. Bununla belə «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi avtomobillə ara məsafəsinin saxlanılması qaydalarını pozaraq Cavabdeh2 İddiaçı və X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Cavabdeh2, azyaşlılar X18 və X3 zərər vurmayan bədən xəsarətləri almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyindən Azərbaycan Respublikasının İXM-nin 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi müəyyən olunmuşdur. Hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8 və 332.1-cİ maddələrinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehlər Cavabdeh2 və «Azərmaş MMC»-dən müştərək qaydada avtomobilə vurulmuş ziyan qismində 4614 manat, hər ay üçün əldən çıxan gəlir qismində 1200 manat olmaqla, 3 aylıq 3600 manat, mənəvi ziyan olaraq 2000 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ümumilikdə 10244 manat (on min iki yüz qırx dörd) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı ərizə ilə müraciət edərək, "xxxx" MMC və Cavabdeh3 əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X21 iddiaya etiraz edərək bildirmişdir ki, Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında 06 avqust 2018-ci il tarixdə AL- 181 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 14 iyun 2019-cu il tarixli Al-181 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Ravon-Nexıa R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq alan "xxxx" MMC-nin müvəqqəti istifadəsinə vermişdir. 06 avqust 2018-ci il tarixli AL-181 saylı saylı “Daxili Lizinq” müqaviləsinin 6-cı bəndinə əsasən "xxxx" MMC-nin xahişi əsasında Cavabdeh1 MMC-nin mülkiyyətində olan, “Ravon-Nexıa R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Cavabdeh2 etibarnamə verilmiş və həmin etibarnamənin müddəti 06.03.2021-ci il tarixdə bitmiş və bununla bağlı Lizinq alan "xxxx" MMC-yə 04.03.2021-ci il tarixli 402 saylı xəbərdarlıq məktubu göndərilərək avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin müddətinin bitməsi və lizing obyektindən heç bir hüquqi əsas olmadan istifadə nəticəsində üçüncü şəslərə dəymiş zərərə görə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, 10244 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin Cavabdeh1 MMC-dən tutulması əsassızdır və buna görə də tələb olunan məbləğin Lizinq alan "xxxx" MMC və heç bir hüquqi əsəsi olmadan avtomobili idarə etmiş X10 tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X15 iddiaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsinin "xxxx"-yə aid hissəsi tamamilə əsassızdır və buna görə də iddia tələbinin "xxxx" hissəsi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, "xxxx" MMC avtomobili Cavabdeh1 MMC-dən AL-181 sayılı 06.02.2018-ci il tarixli daxili lizİnq müqaviləsi əsasında lizinqə götürmüşdür. Daha sonra qeyd olunan **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili 1073/1 sayılı 26.02.2021-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh2 icarəyə verilmişdir. Həmin müqavilə əsasında Cavabdeh2 avtomobilə aid öhdəlikləri öz üzərinə götürmüşdür. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi hallarında təqsirli tərəf zərərçəkmiş tərəfə vurulmuş zərəri ödəməlidir. Belə olan halda, Cavabdeh2 ona icarəyə verilmiş avtomobillə qəza törədərək müqavilənin 2.2.3, 2.2.4 və 5.1-ci maddələrində üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və əlavə olaraq "xxxx" MMC-nin məhkəməyə ümumi iddia tələbi 10244 manat olan işdə cavabdeh qismində cəlb edilməsinə səbəb olmuşdur. Nəticədə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsini rəhbər tutaraq "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin 5.1-ci maddəsininin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almalıdır. Belə olan halda, müqavilə üzrə Cavabdeh2 "xxxx" MMC-yə 3-cü şəxslər tərəfindən dəyə biləcək zərəri qarşılamağı öz öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh2 arasında icarə müqaviləsi bağlanmış və həmən müqaviləyə əsasən avtomobilə faktiki sahiblik Cavabdeh2 ötürülmüşdür. Nəticədə, Cavabdeh2 törətdiyi qəzadan yaranmış mülki məsulliyəl üçün tam cavabdehlik daşıyır. Əlavə olaraq, iddiaçı öz iddia tələbində 4610 manat dəymiş zərər, hər ay əldən çıxan gəlir qismində 1200 manat olmaqla, 3 aylıq 3600 manat və mənəvi ziyan olaraq 2000 manat və dövlət rüsumu olaraq 30 manat tələb etmişdir. İddiaçı öz iddia ərizəsində taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. Lakin, iddiaçı itirilmiş qazanç kimi göstərdiyi aylıq 1200 manata dair heç bir sübut məhkəməyə təqdim etdmədiyi kimi ümumən ona məxsus avtomobillə qanuni taksi fəaliyyəti göstərməsi barədə heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı ona 2000 manat məbləğində mənəvi ziyan dəyməsini qeyd etmişdir. Lakin, həmin ziyanının dəyməsini əsaslandırmamış məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçı iddia tələbinin cavabdeh "xxxx" MMC-yə qarşı olan hissəsində iddiası əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehləin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və "xxxx" MMC-yə münasibətdə rədd, Cavabdeh2 münasibətdə isə qismən təmin edilməlidir. AB N seriyalı 713865 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. AD N seriyalı 131813 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-yə məxsusdur. 28.04.2021-ci il tarixd müstəqil sığorta eksperti Talıblı Əhməd tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanıın məbləğini aydınlaşdırmaq üçün yerində baxış keçirərək müəyyən etmişdir ki, avtomobilə zərbə ön və arxa hissədən dəymişdir. Zərbə nəticəsində avtomobilin ban hissəsi, damı, qapıları, mühərrik hissələri, alt işlək hissələri zədələnmişdir. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri, cəmi 7.663 manat hesab edilmişdir. 28.05.2021-ci il tarixli, İXP ******* serialı inzibati xəta haqqında protokoldan görünür ki, “Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 İXM-nin 327.1-ci, 332.1-ci və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03.11.2021-ci il tarixli 9/7117 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “**********” VÖEN-nin 28.04.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7.463,00 manat müyyən edilmişdir. Belə ki, İddiaçı məxsus «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil 22.03.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 MMCyə məxsus və Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “Ravon Nexia R3” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmiş, həmin yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 327.8-ci maddələrinə əsasən təqsirli bilinmişdir. Dəymiş zərərlə əlaqədar iddiaçı müvafiq qiymətləndirmə şirkətinə müraciət edərək qüsur aktı əldə etmiş, həmin akta əsasən «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 7.663 manat kimi müəyyən edilmişdir. Hazırda iddiaçı 22.03.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş maddi zərər olaraq 4.614 manat, hər ay üçün əldən çıxmış fayda olaraq 3.600 manat, mənəvi ziyan olaraq isə 2.000 manat məbləğində pulun cavabdehlər tərəfindən ödənilməsini tələb edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; MM-nin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 21.2 və 1096-cı maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən 1999-cu il buraxılışlı «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7.463 manat məbləğində müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 22.03.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı 3.049 manat məbləğində sığorta ödənişi verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 3.049 manat pulun sığorta şirkəti tərəfindən ödənildiyi müəyyən edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03.11.2021-ci il tarixli 9/7117 saylı ekspert rəyinə əsasən müəyyən edilmiş zərərin məbləği 3.049 manat azaldılmalı, 4.414 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı verilməlidir. İddiaçının mənəvi ziyana görə 2000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İddiaçının yol-nəqliyyat hadisəsi nəticəsində mənəvi zərər çəkməsi şübhəsizdir və məhkəmə, iddiaçıya dəymiş mənəvi zərəri 200 manat məbləğində qiymətləndirir. Məhkəmə iddianın “əldən çıxmış fayda kimi 3.600 manat məbləğində zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMC və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh1 MMC (Lizinq verən) ilə Cavabdeh3 (Lizinq alan) arasında bağlanmış 06.02.2018ci il tarixli, AL-181 saylı “Daxili lizinq müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, Lizinq verən lizinq alanın yekun sifarişi əsasında əmlakı əldə edib muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyən edilmiş ödənişlərini ödəməyi öhdəsinə götürür. Cavabdeh1 MMC ilə Cavabdeh3 və "xxxx" MMC arasında bağlanmış 14.06.2019-cu il tarixli, MAS-181 nömrəli “Öhdəliklərin ötürülməsi müvailəsi”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 Cavabdeh1 MMC qarşısında götürdüyü bütün öhdəlikləri "xxxx" MMC-yə ötürür, "xxxx" MMC isə bu öhdəlikləri Cavabdeh3 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri Lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh1 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşlər. 17.06.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin direktoru Bünyatov Vüsal, Cavabdeh3 istifadəsində olan və Cavabdeh1 MMC-nin mülkiyyətində olan «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 26.02.2021-ci il tarixli, 1073/i nömrəli “Nəqliyyat vasitələrinin icarə müaviləsi” nin surətindən görünür ki, "xxxx" MMC «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili 26.07.2023-cü il tarixinə kimi Cavabdeh2 icarəyə vermişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdeh1 MMC (Lizinq verən) ilə Cavabdeh3 (Lizinq alan) arasında bağlanmış 06.02.2018ci il tarixli, AL-181 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq verən tərəfindən öz mülkiyyətinə əldə edilməsi və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsinə dair 06.02.2018-ci il tarixdə AL-181 saylı “Daxili lizinq müqaviləsi” bağlanmışdır. “Daxili Lizinq” müqaviləsinin 11.2-ci bəndinə uyğun olaraq müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Cavabdeh1 MMC ilə Cavabdeh3 və "xxxx" MMC arasında bağlanmış 14.06.2019-cu il tarixli, MAS-181 nömrəli “Öhdəliklərin ötürülməsi müvailəsi”nə əsasən Cavabdeh3 Cavabdeh1 MMC qarşısında götürdüyü bütün öhdəlikləri "xxxx" MMC-yə ötürmüş, "xxxx" MMC isə bu öhdəlikləri Cavabdeh3 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edib Lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh1 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 26.02.2021-ci il tarixli, 1073/i nömrəli “Nəqliyyat vasitələrinin icarə müaviləsi” nin surətindən görünür ki, "xxxx" MMC «Ravon Nexia R3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili 26.07.2023-cü il tarixinə kimi Cavabdeh2 icarəyə vermişdir. Beləliklə, Cavabdeh2 yol-nəqliyyat hadisəsini törədərkən «Ravon Nexia R3» markalı **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla (icarə hüququ ilə) idarə etdiyindən digər cavabdehlər - nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh1 MMC və lizinq alanlar Cavabdeh3 və "xxxx" MMC-yə qarşı iddia rədd edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli, maddi zərər olaraq 4414 manat və mənəvi zərər olaraq 200 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. İddia cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və "xxxx" MMC-yə münasibətdə tam və Cavabdeh2 münasibətdə digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 100 manat təşkil edir. İlkin iddia tələbinin 45%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Maddi zərər olaraq 4.414 manat, mənəvi zərər olaraq 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 14 manatı, cəmi 4.628 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və "xxxx" MMC-yə münasibətdə tam və Cavabdeh2 münasibətdə digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 55 manatı İddiaçı, 45 manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar