Məhkəmə qərarları › İş №2(006)-2423/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2423/2023

22.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2423/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 1,000,000 (bir milyon manat) manat məbləğində kompensasiyanın və vurulmuş maddi ziyana görə 54.120 (əlli dörd min yüz iyirmi) manat maddi ziyanın cavabdeh vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı - İddiaçı xx.xx.1995-ci il tarixində Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olmuşdur. O 2014-2015-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. O, 2016-cı ilin sentyabr ayından etibarən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində xidmətə başlamışdır. İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı İddiaçı 16 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və digər maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti bir neçə dəfə uzadılmışdır. 16 yanvar 2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 14 iyun 2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 151, 228.1, 274, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 01 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri X15 Mirpaşa Zahid və həmin cinayət işi üzrə məhkum edilmiş qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 20 iyun 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarlarının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təqdim edilməsi haqqında 7 sentyabr 2018-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr 2018ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının 14 fevral 2018-ci il tarixli qərarına, Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 7 sentyabr 2018-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli yekun qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 20 iyun 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarlarına yeni açılmış hallar üzrə baxılmasına dair Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin (Cinayət Kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 14 fevral 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 5 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 12 noyabr 2022-ci il tarixdə iş Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilmiş, ibtidai istintaqın davam etdirilməsi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Qasım Məmmədova tapşırıldığından həmin tarixdə onun icraatına qəbul olunmaqla istintaq aparılmışdır. Aparılmış istintaqın nəticəsində 06 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə icraata İddiaçı təqsirililiyi sübuta yetirilmədiyindən Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən xilam verilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmişdir. Beləliklə, İddiaçı əsassız və qanunsuz olaraq ittihamlara məruz qalmış, 16 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddəti bir neçə dələ artırılmış, həbsinin ilk aylarını ağır işgəncələrə məruz qalmış, ona qarşı yeni ittiham irəli sürülmüş, ona qarşı irəli sürülmüş ittihamlarla təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui- istifadəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində sanitar- təlimatçı vəzifəsində xidmət edirdi. Cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin may ayında almışdır. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağcabədi filialından əldə edilmiş çıxarışdan görünür ki, onun həmin dövrdə orta aylıq əmək haqqı məbləği 820 manat təşkil edirdi. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci may ayından 2022-ci ilin dekabr ayına qədər, yəni 66 ay ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 54,120 (əlli dörd min yüz iyirmi) manat edir (820x66=54,120). İddiaçı xüsusilə ağır cinayətlərdə ittiham olunmaqla bu ittihamlara görə təyin edilmiş uzunmüddətli azadlıqdan məhrum etmə cəzasını ağır şəraitdə çəkdiyindən, azadlığının əlindən alındığı 66 ay müddətində təkcə özünün deyil, həm də yaxın ailə üzvləri mənəvi iztirablar yaşadığından, məhz bu ittihamlara məruz qalıb həbs edildikdən sonra atası X5 60 yaşında vəfat etməsindən, həm özünün, həm də valideynlərinin ağır mənəvi-psixoloji hallar yaşamasından ona vurulmuş mənəvi zərərə görə isə 1,000,000 (hir milyon) manat kompensasiya tələb edir. Daha sonra iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 1,000,000 (bir milyon manat) manat, vurulmuş maddi ziyana görə 54.647,60 manat (əlli dörd min altı yüz qırx yeddi manat, atmış qəpik) məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində vurulmuş maddi ziyan düzgün hesablanmayıb. Belə ki, iddiaçının 2017-ci ilin ilk 5 ayında ümumi gəliri 4139,97 manat olmuşdur. Bu məbləğ 5 aya bölünür və onun aylıq qazancı çıxarılır. Bu hesablamaya əsasən onun aylıq gəliri 827,99 manat olmuşdur. Faktiki olaraq ona 54.647,60 manat maddi ziyan dəyib (827.99 manat X 66ay= 54.647,60 manat). İddiaçı vurulmuş maddi ziyana görə 54.647,60 manat (əlli dörd min altı yüz qırx yeddi manat, atmış qəpik) və mənəvi zərərə görə isə 1,000,000 (bir milyon manat) kompensasiya tələb edir. Cavabdeh tərəf iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində 54.120,00 manat məbləğində maddi zərərin, 1.000.000,00 manat məbləğində mənəvi zərərin, ümumilikdə 1.054.120,00 manat vəsaitin ona ödənilməsini tələb etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1 -ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalrnamrı və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Digər tərəfdən Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bu baxımdan, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunması məqsədəmüvafiqdir. Mənəvi ziyanın vurulması ilə bağlı isə bildrilmişdir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkət əri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək komoensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir ki, bu da ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bununla yanaşı iddia ərizəsində 54.120,00 manat məbləğində maddi zərər tələb etsə də, iddiaçı tərəfindən məhkəməyə aylıq gəlir və qazancını sübut edəcək faktlar təqdim edilməmişdir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(098)-91/2018 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 150.2.1, 150.2.4-cü maddələri ilə təqsirli bilinsin və 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 151-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 228.1 -ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 274-cü maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinsin və aylıq pul təminatından 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinsin və 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 338.2-ci maddəsi ilə təqsirli bilinsin və 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.3cü maddəsi ilə təqsirli bilinsin və 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən təyin olunmuş 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, İddiaçı cəza çəkməsinin əvvəli 16 may 2017-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12-1(102)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci ıl tarixli hökmünə əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134. 150.2.1, 150.2.5, 151, 274, 329 3. 330.3, 331.2. 331 3. 332.3. 338 2 və 341.3-cü maddələri X13 CM-in 274, 338 2 və 341 3-cü maddələn X6 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3. 331.2. 331.3. 338.2 və 34 i cü maddələri X8 CM-in 274 331 2, 331.3. 338 2 və 341.3-cü maddələri İddiaçı CM-ın 134 150.2 1. 150.2.4, 151, 228.1, 274, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri X9 CM-in 32.5, 120.2.1, 32.5, 120.2.4, 32 5, 120.2.12, 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2,331.3, 338.2 və 341.3-cü maddələri, X10 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331 3. 338 2 və 341.3-cü maddələri. X11 CM-in 134 150.2.1,150 2 4. 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri X2 CM-ın 134 150.2.1 150.2.4, 150.2.5 151, 274. 328.3, 331.2, 331 3. 338.2 və 341 3-cü maddələri, X14. oğlunun CM-in 274-cü maddəsi, X3 CM-in 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274. 32.5, 331.2. 32.5 331.3. 338 2 və 32.5, 341.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 20 iyun 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2020 ci il tarixli qərarları Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 16 oktyabr 2018-cı il tarixli yekun qərarını və Gəncə Apellyasiya Məhkəməsi və Hərbi kollegiyasının apellyasiya şikayətləri üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 07 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilməsi, cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilməsi qərara alınmışdır. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(095)-219/2022 saylı qərarının surətindən görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilməsi, təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 151, 228.1, 274, 331.2, 331.3, 338.2, 341.3-cü maddələri ilə təqsirlindərilməsinə dair cinayət işinin icraatına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. Zərərçəmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işinin İddiaçı Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 151, 274, 331.2, 331.3, 338.1, 338.2 ve 341.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hissəvi xitam verilməsi, ********* nömrəli cinayət işinin İddiaçı Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə teqsirləndirilmesinə dair hissəsinə şəraitin dəyişməsi ilə bağlı xitam verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilsin və o, dərhal Azerbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasından həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1682 nömrəli arayışın surətindən görünür ki, vətəndaş İddiaçı əvəllər məhkum olunmamış, hal-hazırda Tərtər Rayon Məhkəməsinin qərarı ilə CM-nin 274-cü maddəsi ilə həbs seçilmiş, 19 may 2017-ci ildən 06 dekabr 2022-ci ilədək həbsdə saxlanılıb və Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməklə xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasında həbsdən azad olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 16 may 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 151, 228.1, 274, 331.2, 331.3, 338.2, 341.3-cü maddələri ilə ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(098)-91/2018 saylı hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 151, 228.1, 274, 331.2, 331.3, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının 14 fevral 2018-ci il tarixli qərarına, Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 7 sentyabr 2018-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli yekun qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 20 iyun 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarlarına yeni açılmış hallar üzrə baxılmasına dair Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin (Cinayət Kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 14 fevral 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmış və Gəncə Hərbi Məhkəməsinin 5 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi X7 cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 151, 274, 331.2, 331.3, 338.1, 338.2 ve 341.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Qeyd edilən məhkəmə aktlarından İddiaçı 66 ay müddətində həbsdə saxlanıldığı müəyyən olunmuşdur. Hazırda iddiaçı Cavabdehnə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 54.647,60 manat, mənəvi zərərə görə 1.000.000 manat məbləğində pulun dövlət büdcəsindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də İddiaçı vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 66.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir..Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Bu Məcəllənin 58.3-cü maddəsinə görə bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri müdafiəçiyə ödənilmiş pul məbləği və hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı 16 may 2017-ci il tarixə qədər sanitar-təlimatçı vəzifəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş, onun həmin dövürdə orta aylıq əmək haqqı məbləği 827,99 manat olmuşdur. Beləliklə iddiaçının barəsində həbs qətimkan tədbiri tətbiq edildiyi tarixdən azadlığa buraxıldığı tarixə kimi məhrum olduğu əmək haqqı (66ay*827,99) 54.647,60 manat təşkil etməkdədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia “maddi zərərin ödənilməsi” hissəsində təmin edilməli, Cavabdeh vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 54.647,60 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının tələblərini Cavabdehnə münasibətdə qismən təmin edərək həmçinin qeyd etməyi zəruri sayır ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Cavabdeh Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də maddi və mənəvi zərərin əvəzi оlаn cəmi 120.647,60 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 54.647,60 manat, mənəvi zərərə görə 66.000 manat, cəmi 120.647,60 manat alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: “Dövlət rüsumu haqqında” Qanunun 9.1.13-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.2-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 54.647,60 manat, mənəvi zərərə görə 66.000 manat, cəmi 120.647,60 (bir yüz iyirmi min altı yüz qırx yeddi manat, 0,60 qəpik) manat alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar