Məhkəmə qərarları › İş №2(006)-2423/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-2423/2024

23.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2423/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 3871,8 (üç min səkkiz yüz yetmiş bir manat səksən qəpik) manat pulun alınıb iddiaçıya verilməsinə və məcburi köçkün olduğu üçün onu dövlət rüsumunu ödəməkdən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əvvəllər iş yoldaşı olmuş Cavabdeh BOKT “Vijn Fond Azərkredit" MMC-dən kredit götürmək istədiyini, lakin zamini olmadığına görə krediti götürə bilmədiyini bildirərək, ona zamin durmağını xahiş etmiş, krediti vaxtında və tam şəkildə özünün ödəyəcəyini bildirmişdir. İddiaçı, iş yoldaşı olduğuna görə cavabdehə inanıb buna razı olmuşdur. Bundan sonra cavabdehlə BOKT "xxxx" MMC arasında 17 oktyabr 2014-cü il tarixli LD/14290/00347 nömrəli kredit müqaviləsi və həmin tarixdə iddiaçı ilə də zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmiş, ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(006)-7515/2018 nömrəli qətnaməsi çıxarılaraq cəmi 1.319,14 manat pulun cavabdehdən və İddiaçı müştərək qaydada tutulması qət edilmişdir. Qeyd olunan qətnamə üzrə tələb Füzuli rayon İcra və Probasiya Şöbəsinin 08 dekabr 2021-ci il tarixli 3153 nömrəli məktubu ilə zamin kimi iddiaçının əmək haqqına yönəldilmiş, borcun bir hissəsi əmək haqqından tutulmuş, qalan 590 manat pulu isə 09 fevral 2024-cü il tarixdə MPAY QSC vasitəsilə tam ödəmişdir. Bundan sonra BOKT "xxxx" ASC tərəfindən borcun tam ödənilməsi barədə 09 fevral 2024-cü il tarixli 166 nömrəli məktubla Füzuli rayon İcra və Probasiya Şöbəsinə müraciət olunmuş və əmək haqqından pul tutulması dayandırılmışdır. Bundan başqa Cavabdeh 04 dekabr 2014-cü il tarixli **********0506 nömrəli kredit müqaviləsi ilə "FİNKA Azərbaycan" MMQBKT-dən götürdüyü 2500 manat pulun ödənilməsi də təmini üsulu kimi o, zamin olaraq onun öhdəliyini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və bu həmin müqavilənin 3.4.1-ci bəndində öz əksini tapmışdır. Lakin cavabdeh yenə də öhdəliyini yerinə yetirməmiş və ona görə də Füzuli Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli, 2(064)-694/2016 nömrəli əmri çıxarılaraq cəmi 2552.66 manat pulun cavabdehdən və ondan tutulması əmr edilmişdir. Cavabdeh həmin borcunu da ödəmədiyinə görə Füzuli rayon İcra və Probasiya Şöbəsinin 02 noyabr 2021-ci il tarixli 2811 nömrəli və 21 iyul 2022-ci il tarixli 3279 nömrəli məktubları ilə məhkəmə əmri üzrə tələb zamin kimi iddiaçının əmək haqqına yönəldilmiş və cəmi 2552,66 manat pul da onun əmək haqqından tam şəkildə "FİNKA Azərbaycan" MMQBKT-nin xeyrinə tutulmuş, bu barədə "FİNKA Azərbaycan" MMQBKT tərəfindən 05 sentyabr 2023-cü il tarixli 2023/201/175 nömrəli arayış təqdim edilmişdir. Bundan sonra o, əmək haqqından BOKT "xxxx" ASC-nin xeyrinə tutulmuş cəmi 1.319,14 manat və "FİNKA Azərbaycan" MMQBKT-nin xeyrinə tutulmuş cəmi 2552,66 manat olmaqla ümumilikdə 3871,8 manat pulun ona qaytarılmasını dəfələrlə cavabdehdən tələb etməyinə baxmayaraq cavabdeh qeyd olunan pul məbləğlərini iddiaçıya qaytarmamışdır. İddiaçı məcburi köçkündür, həyat yoldaşı İİ qrup əlildir. Yoldaşının müalicəsi ilə əlaqədar bankdan götürdüyü krediti də çox çətinliklə ödəyir. Ailəsinin qazancını iddiaçının gəliri təşkil edir. Cavabdeh isə onun hazırki vəziyyətini və maddi imkanının olmamasını nəzərə almır və ona qaytarmalı olduğu pulu qaytarmaqdan yayınır. Bu səbəbdən də artıq pozulmuş hüququnun bərpası üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2423/2024 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Bank Olmayan Kredit Təşkilatı “Vijn Fond Azərkredit" MMC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli, 2(064)- 694/2016 nömrəli əmri ilə xx.xx.1984-cü ildə ermənistan respublikası, Ararat rayonunda doğulmuş Nəsimi rayon İddiaçı küçəsi, ev 137, mənzil 3-də qeydiyyatda olan və orada yaşayan Cavabdeh və xx.xx.1964-cü ildə Beyləqan rayon, Şahsevən kəndində doğulmuş, Füzuli rayon, Horadiz şəhəri, S.Vurğun küçəsi, ev 35-də qeydiyyatda olan İddiaçı əsas məbləğ üzrə 2120.18 AZN, 274 AZN faiz borcu, cərimə borcu 138.48 AZN olmaqla, cəmi 2532.66 AZN borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq kreditor-“Finka Azərbaycan” MM Qeyri Bank Kredit Təşkilatına ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Füzuli rayon İcra və Probasiya Şöbəsinin 02 noyabr 2021-ci il tarixli 2811 nömrəli, 21 iyul 2022-ci il tarixli 3279 nömrəli və 08 dekabr 3153 nömrəli "xxxx" MMC-yə ünvanlanmış məktublarından görünür ki, məhkəmə əmri üzrə tələb zamin kimi İddiaçı əmək haqqına yönəldilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(006)-7515/2018 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli LD/14290/00347 saylı kredit müqaviləsi üzrə 1.099,32 manat əsas borc, 189.82 manat faiz borcu, 10 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi 1.319,14 manat məbləğində pulun cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada alınaraq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. Ödəniş tapşırıqlarından göründüyü kimi, Cavabdeh oğlu kreditor qarşısındakı müqavilə öhdəliklərini vaxtında və tam şəkildə icra etmədiyi üçün İddiaçı tərəfindən ödəniş həyata keçirilmişdir. "FİNKA Azərbaycan" MM QBKT tərəfindən 05 sentyabr 2023-cü il tarixli, 2023/201/175 nömrəli arayışdan göründüyü kimi, kredit müqaviləsi üzrə tam ödəniş edilmiş, kredit müqaviləsi üzrə öhdəliyinin olmaması qeyd edilmişdir. İş materiallarında olan Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-43-12/2-228/2024 saylı arayışından və xx.xx.2022-ci il tarixli, AA seriyalı 060593 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkün statusuna malikdir. İş materiallarında olan 10 sentyabr 2015-ci il tarixli, 067016 nömrəli Füzuli rayonu ƏSMM tərəfindən verilmiş vəsiqədən görünür ki, iddiaçının həyat yoldaşı X1 ikinci qrup əlildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İş materiallarından göründüyü kimi, tələb üzrə hüquqlar yuxarıda qeyd edilən həcmdə iddiaçıya keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 3.871,08 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241- 244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3.871,08 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar