Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2435/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.000.000 (iki milyon) manat məbləğində nağd pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə bir çox illər ərzində "xxxx" MMC-nin (hazırda "xxxx" MMC) iştirakçıları olaraq birlikdə sahibkarlıq fəaliyyətini həyata keçirmişlər. MMC-nin nizamnamə kapitalı 3.200.000 manat təşkil edir. MMC əvvəllər olduğu kimi, hazırda da uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğuldur, iri vergi ödəyicisidir. Aralarında bağlanmış 14.09.2017-ci il tarixli "xxxx" müqaviləsi əsasında cavabdeh MMC-də sahib olduğu 25 % payını 800.000 manat müqabilində ona satmış, bununla da cavabdehin MMC-də iştirakına xitam verilmişdir. 27 dekabr 2017-ci il tarixdə cavabdeh ona müraciət edərək sahibkarlıq fəaliyyətini genişləndirmək üçün əlavə maddi vəsaitə ehtiyacı olduğunu bildirmiş və bu məqsədlə ondan 2.000.000 manat borc istəmişdir. Cavabdehlə bir müddət birgə sahibkarlıq fəaliyyətini həyata keçirdiklərini, bu sahədə aralarında da olmuş əməkdaşlığı, habelə cavabdehin buna qədər banklardan götürdüyü olduqca iri məbləğlərdə kreditləri vaxtlı-vaxtında qaytardığını, həmçinin bir neçə ay əvvəl MMC-dəki özünə məxsus payını ona satmasının qarşılığında 800.000 manat vəsait əldə etməsini, buna görə də onun həmin vəsaiti qaytarmaq iqtidarında olduğunu düşünüb həmin vəsaiti ona borc vermişdir. Bu faktı cavabdehlə aralarında imzaladıqları 29 dekabr 2017-ci il tarixli «Nağd pul vəsaitinin qəbul edilməsinə dair» Təhvil-təslim aktı ilə təsdiq etmişlər. Cavabdeh həmin vəsaiti ona işlərini qaydasına saldıqdan sonra, yəni bir neçə il müddətində qaytarmalı idi. Lakin göstərilən məbləğin cavabdehə verilməsindən üç il keçməsinə baxmayaraq, həmin vəsait cavabdeh tərəfindən ona hələ də qaytarılmamışdır. Digər tərəfdən, son vaxtlar cavabdehin etdiyi bir sıra hərəkətlər, onun borcu qaytarmaq fikrində olmadığı ilə bağlı şübhələr yaratmışdır. Belə ki, cavabdeh MMCdə sahib olduğu 25 % payını 800.000 manat müqabilində ona satmasına, əvəzində də 800.000 manat məbləğini ondan almasına baxmayaraq, hazırda ona qarşı aralarında bağlanmış 14.09.2017-ci il tarixli "xxxx" müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmış və həmin iddia ərizəsində göstərmişdir ki, guya ona MMC-dəki 25 % payının əvəzində 800.000 manat ödənilməmişdir. Digər tərəfdən iddia ərizəsində iddia etmişdir ki, guya 800.000 manat onun 25 %-lik təsis payının real bazar dəyərindən qat-qat aşağıdır. Cavabdehin bu hərəkətləri onu göstərir ki, cavabdeh borcu qaytarmaq istəmir və həmin hərəkətləri gələcəkdə borcu qaytarmaqdan imtina etmək üçün bəhanəlar olaraq edir. Digər tərəfdən MMC-dəki 25 % payını 800.000 manata ona satdıqdan və ondan əlavə olaraq 2.000.000 manat borc aldıqdan sonra cavabdehin hansısa gəlirli bir sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu da görsənmir. Bu isə ona cavabdehin əmlak vəziyyətinin ya əhəmiyyətli dərəcədə pisləşdiyinə, ya da onun borcu ödəməkdən qərəzli olaraq yayınmaq niyyətində olduğuna şübhələr yaratmışdır. Bu səbəbdən cavabdehə 28.12.2020-ci il tarixli pretenziya göndərərək borcu ödəməsini ondan tələb etmişdir. Lakin cavabdeh pretenziyaya 12.01.2021-ci il tarixli cavab məktubunda onun qarşısında hər hansı borc öhdəliyinin olmadığını, ondan heç vaxt borc almadığını, bu və ya digər formada ona borclu olmadığını bildirərək, ondan aldığı 2.000.000 manat məbləğində borcu ona qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən, hesab edir ki, cavabdehə borc olaraq verdiyi nağd pul vəsaiti sonuncudan məhkəmə qaydasında alınıb ona qaytarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Surəti notariat qaydada təsdiq edilmiş 29 dekabr 2017-ci il tarixli təhvil-təslim aktından (nağd pul vəsaitinin qəbul edilməsi) görünür ki, Cavabdeh 27 dekabr 2017-ci il tarixli müraciətinə əsasən 2.000.000 manat məbləğində nağd pul İddiaçı tərəfindən Cavabdeh təhvil verildi, sonuncu isə həmin məbləğdə pulu İddiaçı təhvil almışdır. Akt iki nüsxədə imzalanaraq tərəflər aktı öz imzaları ilə təsdiq etmişlər. - Surəti notarial qaydada təsdiq edilmiş cavabdehin iddiaçıya ünvanladığı 28 dekabr 2017-ci il tarixli minnətdarlıq məktubundan görünür ki, onun və habelə "xxxx" MMC-nin onun qarşısında heç bir maddi və digər öhdəliyi olmadığı halda ona və ailəsinə göstərdiyi böyük qayğıya, maddi sıxıntılarına və borclarına görə etdiyi xahişi nəzərə alaraq verdiyi 2.000.000 manat məbləğində maliyyə yardımına görə ona ailəsi və öz adından dərin minnətdarlığını bildirir. - İddiaçının cavabdehə ünvanladığı 28 dekabr 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, onun 27 dekabr 2017-ci il tarixli müraciət məktubuna əsasən tərəfindən ona 29 dekabr 2017-ci il tarixdə 2.000.000 manat məbləğində nağd pul vəsaiti verilmişdir. Lakin aradan üç ilə yaxın müddətin keçməsinə baxmayaraq, tərəfindən ona müraciəti əsasında borc olaraq verilmiş həmin vəsait tərəfinizdən bu günədək ona geri qaytarılmamışdır. Xahiş edir ki, qeyd edilənləri nəzərə alıb həmin vəsaitin ona ən geci 10 gün müddətində geri qaytarılmasını təmin etsin. - Cavabdehin iddiaçının pretenziya məktubuna cavab olaraq yazdığı 12.01.2021-ci il tarixli məktubdan görünür ki, onun iddiaçının qarşısında heç bir borc öhdəliyi yoxdur və ondan heç vaxt borc almamış, bu və ya digər formada ona borclu deyildir. Xatırladır ki, "xxxx" MMC-də (hazırda "xxxx" MMC) olan və o həbsdə olarkən qanunsuz yolla adlarına sənədləşdirilmiş təsis paylarının dəyəri kimi ona 12.000.000 manat borcları vardır. Hazırda həmin payın alqı-satqı ilə bağlı mübahisə məhkəmə icraatındadır. Müqavilənin etibarsız hesab edilməyəcəyi halda, payının dəyəri ona ödənilməlidir. Ona qarşı yönəldilən hazırki pretenziyanı isə qarşısında daşıdıqları əmlak məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir. - Cavabdeh tərəfindən X1 verilmiş və 17 saylı Notariat Ofisinin notarisu X2 tərəfindən 12.09.2017-ci il tarixdə təsdiqlənmiş etibarnamənin məzmunundan görünürki, Cavabdeh təsisçisi olduğu "İDEAL KOMPANİ” MMC-də olan 25% payının alqı-satqısına sərəncam verməyi, satmağı, bağışlamağı və bu işlə əlaqədar ona çatası pulu almağı və bütün bank əməliyyatlarını həyata keçirməyi, buna dair notariat kontorunda müqavilə imzalamağı, Vergilər Nazirliyinin idarə və departamentlərində nümayəndəsi olmağı, adından ərizə verməyi, arayışlar və dublikatlar almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi X1 həvalə etmişdir. Etibarnamə 3(üç) il müddətinə verilmişdir və 12.09.2020-ci il tarixədək qüvvədə olmuşdur.Etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. - “Müəssisədəki payın alqı-satqısı” barədə Cavabdeh ilə İddiaçı arasında bağlanmış 14 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən Satıcı (birinci tərəf) aşağıda göstərilən paylarını satır. Alıcı (ikinci tərəf) həmin payları nizamnamə kapitalındakı dəyərinə 800.000 (səkkiz yüz min) manata alır. Payın məxsus olduğu müəssisə 19.11.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış (VÖEN-**********) ünvan 1 ünvanında yerləşən "İDEAL KOMPANİ” MMC-dir. Alqı-satqı zamanı yuxarıda qeyd olunan etibarnaməyə əsasən Cavabdeh adından X3 iştirak etmişdir. - Nizami Rayon Məhkəməsinin 2(007)-339/2021 saylı, 17.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X1 və Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı etibarnamənin, müəssisədəki payın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Beləliklə də işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər "xxxx" MMCnin (hazırda "xxxx" MMC) iştirakçıları olaraq birlikdə sahibkarlıq fəaliyyətini həyata keçirmişlər. "xxxx" MMC 19.11.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin müəssisədə Cavabdeh payı 25%, İddiaçı payı 75% təşkil etmişdir. 14.09.2017-ci il tarixli "xxxx" müqaviləsi əsasında cavabdeh MMC-də sahib olduğu 25 % payını 800.000 manat müqabilində iddiaçıya satmış, bununla da cavabdehin MMC-də iştirakına xitam verilmişdir. Müəyyən edilmişdir ki, cavabdehin sözügedən MMC-dən iştirakına xitam verildikdən sonra o, 27.12.2017-ci il tarixdə maddi sıxıntılarına və borclarına görə cavabdehin ona 2.000.000 manat məbləğində maliyyə yardımı etməsini xahiş etmiş, hətta buna görə ona özü və ailəsi adından 28.12.2017-ci il tarixli minnətdarlıq məktubu da ünvanlamış, məktubunda iddiaçının ona və ailəsinə göstərdiyi böyük qayğı göstərməsini də vurğulamışdır. 29.12.2017-ci ildə isə nağd pul vəsaitinin qəbul edilməsi ilə bağlı tərəflər arasında təhvil-təslim aktı tərtib edilmişdir. Tərəflərin öz imzaları ilə təsdiqlədikləri sözügedən akta əsasən 2.000.000 manat məbləğində nağd pul İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.06.2017-ciil tarixli qərarı ilə barəsində 3 ay 23 gün müddətinə “həbs qətimkan” tədbiri seçilmiş, həmin məhkəmənin 15 sentyabr 2017-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, 23 yanvar 2018-ci il tarixdə isə cinayət işinə xitam verilmişdir. İddiaçı Cavabdehlər İddiaçı, X1 və Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı «etibarnamənin, müəssisədəki payın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş və tələbinin əsası kimi, İddiaçı maraqlarını müdafiə edən Hüseynli Məharətə etibarnamə verməyə məcbur edilməsini, müqavilədə göstərilən 800.000 manat pulun onun şirkətdə olan payının real bazar dəyərindən qat-qat aşağı olmasını, bu alqı-satqı müqabilində ona bir qəpik də pul ödənilməməsini göstərərək 12.09.2017-ci il tarixdə 17 saylı Notariat Ofisində verilmiş 7E- 3030 nömrə ilə qeyd olunmuş etibarnamənin və həmin notariat ofisində 3M-42 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş “müəssisədəki payın alqı-satqısına dair” 14.07.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-339/2021 saylı, 17.03.2021-ci il tarixli qətnaməsi ilə iddia əsassız olduğundan və iddia müddəti ötürülməklə verildiyindən rədd edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirilən əqdlərin (etibarnamə və payın alqı-satqı müqaviləsinin) etibarsızlığı ilə bağlı irəli sürdüyü dəlillərlə bağlı (həmin əqdlər iş üzrə cavabdeh İddiaçı və onun əri C.Əsgərovun müəssisəni tam olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Cavabdeh qarşı davamlı olaraq etdikləri təzyiq, hədə-qorxu nəticəsində müalicə müəsisəsində Cavabdeh tərəfindən İddiaçı maraqlarını müdafiə edən X1 verilmişetibarnamə əsasında baş tutması) xüsusatları təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan 2.000.000 manat pulu alarkən cavabdehin sözügedən MMC-dən iştirakına xitam verilmişdir və məhz özünün, habelə "xxxx" MMC-nin onun qarşısında heç bir maddi və digər öhdəliyi olmadığı halda ona və ailəsinə göstərdiyi böyük qayğıya, maddi sıxıntılarına və borclarına görə etdiyi xahişi nəzərə alaraq göstərilən məbləğ iddiaçı tərəfindən ona verilmişdir. Cavabdeh iddiaçıya bununla bağlı minnətdarlıq məktubunda verilən pulu maddi yardım kimi göstərməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu məktub, eləcə də tərəflər arasında sözügedən pulun məhz aktla verilməsi faktlarının mövcudluğu faktiki olaraq tərəflər arasında borc münasibətlərinin yaranmasının bariz təsdiqidir. Məhkəmə qeyd edir ki, istər minnətdarlıq məktubunda, istərsə də, təhvil-təslim aktında iddiaçı tərəfindən cavabdehə pulun verilməsi faktı mübahisəsiz qaydada öz təsdiqini tapsa da, bu pulun borc olaraq verilməməsinin birbaşa olaraq qeyd edilməməsi tərəflər arasında borc münasibətlərinin yaranmaması barədə qəti fikir söyləməsinə hüquqi əsas yaratmır. Belə ki, məhkəmənin qənaətinə görə əvvəla tərəflər birlikdə sahibkarlıq fəaliyyətini həyata keçirmələrinə, cavabdehin də öz təsis payını iddiaçıya nümayəndəsi vasitəsilə satmasından sonra iddiaçının məhz mübahisə predmeti olan məbləği cavabdehə təmənnasız, əvəzsiz və ya digər hümanist prinsiplər əsasında verməsi faktı inandırıcı deyildir. İkincisi də, həqiqətən də iddiaçı tərəfindən göstərilən məbləği heç bir öhdəlik olmadan cavabdehə vermək niyyəti olmuş olsa idi, belə olan halda tərəflər arasında «nağı pul vəsaitinin qəbul edilməsinə dair» yuxarıda məzmunu qeyd edilmiş aktın tərtib edilməsinin zəruriliyi anlaşılan deyil. Məhkəmə hesab edir ki, cavabdehin vaxtilə birgə sahibkarlıq fəaliyyətini həyata keçirdikləri həmtəsisçisinə maddi sıxıntılarına və borclarına görə müraciəti məhz ona borc pul verilməsi ilə bağlı olmuşdur ki, iddiaçı da tələb edilən məbləği məhz təhvil-təslim aktı əsasında rəsmiləşdirməklə cavabdehə borc vermə faktını bu qaydada sənədləşdirmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 2.000.000 manat məbləğində təmənnasız maddi yardım göstərilməsi faktı olmuş olsa idi, bu halın təsdiqi kimi cavabdehin iddiaçıya minnətdarlıq məktubunun mövcudluğu kifayət idi. Məhkəmənin qənaətinə görə tərəflər arasında olan münasibətlərin xarakterindən görünür ki, onlar beynəlxalq təcrübədə tez-tez rast gəlinən işgüzar adətlərdən, yazışmalardan və s. özünəməxsus biznes təmas vasitələrindən istifadə etmişlər. Məhz tərəflərin arasında öncələr işgüzar əlaqələrin olmaları, bir-birilərinə etibar etmələri səbəbindən aralarında olan borc münasibətlərini təhvil-təslim aktı əsasında həyata keçirmişlər. Məhkəmə həmçinin sözügedən yəni, borcun alınması faktını təsdiq edən sənədlərdə akt əsasında verilən pulun qaytarılma müddətinin göstərilməməsinə də qiymət verərək hesab edir ki, bu müddətin göstərilməməsi də cavabdehin iddiaçı qarşısında borcla bağlı öhdəliyinin olmaması kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı pulun verilməsindən 3 ilə yaxın müddət keçməsindən sonra əvvəl pretenziya qaydasına riayət edərək cavabdehə xəbərdarlıq edərək borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmiş, daha sonra isə sonuncunun bu pretenziyaya 12.02.2021-ci il tarixli cavab məktubundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 2.000.000 manat borc almış, aldığı borcu qaytaracağına dair öhdəliyi yazılı şəkildə qeyd etməsə də, borcu aldığı gündən 3 ilə yaxın müddətdə onu qaytarması ilə bağlı heç bir addım atmamış, əksinə, həmçinin vaxtilə birgə sahibkarlıq fəaliyyətini həyata keçirdikləri həmtəsisçisinə qarşı «müəssisədəki payın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddiası məhkəmə tərəfindən əsassız sayılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 2.000.000 (iki milyon) manat məbləğində nağd pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2.000.000 (iki milyon) manat məbləğində nağd pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2435/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2435/2021
02.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver