Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2443/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X15 qızının katibliyi, İddiaçı və vəkili-nümayəndəsi X6, Cavabdeh vəkili-nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” iddia tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən oğlunun həyatına, səhhətinə, sağlamlığına qarşı edilən və oğlunun ölümünə səbəb olan səhlənkarlıq, vicdansızlıq və yalançı müalicə metodları nəticəsində vurulmuş maddi zərərin bir hissəsi kimi 20000 manat həcmində maddi ziyanın və 10000 manat həcmində mənəvi ziyanın olmaqla, cəmi 30000 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı övladı X13 18 yaşı olanda sonuncuda sağ xaya törəməsi-xərçəng xəstəliyi əmələ gəlməsi məlum olmuşdur. X13 iki il yarım ərzində həm Azərbaycanda Onkologiya xəstəxanasında, hərbi hospitalda və digər yerlərdə, həmçinin Türkiyə Respublikasında Atatürk və Gülhanə xəstəxanalarında və digər yerlərdə müalicə almışdır. X7 22 yanvar 2018-ci il tarixində əməliyyatı həyata keçirilmiş və müalicə davam etdirilməsi üçün Türkiyə Respublikasına aparılaraq müayinələr davam etdirilmiş, sağ skrotal heterojenie-sağ xaya xərçəngi diaqnozu qoyulmuş, həkim kimya-terapiyanın və digər müalicələrin davam etdirilməsinin zəruruliyini bildirilmişdir. X7 müalicələri davam etdirilmiş, Türkiyədə ona ilik nəql edilməsi zəruri olduğundan Gülhanə xəstəxanasında ilik də çəkdirilib hazır saxlanılıbmış. Bir müddət sonra İddiaçı ərinin iş yoldaşı Azərbaycanda Ramiz adlı həkim köməkçisinin onkoloji xəstəlikləri sağaltdığını, onun özünü də müalicə etdiyini bildirmiş, dərhal X7 bütün müayinə nəticələri, resept nüsxələri, xəstənin vəziyyətini əks etsirən video-səs materillarının hamısını Cavabdeh göndərmiş, Cavabdeh tanış olduqdan sonra həmin sənədləri köməkçisi olduğu yəhudi həkimə göstərib cavabı onlara deyəcəyini bildirmişdir. Cavabdeh yəhudi həkimi heç kimin görə bilməyəcəyini, müalicəni gizli şəkildə aparılacağını bildirərək X7 müalicəsinin gedişatına özünün baxacağını bildirmişdir. Həsənov X5 Emil Mahir oğlunu müalicə etməyə başladıqda əvvəlcə 3 kq-lıq bankada tibbi məcun gətirərək, həmin məcunun yəhudi həkimin düzəltdiyini və dəyərinin 5000 manat olduğunu və X7 həmin məcunu içərək sağalacağını bildirmişdir. Bundan başqa Həsənov X5 Emil Mahir oğlunun müalicəsi üçün müxtəlif dərmanlar gətirmiş, çağırılan tibbi bacısının götürdüyü qan analizləri Cavabdeh verilirdi ki, həmin nəticələri yəhudi həkimə aparsın. Həsənov X5 Emil Mahir oğlunun yeməyinə icazə vermədiyindən sonuncunun immuniteti tamamilə düşməyə başlamış, Cavabdeh gətirdiyi ABİS adlı tableti atdıqdan sonra Emil İbrahimovun halı pisləşərək qarnı şişmiş, sidiyə belə gedə bilməmişdir. Cavabdeh dedikdən sonra X2 “Ege” Hospitala aparılmış və qarnı deşilərək kateter qoyulmuşdur. Cavabdeh xəstənin halının pisləşməsindən narahat olmamağı, iliyi təmizləndiyinə və müalicə təsir etdiyinə görə Emil İbrahimovun halının belə ağırlaşdığını, getdikcə isə vəziyyətinin düzələcəyini bildirmişdir. Emil İbrahimov bir ay yarım ərzində ac vəziyyətdə saxlanılmış və 17 may 2020-ci il tarixdə vəziyyəti yenidən ağırlaşmışdır. Cavabdeh uşağı yoxlamağı tələb etdikdə “Ringer” sistemini qoşdurmaq lazım olduğunu bildirmiş və həmin sistem Emil İbrahimovun qolunda olarkən sonuncu rəhmətə getmişdir. Cavabdeh olan arxayınçılıq və vicdansızlığı nəticəsində X7 Türkiyə Respublikasında aldığı müalicələr yarımçıq qalmışdır. Bundan başqa X7 müalicəsinə valideynləri tərəfindən 60-70 min manat xərc çəkilməsinə baxmayaraq onlar Cavabdeh 20000 min ödənilməsini, keçirtdikləri əsəb, çəkdikləri mənəvi və fiziki iztirablara, sarsıntı və streslərə dəyən mənəvi zərərin zərəri kimi 10000 manat tutulmasını tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi X11 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi X3 iddianı qəbul etməyib, təmsil etdiyi şəxsin həkim olmadığını, hər hansı tibb sahəsini bitirmədiyini, yazışmalardan göründüyü kimi yəhudi həkimin dediklərini qarşı tərəfə söylədiyini, xəstəni yəhudi həkimin sağaldacağın öhdəsinə götürmədiyini, xəstənin vəziyyətinin onsuz da ağır olduğunu və 45 dəfə ximya-terapiya aldığını, xəstənin qeyd edilən məcundan ölməsini təsdiq edən hər hansı sübutun olmadığını bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının, nümayəndələrin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Milli Onkoloji Xəstəxanasının epikrizlərində görünür ki, X12 Əsas diaqnoz: C62.1-Enmiş xayanın bədxassəli yenitörəməsi pT2aNxMx, Diaqnoz qeydi: Sağ xayanın embrional rabdomiosarkoma pT2aNXMX. Kombinə müalicədən sonrakı vəziyyət. Proqressivləşmə. Ağciyərlərə və sümüklərinə mts. Kimyaterapiyadan sonrakı vəziyyət. Mülki işin materiallarında olan Ege Hospitalın tam qarın boşluğunun nativ KT müayinəsindən görünür ki, X12 çoxlu miqdarda assit və peritoenal karsinomatozis. Qarının sol yuxarı hissəsində nazik bağırsaq ilgəklərində genişlənmə və hava- maye səviyyələnməsi “Hər iki bud, çanaq sümüklərində və L5 fəqərə cismində böyüyü 48x32 mm ölçüdə çoxsaylı törəmələr (Mts) “L5 fəqərə cismində törəməyə bağlı kompression sınıq” diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan AZ-İİ № 086219 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 17.05.2020-ci il tarixdə enmiş xayanın bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür. Mülki işin materiallarında olan ödəniş cədvəllərindən görünür ki, X14 (iddiaçının əri) 16.05.2018-ci il tarixli 241942 saylı kredit müqaviləsinə görə 2000 manat kredit götürmüşdür. Mülki işin materiallarında olan Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X8 12.10.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər sakini İddiaçı Cavabdeh səhv müalicə aparılması nəticəsində oğlu Emil İbrahimovun ölməsi ilə bağlı etdiyi müraciət əsasında cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X8 12.10.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh izahatında İddiaçı oğlu Emil İbrahimovun müalicəsi ilə əlaqədar sonuncu üçün məcun hazırlamışdır. Müalicədən iki ay sonra mərhum Emil İbrahimov ölmüşdür. O Emil İbrahimovu vicdanla müalicə etmiş və əlindən gələni əsirgəməmişdir. O müalicə ilə əlaqədar aldığı 5100 manat pulu İddiaçı qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı övladı mərhum X4 skrotal heterojenie-sağ xaya xərçəngi və sağ xayanın embrional rabdomiosarkoması diaqnozu səbəbindən həm Azərbaycanda Onkologiya xəstəxanasında, hərbi hospitalda və digər yerlərdə, həmçinin Türkiyə Respublikasında Atatürk və Gülhanə xəstəxanalarında və digər yerlərdə müalicələr almışdır. İddiaçı Cavabdeh X10 hazırladığı məcunlarla müliacə etməsinə baxmayaraq mərhum oğlu X7 həyatına, səhhətinə, sağlamlığına qarşı edilən və oğlunun ölümünə səhlənkarlığın, vicdansızlıq və yalançı müalicə metodlarının, eləcə məcunun səbəbi olduğunu iddia etsə də, buna dair məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı mərhum övladı X7 müalicəsi ilə əlaqədar Cavabdeh tərəfindən ona 20000 (iyirmi min) manat maddi ziyanın vurulması barədə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona 10000 (on min) manat həcmində mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Mülki Prosessual Məcəllənin 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən,iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırki iş üzrə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia tələbi təmin edilmədiyindən, ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2443/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2443/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver