Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2444/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun olmaması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 9 ünvanına istifadə hüququnun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 9 olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev-9-da yerləşən mənzil onun mülkiyyətindədir. Belə ki, həmin mənzilə görə Texniki inventarlaşdıma və mülkiyyəy Hüquqlarının Qeydiyyat İdarəsindən ona 2001-ci il tarixdə adına mənzilə görə 075101 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Lakin sonra qeydiyyat vəsiqəsi çıxarış ilə əvəz olunduğu üçün Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev-9- da yerləşən mənzilə görə ******* saylı çıxarış almışdır. Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş, bu nikahdan iki övladı doğulmuşdur. Nikahı Nəsimi Rayon Məhkəməsinin 2(006)-144/2023 saylı qətnaməsi ilə pozulmuş, uşaqlar isə onun yanında saxlanmışdır. Boşanmalarından artıq 4 ay keçməsinə baxmayaraq cavabdeh gəlib onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmır. Cavabdeh 2022-ci ilin may ayınadan evi tərk etmiş və o vaxtdan da burada yaşamır. Cavabdehin qeydiyyatı onun mənzilində olduğu üçün də onu tez-tez narahat edirlər. Onun adına bütün məktublar onun ünvanına gəlir. Hesab edir ki, onları bağlayan heç nə yoxdur, artıq yad insanlardırlar. Qeydiyyatda olduğuna görə də bu gün də həmin yaşayış sahəsində qeydiyyatda olması səbəbindən kommunal xidmətlər üçün onlara görə də haqq ödəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçı işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Məhkəmənin qərardadı ilə, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-144/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Söyünağa oğlu ilə Cavabdeh arasında 26 oktyabr 2007-ci il tarixdə Nəsimi rayon VVADQ şöbəsində 576 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 ataları İddiaçı Söyünağa oğlu ilə qalmaları qət edilmişdir. xx.xx.2001-ci il tarixli ÖM seriyalı 075101 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 9 ünvanında yerləşən mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 9 ünvanında yerləşən mənzil xüsusi mülkiyyəti hüququ növü ilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 9 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə tədqiqatı zamanı zamanı müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmaqla xx.xx.2001-ci il tarixli ÖM seriyalı 075101 saylı Qeydiyyat vəsiqəsi ilə, sonra RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçı ilə 26 oktyabr 2007-ci il tarixdə nikaha daxil olaraq həmin evə gəlin köçmüşdür. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-144/2023 saylı qətnaməsi ilə İddiaçı Söyünağa oğlu ilə Cavabdeh arasında 26 oktyabr 2007-ci il tarixdə Nəsimi rayon VVADQ şöbəsində 576 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 ataları İddiaçı Söyünağa oğlu ilə qalmaları qət edilmişdir. Göründüyü kimi cavabdeh mübahisə predmeti olan mənzilə 26 oktyabr 2007-ci il tarixdə gəlin köçmüş və həmin ildən də mənzilə qeydiyyata düşdüyündən hazırki hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Sözügedən mənzil 2001-ci il tarixdən iddiaçının mülkiyyətindədir və iddiaçının keçmiş arvadı olan cavabdeh 2007-ci il tarixdən bu mənzilə pasport qeydiyyatına alınmışdır. Cavabdehin həmin mənzildən getməsi və hazıradək geri qayıtmaması, onun hazırda sözügedən yaşayış sahəsinə ehtiyacının olmamasına dəlalət edir. Beləliklə, cavabdehin sözügedən yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından onun həmin mənzilə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi mümkündür ki, bu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 9 saylı evə olan istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2444/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-2444/2023
25.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver