Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2445/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «əmlak» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən çəkisi 9.5 qram əyyarı 583 olan 1 cüt sırğa və 1 ədəd üzük və çəkisi 4.3 qram əyyarı 750 olan bir ədəd brilyant qaşlı üzüyün, həmin qızıl zinyət əşyaları mövcud olmadığı təqdirdə onların dəyəri olan 1400 manat pulun və məhkəməyə ödənilmiş 34 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixində cavabdeh ilə əşyanı lombardda girovu haqqında AFƏ236336 saylı müqavilə bağlayaraq 236 manat 36 qəpik pul götürərək çəkisi 9.5 qram əyyarı 583 olan 1 cüt sırğa və 1 ədəd üztık və çəkisi 4.3 qram əyyarı 750 olan bir ədəd brilyant qaşlı üzüyü girov qoymuşdur. Götürdüyü pulun əsas məbləğini və faizlərini tam şəkildə ödəməsinə baxmayaraq bu günə kimi cavabdeh ona məxsus girov qoyulmuş zinət əşyalarını geri qaytarmır. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsi 4-cü PB-nə müraciət etsə də xx.xx.2021-ci il tarixində ona ünvanlanmış məktubda qeyd olunur ki, ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt şəhər Məhkəməsinə müraciət etməsi məqsədə müvafiq hesab edilmişdir. Ona görə də hazırda əmlak tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2013-cü il tarixli AFƏ seriyalı 236336 saylı Girov biletindən görünür ki, iddiaçı tərəfindən 240 manat ssuda müqabilində çəkisi 9.5 qram əyyarı 583 olan 1 cüt sırğa və 1 ədəd üzük və çəkisi 4.3 qram əyyarı 750 olan bir ədəd üzüy lombarda girov qoyulmuşdur. xx.xx.2013-cü il tarixli AFƏ236336 saylı Əşyanın lombardda girovu haqqında müqavilədən görünür ki, bu müqavilə girovqoyan və ssuda verən arasında imzalanmış girov biletinin əlavəsi sayılır və onunla eyni hüquqi qüvvəyə malikdir. 8 ədəd Kassa mədaxil orderinin qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 421,9 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4894 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin AFƏ seriyalı 236336 nömrəli Girov biletində qeyd edilən qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1190,00 manat müəyyən olunur. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən 240 manat ssuda müqabilində çəkisi 9.5 qram əyyarı 583 olan 1 cüt sırğa və 1 ədəd üzük və çəkisi 4.3 qram əyyarı 750 olan bir ədəd üzüy lombarda girov qoyulmaqla xx.xx.2013-cü il tarixli AFƏ seriyalı 236336 saylı Girov bileti rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən cavabdehə 421,9 manat məbləğində ödəniş edilmişdir. Əvvəla, məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunan qızıllar iddiaçıya məxsus olduğundan və məhz həmin qızıllar girov biletinə əsasən girov qoyulduğundan iddiaçı hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malikdir. Daha sonra məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 302.5-ci maddəsinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Həmin Məcəllənin 302.6-cı maddəsinə əsasən lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli AFƏ236336 saylı Əşyanın lombardda girovu haqqında müqavilənin 6.1-ci bəndinə əsasən qızıl-zinət əşyalarının lombarda girovu ilə təmin edilmiş ssuda məbləği, faizi və gecikmə məbləği qaytarıldıqdan sonra lombard tərəfindən girov əşyaları girovqoyana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından göründüyü kimi iddiaçı tərəfindən lombarda girovu ilə təmin edilmiş ssuda məbləği və faizi cavabdehə qaytarılmışdır və bu hal işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli AFƏ236336 saylı Əşyanın lombardda girovu haqqında müqavilənin 6.1-ci bəndinə əsasən qızıl-zinyət əşyaları iddiaçıya geri qaytarılmalı, olmadığı təqdirdə isə onların dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qızıl-zinyət əşyalarının dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı qızıl-zinyət əşyalarını 1400 manat məbləğində dəyərləndirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4894 saylı ekspert rəyi ilə həmin qızıl-zinyət əşyalarının dəyəri 1190,00 manat müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab edir ki, qızıl-zinyət əşyalarının dəyəri 1190,00 manat müəyyən edilməklə iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən çəkisi 9.5 qram əyyarı 583 olan 1 cüt sırğa və 1 ədəd üzük və çəkisi 4.3 qram əyyarı 750 olan bir ədəd brilyant qaşlı üzük, həmin qızıl-zinyət əşyaları mövcud olmadığı təqdirdə onların dəyəri olan 1190 manat pul və ödənilmiş 34 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Eyni zamanda, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən çəkisi 9.5 qram əyyarı 583 olan 1 cüt sırğa və 1 ədəd üzük və çəkisi 4.3 qram əyyarı 750 olan bir ədəd brilyant qaşlı üzük, həmin qızıl-zinyət əşyaları mövcud olmadığı təqdirdə onların dəyəri olan 1190 manat pul və ödənilmiş 34 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM: VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2445/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2445/2022
24.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver