Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2449/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının nümayəndəsi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «cinayət hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «cinayət hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat, maddi zərərin əvəzi olaraq 10.000 manat və ödənilmiş 150 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh tərəfindən 25 noyabr 2022-ci il tarixdə, saat 00:13-də etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus olan «Khazar LKM» markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısında yolun piyadalar üçün nəzərdə tutulmuş piyada keçidində avtomobilin ön tərəfi ilə vurmuşdur. Nəticədə o, qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ gicgah nahiyəsində lövhəvari epicural hematoma, sağ gicgah sümüyünün kəllə əsasında keçən xətti sınığı, sağ körpücük sümüyünün yerdəyişməyən sınığı, başın sağ gicgah təpə, sağ yanaq nahiyələrinin, sol dirsək, hər iki diz oynaqları nahiyələrinin sıyrıqları, döş qəfəsinin sol yarısının və sağ körpücük nahiyəsinin qançırları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 1(006)- 347/2023 nömrəli hökmü ilə cavabdeh (məhkum) Cavabdeh Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-310/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 1(006)-347/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bildirmək istəyir ki, hadisə zamanı aldığı xəsarətlər nəticəsində uzun müddət müalicə olunmuşdur. Hazırda da müalicəsi davam edir. Müalicəsinə 3.000 manat məbləğində pul xərcləmişdir. Həmçinin hadisə zamanı ona məxsus olan gödəkcə, mobil telefon, ayaqqabı, köynək və s. yararsız hala düşmüşdür. X6 markalı olmaqla, 2020-ci ildə Moskvadan Azərbaycan valyutası ilə 910 manata alınmışdır. Samsung Galaxy markalı S21 ultra modelli telefonu "xxxx" MMC-dən xx.xx.2022-ci ildə nisyə alğı-satqı müqaviləsinə əsasən kreditə ilkin ödənişsiz 2.919 manata götürülmüşdür. Sadəcə xx.xx.2022-ci ildə 242 manat ödəniş etmişdir. Hadisədən bəri ödəniş edə bilmir, telefonu oğurlanmışdır və kreditinin üstünə hər gün cərimə gəlir. Maddi imkanı çatmadığından, öz dostu olan X1 xx.xx.2023-cü il tarixdə borc müqaviləsinə əsasən 4.300 manat borc götürmüşdür. Lakin o vaxtdan bu vaxta qədər ödəniş edə bilməmişdir. X5 ilə olan anlaşmaya əsasən razılaşdıqları ödənişi edə bilmədiyi üçün hər gün qalıq məbləğin üzərinə 0.5 % cərimə gəlir. Qəza olduğu zaman Cavabdeh avtomobillə onu vuraraq ağır vəziyətdə qoyub qaçmışdır. Nəsimi RPİ Murad barədə axtarış verdikdən sonra onun şəxsi mobil nömrəsinə zəng etmiş, ona «türkün məsəli, səni vuran mənəm» sözlərini demiş, sonra da gülmüşdür. Əsəbləşərək telefon danışığına son qoymuşdur. Xəstələndiyindən bəri ona heç bir köməklik etməmiş, yanına belə gəlməmişdir. Ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manatın və maddi zərərin əvəzi kimi isə 10.000 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi vurulmuş maddi və mənəzi zərərin qismən aradan qaldırılmasına köməklik edə bilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməmiş, şəxsə qeyd edilən ziyanı vurmadığını, hazırda həmin tələbi ödəməyə maddi imkanının olmamasını bildirmişdir. İş materialları: "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli VİP18607 saylı nisyə alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ümumi dəyəri 2919 manat təşkil “Samsung S21 Ultra 256Gb” markalı telefonu 12 ay müddətinə, hər ay 243 manat ödəniş etmək şərti ilə İddiaçı satmışdır. İddiaçı ilə X4 arasında bağlanmış 06 yanvar 2023-cü il tarixli 23 saylı borc müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən, X4 4.300 manat məbləğində pul vəsaitini iddiaçıya verməyi, iddiaçı isə borc məbləğini 11 ay hər ayın eyni günü 358 manat, 12-ci ay isə 362 manat ödəməyi öhdəsinə götürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)- 310/2024 saylı qərarından görünür ki, zərər çəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 203.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 1(006)-347/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, qərarın təsviri hissəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 1(006)-347/2023 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Cavabdeh hazırkı hökmlə təyin edilmiş cəza Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-384/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamımaqla ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlanıldığı və xx.xx.2023-cü İl tarixdən xx.xx.2023-cü il tarixədək saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilən cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı cavabdehdən ona dəymiş 20.000 manat ziyanın 10 gün müddət ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi haqda cavabdehi xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 151 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının cavabdeh tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ gicgah nahiyəsində lövhəvari epicural hematoma, sağ gicgah sümüyünün kəllə əsasında keçən xətti sınığı, sağ körpücük sümüyünün yerdəyişməyən sınığı, başın sağ gicgah təpə, sağ yanaq nahiyələrinin, sol dirsək, hər iki diz oynaqları nahiyələrinin sıyrıqları, döş qəfəsinin sol yarısının və sağ körpücük nahiyəsinin qançırları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına dair faktlar aşkardır. Bunun əsasında cavabdeh törətmiş olduğu yol-nəqliyyat hadisəsinə görə təqsirli bilinmişdir. Müəyyən edildiyi kimi təqsirləndirilən şəxs kimi hazırki iş üzrə cavabdehlə həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olan hazırki iş üzrə iddiaçı arasında zərərin ödənilməsi bağlı barışıq olmamışdır.Hətta iş üzrə zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən barəsində qəbul edilmiş hökmdən apellyasiya şikayəti də verilmişdir. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı birmənalı olaraq mənəvi ziyan vurulmuşdur. Məhkəmə, iddiaçının mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə (cavabdehin onu nəqliyyat vasitəsilə vurduqdan sonra ona zəruri kömək göstərməməsi, təcili tibbi müdaxilə üçün xəstəxanaya aparmaması, onun taleyi ilə maraqlanmaması, eləcə də, aldığı xəsarətlərlə bağlı normal həyat ahəngindən məhrum olması, uzun müddət fiziki məhdudiyyətlərlə sınağa çəkilməsi, bunun onda mənəvi cəhətdən dərin və mənfi izlər buraxması və s.) hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 2.000 (iki min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 2.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi gödəkcənin və oğurlandığını bildirdiyi telefonun yol nəqliyyat hadisəsi ilə bağlı məhv olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də, borc müqaviləsinin sırf qəza ilə bağlı olmasına (YNH nəticəsində aldığı bədən xəsarətlərinin müalicə olunmasına, müayinələrə və dərman preparatlarına sərf edilməsi üçün alınmasına) dair sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də, həmin gödəkcə maddi sübut qismində tanınaraq götürülməmiş, mobil telefonun oğurlanması barədə iddiaçının zərər çəkmiş şəxs qismində verdiyi ifadəsində hər hansı məlumat yoxdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə 2.000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 40 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçının qiymətləndirilən iddia ərizəsi ilə bağlı ödədiyi dövlət rüsumu 150 manat təşkil edir, lakin iddia qismən təmin edildiyi üçün dövlət rüsumu da iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən iddiaçının xeyrinə tutula bilər. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə 2.000 (iki min) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsini təşkil edən 110 (yüz on) manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2449/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2449/2024
17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver