Məhkəmə qərarları › İş №2(006)-2470/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2470/2024

17.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2470/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan və LPO Cavabdeh2 ASC-dən 3,224 ABŞ dolları (manatla 1,7020 x 3,224 ABŞ dolları = 5,487 manat) məbləğində pulun, habelə ödədiyi 75 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ASC-nin Bakıxanov filialına gedərək Türkiyə Respublikasında yaşayan Tahsin Ozatlı adlı onkoloq həkimə onkoloji dərmanlar alıb göndərməsi üçün bank vasitəsi ilə 3,224 ABŞ dolları pul göndərmişdir. Lakin həkim həmin pulu vaxtında götürməmiş, iddiaçı isə Cavabdeh2 ASC-nin Bakıxanov filialına və Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, pulu geri ala bilməmişdir. Cavabdeh bank dəfələrlə iddiaçıya söz versə də, həmin pulu qaytarmaqdan imtina edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı ərizə təqdim edərək, LPO Cavabdeh2 ASC-nin iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə təqdim edərək, iddia tələbi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən “Monex” pul köçürmə sistemi vasitəsilə köçürülən pul texniki yanlışlıq səbəbindən Bankın aralıq hesabına geri qayıtmışdır. Hazırda isə iddiaçının cari hesabında vəsait mövcud deyildir. İddiaçı bu hüquqlarından istifadə edərək kreditor tələbini kreditorların reyestrində qeydə aldırmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə əsasən, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Sözügedən vəsait sığorta hadisəsi baş verən anda hazırki iş üzrə iddiaçının hesabında deyil, bankın aralıq hesabında müəyyən edilmişdir. Belə ki, ləğvedici və AMB tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı arasında baş tutmuş təhvil-təslim aktları ilə müəyyən edilir ki, şəxsin vəsaiti qorunan əmanət hesab edilməyən hesablarda olan vəsaitdir. Hazırki halın baş verməsinə səbəb isə məxaric edilən vəsait üzrə vəsaiti alan şəxsin rekvizitlərinin doğru, dəqiq və səlis halda təqdim edilməməsi olmuşdur. Bu səbəbdən qorunmayan əmanət hesab edilən sözügedən vəsait Bankın aralıq hesabına əlavə edilmişdir. Hal-hazırda isə iddiaçının cari hesabında vəsait olmasına dair ləğvedicinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Kreditor tələbinə dair sözügedən iddia müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara aiddir və bu iddiaya iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, AR KM-nin xx.xx.2017-ci il tarixli Qərarını rəhbər tutaraq iddia tələbi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X3 mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə göndərərək baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini iş materialları ilə yanaşı nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Kreditor tələblərin qeydiyyatı barədə xx.xx.2023-cü il tarixli, 0871 №-li qəbzdən görünür ki, İddiaçı 5480.80 AZN məbləğində tələbi ləğv prosesində olan "xxxx" ASC qarşısında qeydə alınmışdır. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixində 1004 nömrəsi ilə qeydə alınmış və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 3224 ABŞ dolları məbləğində pul “Monex” vasitəsi ilə göndərilməsi üçün Cavabdeh2 ASC-yə təhvil verilmişdir. Köçürmənin göndərilməsi barədə xx.xx.2023-cü il tarixli, **********0 nəzarət nömrəli bildirişdən görünür ki, 3200 ABŞ dolları məbləğində pul Tahsin Ozatlıya köçürülmüş, 24 ABŞ dolları komissiya ödənilmişdir. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X5 A.S. tərəfindən "xxxx" ASC-yə **********0 nəzarət nömrəli köçürmə üzrə 3224 ABŞ dolları məbləğində pul vəsaiti geri qayıtmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 75 (yetmiş beş) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə “Monex” pul köçürmə sistemi vasitəsi ilə 3200 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh2 ASC-yə 24 ABŞ dolları komissiya ödəməklə Türkiyə Respublikasında yaşayan Tahsin Ozatlı adlı şəxsə köçürmək istəmiş, həmin pul məbləği 1 ay müddətində təhvil alınmadığına görə "xxxx" ASC-yə geri qayıtmışdır. Hazırda iddiaçı 3224 ABŞ dolları pul vəsaitinin və iş üzrə ödənilmiş 75 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq öna ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan da görünür ki, iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti "xxxx" ASC-yə geri qayıtmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı tərəfindən cavabdeh LPO "xxxx" ASC-yə göndərilmiş məktuba İddiaçı kreditor tələbinin növbəlilik qaydasında həyata keçiriləcəyi barədə cavab verilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu məhkəməyə göndərilmiş ərizədə qeyd edir ki, iddiaçı tərəfindən “Monex” pul köçürmə vasitəsilə köçürülən pul texniki yanlışlıq səbəbindən Bankın aralıq hesabına geri qayıtmışdır. İddiaçının cari hesabında vəsait mövcud deyil, həmçinin, müvafiq pul məbləği sığorta hadisəsi baş verən anda iddiaçının hesabında deyil, bankın aralıq hesabında olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Banklar haqqında“ Azərbaycan Respublikası Qanununun: 72.1-ci maddəsinə görə, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: - bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; - banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; - bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; - qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; - girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-ci maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; - bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. 72.2-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra müflis bankın səhmlərinin ləğvedici tərəfindən digər şəxsə köçürülməsi bu Qanunun 74-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. 73.1-ci maddəsinə görə, bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: - ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun; - bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”» 2017-ci il 13 iyun tarixli qərarında qeyd olunmuşdur ki: Müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar:

1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;

2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli qərarından aydın olur ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ödəmə tapşırığını verərkən (xx.xx.2024-cü il) hələ "xxxx" ASC müflis elan edilməmiş, ləğvedicisi təyin edilməmişdi. Belə ki, "xxxx" ASC məhz Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı ilə müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia cavabdeh Əmanətlərin Sığortalanması Fonduna münasibətdə rədd edilməlidir. Çünki hazırkı mübahisənin predmetini təşkil edən pul vəsaiti qorunan əmanət hesab edilmir. Əmanətlərin Sığortalanması Fondu isə sığorta hadisəsi baş verdikdə, məhz qorunan əmanətçilərə kompensasiya ödəməyə cavabdehdir. Belə ki, müvafiq pul vəsaitinin qorunan əmanət hesab edilməsi üçün “Əmanətlərin Sığortlanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci maddəsinin tələblərinə cavab verməlidir. Belə ki, həmin Qanuna görə, əmanət – bank tərəfindən elektron pulun emissiyası üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla, hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri (2.1.1); qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanət (2.1.2); kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir (2.1.11). Lakin məhkəmə hesab edir ki, hazırda tələb olunan vəsait həmin maddənin tələblərinə uyğun gəlmir və onun əhatə dairəsinə aid deyil. Məhkəmə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraata xitam verilməsinə dair qərarın qəbul edilməsi barədə etirazına münasibətdə isə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı "xxxx" ASC-də “Monex” pul köçürmə sistemi ilə müvafiq pul köçürmə əməliyyatı həyata keçirmişdir. Bu zaman həmin pul vəsaiti vəsaiti qoyan şəxsə qaytarılmalı olan əmanət hesab edilmir. Çünki həmin pul vəsaiti üzrə banka verilmiş tapşırıq gerigötürülməz hesab olunur və vəsaiti qoyan şəxs tərəfindən deyil, vəsaiti qəbul etməli olan şəxs tərəfindən təhvil alınır. Yuxarıda qeyd olunduğu kimi, sözügedən pul vəsaiti “Əmanətlərin Sığortlanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1ci maddəsində müəyyən edilmiş əmanət anlayışının tələblərinə uyğun deyil. Məhkəmənin qənaətinə görə, hazırkı mübahisəyə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1, 73.1.1-ci maddələri tətbiq edilməlidir. Belə ki, hazırkı mübahisənin predmetini “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər təşkil etmədiyindən, həmin Qanunun 72.1-ci və Mülki Prosessual Məcəllənin 261.0, 261.0.1-ci maddələrinə istinadla işin icraatına xitam vermək üçün hüquqi əsaslar mövcud deyil. Buna görə də mübahisəyə bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddia olduğu üçün “Banklar haqqında” Qanunun 73.1, 73.1.1-ci maddələri tətbiq edilməklə baxılmalı və iddia LPO "xxxx" ASC-yə münasibətdə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki işin materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçıdan ümumilikdə 3224 ABŞ dolları məbləğində pul vəsaiti alınsa da, 3200 ABŞ dolları məbləğində pul vəsaiti göstərilən şəxsə köçürülmüş və 24 ABŞ dolları məbləğində komissiya isə bankın göstərdiyi xidmətin əvəzi kimi alınmışdır. Yəni 24 ABŞ dolları məbləğində komissiya müvafiq pulun köçürməsini həyata keçirmək üçün ödənilmiş xidmət haqqıdır. Cavabdeh bank da pulun köçürülməsi üçün müvafiq hərəkətləri həyata keçirmiş, lakin pul təhvil almalı olan şəxs tərəfindən təhvil alınmadığından, 3200 ABŞ dolları bankın aralıq hesabına geri qayıtmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia LPO "xxxx" ASC-yə münasibətdə qismən 3200 ABŞ dolları məbləğində təmin edilməlidir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun: 28.1-ci maddəsinə görə, ödəniş sisteminə göndərilən ödəniş sərəncamı ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilən andan gerigötürülməz hesab olunur. 46-cı maddəsinə əsasən, ödəniş sistemi tərəfindən qəbul edilmiş ödəniş sərəncamı ödəniş sisteminə dair qaydalarla müəyyən olunmuş andan ödəniş sisteminin iştirakçısı və ya digər şəxs tərəfindən geri götürülə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh LPO Cavabdeh2 ASC-dən 3.200 (üç min iki yüz) ABŞ dolları məbləğində pul tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı ödənilməli, iddia Əmanətlərin Sığortalanması Fonduna münasibətdə və qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş 75 manat məbləğində dövlət rüsumu cavabdeh LPO Cavabdeh2 ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh LPO Cavabdeh2 ASC-dən 3.200 (üç min iki yüz) ABŞ dolları məbləğində pul tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu cavabdeh LPO Cavabdeh2 ASC-dən tutularaq İddiaçı verilsin. İddia Əmanətlərin Sığortalanması Fonduna münasibətdə və qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar