Məhkəmə qərarları › İş №2(006)-2473/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2473/2023

15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2473/2023 15.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Oqtay oğluna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Oqtay oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.000 manat pul vəsaitinin, 8.000 manat əldən çıxmış faydanın və ödənilmiş 183 manat dövlət rüsumunun Cavabdeh Oqtay oğlundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Oqtay oğlu ilə ortaq tanışları olan Vüsal Aslanov adlı şəxsin vasitəsilə tanış olmuşdur. Cavabdeh Oqtay oğlunun «Binə» Ticarət Mərkəzində xırda ticarətlə məşğul olması barədə məlumat verilmişdir. Vüsal Cavabdeh Oqtay oğlunun pandemiya vaxtı ticarətin zəif olmasını və işlərini yenidən qaydaya salması üçün ona pul lazım olduğunu bildirmişdir. Cavabdeh Oqtay oğlu ilə tanış olduqları vaxt sonuncu, ona 2021-ci ilin yanvar ayının əvvəli üçün 20.000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra o, 2021-ci ilin yanvar ayının 5-8 tarixlərində Cavabdeh Oqtay oğluna 8.000 manat pul vəsaitini vermişdir. Həmin vaxt Kənan yenidən ona əlavə pul vəsaiti olsa, xammalı Türkiyədən gətirib Bakıda Asim adlı şəxsin ayaqqabı istehsalı sexində sonrakı sezon ayaqqabıları qabaqcadan sifariş verməklə, həmçinin verdiyi puldan 3 dəfə artıq ayaqqabı ala biləcəyini, bazara nə qədər tez girsələr daha çox qazanc əldə etmək imkanı olduğunu bildirmişdir və qazancın yarısını ona verəcəyini demişdir. O, bu işdə hansı risklərin olduğunu soruşmuşdur. Cavabdeh onlar üçün riskin olmayacağını bildirmişdir. Səbəb isə ayaqqabıların Bakıda tikildiyinə görə maya dəyərinin çox ucuz başa gəldiyini göstərmişdir və ən pis halda həm sexdə istehsal olan, həm də Türkiyədən gələn malları maya dəyərinə satib onun verdiyi pulu qaytaracağına vəd vermişdir. O, razılaşaraq pulu hissə-hissə cavabdehə vermişdir. Ümumilikdə o, 48.000 manat pul vəsaitini 2021-ci ilin mart ayının əvvəlinə qədər Cavabdeh Oqtay oğluna vermişdir. Həmin ilin yanvar ayının sonlarından etibarən özü şəxsən «Binə» bazarında yerləşən dükana getməyə başlamışdır. Burada mühasibatlığın qaydası ilə aparılmadığını, qalıq malların hesabatının aparılmadığını Kənana irad tutmuşdur. O da «burda hamı belə işləyir, biz də həmişə belə işləmişik, indiyədək heç bir problem olmayıb» deyərək cavab vermişdir. Birinci dəfə Cavabdeh Oqtay oğlu ona 2.000 manat pul vəsaiti qazanc olduğunu bildirmişdir və yarısını ona vermişdir. Sonradan ayaqqabı işi zəif olduğundan uşaq paltarı da gətirməyi qərara alıb, Türkiyədən sifariş vermişlər. Beləliklə 2021-ci ilin mart ayında ilk mövsümün sonunda ona daha 1.000 manat qazanc vermişdir. Lakin, o, qalıq malın hesabatını tələb etmiş və birlikdə qalıq malı çıxartmışlar. Qazancdan cox, qalıq mal qaldığından onların bu pulu qazanc kimi götürmək ixtiyarları olmadığını və belə olduğu halda mayadan sərf etdiklərini bildirmişdir. Kənan isə demişdir ki, qalıq mal da satılacaq vaxtı gələndə, onlar, belə işləyirlər, narahat olmasın. Həmin ilin mart ayında ailə qurduğu və avtomobilini satdığı üçün o, daha «Binə» Ticarət Mərkəzinə gedə bilməmişdir. Həmin vaxt yeni avtomobil sifariş etdiyi üçün 2.000 manat pul vəsaitini Kənandan götürmüşdür. İyul ayına qədər Kənan ona 6.000 manat pul vəsaitini qazanc kimi vermişdir. Həmçinin özü də, bərabər qazanc götürmüşdür. O, həmin vaxt da qalıq malların qazancdan 2 dələ artıq qaldığını öyrənəndə belə ticarətin düzgün olmadığını, onların qazanc adı ilə götürdükləri pulun əslində onun verdiyi mayadan olduğunu irad tutmuş və bu işdən çıxmaq istədiyini bildirmişdir. Cavabdeh ona qalıq malda pul olduğunu, vaxtı gələndə hamısının satılacağını bildirmişdir. O, təkidlə bu işdən çıxmaq istədiyini bildirmişdir. Aralarında xeyli mübahisələr olmuş və sentyabr ayında məktəbli sezonunda onun pulunu tam qaytaracağını vəd vermişdir. Beləliklə, 2021-ci ilin setyabr ayının ortalarına qədər Kənan ona mayasından 22.000 manat pul vəsaiti qaytarmışdır. Sentyabr ayının sonunda o, nə qədər satış olduğunu öyrənmək istəmiş, lakin ona hesabkitabı verməkdən boyun qaçırtmışdır. O, müstəqil maliyyə eksperti tutmuş və məlum olmuşdur ki, məktəbli sezonunda satışdan 16.000 manat qazanc qalıb və ümumilikdə 21.000 manatlıq qalıq mal qalib. Cavabdeh, ona nə qazancın yarısını, nə də mayasının geridə qalan hissəsini vermişdir. 10 nəfərin iştirakı ilə uzun sürən mübahisədən sonra Vüsal və Kənan qazancı bölməyəcəyini, mayanın geridə qalan hissəsini, yəni 23.000 manat pul vəsaitini və qazancın müəyyən hissəsini 1 ildən sonra 2022-ci ilin sentyabr ayı qaytaracağına söz vermişdir. Bu günə qədər Vüsal və Kənan ona nə mayasından, nə də qazancdan pul qaytarmamışlar. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Oqtay oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal RPİ 28-ci PB-nin təhqiqatçısı, polis kapitanı N.Bayramlının 12 fevral 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı ərizə ilə HK1-249 saylı material toplanaraq, həm ərizəçinin, həm barəsində şikayət edilən Cavabdeh Oqtay oğlunun izahatları alınmışdır. Cavabdeh Oqtay oğlu izahatında etiraf etmişdir ki, onun İddiaçı 23.500 manat borcu qalmışdır. Həmin borcun əvəzinə eyni dəyərdə mal (ayaqqabı, geyim) almasını iddiaçıya təklif etmiş, lakin iddiaçı həmin təkliflə razılaşmayaraq borc verdiyi pulun qalıq hissəsinin ödənilməsini tələb etmişdir. İmkan olduqca borcu hissə-hissə qaytaracaq. Vaxtla bağlı yalançı çıxmasın deyə dəqiq vaxtı söyləyə bilməyəcək. Amin işdən ayrıldıqdan sonra əldə etdiyi qazancı başqa satıcılardan götürüb satdığı mallar hesabına əldə etdiyindən, həmin qazancın Aminə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh Oqtay oğlu İddiaçı hissə-hissə olmaqla, cəmi 45.500 manat pul götürmüş, həmin pul vəsaitini ayaqqabı və paltar satışının həyata keçirilməsinə yatırmış, iddiaçı cavabdehlə birgə fəaliyyətə son qoyduğu dövrədək götürmüş olduğu pul məbləğinin 22.000 manat hissəsini qaytarmış, 23.500 manat isə qalmışdır. Həmin məbləği qaytaracağına dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən pul vəsaitinin qalan hissəsinin qaytarılmasını tələb etsə də, cavabdeh həmin pulu qaytarmadığından, öncə hüquq-mühafizə orqanlarına şikayət ərizəsi, daha sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 183 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 23.000 manat pul vəsaiti və ödənilmiş 183 manat məbləğində dövlət rüsumu Cavabdeh Oqtay oğlundan İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddia ərizəsində özünün də göstərdiyi kimi, iddiaçı verdiyi pulun qalan hissəsinin qaytarılmasını tələb edərək, cavabdehlə birgə fəaliyyətə son qoyduğunu bildirmişdir. Digər tərəfdən, iddiaçı 8.000 manat əldən çıxmış fayda şəklində ona zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Habelə yuxarıda qeyd edilən “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarda cavabdeh əldən çıxmış faydaya münasibətdə, malların satışından və ondan əldə olunan xeyrin 16.000 manat deyil, ona yaxın, təxminən 14.000 manat olmasını, lakin həmin xeyrin Amin işdən çıxdıqdan sonra və bazardan digər satıcıların götürüb satdığı mallar hesabına əldə edilməsini, həmin xeyrin Aminə heç bir aidiyyətinin olmamasını bildirmişdir. Eyni zamanda həmin qərardan görünür ki, cavabdeh 23.500 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməli olduğunu bildirsə də, məhkəmə iddia tələbindən kənara çıxmamaqla, həmin hissədə iddia tələbinə uyğun, yəni 23.000 manat pul vəsaitinin Cavabdeh Oqtay oğlundan İddiaçı xeyrinə tutulmalı olması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23.000 manat pul vəsaiti və ödənilmiş 183 manat məbləğində dövlət rüsumu Cavabdeh Oqtay oğlundan İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar