Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2478/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ələ keçirdiyi 29000 manat vəsaitinin təqsirləndirilən şəxs Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023cü il tarixli 1(004)-201/2023 nömrəli Hökmünə əsasən, təqsirləndirilən şəxs Cavabdeh təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun (İddiaçı) və onunla birgə digər vətəndaşların əmlakını ələ keçirib (zərərçəkmiş şəxslərə) xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, İddiaçı ifadədəsində də qeyd etdiyi kimi, 2012ci il tarixdən hazıradək Bakı şəhər Yasamal rayon Post Patrul xidməti bölüyündə polis əmakdaşıdır. Təqsirləndirilən şəxs P.Kazımzadə ilə Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə uzun müddət iş yoldaşı olmuşlar. O, polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə, aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı olmuş ona və onun 12 nəfər yaxın qohumuna guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə 29.000 manat vəsaiti alaraq ələ keçirmiş və bizə qarşı xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra, 2022-ci ilin iyul ayında iş yoldaşları və başqa şəxslərə qarşı dələduzluq etməsi səbəbindən rəhbərlik tərəfindən işdən azad olunmuş bu barədə Yasamal rayon prokurorluğuna Cavabdeh barəsində şikayət edilmişdir. Belə ki, Peyman xeyli sayda şəxsə guya Koreyadan daha ucuz qiymətə Koreya istehsalı və başqa markalı avtomobil gətirərək satışı ilə məşğul olmasını demiş, öz ***-***- **-** mobil nömrəsinin "vatsap" proqramında da status paylaşaraq camaatı inandırmışdır. Görüntü yaratmaq üçün 3-4 nəfərə avtomobil verərək onları aldatmışdır. O, Peymanla uzun müddət xidmət yoldaşı olduğu üçün bu səbəbdən ona etibarı yaranmış, "Kia Cerato" markalı ağ rəngli avtomobil gətirməsini demiş və Bakıda ona 3 il ərzində cəmi 15600 manat vəsait verəcəyini bildirmişdir. 2022-ci ilin mart ayının 25-də Peymana 3 000 manat vəsaiti elə işlədikləri idarədə vermişdir. Bundan başqa 12 nəfər yaxın qohumuna da həmin markalı avtomobil gətirməsi üçün Peymana qohumlardan borca aldığı cəmi 26000 manat vəsaiti vermişdir. Daha sonra onlar Peymanı sıxışdırdıqda onun yalan danışdığı, xeyli sayda insandan aldığı və dələduzluq yolu ilə ələ keçirdiyi pulları "Tik Tok" sosial şəbəkəsində istifadə etdiyi, qumara xərclədiyi və gündəlik bahalı həyat yaşayaraq israf etdiyi müəyyən olunmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)-201/2023 nömrəli Hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yuxarıda sadaladığım işin faktiki hallarına əsasən Cavabdeh ondan dələduzluq yolu ilə ələ keçirdiyi 29000 manat vəsait geri qaytarılmalıdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək, iddia tələbini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 1(004)-201/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Yasamal Rayon Məhkəməsinin 1(004)-201/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh Yasamal RPİ-nin Post-patrul xidməti bölüyündə polis nəfəri kimi xidmətdə olarkən etibardan sui-istifadə etmə və aldatma yolu və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı olmuş İddiaçı və onun 12 nəfər yaxın qohumuna guya avtomobil alqı-satqısı ilə məşğul olmaq barədə görüntü yaradaraq etibardan sui-istifadə etməklə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasındakı bazar qiymətlərindən daha uzuc “Kia Cerato” markalı 12 ədəd avtomobil gətirəcəyi barədə yalandan vəd verərək, faktiki olaraq bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2022-ci ilin mart ayında Yasamal RPİ-nin inzibati binasında İddiaçı nağd şəkildə 29.000 manat pul alaraq ələ keçirməklə ona qarşı xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Mülki işin materiallarına əlavə edilmiş ********** nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 177.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Yasamal Rayon Məhkəməsinin 1(004)- 201/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh maddi zərərə görə 29.000 (iyirmi doqquz min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh maddi zərərə görə 29.000 (iyirmi doqquz min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2478/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2478/2025
12.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver