Məhkəmə qərarları › İş №2(006)-248/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-248/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-248/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.400 manat pul vəsaitinin və ödənilmiş 160 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı aldadaraq 17.400 manat pulunu ələ keçirməsi barədə 25 may 2022-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə ərizə ilə müraciət edilmiş və ərizə ilə bağlı Yasamal rayon Polis İdərəsinin 28-ci Polis Bölməsində araşdırma aparılmaqla toplanmış material Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və material üzrə araşdırmanın davam etdirilməsi İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 həvalə edilmişdir. Sonuncu onun, Abışova Aymən Əjdər qızının izahatlarını almaqla kifayətlənmiş, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, əsassız olaraq toplanmış material üzrə 24 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məclləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərardan Yasamal Rayon Prokurorluğuna şikayət edilmiş və qərar ləğv olunaraq yenidən araşdırılma aparılması üçün Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. İzahatında Cavabdeh İddiaçı 12.509 manat borcunun olduğunu bildirsə də, «WhatsApp» mobil tətbiqi ilə olan yazışmalar bunun əksini iddia edir. Cavabdeh özünün də izahatda qeyd etdiyi kimi, ilkin olaraq alınan qızılın müəyyən hissəsini İddiaçı ödəmiş və onun bu ödəmədə məqsədi İddiaçı aldatmaq və etibarından sui-itifadə etmək olub. Belə ki, özünü Rabitə Nazirliyində işləyən şəxs kimi təqdim etməklə özünü etibarlı və imkanlı insan kimi tanıtmış və sonradan İddiaçı əmlakını ələ keçirməklə öz əməlini yekunlaşdırmışdır. Göründüyü kimi, olduqca peşəkar davranan cavabdeh əmlakın alınması zamanı aldadıcı üsullardan istifadə edərək və hesablaşma görüntüsü yaradaraq İddiaçı aldatmış və onun əmlakını ələ keçirmişdir. Bununla bağlı Nəsimi Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişlər və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-4692/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Daha sonra cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. İddia ərizəsini müdafiə edir və məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəməyə əvvəllər təqdim etmiş olduğu etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı cavabdehdən pul tələb edir. Cavabdeh ondan tələb olunan borc məbləği ilə razılaşmır. Bildirir ki, İddiaçı hazırki pul tələbi ilə bundan əvvəl Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Yasamal RPİ tərəfindən aparılan araşdırma zamanı cavabdeh, Bənövşəyə borcunun olmadığını bildirdikdə, orada ondan ödənişə dair sübutlar (qəbzlər) tələb olunmuşdur. Lakin həmin vaxt əlində olan bəzi ödəniş qəbzlərini təqdim etmiş, qalan qəbzləri isə itirdiyini zənn edərək təqdim edə bilməyəcəyini bildirmişdir. Polisdə ona yalnız təqdim etdiyi qəbzləri çıxmaqla izahat yazdırmışlar. Bundan sonra iddiaçı həmin qərarı əsas tutub ona qarşı məhkəməyə iddia vermiş, ondan 17.400 manat pul tələb etmiş, məhkəmə iclasları isə xəbəri olmadan keçirilmiş və məhkəmə polisin «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarına (baxmayaraq ki, həmin vaxt artıq ləğv edilmişdi) istinad edərək, onun iddiaçıya guya 12.509 manat borcu olması barədə qətnamə çıxarmışdır. İcra orqanları vasitəsilə məhkəmə qətnaməsindən xəbər tutan kimi apellyasiya şikayəti vermiş və həmin vaxt artıq əldə etdiyi bütün ödəniş qəbzlərini apellyasiya instansiyasına təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3476/2023 saylı qərardadı ilə məhkəmə qətnaməsi ləğv edilmiş, işdə prossesual pozuntular olduğu üçün ərizə baxılmamış saxlanmışdır. Məhkəməyə bildirmək istəyir ki, hazırki pul tələbi üzrə iddiaçının şikayəti üzrə Yasamal RPİ-də təqdim etdiyi qəbzlər və hazırda əlavə olaraq məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri eyni adama aiddir və tərəfindən iddiaçıya olan ödənişləri sübut edir, iddiaçıya qaytardığı 4.891 manat pulun qəbzləri Yasamal RPİ-də, qalan qəbzlər isə cavabdehdədir. İddiaçıya kart vasitəsilə köçürmə yolu ilə 4.128 manat, ödəmə terminalları vasitəsilə də nəğd qaydada 6.539 manat ödəniş etmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya 15.558 manat pul ödəniş etmişdir. Baxmayaraq ki, iddiaçı bunu məhkəmədən gizlətmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın etiraz ərizəsinə uyğun olaraq qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 24 iyul 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Yasamal RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru X1 qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qərarda yer almış izahatlardan görünür ki, Cavabdeh İddiaçı aldığı qızıl-zinət əşyalarına 12.509 manat borcu olduğunu etiraf etmiş, işsiz olduğundan ödəyə bilmədiyini, lakin ilin sonuna kimi tam şəkildə ödəyəcəyinə söz vermişdir. Hazırki mülki iş üzrə İddiaçı və digər şəxs həmin qərara istinad edərək, cavabdehə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, mülki işə mahiyyəti üzrə baxılaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(006)- 4692/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2023-cü il tarixli 2(103)-3476/2023 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-4692/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçılara ayrı-ayrılıqda ümumi qaydada iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə yenidən müraciət etmələri izah edilmişdir. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında nisyə alğı-satqı münasibətləri yaranmışdır. Əldə edilmiş razılığa görə İddiaçı müəyyən miqdarda olan qızıl-zinət əşyalarını Cavabdeh satmağı, sonuncu isə aldığı əşyaların razılaşdırılmış dəyərini Bənövşə Zeynalovaya ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan sənədlər, habelə məhkəmə gedişatı zamanı verilmiş izahatlar iddiaçının üzərinə götürmüş olduğu öhdəliyi icra etməsini və şərtləşdirilmiş miqdarda əşyanı cavabdehə satmasını təsdiq edir. Lakin iddiaçıdan fərqli olaraq cavabdehin əldə edilmiş razılığın şərtlərinə əməl etməməsi tərəflər arasında məhkəmə mübahisəsinin yaranmasına səbəb olmaqla, ididaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi ilə nəticələnmişdir. Məhkəmə qeyd edir ki, işin mübahisəli halı isə nisyə alğı-satqı münasibətləri əsasında iddiaçıya ödənilməli olan, lakin tam ödənilməmiş borcun məbləği ilə əlaqədardır. Belə ki, iddiaçının bildirdiyinə görə ona ödənilməli olan vəsaitin məbləği 17.400 manat, cavabdehə görə isə həmin vəsaitin miqdarı daha az olmaqla, ümumi borcdan 15.558 manat (4.891 manat ödənişin edilməsinə dair Polis Bölməsində saxlanılan qəbzlər, kart vasitəsilə köçürmə yolu ilə 4.128 manat, ödəmə terminalları vasitəsilə də nəğd qaydada 6.539 manat olmaqla) ödənilmişdir. Məhkəmə isə tərəflərin izahatlarını qiymətləndirib, işdə olan sənədləri nəzərdən keçirib, ödənilməmiş məbləğin 12.509 manat olduğu qənaətinə gəlir. Məhkəmə bu qənaətə gələrkən işdə olan ödəniş qəbzlərini, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, tərəflərin “WhatsApp” yazışmalarını və digər sənədləri əsas götürür. Belə ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə satmış olduğu əşyanın dəyərinin ödənilməsi məqsədilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Aparılmış araşdırma Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru O.Süleymanlının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə nəticələnmişdir. Həmin qərara əsasən müəyyən edilir ki, məsələ ilə əlaqədar tərəflər polis bölməsinə dəvət olunmuşlar. Cavabdeh verdiyi izahatında İddiaçı ödənilməli olan borcun 12.509 manat təşkil etdiyini bildirmişdir. Eyni zamanda qeyd edilməlidir ki, sonradan yuxarıda qeyd edilən Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru O.Süleymanlının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından şikayət verilmiş, şikayət əsasında araşdırma aparılmış və nəticə etibarı ilə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın təqdim edilməsi zamanı, yəni xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2022-ci il tarixli qərarın hələ də qüvvədə olduğu xüsusilə göstərilmişdir. Hazırda cavabdeh tərəf ödəniş qəbzlərinə istinad etsə də, həmin qəbzlərlə müəyyən olunur ki, qəbzlər 2021-2022-ci il tarixlərinə aid olmaqla, sonuncu ödəniş tarixi müvafiq qərarın (“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın) qəbul edilməsindən öncəki dövrə, xx.xx.2022-ci il tarixə təsadüf edir. Bununla da cavabdehin yaranmış borcundan müəyyən miqdarda ödənişlər etməsi (həm POS-terminal, həm də kart hesabı vasitəsilə) öz təsdiqini tapsa da, göründüyü kimi, həmin məbləğlərin ödəniş tarixləri cavabdehin polis orqanlarında borcunun 12.509 manat olmasına dair verdiyi izahatından öncəki dövrə aiddir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən işin araşdırılması zamanı sübutları qiymətləndirilərkən, iddiaçının təqdim etdiyi və cavabdehin sübut kimi dəyərləndirilməsinə etiraz etmədiyi “WhatsApp” yazışmaları da nəzərə alınmışdır. Sözügedən yazışmaların 11 aprel 2022-ci il tarixinə aid olması və cavabdehin həmin tarixə borcunun 13.000 manat civarında təşkil etməsini qəbul etməsi də ayın şəkildə müəyyən olunur. Əlavə olaraq məhkəmə vurğulayır ki, iddiaçı tərəfin borc məbləğini 17.400 manat həcmində tələb etməsində səbəb, cavabdehə görə bankdan kredit götürərək, cavabdehin əvəzinə ödənişlər edib əlavə məsrəflər etməsi, ona əlavə maddi ziyanın vurulması ilə əsaslandırır. Lakin iddiaçı məhz cavabdehlə aralarında olan münasibətlərlə əlaqədar bankdan kredit almasına, kredit aldığı məbləğlə qızıl-zinət əşyalarına görə borc ödəməli olmasına və s. dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfin öz növbəsində məhkəməyə təqdim etmiş olduğu etiraz ərizəsində onun tərəfindən 4891 manat məbləğində edilmiş ödəniş qəbzlərinin mövcudluğuna və həmin qəbzlərin Polis Bölməsində olmasına istinad edilsə də, həmin qəbzlər məhkəməyə təqdim edilməmişdir. Bununla da, həmin ödənişlərin edilib-edilməməsini işdə olan mövcud sənədlər əsasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinin tələbinə görə, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər...... Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 160 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 12.509 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 115 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12.509 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 115 manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar