Məhkəmə qərarları › İş №2(006)-2500/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2500/2021

30.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2500/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 1030 məhəllə ünvanında yerləşən binadan sahəsi 140 kv.m olan qeyri-yaşayış sahəsini "xxxx" MTK-dan 340.200 ABŞ dollarına almış və oranın təmirinə 100.000 ABŞ dolları məbləğində pul xərcləmişdir. Həmin binada yaşayan Cavabdeh1 yerlisi olduğundan onunla isti və yaxın münasibətləri olmuş, onun qızının yas mərasimində də iştirak etmişdir. Qızının yas mərasimindən sonra Cavabdeh1 ona geniş əlaqələrinin olduğunu və iş görmək üçün pul lazım olsa ona müraciət etməyi bildirdi. 2012-ci ildə ona 300.000 ABŞ dolları məbləğində pul lazım olduğu üçün Cavabdeh1 müraciət etmiş, sonuncu ona bildirmişdir ki, heç bir problem yoxdur, arvadı Cavabdeh3 ilə getsinlər, banka tapşırıb bu məsələni həll edəcəkdir. “28 May” metrostansiyasının yaxınlığında, Azərbaycan X1rşısında yerləşən bankda olduqdan sonra Arzu bildirdi ki, bankdan o məbləğdə pulu almaq üçün 10.000 ABŞ dolları banka pul vermək lazımdır və həmçinin ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 1030 məhəllə ünvanında yerləşən binadakı 140 kv.m qeyri-yaşayış sahəsinin 108 kv.m hissəsini Arzunun adına keçirilməlidir və iddiaçı bu şərtlərlə razılaşmışdır. Həmin qeyriyaşayış sahəsini ona satan Kərim adlı qohumundan müqavilə üzrə 108 kv.m yaşayış sahəsinin Cavabdeh3 adına keçirilməsini xahiş etdikdə Kərim bidirdi ki, bu işə razı olmasın, cavabdehlər onu aldadacaqlar. Lakin, iddiaçı onun sözünə qulaq asmamış, cavabdehlərin qoyduğu şərtləri yerinə yetirdikdən sonra Arzu bankdan götürüb ona 290.000 ABŞ dolları məbləğində pulu vermişdir. Həmçinin razılaşmaya görə, o, hər ay 4500 manat məbləğində pulu cavabdehlərə ödəməlidir. 20 ay ərzində 90.000 ABŞ dolları məbləğində pulu ödədikdən sonra, girov qoyduğu qeyri-yaşayış sahəsini satmaq qərarına gəlmişdir. Tez bir zamanda 420.000 ABŞ dollarına müştəri tapıb onunla behləşmışdir ki, qalıq 200.000 ABŞ dollarını da cavabdehlərə qaytarsın və qeyri-yaşayış sahəsini geri alsın. Lakin, Arzu bu məsələni bilən kimi, özündən çıxmış qeyri-yaşayış sahəsinin onun olduğunu və heç kimə satmadığını bildirmişdir. İddiaçı ödədiyi 90.000 ABŞ dollarını geri qaytarılmasını, əlavə 130.000 ABŞ dolları məbləğində pul ödəmələrini tələb etmiş, əvəzində isə obyekti onlara verməyi təklif etmişdir. Cavabdehlər pul ödəməkdən qəti şəkildə imtina etmişlər. Cavabdeh1 və qardaşı Cavabdeh2 isə bildirdilər ki, Arzunun işlərinə qarışmırlar, məsələni onunla özü həll etsin. Məcbur qalıb aldığı behi də tapdığı müştəriyə geri qaytarmış və artıq başa düşmüşdür ki, Şahbaz, Arzu və Cavabdeh2lardan ibarət bu mütəşəkkil dəstənin məqsədi yalnız hansı yolla olursa olsun əmlakını ələ keçirtməkdən ibarət olmuşdur və onlar da bu məqsədlərinə çatmışlar. Bununla bağlı cavabdeh şəxslərlə aralarında dəfələrlə söhbətlər olsa da, ağsaqqallar bu məsələyə qarışsa da, heç bir nəticəsi olmamışdır. Bir müddət qaçıb gizlənsələr də, 2020-ci ilin dekabr ayında Cavabdeh2la görüşüb ondan 220.000 ABŞ dollarını tələb etdikdə, Yaqub kobud formada davranmış, ünvanına təhqiramiz sözlər söyləməklə hədə-qorxu gəlmiş. “Hara əlin çalırsa get şikayət et!” deyərək halal pulunu verməkdən imtina etmişdir. Həmyerli və arasında münasibətlər olduğu üçün bu vaxtadək şikayət etmədiyi onun nəzərinə çatdırdıqda Yaqub bidirmişdir ki, bizə heç kim, heç nə edə bilməz və onu təhqir etmişdir. Artıq pulunu onlardan ala bilməyəcəyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, X4 müraciət edərək həmyerliləri olan cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh3 və qardaşı Cavabdeh2 onun adından istifadə edərək başına açdığı müsibətlərdən, yuxarıda qeyd olunduğu kimi öz zəhmətilə əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 1030 məhəllə ünvanında yerləşən binada 108 kv.m qeyri-yaşayış sahəsinin dəyərinin 440.000 ABŞ dolları olduğu halda əmlakının dəyərindən qat-qat aşağı məbləğə ələ keçirdiklərini və cavabdehlərin 220.000 ABŞ dolları məbləğində pulu ödəməkdən boyun qaçırdıqlarını və həmin pulun cavabehlərdən alınmasında köməklik olunmasını xahiş etmişdir. İlqar müəllim onu qəbul edərək cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh3 və oğlu X2 ona və digər vətəndaşlara qarşı çoxsaylı cinayət əməllərini törətdiklərini, istintaqdan yayınmaq məqsədilə 2016-cı ilin sonundan ölkə hüdudlarım tərk etdiklərini bildirmişdir. Cavabdeh1 və onun oğlu Şahbazlı Vüqar aşağıda qeyd olunan cinayət əməllərini törətmiş və hazırda barələrində müxtəlif istintaq orqanlarında cinayət təqibi aparılır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 220.000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. İddiaçı sonradan iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş zərərə görə 220.000 (iki yüz iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəməmədən xahiş etmişdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə dair etiraz təqdim edərək, mübahisə olunan qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən Cavabdeh3 satıldığını, aralarında borc münasibətlərinin olmadığını bildirmiş və tərəflər arasında olan müqavilə öhdəlikləri üzrə iddia müddətinin keçməsi ilə əlaqədar iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 10.06.2006-cı il tarixli İddiaçı ilə "xxxx" MMC-nin sədri C.Məmmədov arasında bağlanmış müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanında tikilən "xxxx" MTK-da 340.200 manat məbləğində qiymətləndirilən 140 kv.m qeyri-yaşayış sahəsi payçı İddiaçı verilmişdir. İş materiallarında olan 033 nömrəli, 02.10.2012-ci il tarixli İddiaçı ilə "xxxx" MMC-nin direktoru H.İbrahimov arasında bağlanmış müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binanın 32 kv.m qeyri-yaşayış sahəsi İddiaçı müəyyən olunmuş ümumi dəyəri tam məbləği ödənilməklə satılmışdır. İş materiallarında olan 02.10.2012-ci il tarixli Cavabdeh3 ilə "xxxx" MMC-nin direktoru H.İbrahimov arasında bağlanmış müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanında tikilən "xxxx" MTK-da 108 kv.m qeyri-yaşayış sahəsi müəyyən olunmuş ümumi dəyərinin tam məbləği ödənilməklə Cavabdeh3 satılmışdır. Müqavilədə eyni xətt nümunəsi ilə qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən satılmasına dair qeyd mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BMCM-nin 25.12.2019-cu il tarixli, 6/43-110206013 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh1 və qeyrilərinin qanunazidd hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ibtidai istintaq davam etdirilir. Beləliklə də, məhkəmə iclasında iddiaçının izahatları və işin digər halları ilə müəyyən olundu ki, İddiaçı əvvəllər yaxın münasibətlərdə olduğu Cavabdeh1 300.000 ABŞ dolları pula ehtiyacı olduğunu bildirmiş, sonuncu ona bu işdə arvadı Cavabdeh3 kömək edəcəyini bildirərək onunla banka getməyi və pulun məhz arvadı Cavabdeh3 tərəfindən ona veriləcəyini demişdir. Sonradan da tərəflər arasında razılaşma əsasında Cavabdeh3 290.000 ABŞ dolları məbləğində pulu İddiaçı vermiş, o isə öz növbəsində 20 ay müddətinə hər ay 4500 ABŞ dolları, ümumilikdə isə 90.000 ABŞ dolları məbləğində pulu Cavabdeh3 ödəmiş, həmçinin borcun təminatı kimi özünə məxsus olan ünvan 2 ünvanında tikilən "xxxx" MTK-da 108 kv.m qeyri-yaşayış sahəsini də onun adına rəsmiləşdirmişdir. Sonradan özünə məxsus qeyri-yaşayış sahəsini geri tələb etsə də, cavabdehlər bundan imtina etmişlər. Hazırda isə iddiaçı cavabdehlər tərəfindən aldadıldığını, qeyri-bərabər şərtlərlə müqavilə bağlamaq məcburiyyətində qaldığını, bu səbəbdən də ona vurulmuş 220.000 manat məbləğində ziyanın cavabdehlər tərəfindən müştərək qaydada ödənilməsini xahiş edir. Qeyd olunanlarla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində də hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında pozulmuş hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqazidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. İşin hallarının ətraflı araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 arasında yaxın münasibətlər yaranmış, bununla da qarşı tərəfin ona olan etibarından və xoş niyyətindən, iddiaçının müəyyən məbləğdə pula yaranmış ehtiyacından suiistifadə edərək qeyri-bərabər şərtlərlə, onu gələcəkdə maddi cəhətdən ağır vəziyyətə salan razılaşma əldə edilməsinə, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin öz arvadı Cavabdeh3 adına rəsmiləşdirilməsinə nail olmuşdur. Nəticədə iddiaçı özünəməxsus qeyri-yaşayış sahəsindən məhrum olunmuş, əmlakının geri qaytarılmasını və ya əmlakın əvəzində ona pul ödənilməsini tələb etdikdə isə rədd cavabı almış, bu hərəkətləri ilə də cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən ona maddi ziyan vurulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı adıçəkilən cavabdehlərdən maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, mübahisəli ünvan 2 ünvanında tikilən "xxxx" MTK-da 108 kv.m qeyriyaşayış sahəsinin əvvəlcə İddiaçı məxsus olduğu, sonradan isə, yəni 2012-ci ildə iddiaçının da qeyd etdiyi kimi pula ehtiyacının yaranması ilə bir zaman çərçivəsində 02.10.2012-ci il tarixdə Cavabdeh3 adına rəsmiləşdirilməsi, həmçinin müqavilədə məhz eyni xətt nümunəsi ilə qeyriyaşayış sahəsinin İddiaçı tərəfindən Cavabdeh3 satılmasına dair qeydin mövcudluğu iddiaçının irəli sürmüş olduğu – “özünəməxsus qeyri-yaşayış sahəsini almış olduğu borcun təminatı kimi Cavabdeh3 adına rəsmiləşdirilməsi” fikri işin faktiki halları ilə tam təsdiq olunur. Həmçinin, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış və iddiaya qarşı etiraz kimi qiymətləndirilən ərizəsində göstərdikləri ilə əlaqədar məhkəmə hesab edir ki, cavabdeh tərəfin irəli sürmüş olduğu hallar öz daxilində ziddiyyət təşkil edir. Belə ki, cavabdeh tərəf əvvəlcə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin ona 300.000 ABŞ dollarına satıldığını iddia edir, iddiaçının cavabdehdən borca pul aldığını və həmin sahəni də ona borcun təminatı kimi müvəqqəti verdiyini inkar edir. Digər tərəfdən isə, tərəflər arasında yaranmış olan müqavilə öhdəliklərindən əmələ gələn iddialar üzrə qanunla müəyyən olunmuş iddia müddətinin keçməsi ilə əlaqədar iddia müddətinin tətbiq olunmasını, iddianın da bu əsasa görə rədd olunmasını məhkəmədən xahiş edir. Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməli və tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdır. Avropa Məhkəməsinin “X3rşı” iş üzrə 1994-cü il 9 dekabr və “Buzescu Rumıniyaya qarşı” iş üzrə 2005-ci il 24 may tarixli Qərarlarına əsaslanaraq məhkəmə cavabdehin iddia müddətinin keçməsi ilə əlaqədar vəsatətinə qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Qeyd olunan tələb üzrə məhkəmə məhz iddiaçının əmlakına olan hüququnun digər şəxslərin qeyri-qanuni hərəkətləri nəticəsində pozulması, yol verilmiş pozuntuların aradan qaldırılması haqqında tələb kimi qiymətləndirir və hesab edir ki, baxılan iddia tələbi üzrə iddia müddəti şamil edilməməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ona vurulmuş ziyanı Cavabdeh2 tələb etmək hissəsinə dair tələbinin məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyi qənaətinə gələrək iddianın bu hissədə təmin olunmasını mümkün hesab etmir. Belə ki, iddiaçının həm ərizəsindən, həmçinin də məhkəməyə vermiş olduğu izahatlarından məlum olur ki, o, borca pulun alınması, əvəzində təminat kimi özünəməxsus qeyri-yaşayış sahəsinin Cavabdeh3 adına rəsmiləşdirilməsində, sonradan ona vurulmuş ziyanın ödənilməsini tələb edilməsi zamanı da Cavabdeh2 iştirakı heç bir hal ilə sübuta yetirilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 aldatma nəticəsində ona ziyanın vurulmasında bu və ya digər formada iştirakını göstərən halları sübut edə bilmədiyindən, həmçinin bu işin halları ilə də təsdiq olunmadığından adıçəkilən cavabdehə münasibətdə iddia təmin oluna bilməz. Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya vurmuş olduqları zərərə görə mülki məsuliyyətləri yarandığından İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı "zərərin əvəzinin ödənilməsi” tələbi təmin edilməli, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada dəymiş zərərə görə 220.000 ABŞ dolları məbləğində pul alınaraq İddiaçı verilməlidir. Cavabdeh2 münasibətdə isə iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dəymiş zərərin əvəzi kimi 220.000 (iki yüz iyirmi min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar