Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2507/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci ildə Lənkəran rayonu, Yuxarı- Nüvədi kəndində anadan olub. Əvvəllər həbsdə olduğu üçün kəndlərində hansı cinayət hadisəsi baş versə, polis işçiləri ondan şübhələnirdilər. 17 fevral 2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində yaşayan əmisi X1 arvadı yaşadığı evində öldürülmüş və onun qızıl əşyaları götürülmüşdür. Polis işçiləri onu tutaraq Zümrüdün onun tərəfindən öldürülməsini deyərək onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmış, həmin saatlarda polis işçiləri onun anası və bacısını da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmışlar. Polis işçiləri iddiaçını şöbədə döyməyə başlamış, skoçla bədənini yarıyadək sarımaqla əmisi arvadını öldürməyini və qızıl-zinət əşyalarını götürməyini etiraf etməyini, qızılları təqdim etməyini tələb etmişlər. Lakin o ilk saatlarda ölüm işini boynuna götürmədiyindən həbsdə saxlanılması üçün polis işçiləri guya onu 17 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində narkotik vasitə ilə bağlı olaraq Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində saxlamaları barədə sənədləri tərtib etmiş, iddiaçının üzərində olan siqaret qutusunun içərisində psixitrop maddə metamfetamin və narkotik vasitənin çəkilməsində istifadə olunan falqa qoymuşlar. Onu CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verəcəklərini vəd etmiş və vəkil çağırmaqla vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparmışlar. İddiaçı polis işçilərinin təzyiqləri altında cibinə polis tərəfindən qoyulmuş metamfetamini çıxarıb təqdim etmiş, guya psixotrop maddənin özünə məxsus olmasını, kəndlərində yaşayan Mahmud adlı şəxsdən 35 manat pula almağını göstərmişdir. Halbuki, iddiaçı Mahmud adlı hər hansı şəxsi tanımır. Polis işçiləri anasını və bacısını da iki gün polis şöbəsində saxlamışlar. Həmin ölüm işi ilə əlaqədar olaraq digər qonşuları da polis şöbəsinə gətirməklə qeyri-rəsmi olaraq araşdırmalar aparmış, onunla üzləşdirmişlər. İki gün sonra artıq işgəncəyə dözə bilməyib, ölümü boynuna götürmüş və bu barədə etirafedici ifadə vermişdir. Həmin vaxtı anasını və bacısını da 48 saat polis şöbəsində saxladıqdan sonra buraxmışlar. 19 fevral 2023-cü il tarixə keçən gecə Zümrüd Əliyevanın gəlini Gülmirə Əliyevanın dayısı X2 tərəfindən öldürülməsi məlum olmuş və Əminağa Quliyevin cinayət yolu ilə ələ keçirilmiş qızıllar və cinayətin aləti olan bıçaq da tapılmışdır. Həmin gün səhər saatlarında iddiaçını polis rəisinin yanına aparmış və həmin vaxt artıq X3 Quliyev tərəfindən öldürülməsi məlum olmuşdur. Əminağanı tutub, polis şöbəsinə gətirmişlər. Beləliklə də iddiaçının heç bir təqsiri olmadığı halda əsassız olaraq onu 17 fevral 2023-cü il tarixində saat 10:10-da Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Baxşəli Rufullayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2023-cü il tarixdə o, Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və həmin tarixdə barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. 19 fevral 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü və 234.1-1-ci maddələrinə tövsif edilməklə istintaq həmin maddələrlə davam etdirilmişdir. 20 fevral 2023-cü il tarixdə iddiaçıya Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü və 234.1-1-ci maddələri ilə yeni məzmunlu ittiham elan edilmişdir. 14 iyun 2023-cü il tarixdə barəsində olan ********* saylı cinayət işi üzrə ittiham aktı tərtib edilmiş və həmin ittiham aktı həmin tarixdə məhkəməyə verilmişdir. Onun barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmış və məhkəmənin 24 may 2024-cü il tarixli 1-(099)-72/2024 saylı hökmü ilə ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyinin sübuta yetirilmədiyinə görə bəraət verilmiş və barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə də, iddiaçı bütün bu dövr ərzində qanunsuz olaraq 01 il 03 ay 07 gün həbsdə saxlanılmışdır. Buna baxmayaraq həmin hökmdən apellyasiya protesti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası özünün 02 avqust 2024-cü il tarixli, 1(106)-641/2024 saylı qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2024-cü il tarixli hökmü dəyişdirmədən saxlanılmışdır. Bundan sonra kassasiya protesti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyası özünün 07 yanvar 2025-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2024-cü il tarixli qərarı dəyişdirmədən saxlanılmışdır. İddiaçı həbs edilməmişdən əvvəl günəmuzd fəhlə işləyərək ailəsini dolandırmışdır. Bundan əlavə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əsassız olaraq Lənkəran ŞRPŞ-də və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Təcridxanasında həbsdə saxlanılmaqla, azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə 20000 manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətindən qalmışdır. Bundan əlavə iddiaçı günahsız olaraq 01 il 03 ay 07 gün müddətə haqsız yerə azadlıqdan məhrum olunduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət iddiaçıda əsəb pozuntusu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, heç bir əsas olmadan Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-1 -ci maddələri ilə barəsində cinayət işi başlanmış və bir ildən çox həbsxanada qalmağa məcbur olmuşdur. Həmçinin polis əməkdaşları iddiaçı ilə bərabər anasını və bacısını da əsassız yerə gətirib, 48 saat polis şöbəsində saxladıqlarına görə iddiaçının özünə qəsd etmək həddinə çatdırmışlar. Bütün bunların nəticəsində çox böyük psixoloji sarsıntılar, əsəb gərginliyi keçirmişdir. Həmçinin, iddiaçı tutulmamışdan əvvəl günəmuzd usta yanında köməkçi gündəlik 40-50 manata işləməklə özünü və ailəsini dolandırmış, tutulduğu müddətdə o, bu qazancından məhrum edilmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı vurulmuş maddi ziyana görə 29500 manat və mənəvi ziyana görə 20000 manat məbləğində pul vəasitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən, aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutları təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 29500 manat kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vegi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinı dair əsaslı sübutlar göstərə bilməmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən kompensasiya ödənilməsini tələb edir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin nümayəndlərinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə verilən xx.xx.2025-ci il tarixli, 12-31/57 saylı arayışa əsasən İddiaçı həqiqətən Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayır və həbs olunana qədər günəmuzd fəhlə, usta köməkçisi olmaqla fərdi əməklə məşğul olmuşdur. 8.Mülki işin materiallarında olan Lənkəran rayon prokuroru tərəfindən təsdiq edilən İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli ittiham aktından görünür ki, İddiaçı 17 fevral 2023-cü il tarixdə saat 18:10-da Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə ittiham elan edilmişdir. 9.Mülki işin materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-72/2024 saylı hökmə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. 10.Mülki işin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(106)-641/2024 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-1-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-72/2024 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 11.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli,1(102)-168/2025 saylı qərarına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişirilmədən saxlanılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və sonda xx.xx.2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə ittiham elan edilsə də, təqsirliliyi sübuta yetirilmədiyi üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona həmin maddlərlə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, o, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hökm, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə isə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, beləliklə, iddiaçıya bəraət verilməsinə dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəsini almışdır. 13.Hazırda İddiaçı qanunsuz həbsə alma nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, həbsdə olduğu dövrdə usta yanında köməkçi fəaliyyəti ilə məşğul ola bilməməsi, yaxınlarının ona yemək gətirməsi ilə bağlı maddi, barəsində digər insanlarda mənfi fikir formalaşması, psixoloji sarsıntı, əsəb gərginliyi keçirməsi ilə bağlı isə mənəvi zərərin ona ödənilməsini xahiş edir
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.«İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. 9-cu maddəsinə əsasən heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 15.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0, 56.0.5-ci maddələrinə əsasən qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 16.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096, 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 18.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 19.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxudqadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır 20.İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək, yəni 1 il 3 ay 7 gün müddətində qanunsuz olaraq həbsdə saxlanıldığından, barəsində cinayət təqibi başlandığından ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. 21.İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı usta yanında köməkçi fəaliyyəti ilə məşğul ola bilməməsi, təcridxanaya yaxınlarının ona yemək gətirməsi ilə bağlı 29.500 manat maddi zərərə məruz qaldığını iddia etsə də, o, bu zərərin real olmasını (konkret qazancının olmasını) sübuta yetirməmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. 22.İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 1 il 3 ay 7 gün müddətində həbsdə saxlanılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. İddiaçının qanunsuz olaraq həbsdə saxlanılması və barəsində cinayət təqibinin başlanması nəticəsində ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi 20.000 manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, məhkəmə iş üzrə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 15 ay müddətinə həbsdə saxlanıldığı, barəsində cinayət təqibi başlanıldığını nəzərə alaraq 16.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 16.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. 23.Məhkəmə iddianın digər cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə qiymət verərək hesab edir ki, bu halda qeyd edilən cavabdeh subyektiv cavabdeh deyildir və ona qarşı iddia tələbi təmin edilməməlidir. Belə ki, dövlət orqanın vurmuş olduğu zərər görə yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası subyektiv cavabdehdir. 24.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 16.000 (on altı min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 27.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 28.Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 16.000 (on altı min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə və Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.