Məhkəmə qərarları › İş №2(006)-251/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-251/2022

06.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-251/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi - X1 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna qarşı «miras əmlakdan payın müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna qarşı «miras əmlakdan payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anaları Əzimova (Levina) Nina Nikolayevnadan miras qalmış Bakı şəhəri Əbilov küçəsindəki 76 saylı miras əmlakdan onun 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia ərizəsini onunla əsaslandırmışdır ki, anası Əzimova (Levina) Nina Nikolayevna 10 fevral 2009-cu il tarixdə vəfat etmişdir. Anası Ninanın vəfatından sonra xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Əbilov küçəsindəki 76 saylı ev miras əmlak kimi qalmışdır. Mərhum anasının ondan başqa daha iki birinci növbəli vərəsələri vardır. Bunlar bacısı Cavabdeh1 və Cavabdeh2dur. Analarının vəfatından əvvəl və sonra da bacısı Cavabdeh1 analarından miras qalmış evdə yaşamış və bu gün də orada qeydiyyatda olmaqla yaşayır. O isə anaları vəfat etməzdən əvvəl və sonra da analarından miras qalmış evlə mütəmadi əlaqə saxlamış, bacısı kimi o da miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bacısından fərqli olaraq sadəcə o, analarından miras qalmış evdən ailə qurduqdan bir müddət sonra qeydiyyatdan çıxmışdır. Bacısı ilə ikisi miras əmlakı faktiki qəbul etdiklərinə görə mirasdan pay ayrılması barədə hər hansı fikirləri olmamışdır. Ona görə də, o, miras əmlakdan ona düşən payın verilməsini 13 saylı Notariat Kontorundan ərizə ilə xahiş etmiş, lakin cavabdeh ərizəsinə cavab verməmişdir. Hazırda belə qənaətə gəlmişlər ki, obyektiv səbəblərdən miras əmlakdan payın bölüşdürülməsi zəruridir. Lakin cavabdehlərdən biri Azərbaycan Respublikasında yaşamadığına görə miras əmlaka payın qarşılıqlı razılaşma ilə müəyyən edilməsi mümkün deyildir. Qeyd etdiyi kimi, o, bu gün orada yaşamasa da, anaları vəfat edəndən sonra daimi olaraq miras qalmış evə gedib-gələrək əlaqə saxlamışdır. Anasının yas mərasimini o və həyat yoldaşı vermiş, qəbrüstü daşı onlar qoydurmuşlar, bütün xərcləri onlar birlikdə çəkmişlər. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 13 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 13 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23 noyabr 2021-ci il tarixli **********81 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu İbrahim Əbilov küçəsi 76 ünvanda yerləşən yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatının aparılmasına dair məlumatların təqdim edilməsi barədə sorğuya Xidmətdə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarına əsasən Bakı şəhəri Nəsimi rayonu İbrahim Əbilov küçəsi 76 ünvanda yerləşən mənzilin şəxsi hesab vərəqi Bakı şəhəri Nəsimi rayon X9 İcraiyyə Komitəsinin 1982-ci il tarixli protokolu ilə mənzilin sahibi Baba Əzimov vəfat etdiyi üçün X5 adına dəyişdirilmişdir. Sözügedən mənzil Bakı şəhər İcra Hakimiyyəti başçısının Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 41 nömrəli mənzil istismar sahəsinin 08.09.1997-ci il tarixli mənzilin kommunal-məişət vəziyyəti barədə (2 №-li forma) arayışına və qeydiyyatda olan şəxslərin - o cümlədən Cavabdeh2 və X7 razılıq ərizələrinə, Əzimova (Useynova) Tamilla Nadir qızının və X4 qeydiyyatdan çıxması barədə arayışlara əsasən 12.12.1997-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 fevral 2020-ci il tarixli 05/U-01-13 saylı məktubunda görünür ki, X2 ərizəsi araşdırılmışdır. Müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi X5 mülkiyyətində olmuşdur. N.Əzimova 10.02.2009-cu ildə ölmüş və ondan miras qalmış əmlaka dair 17.12.2005-ci tarixdən həmin ünvanda qeydiyyatda olan qızı Cavabdeh1 ərizəsi əsasında 18.04.2016-cı il tarixdə mərhumun adına vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Bununla belə, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyinə dair ərizəni, yaxud əmlaka sahiblik və ya idarə etməyə faktiki başlamağı ilə bağlı müvafiq sənədləri əldə etmək mümkün olmamışdır. Eyni zamanda mirası qəbul etmiş digər vərəsə Cavabdeh2 notariat ofisinə müraciət etməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü, 1243-cü və 1246-cı maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər o halda vərəsə ola bilərlər ki, onlar mirasın açıldığı yer üzrə notariat orqanına mirasın qəbulu üçün qanunla müəyyən edilmiş altı ay müddətdə ərizə versinlər, habelə əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş olsunlar. Lakin vərəsə susduqda, yəni qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul və ondan imtina etmədikdə, Mülki Məcəllənin 1273-1-ci maddəsinə görə həmin vərəsənin payı qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir. Həmin Məcəllənin 1248.1-ci maddəsində göstərildiyi kimi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik şəhadətnaməsi verərkən, sübutlar tələb etmək yolu ilə miras qoyanın ölum faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Göstərilənlərə əsasən ərizəçiyə izah edilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (miras qalmış əmlakı faktiki qəbul edərək sahiblik etməyə başlamasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna qarşı «miras əmlakdan payın müəyyən edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna qarşı «miras əmlakdan payın müəyyən edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar