Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2517/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 3000 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, cavabdeh onun etibarından sui-istifadə edərək pulu mənimsəmişdir. Belə ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin güzəştli şəkildə verdiyi “Məzun evləri” layihəsinə qoşulmuş və ordan 45 kv.metr Masazırda yerləşən həmin kompleksdən ev almaq istəmişdir. Həmin zaman cavabdehlə danışmış və söhbət zamanı cavabdeh bildirmişdir ki, ona 3000 manat pul versə, onu mənzil növbəsində irəli salacaqdır. Təxminən 1 ay sonra ev ona veriləcəkdir. Bu məqsədlə cavabdeh ondan 3000 manat pul istəmişdir. O, da bacısının və anasının şahidliyi ilə cavabdehə 3000 manat pul vermişdir. Bunun əvəzində 2020-ci ilin fevral ayının əvvəlində ev ona təhvil verilməli idi. Lakin hələ də mənzil ona verilməmiş, cavabdeh verdiyi vədə əməl etməmiş, onun mənzil növbəsinə yazılmağına, evlə təmin edilməyinə heç bir köməklik göstərməmişdir. Dəfələrlə pulun qaytarılmasını tələb etsə də, min bir bəhanələr gətirmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin olunmasını Məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmənin sorğusu əsasında Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsindən götürülmüş və öyrənilmiş 941 saylı rədd materialından görünür ki, 13 may 2020-ci ildə İddiaçı DİN-in 102 xidmətinə, 22 dekabr 2019-cu ildə Səxavət adlı şəxsin ona ev verilməsi ilə təmin edəcəyinə dair söz verib 3000 manat pul və sənədlər alması, lakin vədinə əməl etməməsi barədə verdiyi məlumat 15-ci PB-də HK-1/960 sayı ilə qeydə alınaraq icraata daxil olmuşdur. Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin baş təhqiqatçısı X1 tərəfindən araşdırma aparılmış və cinayət hadisəsi aşkar edilmədiyindən 23 may 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdi. Rədd materialından göründüyü kimi, təhqiqat zamanı Cavabdeh izahatı alınmış və izahatında bildirmişdir ki, həqiqətən 6 ay bundan əvvəl Camalədən növbəsiz ev almasında köməklik göstərməsi üçün 3000 manat pul almış, lakin pul verdiyi adam işi uzatdığı üçün Camaləyə dediyi vaxtda köməklik göstərə bilməmişdi. Etdiyi əməlin məsuliyyətini dərk edir. İyun ayının 15-dək Camalənin pulunu geri qaytaracağına dair söz vermişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddiaçı cavabdehdən 3000 manat pul tələb etsə də, həmin məbləğin cavabdehə təqdim etməsinə dair özü məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Lakin cavabdeh növbəsiz ev almasında köməklik göstərməsi üçün iddiaçıdan 3000 manat pulu almasını təhqiqat zamanı bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı bu cür etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını qanunla qorunan mənafelərini pozmur. Beləliklə, aşağıda qeyd olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh 3000 manat məbləğində pul vəsaiti alınmalı və İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MM-nin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Bundan başqa, Azərbaycan Respublikası MM-nın 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Eyni Məcəllənin 1092.1-ci maddəsi isə tələb edir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin MM-nin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 3000 (üç min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2517/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2517/2021
18.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver