Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-252/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndələri Nümayəndə1, X2, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh1 MMM-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24.08.2020-ci il tarixdə Cavabdeh2 adlı şəxsdən Almaniya istehsalı olan «BMW 745» markalı avtomobil almışdır. Avtomobil yoxlatdırmaq üçün Azərbaycanda BMW-nin rəsmi servisi olan Cavabdeh1 MMM-nin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsində yerləşən servisinə aparmışlar. Onları içəri buraxmadılar. Maşını yoxlayıb onlara xarab olmuş detalları bardə sevris aktı verdilər. 14.01.2021-ci il tarixdə maşında yaranmış nasazlıqla əlaqədar olaraq maşını «Red Motors» servisə aparmışdır. Maşının iddiaçı aldığı vaxtdan öncə olan qüsurları ortalığa çıxdı ki, həmin qüsurları iddiaçı maşını aldığı vaxt Cavabdeh1 ona deməmişdir. Belə olan halda iddiaçı maşının idarə olunması üçün lazım olan detalları deyişmişdir ki, bnunl iddiaçıya 2745 ianat ziyan dəymişdir. Maşının digər qüsurları hazırda qalırlar ki, iddiaçı bunları qanunla müəyyən edilmiş formada dəymiş maddi zərər olaraq cavabdehdən tələb edə bilmək üçün təmir etdirməmişdir. Maşın ailəsi ilə birlikdə yol getdiyi zaman xarab olmuşdur ki, həmin vaxt ailəsi və iddiaçı güclü ruhi həyəcan keçirmişlər ki, bununla da cavabdeh onlara mənəvi ziyan vurmuşdur. Göstərilənləri nəzərə alaraq 2745 manat dəymiş zərərin, əlavə olaraq 2000 manat mənəvi zərərin vç ödənilmiş 30 manat dövlət dövlət rüsumunun, ümumilikdə 4775 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MMM-dən və Cavabdeh2 iddiaçıya dəymiş 2745 manat maddi ziyanın, 2000 manat mənəvi ziyanın, ümumilikdə 4.775 manat və dövlət büdcəsinə ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, tərtib olunmuş ekspert rəyi ilə razı deyil, zatən ekspertizanın keçirilməsi qəsdli şəkildə çox uzadılmışdı. Ekspertin də bu məsələyə qərəzli yanaşdığını düşünür. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh1 MMM-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, maşın onlara yoxlama üçün gəldikdən 4 ay 20 gün keçdikdən sonra belə bir problemin ortaya çıxması problemin onların yoxlanış zamanı mövcudluğunu böyük şübhə altına qoyur. Həmin problem qeyd etdiyi 4 aylıq müddət ərzində də yarana bilərdi. Maşın 2003-cü il istehsalıdır və daha öncə də sürülmüşdür. Bu da o deməkdir ki, həmin problem onların yoxlanışdan əvvəl də, sonra da yarana bilərdi. Qüsur aktında maşın alt hissəsindəki digər qüsurlar qeyd edilmişdir və bu da o deməkdir ki, maşının alt hissəsinə baxış keçirilmişdir. Maşının alt hissəsinə baxış keçirilən zaman bu cür böyük qüsurun nəzərə çarpmaması mümkün deyil. Var olan qüsurun gizlədilməsində onların müəssisəsinin nə kimi marağı ola bilər. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh1 MMM-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, maşının alt hissəsinə baxış keçirilən zaman bu cür böyük qüsurun nəzərə çarpmaması mümkün deyil. Onların müəssisənin qüsurun gizlədilməsində heç bir marağı ola bilməzdi. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, maşın onun adına alınmışdı, lakin dayının istifadəsində idi. Onlar maşını başqasından almışlar. Nə maşını alanda, nə istifadə edərkən, nə də satan zaman belə bir qüsurun olu-olmaması barədə məlumatları olmayıb. Yalnız bu cür məhkəmə mübahisəsinin olduğunu bilərkən maşında belə bir qüsurun olduğundan xəbər tutmuşlar. Maşın iddiaçıya satılarkən servisdə çıxan qüsurlara görə 2000 manata yaxın endirim etmişdik. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan İmprotex Motors tərəfindən tərtib edilmiş 24.08.2020-ci il tarixli servis hesabının surətindən görünür ki, «BMW 745» markalı, **-OH-*** dövlət nömrə nişanlı avtomobilin diaqnosika keçirilmiş, avtomobilin «arxa əyləc slanqları, qabaq amartizatorlar, qabaq sağ amartizator yastığı və udarniklər, qabaq sol vozduxovod və xekendaz, qabaq sol stoyka stabilizator, motor yastıqları, alt sol qoruyucu qırıqdır, kotobkanın alt qoruyucusu, qabaq sol aşağı qol, rulevoyun yağı azdır, baçokun qapağı, dinamonun alt hissəsində yağ izləri var, kardanda səs var, elektronika soyudan ventilyator, EHC qabaq sensoru, İNKA: Pecin idarəetmə sistemində nasazlıq, EMF ruçnoy, 6sil nataraz işləyir, 222520 km osibkalar silinib, sürücü qapısının derjateli» qeyd edilmiş və xidmət üçün cəmi 57,63 manat vəsait hesablanmışdır.
10. İş materiallarında olan Red Motors tərəfindən tərtib edilmiş 15.01.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, İddiaçı aid dövlət nömrə nişanlı **-FY-*** olan «BMW 745» avtomobili «Red Motors»un servisində texniki baxışdan keçirilmiş və avtomobilin travers, qabaq əyləc diskləri, stabilizatorun şlankları, razvalni qollar, sağ asqı qollar, səs boğucunun əzik olması (sol tərəf), qabaq sağ stoyka stabilizatoru ehtiyat hissələrinin dəyişdirilməsi və xidmət üçün cəmi 2745 manat vəsait hesablanmışdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8495-8/2994 saylı, 21 yanvar 2022-ci il tarixli ekspertizasının rəyindən görünür ki,
12. 1-ci sual üzrə: - 15.12.2021-ci il tarixdə baxışa təqdim olunmuş «BMW» markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobildə olan nasazlıqların siyahısı rəyini tədqiqi hissəsində qeyd edilmişdir : avtomobilin ötürücü qutusunun elektron hidroblok sistemi, konisionerin təzyiq (elektron) göstəricisi, kondisionerin temperatur göstəricisi, konisionerin kompressoru, duracaq tormoz sisteminin elektron bloku, sol qabaq qapının şüşəqaldıran mexanizmi, qabaq sol təkərin stupsiyası, katalizatorun elektron göstəricisi, karopkadan radiatora ötürülən yağ şlanqı, alt qoruyucu plasmas (sol tərəf), mühərrikin alt hissəsində olan dəmir qoruyucunun üzəri və işlənmiş qarların xaricetmə borusunun sol hissəsi əzilmişdir.
13. 2-ci sual üzrə: - 15.12.2021-ci il tarixdə avtomobilə baxış zamanı müəyyən olunan nasazlıqdar 24.08.2020-ci il tarixdən əvvəl mövcud olmuşdursa onda həmin nasazlıqlar qeyd olunan tarixdə avtomobilə baxış zamanı müəyyən edilə bilərdi.
14. 3-cü sual üzrə: - Ekspertizada istifadə olunması üçün təsdiq edilmiş metodika olmadığından, nəqliyyat vasitəsində olan nasazlıqların konkret yaranma vaxtını yol nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir.
15. 4-cü sual üzrə: - nəzəri hesablama yolu ilə «Z&Z» servisinin 14.12.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2003-cü il buraxılışlı «BMW 745» markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2795,0 manat müəyyən edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 2003-cü il buraxılışlı «BMW 745» markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobili internet saytından bəyənmiş, almaq üçün avtomobili Cavabdeh1 MMM-də yoxlanışdan keçirmişdir. Yoxlanış zamanı avtomobildə müəyyən qüsurlar aşkar edilərək iddiaçıya qüsur aktı təqdim edilmişdir. Daha sonradan iddiaçı avtomobili alğı-satqı edərək öz adına rəsmiləşdirmişdir. Bir müddət keçəndən sonra avtomobildə nasazlıq yaranmış və yenidən başqa servisə yoxlanışa aparmış, yoxlanış zamanı avtomobilin digər əlavə qüsurlarının olması müəyyən edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Məhkəmə qeyd edir ki, iddiaçı ona vurulmuş 2745 manat maddi ziyanın olmasını göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
20. Belə ki, iddiaçı 2003-cü il buraxılışlı «BMW 745» markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobili öz adına rəsmiləşdirməmişdən əvvəl yalnız Cavabdeh1 MMMdə yoxlatmışdır. Cavabdeh1 MMM-də yoxlanış zamanı sonradan digər servisdə müəyyən olunan qüsurlar həmin an aşkar edilməmişdir. İddiaçı avtomobili alğı-satqı etdikdən sonra təqribən 4 (dörd) aya yaxın müddət ərzində istifadə etmişdir. Məhkəmə zamanı isə nə ekspertiza rəyi ilə, nədəki iddiaçı tərəfindən sonrakı qüsurların yaranma anı və səbəbi sübuta yetirilə bilinməmişdir. Bu hal isə onu göstərir ki, qeyd olunan sonuncu qüsurlar iddiaçının avtomobili alğı-satqı etdikdən sonra öz istifadəsində olduğu zamanda yarana bilərdi. İddiaçının hazırki iddiası isə yalnız formal mülahizələrə əsaslanmış və əksinin sübut edən (həm əvvəlki, həm alğı-satqı zamanı qüsurların fotoşəkilləri və s) sübutlar təqdim edilməmişdir. Belə olduqda, iddiaçı ona 2745 manat maddi ziyan dəydiyini məhkəmədə həm özü tərəfindən, həm ekspert rəyi ilə də sübuta yetirə bilməmişdir.
21. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
22. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
23. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
24. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
25. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
28. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
29. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu da sübuta yetirə bilməmiş və həmçinin iddianın maddi tələb hissəsi rədd olunduğundan mənəvi tələb hissəsidə rədd olunmalıdır.
30. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir.
31. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov