Məhkəmə qərarları › İş №2(006)-2527/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2527/2025

10.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2527/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “sənədlərin təqdim edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “sənədlərin təqdim edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinin onun ərizəsinə və eyni məzmunlu vəkil sorğusuna cavab vermədiyinə görə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, xx.xx.2008-xx.xx.2010-cu il tarixədək Cavabdeh2 ASCdə olan "xxxx" Firmasına məxsus sənədlərin, kredit və ipoteka müqavilələrinin, bankdan pul vəsaitlərinin götürülməsi haqqında qəbzlərin, mədaxil və məxaric orderlərinin, imza nümunələrinin, əmrlərin, protokolların, çıxarışların ona təqdim edilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-2010-cu illərdə "xxxx" firmasında icraçı direktor vəzifəsini icra etmiş, həmin dövrdə Cavabdeh2 ASC tərəfindən sözügedən firmaya xeyli miqdarda kredit verilməsi üçün sənədlər hazırlanmış, imzalanmış və tərəfə təqdim edilmişdir. 2017-ci ildə bank ləğv prosesinə daxil olduqdan sonra bütün sənədlər Əmanətlərin Sığortalanması Fonduna verilmişdir. Ona görə də xx.xx.2024-cü il tarixdə Fonda həmin firmaya xx.xx.2008xx.xx.2010-cu il tarixlərdə verilmiş kredit və ipoteka müqavilələrinin, bankdan pul vəsaitlərinin götürülməsi haqqında qəbzlərin, bank mədaxil və məxaric orderlərinin, imza nümunələrinin, əmrlərin və protokolların, çıxarışların surətlərinin verilməsi ilə bağlı sorğu ünvanlanmışdır. Lakin Fond nə 15 gün, nə də 30 gün ərzində rəsmi cavab verməmişdir. Buna görə də hərəkətsizliyi qanunsuz hesab olunmalıdır. İddia ərizəsi isə qanuni və əsaslı olduğundan təmin edilməlidir.

3. İddiaçı ərizə təqdim edərək, Cavabdeh2 ASC-nin də hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin qərardad ləğv edilmişdir.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Əmanətlərin Sığortalanması Fondu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. "xxxx" firmasının təsisçilərinin ümumi iclasının 03 yanvar 2008-ci il tarixli protokolundan çıxarışdan görünür ki, X6 firmanın Baş direktoru vəzifəsinə, İddiaçı firmanın direktoru vəzifəsinə, X2 baş mühasib vəzifəsinə, X7 mühasib vəzifəsinə təsdiq edilməsi qərara alınmışdır.

10. Məhkəmənin sübutların tələb edilməsi ilə bağlı müvafiq qərardadı əsasında Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən müvafiq notariat işləri məhkəməyə təqdim edilmişdir. Həmin işlərdə olan: 10.1. xx.xx.2005-ci il tarixli, 02/06-341 nömrəli kommersiya təşkilatlarının Dövlət reyestrindən Çıxarışa əsasən "xxxx" firmasının əvvəlki təsisçiləri X10, Nümayəndə2, X8 və onların nizamnamə kapitalında pay miqdarı hər biri üçün 33,3%-dir. Hazırkı təsisçilər X10, Nümayəndə2, X8, X11 və onların nizamnamə kapitalında pay miqdarı hər biri üçün 25%-dir. Qanuni təmsilçi Nümayəndə2dur. 10.2. "xxxx" ASC (borcverən) ilə "xxxx" fimasının direktoru X10 (borcalan) arasında bağlanmış 02 aprel 2008-ci il tarixli, 136/0-SKMF nömrəli kredit müqaviləsindən görünür ki, borcverən borcalana “istehsalın genişləndirilməsi” məqsədilə 26 dekabr 2012-ci ilədək, 15 ay güzəşt müddətinə, illik 7 faiz olmaq şərtilə 650.000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri ödəniş cədvəlinə əsasən borcverənə qaytarmağı öhdəsinə götürür. 10.3. İpoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan və borcalan "xxxx" fimasının direktoru X10 arasında bağlanmış 02 aprel 2008-ci il tarixli, İP1-136/0-SKMF nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0.34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini (25 saylı təsərrüfat malları mağazası) bankla "xxxx" fiması arasında bağlanmış 29 avqust 2003-cü il tarixli, 18 SKMF nömrəli, 26 dekabr 2007-ci il tarixli, 13-07 SKMF nömrəli və 02 aprel 2008-ci il tarixli, 136/0-SKMF nömrəli kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka saxlayana ipotekaya verir. 10.4. "xxxx" ASC (borcverən) ilə "xxxx" fimasının direktoru X10 (borcalan) arasında bağlanmış 01 may 2008-ci il tarixli, 163A/21-AZN nömrəli kredit müqaviləsindən görünür ki, borcverən borcalana “digər bankda kredit borcunun bağlanması və avadanlıqların alınması” məqsədilə illik 22 faiz olmaqla 1.000.000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri qeyri-standart qrafik üzrə borcverənə qaytarmağı öhdəsinə götürür. 10.5. İpoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan və borcalan "xxxx" fimasının direktoru X10 arasında bağlanmış 01 may 2008-ci il tarixli, İP1-163A/21-AZN nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0.34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini (25 saylı təsərrüfat malları mağazası) bankla "xxxx" fiması arasında bağlanmış 26 dekabr 2007-ci il tarixli, 13-07 SKMF nömrəli, 02 aprel 2008-ci il tarixli, 136/0-SKMF nömrəli və 01 may 2008-ci il tarixli, 163A/21-AZN nömrəli kredit müqavilələrinə yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana verir. Hazırkı müqavilə üzrə yaranan öhdəliyin əsası 26 dekabr 2007-ci il tarixli, 13-07 SKMF nömrəli və 02 aprel 2008-ci il tarixli, 136/0-SKMF nömrəli kredit müqavilələridir. 10.6. İpoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan və borcalan "xxxx" fimasının direktoru X10 arasında bağlanmış 26 may 2008-ci il tarixli, İP2-136/0-SKMF nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0.34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini (25 saylı təsərrüfat malları mağazası) bankla "xxxx" fiması arasında bağlanmış 29 avqust 2003-cü il tarixli, 18 SKMF nömrəli, 26 dekabr 2007-ci il tarixli, 13-07 SKMF nömrəli, 02 aprel 2008-ci il tarixli, 136/0- SKMF nömrəli kredit müqavilələrində, 31 yanvar 2003-cü il tarixli, 3 nömrəli, 07 aprel 2008-ci il tarixli, 23 nömrəli və 14 may 2008-ci il tarixli, 35 nömrəli Qarantiya (Zəmanət) müqavilələrində nəzərdə tutulmuş öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. 10.7. "xxxx" ASC (kreditor) ilə "xxxx" fimasının direktoru X10 (borcalan) arasında bağlanmış 03 mart 2009-cu il tarixli, 18/21-USD nömrəli kredit müqaviləsindən görünür ki, kreditor borcalana “əsas və dövriyyə vəsaitlərinin alınması” məqsədilə 30 ay müddətinə olmaqla, illik 22 olmaqla 680.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsini öhdəsinə götürür. 10.8. İpoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan və borcalan "xxxx" fimasının icraçı direktoru X10 arasında bağlanmış 03 mart 2009-cu il tarixli, İP1-18/21-USD nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0.34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini (25 saylı təsərrüfat malları mağazası) ) bankla "xxxx" fiması arasında bağlanmış 03 mart 2009-cu il tarixli, 18/21-USD nömrəli kredit müqavilələrinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. 10.9. "xxxx" ASC (kreditor) ilə "xxxx" fimasının direktoru X10 (borcalan) arasında bağlanmış 03 sentyabr 2009-cu il tarixli, 130/22-SKMF nömrəli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana “meyvə-tərəvəz saxlanılması üçün soyuducu anbar təşkil olunması və anbar xidmətlərinin göstərilməsi” məqsədilə ******* (iki milyon) manat məbləğində limit ayrılır. Kredit 60 ay müddətinə olmaqla, illik 7 faiz olmaqla verilir. Müqaviləyə görə kreditor borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə və təminatlılıq əsasında 680.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsini öhdəsinə götürür. 10.10. İpoteka saxlayan Cavabdeh2 ASC, ipoteka qoyan X10 və borcalan X8 arasında bağlanmış 10 dekabr 2009-cu il tarixli, İP3-130/22-SKMF nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0.34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini (25 saylı təsərrüfat malları mağazası) ) bankla "xxxx" fiması arasında bağlanmış 03 sentyabr 2009-cu il tarixli, 130/22-SKMF nömrəli kredit müqavilələrinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. Hazırkı müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliyin əmələ gəlməsi üçün əsas 02 aprel 2008-ci il tarixli, 136/0-SKMF nömrəli kredit müqaviləsidir. 10.11. İpoteka saxlayan Cavabdeh2 ASC, ipoteka qoyan X10 və borcalan "xxxx" fimasının direktoru İddiaçı arasında bağlanmış 29 aprel 2010-cu il tarixli, İP5-134/22-AZN nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0.34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini (25 saylı təsərrüfat malları mağazası) bankla "xxxx" fiması arasında bağlanmış 29 aprel 2010-cu il tarixli, 134/22-AZN nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. Hazırkı müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliyin əmələ gəlməsi üçün əsas 02 aprel 2008-ci il tarixli, 136/0-SKMF və 03 sentyabr 2009-cu il tarixli 136/0- SKMF nömrəli kredit müqavilələridir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(011)-48/2011 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə bu hissədə xitam verilməsi, Azərbaycan Respublikası CM-nin 200.2.2-ci, 200.2.3-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmamaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə dövlət və özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə əmlakı müsadirə olunmamaqla 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası CM-nin 66.1-ci, 66.3-cü və 66.4-cü maddəsinə əsasən barəsində təyin olunmuş cəzalar qismən toplanaraq ona qəti cəza 01 (bir) il müddətinə dövlət və özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə əmlakı müsadirə olunmamaqla 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına məhkum olunmaqla 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkmə müddətinin əvvəlinin həbs edildiyi xx.xx.2010-cu il tarixdən hesablanması və s. hökm edilmişdir.

12. İddiaçı (göndərilməmiş) və vəkili (şəxsən təqdim edilmiş) tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 16-xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2008xx.xx.2010-cu il tarixlərdə Cavabdeh2 ASC tərəfindən icraçı direktoru olduğu "xxxx" Firmasına verilmiş kredit və ipoteka müqavilələrinin, bankdan pul vəsaitlərinin götürülməsi haqqında qəbzlərin, bank mədaxil və məxaric orderlərinin, imza nümunələrinin, əmrlərin, protokolların, çıxarışların surətlərinin ona təqdim edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 29 noyabr 2024-cü il tarixli, 3- 21-2-9/2-36097/2024 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Fimasının bazasında yaradılmış və onun hüquqi varisi olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir. "xxxx" MMC "xxxx" QSC ilə "xxxx" Fimasının hüquqi varisidir. Məktuba müvafiq sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 9 dekabr 2024-cü il tarixli, 3-21-2-9/2-74273/2024 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsində olan "xxxx" QSC-nin (ləğv olunub) arxiv sənədlərində 2008-2010-cu illərə aid sənəd aşkar edilməmişdir. "xxxx" QSC səhmdarların xx.xx.2017-ci il tarixli protokoluna əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) qoşularaq ləğv edilmişdir. "xxxx" fimasının təsisçilərinin xx.xx.2012-ci il tarixli qərarı ilə Bakı şəhəri 18 saylı notariat kontorunun xüsusi notariusu Məlikov C.B. tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 3m-02-341 nömrəli firmadakı payın bağışlanması haqqında müqaviləyə əsasən X11 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsi tərəfindən Ş-27 nömrəli şəhadətnamə ilə xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" fimasının (VÖEN: **********) təsisçiləri sırasından çıxarılması və ona məxsus payın təsisçi X1, xx.xx.2012-ci il tarixli 3m-03-358 nömrəli firmadakı payın bağışlanması haqqında müqaviləyə əsasən X9 məxsus 50% payın 8.33%-nin X4, 8.33%-nin isə Nümayəndə2 keçməsi, firmanın nizamnamə kapitalının 504.000 manat artırılaraq 576.000 (beş yüz yetmiş altı min) manat məbləğində, firmanın təsisçiləri X10, Şərifov Elşən Ramazan oğlu, X3 hər birinin nizamnamə kapitalında pay miqdarının hər biri üçün 33,3% müəyyən edilməsi, firmanın direktoru vəzifəsinə Nümayəndə2 təyin olunması, müvafiq dəyişikliklərlə bağlı olaraq vergi orqanlarına müraciət edilməsi, müvafiq ərizə və sənədlərin imzalanması, təqdim edilməsi və götürülməsi səlahiyyətlərinin Nümayəndə2 həvalə edilməsi qərara alınmışdır.

15. Əmanətlərin Sığortalanması Fondunun 19 mart 2025-ci il tarixli, 12-5/2-4902/2025 nömrəli məktubundan görünür ki, İddiaçı hüquqlarını müdafiə edən şəxs Bakı şəhəri 25 saylı Vəkil bürosunun vəkili X12 Sığortalanması Fonduna xx.xx.2024-cü il tarixli 1481/20 saylı vəkil sorğusu ünvanlayaraq xx.xx.2008-xx.xx.2010-cu il tarixlərində Cavabdeh2 ASC tərəfindən icraçı direktoru olduğu "xxxx" Firmasına verilmiş kredit və ipoteka müqavilələrinin, bankdan pul vəsaitlərinin götürülməsi haqqında qəbzlərin, bank mədaxil və məxaric orderlərinin, imza nümunələrinin, əmrlərin, protokolların, çıxarışların surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. Həmin sorğu Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2024-cü il tarixli, **********933 nömrəli məktubla cavablandırılaraq müvafiq sənədlərin məhkəməyə təqdim edildiyi bildirilmişdir (həmin cavab məktubu iş materiallarında vardır). İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada daxil olması barədə heç bir məlumat olmadığı üçün həmin sənəd cavablandırılmamışdır. İddiaçı Cavabdeh2 ASC tərəfindən cavabdeh "xxxx" Firması və digərlərinə qarşı kredit müqaviləsi və s. üzrə mübahisələr tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərkən Cavabdeh2 ASC ilə "xxxx" Firması arasında bağlanmış müqavilələr və onlara aid sözügedən digər bütün sənədlər qoşma kimi iddia ərizəsinə əlavə edilməklə həmin məhkəməyə göndərilmişdir. Odur ki, İddiaçı iddia tələbində təqdim olunması nəzərdə tutulmuş sənədlər Əmanətlərin Sığortalanması Fondunda və ləğv prosesində olan Cavabdeh2 ASC-də aşkar edilməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" Firmasının təsisçilərinin ümumi iclasının 03 yanvar 2008-ci il tarixli protokolu ilə direktor təyin edilmiş İddiaçı Firmanın fəaliyyətindəki nöqsanlar ilə bağlı vəzifəli şəxs olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək, ona müvafiq cəzalar təyin edilmişdir.

17. Məhkəmə araşdırmaları zamanı hüquqi şəxslərin dövlət qeydiyyatını və reyestr məlumatlarına dəyişikliyi aparan orqandan əldə edilmiş sənədlər arasında yuxarıda qeyd edilən protokol aşkar edilməmiş, iddiaçının həmin Firmanın direktoru olması ilə bağlı orqana hər hansı məlumat verilmədiyi və dövlət reyestrində belə məlumatın qeyd edilmədiyi müəyyən edilmişdir.

18. İddiaçı Firma daxilində direktor kimi rəsmiləşdirildiyi zaman kəsiyində başqa direktorun da olduğunu və bütün zəruri əməliyyatların həmin şəxsin özü tərəfindən aparıldığını iddia edərək, xx.xx.2008-xx.xx.2010-cu il tarixədək olan dövrdə Cavabdeh2 ASC-də olan "xxxx" Firmasına məxsus sənədlərin, kredit və ipoteka müqavilələrinin, bankdan pul vəsaitlərinin götürülməsi haqqında qəbzlərin, mədaxil və məxaric orderlərinin, imza nümunələrinin, əmrlərin, protokolların, çıxarışların ona təqdim edilməsini bankın ləğvedicisindən tələb etsə də, ləğvedici bu sənədlərin Sumqayıt Şəhər Məhkəməsindəki işlərin materiallarında olduğunu, buna görə də təqdim etməyin mümkün olmadığını bildirmişdir.

19. Belə olan halda, iddiaçı Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinin onun ərizəsinə və eyni məzmunlu vəkil sorğusuna cavab vermədiyinə görə hərəkətsizliyinin qanunsuz hesab edilməsinə, həmçinin, yuxarıda qeyd edilən tələblərə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

20. Tələb üzrə aparılan araşdırma zamanı ilk öncə Sumqayıt Şəhər Məhkəməsindəki müvafiq işlər məhkəmə sorğusu əsasında əldə edilərək tədqiq edilmiş, lakin həmin işlərdəki müqavilələrin iddiaçının tələbində göstərdiyi zaman kəsiyindən sonraya aid olması müəyyən edilmişdir.

21. İş üzrə qəbul edilmiş sübutların tələb edilməsi ilə bağlı qərardadlar isə həm Firmanın hüquqi varisi olan MMC (üçüncü şəxs qismində də cəlb edilmişdir), həm də cavabdehlər tərəfindən heç bir əsaslı səbəblər olmadan icra edilməmişdir. Cavabdehlər təkidlə belə sənədlərin olmadığını bildirsələr də, iddiaçının məhkəmə baxışında təqdim etdiyi müqavilələrə əsasən müvafiq notariat ofisindən tələb edilmiş notariat işləri məhkəməyə təqdim edilmiş və qeyd olunan dövrlərə aid müqavilələrin mövcudluğu öz təsdiqini tapmışdır.

c) Məhkəmənin mövqeyi:

22. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblərlə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur.

23. Belə ki, tələbin “Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinin iddiaçının ərizəsinə və eyni məzmunlu vəkil sorğusuna cavab vermədiyinə görə hərəkətsizliyinin qanunsuz hesab edilməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, Fond tərəfindən “Qəbul etdim” ştampı ilə təhvil alınmış vəkil sorğusuna cavab verilməsi, iddiaçı tərəfindən yazılmış ərizənin isə Fonda daxil olması ilə bağlı heç bir sübutun olmaması müəyyən edildiyindən, tələbin bu hissəsi təmin edilməməlidir.

24. Tələbin “xx.xx.2008-xx.xx.2010-cu il tarixədək olan dövrdə Cavabdeh2 ASC-də olan "xxxx" Firmasına məxsus sənədlərin, kredit və ipoteka müqavilələrinin, bankdan pul vəsaitlərinin götürülməsi haqqında qəbzlərin, mədaxil və məxaric orderlərinin, imza nümunələrinin, əmrlərin, protokolların, çıxarışların iddiaçıya təqdim edilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, məhkəmənin ilkin mövqeyinə görə iddiaçının barəsində aparılmış cinayət işi ilə bağlı araşdırma çərçivəsində bu sənədləri tələb etmək hüququnun olması ona izah edilərək iş üzrə icraata xitam verilsə də, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə müvafiq qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılması barədə göstəriş verildiyindən, bu tələbə mahiyyəti üzrə baxılması məqsədə müvafiq hesab olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2008-ci il tarixli formal qərarla Firmaya direktor təyin edildiyindən, xx.xx.2010-cu il tarixdə isə həbsə alındığından, onun məhz həmin zaman kəsiyinə aid müqavilələri tələb etməyə subyektiv hüququ vardır. İddiaçı hazırkı araşdırmalar zamanı qeyd edilən dövrlər ərzində Firma ilə bank arasında çoxsaylı müqavilələr bağlanmasını sübuta yetirə bildiyindən məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Cavabdeh2 ASC ilə "xxxx" Firması arasında bağlanmış kredit, ipoteka müqavilələrinin, kredit müqavilələri üzrə kassa məxaric orderlərinin, mədaxil qəbzlərinin, imza nümunələrinin, "xxxx" Firmasının ümumi yığıncağın protokolundan çıxarışlarının təsdiq edilmiş surətinin İddiaçı təqdim edilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh2 ASC-yə həvalə edilməli, tələbin qalan hissəsi təmin edilməməlidir.

25. Belə ki, iddiaçı əmrləri tələb etsə də, həmin əmrlərin nə ilə bağlı olmasını dəqiq göstərmədiyindən, habelə araşdırılmış notariat işlərinin heç birində hər hansı əmrə rast gəlinmədiyindən, məhkəmə tələbin həmin hissəsinin təmin edilməsini məqsədə müvafiq saymır. Məhkəmənin mövqeyinə görə, qeyd olunanın əksi məhkəmə qətnaməsinin həmin hissədə icrasız qalması ilə nəticələnəcəkdir.

26. Bundan əlavə qeyd olunur ki, bank ləğv prosesində olsa da, hələ hüquqi şəxs kimi mövcud olduğundan, Əmanətlərin Sığortalanması Fondu tələbin təmin edilən hissəsi üzrə əsl cavabdeh hesab oluna bilməz. Çünki Fond sadəcə ləğv prosesində olan bankın ləğvedicisi təyin edilmişdir və onun öhdəlikləri üzrə cavabdeh deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

27. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 50, İ hissə. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.

29. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər.

30. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Maddə 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

33. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

34. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Cavabdeh2 ASC ilə "xxxx" Firması arasında bağlanmış kredit, ipoteka müqavilələrinin, kredit müqavilələri üzrə kassa məxaric orderlərinin, mədaxil qəbzlərinin, imza nümunələrinin, "xxxx" Firmasının ümumi yığıncağın protokolundan çıxarışlarının təsdiq edilmiş surətinin İddiaçı təqdim edilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh2 ASC-yə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Cavabdeh2 ASC ilə "xxxx" Firması arasında bağlanmış kredit, ipoteka müqavilələrinin, kredit müqavilələri üzrə kassa məxaric orderlərinin, mədaxil qəbzlərinin, imza nümunələrinin, "xxxx" Firmasının ümumi yığıncağın protokolundan çıxarışlarının təsdiq edilmiş surətinin İddiaçı təqdim edilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh2 ASC-yə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar