Məhkəmə qərarları › İş №2(006)-253/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-253/2021

26.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-253/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 10000 manat pulun, habelə iddia ərizəsinin məhkəməyə təqdim etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzini Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsinə əlavə təqdim edərək, 10000 manat pulun, habelə iddia ərizəsinin məhkəməyə təqdim etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyi bildirdi və izahatında göstərdi ki, ünvan 1 ünvandakı 15 saylı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. 2018-ci ildə mənzilində yüksək keyfiyyətli material və aksessuarlardan istifadə etməklə baha təmir işləri aparmışdır. Bu ilin avqust ayının 8-də ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasına istirahətə getmişlər. İstirahətdən avqust ayının 15-də Bakıya qayıdıb mənzilə daxil olmaq istədikdə mənzilə girə bilmədilər. Gözlərinə inanmadı. Mənzilə güclü leysan yağışı yağırdı, halbuki bayırda müsbət 40 dərəcə istilik var idi. Mənzildə göl əmələ gəlmişdi və əşyalar həmin göldə üzürdü. Mətbəxin tavanı qoparaq döşəməyə düşmüşdür. Təsəvvür edin böyük məbləğdə pul xərcləyib istirahətə gedəsən və evinə qayıtdıqda öz mənzilinə daxil ola bilmirsən. Həqiqətən də bu hadisə onun üçün ağır mənəvi sarsıntı idi. Nəticədə maddi zərərlə yanaşı o, eyni zamanda mənəvi zərərə də məruz qalmışdır. O, elə başa düşdü ki, mənzilinə axan su üst mənzildən axır, lakin məlum oldu ki, daha üst mərtbədən, Cavabdeh1 məxsus mənzildəndir. Zərərin vurulması barədə müvafiq akt tərtib edildi. Sonra cavabdehlə əlaqə saxladı və təqsirini etiraf etdi. Vurulmuş zərəri məbləğini hesablamaq məqsədilə bir neçə mütəxəssis-usta dəvət etdi. Ustaların hamısı vurulmuş zərərin aradan qaldırılması üçün ən aşağı hesablamalara görə təxminən 13.000-15.000 manat vəsaitin tələb olunduğunu bildirdilər. Bundan sonra cavabdehə bu barədə bildirdi. O təmirə başlamaq üçün ilkin olaraq 6000 manat ödəyəcəyini vəd etdi. Lakin, əvəzində ilk olaraq 4000 manat ödədi. O, məcbur oldu təmirə başladı. Sonra cavabdeh 1500 manat da ödədi. O, mənzili təmir etdi və təmirə və sıradan çıxmış əşyaları əvəz edilməsinə 15.500 manat pul xərclədi. Cavabdeh zərərin bir hissəsini, yəni 5500 manatı ödəmiş, cavabdeh ona 10000 manat ödəməlidir. Cavabdehə dəfələrlə təklif etdi ki, vurduğu zərəri tam ödəsin. Lakin, cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X9 iddiaçının dediklərini təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili X2 bildirmişdir ki, iddiaçının yazdığı iddia ərizəsindəki ünvan Cavabdeh1 mülkiyyəti olmadığından, Cavabdeh1 iddianı qəbul etmir. İddiaçının göstərdiyi ünvanın mülkiyyətçisi Cavabdeh2dır. Odur ki, iddianın Cavabdeh1 qarşı münasibətdə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsində istifadədə olan 0.0528 ha torpaq sahəsində yerləşən 76 nömrəli, 13 mərtəbəli binanın 1-ci girişində, 6-cı mərtəbəsində, 129.65 kv.m ümumi, 79.24 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 627 nömrəli reyestr kitabının 57535 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 15 avqust 2019-cu il tarixli aktda qeyd edilir: “Biz, ünvan 2 ünvanında yaşayan İddiaçı, həmin ünvanda yaşayan X3, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 150 saylı binanın komendantı X10 və X8 tərtib edirik hazırki aktı ondan ötrü ki, həqiqətən 15 avqust 2019-cu il tarixdə Cavabdeh1 məxsus ünvan 1,21 saylı mənzilindən mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1, 15 saylı mənzilinə su axıdılmışdır. Bunun nəticəsində İddiaçı mənzilinə, habelə mənzildə olan aşağıda adları göstərilən əşyalara maddi zərər vurulmuşdur: “Korona” şirkətində hazırlanmış mətbəx dəsti - yararsız hala düşmüşdür, İsveçin “ElektroLux” markalı qaz plitəsi 1 ədəd - yararsız hala düşmüşdür; Almaniyanın “Teka” şirkətinin istehsalı olan mətbəx aspiratoru 1 ədəd yararsız hala düşmüşdür; Türkiyənin “Bellona” şirkətinin istehsalı olan 1 ədəd masa və 6 ədəd stul - yararsız hala düşmüşdür; Türkiyənin “Doğtaş” şirkətinin istehsalı olan yataq dəsti - yararsız hala düşmüşdür. Bundan əlavə mənzilə vizual baxış keçirdikdə mənzilin giriş xoll-unda - divar kağızları, asma tavan, qapı çərçivələri və döşəmə parket yarasız vəziyyətə düşmüşdür; yataq otağında - divar kağızları, asma tavan, qapı çərçivələri və döşəmə parket yarasız vəziyyətə düşmüşdür; mətbəxdə - divar kağızları, asma tavan, qapı çərçivələri və döşəmə parket yarasız vəziyyətə düşmüşdür; qonaq otağıda - divar kağızları, asma tavan, qapı çərçivələri və döşəmə parket yarasız vəziyyətə düşmüşdür. uşaq otağı - divar kağızları, asma tavan, qapı çərçivələri və döşəmə parket yarasız vəziyyətə düşmüşdür”. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 27 oktyabr 2020-ci il tarixli 10/667 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 150 saylı evin 21 saylı mənzilinin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmadığından 15 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 150 saylı evin 15 saylı mənzilin döşəməsində, tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 15 avqust 2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 150 saylı evin 15 saylı mənzilinə yuxarı mərtəbədəki 21 saylı mənzildən suyun sızması müəyyən olunur. Qeyd olunur ki, Cavabdeh1 Nizami qızının təqsiri ucbatından suyun sızmasının yaranıbyaranmamasının müəyyən olunması tikinti-texniki ekspertinin səlaitlərinə aid deyil. Bakı şəhəri, Nəsimi rayonu,Mirəli Qaşqay küçəsi, 150 saylı evin 15 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmin bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 10206 manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh1 qarşı yönələn tələb əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 76, 129.65 kv.m ümumi, 79.24 kv.m yaşayış sahəsi, 50.41 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 21 nömrəli mənzilin sahibi Cavabdeh2dır. Odur ki, iddia tələbi Cavabdeh1 aid hissədə isə rədd olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2020-ci il tarixli 10/667 nömrəli rəyi ilə iddiaçının mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsində istifadədə olan 0.0528 ha torpaq sahəsində yerləşən 76 nömrəli, 13 mərtəbəli binanın 1-ci girişində, 6-cı mərtəbəsində, 129.65 kv.m ümumi, 79.24 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilinə həmin binada yerləşən 21 saylı mənzildən suyun sızması və bunun nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan vəsaitin məbləğinin 10000 manat olduğu müəyyən edilməlidir. Mülki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatdan ibarətdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh2 tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Odur ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 10000 (on min) manat zərər və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 10000 (on min) manat zərər və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulsun. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Cavabdeh2 tutulsun və Dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar