Məhkəmə qərarları › İş №2(006)-2559/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2559/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2559/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 qızının katibliyi ilə Cavabdeh iştrakı ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mitsubishi L200” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilmiş 800 (səkkiz yüz) manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh subroqasiya qaydasında “xxxx” ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mitsubishi L200” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də AZ/MİC/0028/0050 nömrəli şəhadətnamə ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində idarə etdiyi “Mitsubishi Pajero” minik markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir, hadisə nəticəsində Azərbaycan Respublikası FHN-nə məxsus olan “Mitsubishi L200” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Bakı şəhəri Binəqədi RPİ tərəfindən aparılmış araşdırma nəticəsində Cavabdeh barəsində AP0147734 №-li, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələri ilə TP ******* №-li xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. “xxxx” ASC tərəfindən “Mitsubishi L200” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 900 manat məbləğində ziyandan 100 manat azaldılma çıxılaraq avtomobilin sahibinə 800 manat sığorta ödənişi edilmişdir. İddiaçı “xxxx” ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də nümayəndənin iştirakı təmin edilməmiş, iddia ərizəsinə əlavə edilmiş ərizədə iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan AC seriyalı 240798 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi L200” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi TTND S.Ə.Dadaşov adına ET və LKİM İnstitutudur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP web-portalından görünür ki, “Mitsubishi Pajero” minik markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi RPİ DYPŞ tərəfindən tərtib edilmiş AP0147734 №-li, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 08:00 radələrində idarə etdiyi “Mitsubishi Pajero” minik markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu ərazisində hərəkətdə olarkən “Mitsubishi L200” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsindən görünür ki, “Mitsubishi L200” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək sığortalanmışdır. Mülki işin materiallarında olan “xxxx” ASC-nin CM-0139/2019-AKT1583 saylı aktından müəyyən edilir ki, “Mitsubishi L200” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərlə bağlı maddi ziyanın ümumi məbləği 900 manatdır. Sığorta ödənişi sığorta məbləğindən (900 manat) AZ/MİC/19/0046 nömrəli şəhadətnaməsində razılaşdırılmış şərtsiz azadolma sığorta məbləği (100 manat) çıxılmaqla, 800 manat təşkil edir. Mülki işin materiallarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx Şirkəti” ASC tərəfindən S.E.Dadasov adına ETLKİMİ -nin hesabına xx.xx.2020-ci il tarixdə 800 manat məbləğində pul keçirilmişdir (ödənişin təyinatı AKT-1583 saylı sığorta aktı). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan “Mitsubishi Pajero” minik markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı “xxxx” ASC tərəfindən sığorta müddətində xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək sığortalanmış Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi TTND S.Ə.Dadaşov adına ET və LKİM İnstitutuna məxsus “Mitsubishi L200” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerini tərk etmiş, həmin yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərərlə əlaqədar iddiaçı “xxxx” ASC tərəfindən 800 manat sığorta ödənişi edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mitsubishi L200” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 800 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənildiyindən və sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 800 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 800 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan qəbzindən görünür ki, iddiaçı “xxxx” ASC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Mitsubishi Pajero” minik markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh iddiaçı “xxxx” ASC tərəfindən sığorta müddətində xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək sığortalanmış Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi TTND S.Ə.Dadaşov adına ET və LKİM İnstitutuna məxsus “Mitsubishi L200” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə ödənilmiş 800 (səkkiz yüz) manat sığorta haqqı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı “xxxx” ASCyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi olaraq ödənilmiş 800 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar