Məhkəmə qərarları › İş №2(006)-2562/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2562/2024

24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2562/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.000 manat əsas borc, 4.500 manat əldən çıxmış fayda və 5.000 manat mənəvi ziyan və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 225 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə təxminən 2018-ci ilin fevralmart aylarında təsadüf nəticəsində aralarında tanışlıq yaranmış, bu tanışlıq zamanı bir neçə vaxtdan sonra Cavabdeh ona bildirmişdir ki, Bakı şəhərində onun iş fəaliyyəti şəxsi mənzillər alaraq təmir işləri aparmaq və bundan sonra həmin mənzilləri baha qiymətə sataraq gəlir əldə etməkdir. Bir müddət sonra ona Memar Əcəmi metrosu yaxınlığında mənzil göstərərək və həmin mənzilləri təmir edərək baha qiymətə satılması üçün pul lazım olduğunu bildirmişdir. Eyni zamanda əldə olunan gəlirin böləcəyini də vəd etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq ona 2018-ci ildə 10.000 ABŞ dolları vermiş, təxminən 10-15 gündən sonra Asif istifadəsində olan mobil telefon vasitəsi ilə ona zəng edərək bildirmişdir ki, Masallı rayonunda onun apteki var və həmin aptekin yanında təcili mağaza satılır onu alması üçün ona əlavə 3000 manat lazımdır ki, alıb baha qiymətə sata bilsin və əldə olunan gəliri tam bölünəcəkdir. Onun yenə səmimiliyinə inanaraq poçt vaistəsi ilə 3000 manat göndərmiş, beləliklə ümümilikdə Cavabdeh cəmi olaraq 10.000 ABŞ dolları və 3.000 manatı pul vermişdir. Bir neçə vaxtdan sonra cavabdehdən verdiyi pulu geri istəyən zaman o, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış və ona xeyli miqdarda ziyan vurmuş, həmin məbləğin 7000 manatını hissə-hissə qaytarmış, lakin, hal hazıra kimi 13.000 manatını qaytarmaqdan yayınır. Son zamanlar yuxarıda göstərdiyi səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Həmin məbləği cavabdeh onu aldadaraq 5 ilə yaxındır öz şəxsi manafeyi üçün istifadə edir. Lakin, həmin məbləği ona heç bir fayda verməmişdir ki, bununla da 13.000 manat pulunun gəliri olaraq əldən çıxmış mənfəəti əlavə 4.700 manat maddi və mənəvi ziyanın hər zaman əsəb stres pozuntuları və mənəvi ziyan üçün 5.000 manat tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdehoğlu iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, iddiaçıdan 17000 manat borca pul almışdır. Daha öncədən aralarında olan şifahi danışığa əsasən əldə etdiyi pulu hər ay hissə-hissə yəni 500, 1000 manat ödəniş etməklə geri qaytarmağı bildirmişdir. Həmin puldan müəyyən ödənişlər etdikdən sonra hazırda 7000 manat iddiaçıya borcu qalmışdır. İddiaçının verdiyi 3000 manatı 1 həftə sonra ona geri qaytarmışdır. 2022-ci ilin yanvar ayından oktyabr ayına kimi hissə-hissə olmaqla yəni 1500, 1000, 500, 500, 1000 manat iddiaçının kart hesabına ödənişlər aparmışdır. Evin təmirinə görə həmin pul məbləğini iddiaçıdan əldə etmişdir. İddiaçı ona pulu geri qaytarılması tarixini bildirməmiş, sadəcə olaraq qızının toyu ərəfəsində cehiz əşyalarının alınması zamanı geri istəyəcəyini bildirmişdir. Əldə etdiyi məbləğə görə əlavə ödəniş kimi faiz müəyyən olunmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-dən təqdim edilmiş rədd materialı nəzərdən keçirilərkən, Cavabdeh izahatında bildirmişdir ki, X1 barəsində yazdığı şikayət ərizəsi əsasında toplanılmış materialla tanış olmuşdur. Ərizə və izahatda yazılanlar qismən doğrudur. Belə ki, 2018-ci ildə Həqiqətlə təsadüfən tanış olmuşdur. Aralarında səmimi münasibət yarandığından yaxın münasibətləri yaranmışdır. Münasibətləri olarkən evini təmir etdirmək istəmişdir və borca pul axtarmışdır. Həqiqətdə bunu bilmiş və ona evində pulu olduğunu bildirmişdir. Daha sonra Həqiqət evində olan 17.000 manat pulu borca verəcəyini bildirmişdir. O, da borcunu pulu olanda qaytaracağını bildirmişdir. Həqiqətdə 17000 manat pulu ona borca vermiş və nə vaxt pulu olarsa hissəhissə qaytaracağını bildirmişdir. 2021-ci ilin noyabr ayından Həqiqət ondan pul istəyəndə ona hissə-hissə ödəniş etməyə başlamışdır. 2022-ci ilin noyabr ayına qədər o, Həqiqətə hissə-hissə olmaqla ümumilikdə 10.000 manat pul ödəmişdir. Həmin vaxtdan Həqiqət qalan 7000 manat pulu tam ödəməsini istəmişdir. O, da Həqiqətə 7000 manat pulunun olmadığını və ancaq hissə-hissə ödəyə biləcəyini bildirmişdir. 2022-ci ilin noyabr ayında Həqiqətin borcu ilə bağlı ona tanımadığı bir kişi zəng edərək borcu qaytarmasını ondan tələb etmişdir. Belə olanda o, Həqiqətə bunu deyib münasibətini kəsmişdir. Onuda qeyd etmişdir ki, noyabr ayında o, sonuncu 500 manatı Həqiqətə verəndə onunla birikdə gələn tanımadığı üç nəfər ona yaxınlaşıb pulu Həqiqətə qaytarmasını tələb etmişlər. Onlara 10.000 manatın artıq Həqiqətə verdiyini və 7000 manatıda hissə-hissə verəcəyini deyəndə həmin şəxslər Həqiqətin onlara yalan danışdığı üçün bu işə qarışmayacaqlarını bildirdilər. Dekabr ayında o, Həqiqətə zəng edərək ona ödəniş etmək istədiyini bildirəndə qəbul etməmiş və onunla əlaqəyə çıxmamışdır. Təsadüfən Həqiqəti görüb ona yaxınlaşmış və borcdan 1000 manat verib nahaq onun üzərinə kimlərisə göndərməsini bildirmişdir. Həqiqət pulu ondan almamış və onun barəsində şikayət edəcəyini bildirmişdir. Belə olanda ona “get hara istəyirsən şikayət et” demişdir. Sonradan məlum olmuşdur ki, Həqiqət onun barəsində şikayət etmişdir. Bir daha qeyd etmişdir ki, Həqiqət ona 17000 manat pulu özü qeyd etdiyi kimi də borca vermişdir və ona 10.000 manat pulu qaytarsa da 7000 manat borcu qalmışdır. Həmin pul məbləğini də Həqiqətə hissə-hissə olmaqla qaytaracaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2018-ci ildə iddiaçı tərəfindən cavabdehə sonuncunun işlər görməsi məqsədilə pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, razılaşma şifahi qaydada həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2018-ci il tarixdə pulun borc kimi verilməsinə dair şifahi qaydada bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəmə iclasında və eyni zamanda iddiaçının xx.xx.2023-cü il tarixli şikayət ərizəsi əsasında Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-də izhatı alınmış Cavabdeh iddiaçı tərəfindən ona ümumilikdə 17000 manat verilməsini, həmin məbləğdən 10000 manat qaytarılmaqla iddiaçıya 7000 manat borcu olduğunu etiraf etmişdir. Belə olan halda Cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında pulun borca verilməsinə dair yazılı müqavilə olmasa da, Cavabdeh özünün şifahi izahatı ilə 17000 manat məbləğin ona verilməsini təsdiq etmişdir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə etiraf etdiyi pul məbləğini ona qaytarmalıdır. Sözügedən əsasla da iddiaçının 13000 manat borc pulun qaytarılmaması iddiası işin hər hansı halı ilə öz təsdiqini tapmamış, iddiaçı qeyd olunan məbləğin cavabdehdə olmasına dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 7000 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “4.500 manat əldən çıxmış fayda” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən nəzərə alınmalıdır ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə iddia tələbinə əsasən cavabdehin borc münasibətlərinə görə ödəməli olduğu 13000 manat pulun ödənilməməsinə dair Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və borclunun həmin pulu özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, tələb edilən pulun cavabdehin ödəyə bilməməsi hər bir halda onun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Odur ki, qeyd edilən hissəsə iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “5.000 manat mənəvi ziyan tələbi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki halda iddiaçı mənəvi zərərin nədə ifadə edilməsini əsaslandırmamaqla eyni zamandan məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş 225 manat dövlət rüsumunun cavabdehdən tutulması” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia 7000 manat pulun cavabdehdən tutulması hissəsində təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 90 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh verilmiş borca görə 7000 manat və iş üzrə ödənilmiş 90 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh verilmiş borca görə 7000 manat və iş üzrə ödənilmiş 90 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun qalan məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar