Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2568/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı («X6» MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kondisionerlərin əvəz edilməsi (dəyişdirilməsi) və təmir xərcinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «kondisionerlərin əvəz edilməsi (dəyişdirilməsi) və təmir xərcinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kondisionerin təmiri üçün ödədiyi 102 manatın Cavabdeh MMC-dən onun xeyrinə tutulması, hər iki kondisionerin lazımi keyfiyyətli malla əvəz edilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, «X6» MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Azadlıq filialında yerləşən mağazadan 2 ədəd «TİMBERK TİM 12 H S26-KİT» markalı kondisioner almışdır. Alış zamanı kondisionerlərin 2 il pulsuz satış sonrası xidmət və quraşdınlma ilə təmin ediləcəyi barədə mağaza tərəfindən öhdəlik götürülmüş və bu barədə onlara rəsmi zəmanət talonu verilmişdir. Kondisionerlərin 12 H həcmində seçilməsi təsadüfi olmamışdır, belə ki, mənzildə bu həcmdə kondisionerlərin qoşulması üçün əvvəlcədən boru xətti çəkilmişdir. Lakin kondisionerlər quraşdırılarkən məlum olmuşdur ki, onların 12 H həcmdə olmasına baxmayaraq, 9 H həcmi üçün nəzərdə tutulan mis boru ilə çəkilməsi nəzərdə tutulmuşdur ki, bu da standartlara uyğun deyil. Kondsionerləri quraşdırmağa gələn usta belə olduğu halda hər kondisionerin qaynaq ilə quraşdırılması üçün onlardan əlavə olaraq 100 manatdan çox pul tələb etmişdir. O, təbii ki, bununla razılaşmayaraq, quraşdırılmanın pulsuz olduğunu bildirmişdir. Lakin usta bu işin yalnız ödənişli olacağını qeyd etmişdir. Vəziyyəti belə görüb o, ustaya boruların bir birinə keçid (adapter) vasitəsi ilə birləşdirilməsini təklif etmişdir. Usta özündə belə bir hissənin olmadığını və onun tərəfindən əldə olunarsa quraşdıracağını bildirmişdir. Həmin vaxt o, Təbriz küçəsində yerləşən və kondisionerlər üçün ehtiyat hissələri satan mağazaya gedib 4 ədəd 12-lik borudan 9-a keçən keçid (adapter) alıb ustaya təqdim etmişdir. Usta da kondisionerlərin birini yataq otağında, digərini isə mətbəxdə quraşdırıb çıxıb getmişdir. Bir-iki gün sonra kondisionerlərin hər ikisindən evin içinə su axmağa başlamışdır. O, cavabdehin servisindən usta dəvət etmişdir. Usta problemin həm quraşdırıcı usta tərəfindən, həm də su axıdılması üçün nəzərdə tutulan drenaj borunun düzgün quraşdırılmaması ilə bağlı olduğunu bildirib hər iki kondisionerdə olan nasazlıqları aradan qaldırıb getmişdir. Su axıdılması kəsilsə də, kondisionerlərin hər ikisi yaxşı soyutmurdu. Belə olan vəziyyətdə o, bir neçə gündən sonra yenidən cavabdehin servisindən usta dəvət etmişdir. Eyni usta gəlib kondisionerlərin hər ikisinə baxış keçirib bildirdi ki, hər hansı bir nasazlıq aşkar edilməmişdir və bu kondisionerlərin soyutma qabiliyyəti belə olur. Usta baxış keçirməsi barədə akt tərtib etmişdir. Üstündən bir neçə gün keçmiş yataq otağındakı kondisionerin içindən otağa su axmağa başlamış və soyutma qabiliyyəti getdikcə zəifləmişdir. Vəziyyəti belə görüb xx.xx.2021-ci ildə o, cavabdehin mağazasına yaxınlaşıb kondisionerlərin hər ikisinin dəyişdirilməsi barədə rəsmi ərizə ilə müraciət etmişdir. Ərizəsini qəbul edib onunla 3 gün ərzində əlaqə saxlanılacağı bildirilmişdir. Lakin bunun üstündən bir həftədən çox vaxt keçməsinə baxmayaraq onlarla heç kim əlaqə saxlamamışdır. Belə olan təqdirdə o, yenidən cavabdehin mağazası ilə telefon əlaqəsi yaradıb narazılığını bildirmişdir. Bundan bir qədər sonra "xxxx" MMC-dən Nərmin adlı xanım onunla əlaqə saxlayıb problemin nədən ibarət olduğu ilə maraqlanıb qısa zamanda ona cavab veriləcəyini demişdir. Lakin yenə də bir həftə keçməsinə baxmayaraq onlarla əlaqə saxlayan olmamışdır, baxmayaraq ki, o, dəfələrlə həm mağazaya gedib, həm də telefon əlaqəsi ilə şikayətini bildirmişdir. Nəhayət xx.xx.2021-ci ildə servisdən yenə həmin usta gəlib yataq otağındakı kondisionerə baxış keçirib bildirmişdir ki, kondisionerin çöl hissəsindən qaz sızması baş verdiyi üçün soyuducu qaz (frion) tamamilə aradan gedib və bu səbəbdən də kondisionerdən su axır və o, soyutmur. Bundan sonra usta çıxıb getmiş və onlarla əlaqə saxlayacağını bildirmişdir. Lakin yenə də əlaqə saxlayan olmamışdır. Belə olan halda o, yenidən Nərmin adlı xanımla alaqə saxlamağa çalışmış və uzun müddətdən sonra Nərmin xanım onunla əlaqə saxlayıb bildirmişdir ki, kondisionerlərin dəyişməsi üçün o, kondisionerlərin dəyərinin 25-30 faizini ödəməlidir və kondisionerdə baş verən nasazlıq qoşma yerindən olduğı üçün bu servis tərəfindən pullu 102 manat ödənilməklə aradan qaldırıla bilər. O, buna öz narazılığını, hər iki kondisionerə "xxxx" MMC tərəfindən 2 il zəmanət verməsini xatırladaraq, bundan əlavə kondisionerlərin çəkilməsi üçün istifadə olunmalı və metrinin qiyməti 20 manat olan mis borunun da servis tərəfindən istifadə olunmamasını və nəticədə onun hesabına servisin xeyir götürməsini bidirsə də, lakin Nərmin xanım öz dediyində israrla qalaraq başqa heç bir köməklik edə bilməyəcəyini demişdir. Həmin vaxtlar isti yay ayları idi və onlar 1 aya yaxın idi ki, kondisioneri işlədə bilmirdilər. Bu da ciddi narahatlıq yaratmışdır. Vəziyyətin çıxılmaz olduğunu görüb o, bir neçə gündən sonra Nərmin xanımla telefon əlaqəsi saxlayaraq kondisionerin pullu təmirinə razı olduğunu, lakin eyni zamanda onlardan şikayət edəcəyini də bildirmişdir. Buna baxmayaraq, kondisionerin təmiri müxtəlif bəhanələrlə on günə yaxın yubadılmışdır. Bu müddət ərzində o, dəfələrlə telefon vasitəsi ilə servislə və "xxxx" MMC-nin mağazasına gedib təmirin yubadılması barədə şikayətlər etsə də, yalnız xx.xx.2021-ci il tarixdə yenə də usta Elmir gəlib yataq otağındakı kondisionerə qaz vuraraq onu qaynaq etmiş, 2 ədəd keçid (adapterləri) açaraq ona vermiş və digər kondisionerdə isə heç bir nasazlığın olmadığını bildirmişdir. İşinin müqabilində o, ustaya 102 manat ödəmiş, usta isə bu barədə ona xx.xx.2021-ci il tarixli 403801 saylı mədaxil qəbzi vermişdir. Bundan sonra, dəfələrlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Nazirliyin özünə müraciət edilsə də, məsələ müsbət həllini tapmamışdır və hər iki qurum tərərəfindən onlara məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Kondisionerdə yaranmış nasazlıq quraşdırıcı ustanın qeyri-peşəkarlığı nəticəsində çöl hissədə olan keçidin (adapterin) İazimi səviyyədə sıxılmamasından baş vermişdir. Belə ki, borular və digər birləşmələr mənzildə ixtisaslı kondisioner ustası tərəfindən əvvəlcədən çəkilmiş və 12 H həcimli kondisioner üçün mis boru nəzərdə tutulmuşdur. Lakin "xxxx" MMC aldıqları «TİMBRK» markalı kondisionerlər 12H həcimli olsalar da, mis boruları qeyri-standart olaraq 9H həcimli kondisionerlər üçün nəzərdə tutulduğuna görə uyğun gəlməmişdir. Bundan əlavə mətbəxdə quraşdırılan digər kondisioner də eyni üsulla birləşdirilməsinə baxmayaraq onda belə bir nasazlıq baş verməmişdir. «BE» mağazası tərəfindən təqdim olunmuş zəmanət öhdəlikləri də onun tərəfindən pozulmamışdır. Lakin buna baxmayaraq "xxxx" MMC zəmanət şərtlərini birbaşa pozaraq kondisionerin təmiri üzrə xidməti ödənişli göstərmişdir. Göründüyü kimi, "xxxx" MMC qanunla üzərinə düşən öhdəliyi icra etməmiş və bununla da İsteklakçıların hüquqlarının müdafiəsi haqqında qanunu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, digər qənunvericiliyin tələblərini və bizim istehlakçı hüquqlarımızı kobud şəkildə pozmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və əlavə olaraq izahatında bildirdi ki, məlum olduğu kimi işin hərtərəfli araşdırılması məqsədilə «X6» MMC mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin şirkətin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və məhkəməyə ətraflı məlumat vermişdir. Şirkət tərəfindən verilmiş texniki rəydən göründüyü kimi, onlar tərəfindən satışa çıxarılmış məhsulda istehsalla bağlı hər hansı bir qüsur olmamışdır. Sadəcə quraşdırma ilə bağlı müəyyən problemlər yaranmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak edən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «X6» MMC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, iddia predmeti olan kondisioner onlar tərəfindən quraşdırılmışdır. Kondisionerin quraşdırılması üçün 10-12 metrlik borulardan istifadə edilmişdir. Bununla yanaşı iddiaçının təkidi əsasında keçidlər qoyulmuş və bu hal zəmanət şərtlərinə aid olmadığı üçün keçidlərin qoyulması ilə əlaqədar əlavə ödəniş də nəzərdə tutulmuşdur. İddiaçının müraciətinə əsasən onun evinə iki dəfə getmişlər. İlk dəfə borunun əyilmiş vəziyyətdə olması, habelə suyun sızması səbəbilə getmişlər. Bu zaman həmin problemi aradan qaldırmışlar və bunun müqabilində əlavə ödəniş tələb etməmişlər. Növbəti, yəni ikinci dəfə isə həmin evə qaz sızması səbəbilə getmişlər. Kondisioner onlar tərəfindən quraşdırıldıqdan sonra onun işləməsində hər hansı bir problem yaranmamışdır. Həmin gündən sonra da, bu məsələ ilə bağlı onlara iddiaçı tərəfindən müraciət edilməmişdir. Mətbəxdə olan kondisionerə qaz vurmamışlar. Şirkətin məhsullarının ancaq içərisində olan ləvazimatlarına zəmanət verilir. 12-lik kondisionerin içərisindən 9-luq boru ona görə çıxır ki, istehsalçı zavod bu qaydada istehsal edir. Kondisionerlərdə hər hansı texniki qüsur yoxdur. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan "xxxx" MMC Sertifikatlaşdırma Orqanının «Malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə» Uyğunluq Sertifikatından görünür ki, sertifikat «TİMBERK TİM 12 H S26» markalı kondisionerə dair verilmiş, verilmə tarixi – xx.xx.2022-ci il olmaqla, qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən «TİMBERK TİM 12 H S26» markalı 2 ədəd kondisionerə dair 2 il müddətinə verilmiş zəmanət talonunda qeyd edilmişdir ki, satışda olan məhsullara marka və modelindən asılı olaraq 1, 2 və 3 il müddətinə satış sonrası xidmət (zəmanət) müddəti təyin olunmuşdur. Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda malların qarşısında qeyd olunur. Məhsula aid texniki kitabçanı, istifadəçi təlimatı və zəmanət öhdəlikləri ilə tanış olmaq əsassızdır. Zəmanət talonu – məhsulun modeli, satış tarixi, Şirkətin möhürü və alıcının imzası aydın şəkildə oxunduğu halda etibarlıdır. Məhsulun modeli və Seriya № zəmanət talonunda göstərilənlərlə uyğun gəlməlidir. Yuxarıda qeyd olunan şərtlər pozulduğu, talonunda göstərilən məlumatlar dəyişdirildiyi, qaralandığı, silindiyi və ya yenidən yazıldığı halda zəmanət talonu etibarsız hesab edilir. Zəmanət talonun itirilməsi halında dublikat verilmir. Bu halda «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq zəmanət müddəti məhsulun istehsal tarixindən hesablanır və bir il müddətində ödənişsiz xidmət göstərilir. İş materiallarında olan «X6» MMC-nin xx.xx.2021-ci il tarixli texniki rəyindən görünür ki, MMC tərəfindən «TİMBERK TİM 12 H S26» markalı kondisionerin müayinəsi və texniki vəziyyəti araşdırılmış və nəticədə «cihaza texniki baxış zamanı istifadəçinin daha öncədən çəkdirdiyi boru xəttindəki keçidlərdə qaz sızması aşkar olunub. Keçidlərin istifadəçinin təkidilə qoyulduğu və bu halın zəmanət şərtlərinə aid olmadığı üçün istifadəçiyə ödənişli xidmət təklif olunub. Qüsur ödənişli olaraq boruların qaynaqlanması üsulu ilə aradan qaldırılıb» məzmunda rəy verilmişdir: Rəyin nəticə hissəsində - cihazda texniki qüsurun olmadığı qeyd edilmişdir. İş materiallarında olan «X6» MMC-nin xx.xx.2021-ci il tarixli texniki rəyindən görünür ki, MMC tərəfindən «TİMBERK TİM 12 H S26» markalı kondisionerin müayinəsi və texniki vəziyyəti araşdırılmış və nəticədə «cihaza texniki baxış keçirilib və kondisioner işləyən zaman iç hissəsində yaranan kondensatin (mayenin) axıdılması üçün nəzərdə tutulan drenaj boruya əlavə olunmuş rezin boru ilə birləşməsində sızma müəyyən edilib. Qüsur örtücü vasitəsilə aradan qaldırılıb. Görülən iş ödənişsiz həyata keçirilib» məzmunda rəy verilmişdir: Rəyin nəticə hissəsində - cihazda texniki qüsurun olmadığı qeyd edilmişdir. Məhkəmə həqiqətə nail olmaq, mülki işə obyektiv, tam və hərtərəfli baxılması məqsədi ilə 20 iyun 2022-ci il tarixli 2(006)-2568/2022 saylı qərardadı ilə iş üzrə mühəndistexniki ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında cavablandırılması zəruri olan sual(lar) qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Röyal Talıbovun 27 iyul 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində məişət avadanlıqları (o cümlədən mübahisə predmeti olan «X7 TİM 12 H S26-KİT» markalı kondisioner) və onların istismarı üzrə xüsusi biliyə malik olan mütəxəssis fəaliyyət göstərmir (bu növ tədqiqatların aparılması üçün ixtisas dərəcəsi olan ekspert yoxdur) və məişət avadanlıqlarında yaranmış qüsur və onun səbəbinin müəyyən edilməsi məhkəmə mühəndis-texniki ekspertizaları şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid deyil. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək qərardadın mühəndis-texniki ekspertiza hissəsi icrasız saxlanılmışdır. «Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi» Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Standartlaşdırma haqqında» Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsinə uyğun olaraq uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən uyğunluq nişanı texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini və sertifikatlaşdırılmasını bildirir. Qeyd edilən Qaydaların 3.4-cü bəndinə əsasən texniki reqlamentlərin tələblərinə cavab verməyən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğu qiymətləndirilməmiş və sertifikatlaşdırılmamış uyğunluğun qiymətləndirilməsinin obyektlərinə uyğunluq nişanı vurula bilməz. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən uyğunluq nişanını birbaşa mala (qazlı, maye və dənəvər materiallara və maddələrə) tətbiq etmək mümkün olmadıqda qablaşdırmaya tətbiq edilir. Uyğunluğun qiymətləndirilməsinin obyektlərinin istismar, texniki və müşayiətedici sənədlərində uyğunluğunun qiymətləndirilməsi haqqında məlumatın (uyğunluq sertifikatının nömrəsi və verilmə tarixi, sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı) göstərildiyi yerdə uyğunluq nişanı ilə nişanlanmalıdır. Belə məlumatlar olduqda uyğunluq nişanı ilə nişanlanmış mal uyğunluq sertifikatının surəti ilə müşayiət olunmaya bilər. Beləliklə, işin hallarından da göründüyü kimi, iddiaçı istinad etdiyi hallara dair (aldığı məhsulun qüsurlu olmasına və s.) hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh tərəfindən iddiaçıya satılmış malların keyfiyyətinə dair uyğunluq sertifikatı təqdim edilmiş, habelə «X6» MMC tərəfindən təqdim edilmiş texniki rəylərdə həmin mallarda hər hansı bir qüsurun olmaması qeyd edilməklə, yalnız həmin məhsulların quraşdırılması ilə bağlı istifadəçi tərəfindən daha öncədən çəkdirilmiş boru xəttlərində nasazlıq yarandığı və s. qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı («X6» MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kondisionerlərin əvəz edilməsi (dəyişdirilməsi) və təmir xərcinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı («X6» MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kondisionerlərin əvəz edilməsi (dəyişdirilməsi) və təmir xərcinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2568/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2568/2022
25.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver