Məhkəmə qərarları › İş №2(006)-257/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-257/2024

24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-257/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nairliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nairliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 176,800 manat, mənəvi zərərin əvəzi olaraq isə 100,000 manat kompensasiya olmaqla cəmi 276,800 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 mart 1996-cı il tarixli MH seriyalı 005801 saylı Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m 7 saylı evin 70 saylı mənzili onun xüsusi mülkiyyətinə verilmişdir. O və ailə üzvləri həmin ünvanda qeydiyyatdadırlar. Qeyd edilən mənzildə Şuşa rayonundan olan keçmiş məcburi köçkün ailəsi yerləşdirilmiş, həmin dövrdə iddiaçı işğal nəticəsində öz evini tərk etməyə məcbur qalmış vətəndaşların düşdüyü vəziyyəti nəzərə alaraq bu ailənin müəyyən müddətə qədər həmin mənzildə yerləşməsinə və yaşamasına etiraz etməmişdir. İddiaçı 20 ilə yaxın bir müddətdən sonra qeyd edilən mənzildə məskunlaşmış şəxslərin başqa yaşayış yeri əldə etməsi, bu mənzili hətta kirayə verməsi ilə bağlı məlumatlar əldə etdikdən sonra həmin şəxslərin özünün xüsusi mülkiyyətində olan mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2743/2011 saylı 01 iyul 2011-ci il tarixli qətnaməsi ilə verilmiş iddia ərizəsi təmin olunmuş, məskunlaşmış şəxslərin mənzildən çıxarılması və iddiaçının ailə üzvləri ilə birlikdə mənzilə köçürülməsi qət edilmişdir. Qarşı tərəfin bu qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4492/11 saylı 15 noyabr 2011-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamədən qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə kassasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəyə minmişdir. Nəticədə qətnamənin icra olunması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Yasamal rayon icra şöbəsinə 2(004)-2743/11 saylı xx.xx.2011-ci il tarixli icra sənədi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş xx/xx-2577/15 saylı 24 oktyabr 2012-ci il tarixli məktubla bildirilmişdir ki, Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi İcra Şöbəsi tərəfindən 02 noyabr 2012-ci il tarixdə saat 15.00-da icra ediləcəkdir. Lakin, qətnamə icra edilməmiş və icra edilməmənin səbəbləri barədə iddiaçıya rəsmi qaydada heç bir məlumat verilməmişdir. Bundan sonra uzun illər ərzində həm iddiaçı, həm də onun oğlu, Vətən Müharibəsi iştirakçısı, “Laçının azad olunmasına görə" medalı ilə təltif edilmiş X7 tərəfindən Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, Ədliyyə Nazirliyinin İcra Baş idarəsinə, habelə digər dövlət orqanlarına yazılı və şifahi müraciətlər edilsə də, onlara qətnamənin icrasının mümkün olmaması barədə şifahi cavablar verilmiş və nəticə etibarilə ilə qətnamənin icrası üzrə heç bir hərəkət edilmədən müsbət nəticə əldə olunmamışdır. İddiaçı Yasamal rayon icra şöbəsinə 08 sentyabr 2022-ci il tarixdə qətnamənin icra vəziyyəti ilə bağlı informasiya sorğusu göndərməklə müraciət etsə də, müraciətə ümumiyyətlə heç bir cavab verilməmişdir. İddiaçı tərəfindən Yasamal rayon icra şöbəsinə növbəti ərizə 2023-cü ilin aprel ayında göndərilmiş, ərizə vasitəsilə qətnamənin icra edilməsinin təmin olunması və 10 ildən artıq müddət keçməsinə baxmayaraq qətnamənin icra edilməməsinin nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi xahiş edilmişdir. Həmin ərizəyə heç bir yazılı cavab verilməmişdir. Yasamal icra şöbəsindən icra məmuru telefon vasitəsilə əlaqə saxlayaraq iddiaçı ilə görüşmüş və həmin görüşdə qətnamənin icrası istiqamətində addımlar atacağını bildirsə də, indiyə qədər praktiki heç bir addım atılmamışdır. Göründüyü kimi Yasamal icra şöbəsi məhkəmə qətnaməsinin icra edilməsindən faktiki imtina etmişdir. Bu hərəkətsizlik nəticəsində dövlət orqanı olan Ədliyyə Nazirliyinin Yasamal rayon İcra Şöbəsi və bu iş üzrə icraata başlamış icra məmuru iddiaçının ölkə Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş mülkiyyət hüququnu, habelə ədalətli mühakimə hüququnu və onun təminatlarını pozmuş, bununla da iddiaçıya maddi ziyan və mənəvi zərər vurmuşdur. ”Əmlak Ekspert Mərkəzi” MMC-dən əldə edilmiş ƏEM/İ 31-379/23 saylı, 25 iyun 2023-cü il tarixli “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə” Hesabatdan görünür ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzilin bazar satış dəyəri 126,000,00 manat, kirayə dəyəri isə 400,0 manat təşkil edir. İddiaçı ona vurulmuş maddi ziyanın əvəzi olaraq real zərər üzrə 126,000,00 manat, əldə çıxmış fayda üzrə isə 50,800 manat (icra sənədini icra edilməsi üçün təyin edilmiş tarix-xx.xx.2012-ci ildən qiymətləndirmənin aparıldığı tarixə - 01 07.2023-cü ilə qədər olan dövrü hesabladıqda 127 ay edir, 127*400=50,800) olmaqla cəmi 176,800 manat (126,000+58,000=176,800) kompensasiya tələb edir. İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 100,000 manat kompensasiya tələb edir. İddiaçı uzun illər zərərli peşə kateqoriyasına daxil olan vəzifələrdə çalışmış, məhz bu illər ərzində fəaliyyətinə görə, habelə uzun müddət növbədə gözlədikdən sonra görə ona verilmiş mənzildə yaşaya bilməmiş, xeyrinə çıxmış məhkəmə qətnaməsinin icra edilməməsi istiqamətində hərəkətsizlik iddiaçıda uzun müddətli qeyri-müəyyənlik, acizlik, məyusluq, ədalətsizlik hissi yaşatmaqla ona davamlı mənəvi iztirablar vermişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m 7 saylı evin 70 saylı mənzilində məcburi köçkünlərin yaşamasına etiraz bildirilməmiş, lakin sonradan məcburi köçkünlərin həmin mənzili kirayə verərək başqa yerdə yaşaması ilə bağlı həmin şəxslərin mənzildən çıxarılması üçün iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2011 -ci il tarixli 2(004)-2743/11 nömrəli qərarına əsasən məcburi köçkünlərin mənzili tərk etməsi və iddiaçının ailə üzvləri ilə birlikdə mənzilə köçürülmələri qət edilmişdir. Həmin qərarın icrası üçün Yasamal rayon İcra Şöbəsinə icra sənədi göndərilsə də qərar icra olunmamışdır. Bu səbəbdən İddiaçı cavabdeh Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına onun xeyrinə 176.800 manat maddi ziyana, 100.000 manat mənəvi ziyanın ödənilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən qeyd edirik ki, hazırkı iddia tələbinin Maliyyə Nazirliyinə qarşı yönəldilməsinin heç bir hüquqi əsası yoxdur və iddia tələbi təmin edilə bilməz, eyni zamanda Ali Məhkəmənin hazırkı praktikasına və qəbul etdiyi qərarına görə Maliyyə Nazirliyinin iş üzrə cavabdeh qismində prosessual iştirakına xitam verilməlidir: ilk növbədə qeyd etmişdir ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarının hər hansı şəkildə pozulmasına yol verilməmişdir. Digər tərəfdən qeyd etmişdir ki, məhkəmə qətnaməsinin icrası Maliyyə Nazirliyinə deyil, Yasamal rayon İcra Şöbəsinə həvalə edilmişdir. Qeyd olunan qanunvericilik normalarından aydın olur ki, iddia tələbi fiziki və ya hüquqi şəxsə qarşı yönəldilir ki, həmin fiziki və ya hüquqi şəxs iddiaya cavab verməli olsun, habelə öz qanunsuz hərəkətləri (və ya hərəkətsizliyi) ilə iddiaçının qanunla qorunan maraqlarını və mənafelərini pozmuş olsun. Halbuki, iddiaçı onun hüquqlarının Maliyyə Nazirliyi tərəfindən pozulduğunu əsaslandıra bilməmişdir. İddiaçı ərizəsində Yasamal rayon İcra Şöbəsinin Yasamal Rayon Məhkəməsinin qərarının indiyə kimi icra edilmədiyini bildirmiş və dəymiş ziyanın Maliyyə Nazirliyindən ödənilməsini tələb etmişdir. Buradan da göründüyü kimi inzibati orqan olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddiaçıya münasibətdə heç bir hüquq pozuntusuna yol verilmədiyindən, ümumiyyətlə iddia ərizəsində göstərilən hallarla əlaqədar Nazirlik tərəfindən hər hansı qeyri-qanuni hərəkətə (və ya hərəkətsizliyə) yol verilmədiyindən hesab edirik ki, hazırki iddia tələbi üzrə Maliyyə Nazirliyi cavabdeh ola bilməz, iddianın Maliyyə Nazirliyinə yönəldilməsinin heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən mövcud məhkəmə təcrübəsini xatırladaraq qeyd edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı (Qərardad əlavə olunur) ilə inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair məhkəmə təcrübəsinin vahidliyini təmin etməyə yönəlmiş hüquqi mövqelər formalaşdırılmışdır. Həmin qərardadda Ali Məhkəmənin İnzibati Kollegiyası özünün aşağıdakı hüquqi mövqelərini bildirmişdir. Kollegiya qanunvericiliyin tələblərini nəzərə almaqla qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur. İcra hakimiyyətinin vahidliyi pinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. "İnzibati icraat haqqında” Qanuna görə sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Həmçinin sözügedən qərardadda qeyd olunmuşdur ki, Maliyyə Nazirliyinin iştirakı ilə baxılan, dövlət büdcəsindən maliyyələşən inzibati orqanlara qarşı məhz həmin orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin həyata keçirilməsi nəticəsində irəli sürülən pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları proses iştirakçısı olan Maliyyə Nazirliyinin hüquqlarına toxunmur. Sadəcə olaraq dövlət büdcəsindən maliyyələşən müvafiq inzibati orqandan, yəni həmin inzibati orqanın özünün hesablaşma hesabından müəyyən kompensasiya məbləği tutulur ki, bunun da üçüncü şəxs qismində Maliyyə Nazirliyinin hesablaşma hesabına heç bir aidiyyəti yoxdur. Maliyyə Nazirliyinin ümumən dövlət büdcəsinin icrasına nəzarət etməs i, ona son nəticədə dövlət büdcəsindən ödənilməli olacaq məbləğlərlə bağlı məsələni həll edən bütün məhkəmə aktlarından şikayət vermək hüququ vermir. Həmçinin qeyd etmişdir ki, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadının 2-ci hissəsinə əsasən məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları ilə bağlı məsələlər həll edilərkən bu Qərardadda müəyyən edilmiş hüquqi mövqelər rəhbər tutulması tapşırılmışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmələr tərəfindən işə baxılarkən mübahisə üzrə tərəflərin müəyyən edilməsinə xüsusi diqqətlə yanaşılmalı, hətta üçüncü şəxslər məhkəmə icraatına cəlb olunarkən bunun qanunvericilikdə müəyyən edilmiş "adi” və "zəruri” cəlbetmə hallarına uyğun olubolmamasının və digər müvafiq halların mövcudluğunun yoxlanılması vacib hesab olunmuşdur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 61,600 manat, mənəvi zərərin əvəzi olaraq isə 100,000 manat kompensasiya olmaqla cəmi 161,600 manat pulun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi hesabına iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə təqdim edildiyi vaxt, yəni 24 iyul 2023-cü il tarixdə iddiaçıya vurulmuş maddi ziyan onun xüsusi mülkiyyətində olan mənzildən qətnamə icra məmuru tərəfindən icra edilmədiyidən istifadə edə bilmədiyi üçün 126,000 manat real zərər, 50,800 manat isə əldən çıxmış fayda olaraq qiymətləndirilmişdir. Bu qiymətləndirmənin əsasını "xxxx" MMC-dən əldə edilmiş ƏEM/İ 31-379/23 saylı, 25 iyun 2023-cü il tarixli "Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə" Hesabat təşkil etmişdir. Həmin sənədə əsasən iddiaçının xüsusi mülkiyyətində olan mənzilin bazar satış dəyəri 126,000,00 manat, kirayə dəyəri isə aylıq 400,0 manat təşkil etmişdir. Tələb olunan 50,800 manat icra sənədinin icra edilməsi üçün təyin edilmiş tarix - xx.xx.2012-ci ildən qiymətləndirmənin aparıldığı tarixə - xx.xx.2023-cü ilə qədər olan dövrü əhatə etməklə 127 ayı əhatə etmişdir (400*127=50,800). Lakin, mülki işə baxılması 1 ildən artıq müddəti əhatə etdiyindən bu müddətdə də iddiaçıya ziyanın vurulması davam etmişdir. Bu səbəbdən iddiaçı ona məxsus olduğu mənzili kirayə vermək imkanından məhrum olmaqla mənzilin boşaldılmasına dair qətnamə üzrə icra sənədinin icra edilməsi üçün təyin edilmiş tarix - xx.xx.2012-ci ildən ən azı xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzində (cəmi 154 ay) əldə edə biləcək faydanı itirmişdir. Bu isə 61,600 manat təşkil edir (400*154=61,600). Digər tərəfdən iddiaçı ona məxsus mənzilə hər bir halda köçüb yaşamaq istədiyindən və onun mənzilini zəbt etmiş şəxslərin mənzildən çıxarılması üçün hüquqi vasitələrdən istifadə etməyə davam etdiyindən həmin mənzilin satış qiymətini təşkil edən 126,000 manat real zərərin əvəzinin ödənilməsi tələbindən imtina edir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X1, X3, X4, X2 və yetkinlik yaşına çatmayan X5 Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal y/m 7 saylı evin 70 saylı mənzilindən çıxarılmaları, İddiaçı Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal y/m 7 saylı evin 70 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilən hesabatdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal y/m 7 saylı evin 70 saylı mənzilinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 126 000 manat, kirayə dəyəri 400 manat təşkil edir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş icra işi materiallarından müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə 2(004)-2743/11 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi 25 aprel 2012-ci il tarixdə icraya yönəldilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 2868/2012-53-31-002 saylı icra işi materiallarında olan xx.xx.2012-ci il tarixli icraata başlamaq haqqında qərara və tələbin könüllü icrası barədə bildirişə əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə 2(004)-2743/11 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin icrasına başlanılmış və borclulara bu barədə bildiriş göndərilmişdir. Həmin icra işindən görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2012ci il tarixli məktubu ilə borclulara tələbin könüllü icra edilməsi ilə bağlı bildiriş göndərilmişdir. Həmin icra işindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən borclulara və tələbkara göndərilmiş xx/xx-2577/15 saylı 24 oktyabr 2012-ci il tarixli məktuba əsasən Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsinin İcra Şöbəsi tərəfindən 02 noyabr 2012-ci il tarixdə saat 15.00-da icra ediləcəyi bildirilmişdir. Həmin icra işində olan Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2743/11 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m 7 saylı evin 70 saylı mənzilə icra məmuru tərəfindən baxış keçirilmiş və mənzildə X6, X9, X5 yaşadığı müəyyən edilmişdir. X6 bildirmişdir ki, yaşamağa başqa yerləri yoxdur, Şuşaya qayıtdıqda könüllü şəkildə mənzili boşaldaraq tələbkara verəcəklər. Həmin icra işindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 373/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2743/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə İddiaçı tərəfindən verilmiş “icra şöbəsinin hərəkətsizliyindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2743/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə hərəkətsizliyi qanunsuz hesab edilmiş, Yasamal rayon Məhkəməsinin 2(004)-2743/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün icra hərəkətlərinin qısa müddət ərzində icra edilməsi vəzifəsinin mövcud olması Yasamal rayon İcra şöbəsinin diqqətinə çatdırılmış, şikayət digər hissədə təmin olunmamışdır. Həmin icra işində olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin AR Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Şuşa şəhərindən məcburi köçkün olan X6 ailə üzvləri ilə birlikdə 1996-cı ildən müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Eyni zamanda Şuşa şəhərinin yenidən bərpası ilə bağlı işlər aparıldığından və köçürülmə mərhələli şəkildə həyata keçirildiyindən X6 ailəsi ilə Şuşa şəhərinin digər məcburi köçkünləri ilə birlikdə öz doğma yurduna köçürüləcəkdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-320/2024 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin Yasamal Rayon Məhkəməsinin 2(004)-2743/11 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İddia tələbinin vurulmuş maddi ziyanın əvəzi olaraq 61600 manatın cavabdehdən tutulması hissəsinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı məhkəmə qətnaməsinin hazıradək icra edilməməsi nəticəsində ona əldə çıxmış fayda üzrə 61600 manat (icra sənədini icra edilməsi üçün təyin edilmiş tarix-xx.xx.2012-ci ildən qiymətləndirmənin aparıldığı tarixə - xx.xx.2024-cü ilə qədər olan dövrü hesabladıqda 154 ay, 154*400=61600 kirayə haqqının əvəzi) ziyan dəymişdir. İddiaçı dəymiş ziyanın məbləğini "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə verdiyi hesabatla əsaslandırmışdır. Maddi zərərin əvəzinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinin hal-hazıradək icra edilməməsinin səbəbi Şuşa şəhərindən məcburi köçkün olan X1 ailə üzvləri ilə birlikdə mübahisəli ünvanda yaşamaqla boş mənzil fondunun olmaması nəticəsində onların başqa mənzillə təmin edilməməsi olmuşdur. Göründüyü kimi icra sənədinin icra edilməməsi icra qurumunun hərəkətsizliyindən irəli gəlməməklə mülki hüquq pozuntusu deyildir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının mübahisəli ünvana mülkiyyət hüquqlarını əldə edərkən məcburi köçkünlərin artıq həmin ünvanda məskunlaşması barədə məlumatlı olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)- 4492/11 saylı qətnaməsində əks olunmuş iddiaçının ərizəsinin əsaslandırmasında görünür. Sadalan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, iddia qeyd edilən hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Prosessual qənaət prinsipi baxımından məhkəmə iddia tələbinin “dəymiş mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni “dəymiş maddi ziyanın ödənilməsi” hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə bu hissədə iddia tələbini təmin etməməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı iddiaçı mənəvi zərərlə əlaqədar məhkəməyə sübut təqdim edə bilmədi. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nairliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar