Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2570/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı dəymiş toplam malın qiyməti 184.00 ABŞ dolları və daşıma haqqı toplam 12.9 ABŞ dolları məbləğində zərərin və ya onun manat ekvivalentinin, habelə dövlət rüsumu qismində ödənilmiş 30.00 AZN məbləğində vəsaitin tam həcmdə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC daşınma haqqı müqabilində şəxsi istifadə və kuryer yüklərinin xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə beynəlxalq səviyyədə daşınmasını həyata keçirən şirkətdir. İddiaçı xarici ölkələrdən satınalma yolu ilə əldə edilmiş bağlamalarının təhlükəsiz və sürətli şəkildə daşınmasının təmin edilməsi məqsədi ilə cavabdehin “mover.az” adlı elektron internet səhifəsində 115899 müştəri kodu ilə qeydiyyatdan keçməklə, sifarişçi qismində sifarişlərin həyata keçirilməsinə başlamışdır. İddiaçı xx.xx.2022-ci il tarixində Amerikanın “Armani Exchange” adlı internet səhifəsindən 120.00 ABŞ dolları (yüz iyirmi ABŞ dolları, 00 sent) və “Jomashop.com” adlı internet səhifəsindən 64.00 ABŞ dolları (altmış dörd ABŞ dolları, 00 sent) həcmində müvafiq məhsullar sifariş etmiş, Amerika daxilində bağlamalarının çatdırılması üçün xarici ünvan kimi cavabdehin Amerikada yerləşən xarici anbarının ünvanını göstərmiş və məhsullar həmin anbara daxil olsa da, cavabdeh tərəfindən müvafiq malların Azərbaycan Respublikası ərazisinə çatdırılması təmin edilməmişdir. Cavabdeh tərəfindən məhsulların Respublika ərazisinə çatdırılmaqla müvafiq qaydada iddiaçının istifadəsinə təhvil verilməsi öhdəliklərinin kobud pozuntusu halına yol verilmişdir. Belə ki, mallar cavabdehin xarici anbarına daxil olduqdan sonra müvafiq malların tam qüsursuz və təhlükəsiz şəkildə sifarişçilərin mülkiyyətinə verilməsi cavabdehin başlıca öhdəliyini təşkil edir. Lakin məhsulların sifariş edilməsindən təxminən 5 aydan da artıq bir vaxtın keçməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə vəzifələrin icrası təmin edilməmiş və hər hansısa səbəblərdən dolayı yaranmış çətinliklərin həlli istiqamətində heç bir əməli addım atılmamışdır. Yaranmış məsələ ilə bağlı iddiaçı tərəfindən dəfələrlə cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən hər dəfə eyni cavab verilmişdir: “Uçuşun tarixi bəlli olanda sizə məlumat veriləcək”. Bağlamaların göndərişi hazırki ərizə ilə məhkəməyə müraciət edildiyi tarixə kimi hələ də təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş müvafiq cavabları özündə əks etdirən məlumatlar da sübut qismində ərizəyə əlavə edilmişdir. Son bir həftədir ki, ümumiyyətlə göndərilən məktublara, edilmiş müraciətlərə cavab verilmir və müvafiq müraciətlər avtomatik qaydada silinir. Cavabdehin Amerika anbarı ilə bağlı yaranmış bu problem kütləvi xarakter daşımaqla, yüzlərlə müştərinin haqlı narazılığını doğurur. Kütləvi şəkil almış narazılıqlara münasibətdə şirkətin “mover.az” saytında cavabdehin Amerikada yerləşən xarici anbarına gətirilmiş bağlamaları Azərbaycan Respublikasının ərazisinə göndərişinin təmin edilə bilməməsi ilə bağlı müvafiq etiraf öz əksini tapır. Cavabdeh müvafiq gecikmələrin səbəbini əməkdaşlıq etdiyi "Silk Way" şirkətinin "xxxx" MMC-yə qarşı şəxsi qərəzli münasibəti ilə əlaqələndirməklə, təmin edilməmiş öhdəliklərin əsas məsuliyyətini üçüncü şəxsin üzərinə ötürmək niyyətindədir. Belə ki, cavabdehin internet səhifəsindəki rəsmi müraciətində göstərilir ki, uzun müddətdir əməkdaşlıq etdikləri, ABŞ-dan daşımaları həyata keçirən "Silk Way" șirkəti və onların agenti olaraq çıxış edən xarici şirkətlər bağlamaların Bakı anbarına göndərilməsindən qanunsuz olaraq imtina edirlər. Xarici agent şirkətlər imtinanın əsası kimi "Silk Way" tərəfindən" "xxxx" MMCyə aid bağlamalarının daşınmasına məhdudiyyət qoyulduğunu bildirirlər. Cavabdehin rəsmi elanına münasibətdə iddiaçı bildirmişdir ki, bu faktın təsdiqi heç bir mötəbər dəlil ilə sübut edilmir. İddiaçıya münasibətdə icra edilməli olan öhdəliklərin icrasının təmin edilməsi üçün birbaşa cavabdeh məsuliyyət daşıyır. Öz fəaliyyətinin təşkil edilməsi istiqamətində hər hansı şirkətlərlə əməkdaşlıq əsnasında yaranmış problemlərin aradan qaldırılmasını təşkil etmək sırf cavabdehin özü üçün maraq kəsb etməli və bu hallar müştərilər ilə münasibətlərə əsla yansıdılmamalıdır. Yaranmış məsələnin məhkəmədən kənar həlli yollarına nail olmaq üçün iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 2023-cü ilin aprel ayında rəsmi şikayət bildirilmişdir. İddiaçının şikayəti əməkdaşlar tərəfindən qeydə alınmış və sonuncu dəfə rəsmi cavab ilə bildirilmişdir ki, tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmasını nəzərə alaraq pozulmuş qanuni maraq va mənafelərin müdafiəsini təmin etmək üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, sifariş etdiyi əşyaların yaxın bir-iki ay ərzində ona təhvil verilməsi mümkündürsə, həmin əşyaların təhvil verilməsini cavabdehdən tələb edir. Əgər əşyaların verilməsi mümkün deyildirsə, hazırki iddia tələbində qeyd olunan cəmi 196.9 ABŞ dollarının (və ya manat ekvivalentinin) cavabdehdən tutularaq ona ödənilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddiaya etiraz etmədi. Bildirdi ki, daşıma şirkəti ilə aralarında yaranan problemə görə Amerika anbarlarına daxil olan məhsulların Azərbaycana gətirilməsi mümkün olmamışdır. Hazırda da həmin məhsulların Azərbaycana dəqiq nə vaxt gətiriləcəyi barədə məlumat verə bilmir. Buna görə də iddianı tam qəbul edərək, təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan: “mover.az” internet resursundan çıxarışlardan görünür ki, kodu 115899 olan müştəri “jomashop.com” mağazasından qiyməti 64 ABŞ dolları, çatdırılma haqqı 4.95 ABŞ dolları olan bağlamanın və “armaniexchange.com” mağazasından qiyməti 120 ABŞ dolları, çatdırılma haqqı 7.95 ABŞ dolları olan bağlamanın dəyərini ödəmişdir. “e-customs.gov.az” internet resursundan çıxarışdan görünür ki, “Mover.az” daşıyıcı şirkəti vasitəsilə “armaniexchange.com” mağazasından alınmış ümumi gömrük dəyəri 127.95 ABŞ dolları olan bağlama xx.xx.2023-cü il tarixində, “jomashop.com” mağazasından alınmış ümumi gömrük dəyəri 68.95 ABŞ dolları olan bağlama isə xx.xx.2023-cü il tarixində bəyan edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2022-ci il tarixdən etibarən şirkətin X1 yerləşən anbarın fəaliyyətinin dayandırıldığı, xx.xx.2023-cü il tarixinədək bağlamaların Azərbaycan Respublikasına çatdırılacağı bildirilsə də, öhdəliyə əməl edilməmişdir. Şirkət tərəfindən bağlamaların öncədən bəyan edilən müddətdə çatdırılmadığından işin keyfiyyətsiz yerinə yetirilməsi halı mövcud olduğu müəyyən edilmiş və Cavabdeh MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan protokol baxılması üçün xx.xx.2023-cü il tarixli 3-21-1/2-4702/2023 nömrəli məktubla Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda, Cavabdeh MMC-nin əməlinə hüquqi qiymət verilməsi üçün Dövlət Xidmətinə daxil olmuş çoxsaylı istehlakçı müraciətləri xx.xx.2023-cü il tarixli 3-21-1/2-5825/2023 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir. Qeyd olunanlara əsasən, maddi və mənəvi zərər tələbi ilə aidiyyəti üzrə məhkəmədə iddia qaldıra biləcəyi onun nəzərinə çatdırılmışdır. Nəsimi Rayon Məhkəməsinin 3(006)-1455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində mülki iş üzrə müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, iddiaçı Zeynalova X2 “jomashop.com” və “armaniexchange.com” onlayn mağazalarından dəyəri 64 ABŞ dolları və 120 ABŞ dolları olan malları dəyərini ödəyərək almış və daşımasını Cavabdeh MMC-yə həvalə etmişdir. Mallar cavabdehin Amerikada yerləşən anbarına daxil olmuş, iddiaçı 4.95 və 7.95 ABŞ dolları məbləğində çatdırılma haqqını cavabdehə ödəmişdir. Malların cavabdehin xarici anbarına daxil olmasından sonra daşımaya təhvil verilməsi üçün iddiaçı tərəfindən müvafiq sadələşdirilmiş gömrük bəyannaməsi təsdiq edilmiş (xx.xx.2023; xx.xx.2023), lakin hal-hazıradək cavabdeh tərəfindən malların iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. Hazırda iddiaçı 1-2 ay ərzində təhvil verilməsi mümkün olduğu təqdirdə malların ona verilməsini, əks təqdirdə isə malların dəyəri və çatdırılma haqqını, cəmi 196.9 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh tərəf isə malların çatdırılmasının əməkdaşlıq etdikləri bir şirkətlə aralarında olan problemə görə mümkün olmadığını bildirərək, iddianı tam etiraf etdi və təmin edilməsinə etiraz etmədi. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddianın tam qanuni və əsaslı olması iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunur. Cavabdehin iddianı etiraf etməsində isə heç bir qanunazidd və ya başqa şəxslərin hüquq və mənafelərinə toxunan hallar yoxdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 859.1-ci maddəsinə əsasən, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-ci maddəsinə əsasən, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. 9.2-ci maddəsinə əsasən, işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddia tələbinin dövlət rüsumu hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara, cavabdehin etirafına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh MMC-dən 196.9 (bir yüz doxsan altı dollar doxsan sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 196.9 (bir yüz doxsan altı dollar doxsan sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2570/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2570/2023
11.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver