Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-258/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borc məbləğinin qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc məbləğinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan borc kimi pul istəmiş və həmin pulu qısa müddətdə qaytaracağını demişdir. O da, "xxxx" ASC-dən ümumilikdə 3.121 manat məbləğində kredit götürərək və üzərinə 2.000 manat da özündə olan pulu əlavə edərək, Cavabdeh vermişdir. Aradan uzun bir vaxt keçməsinə baxmayaraq cavabdehdən xəbər çıxmamışdır. O, dələlərlə cavabdehi telefon ilə yığaraq və iş yerinə gedərək, ondan pulu geri istəmiş, lakin pulu verəcək imkanının olmadığını və başqa bir insandan pul gözlədiyini deyərək, sonra verəcəyini bildirmişdir. O, yenə də, uzun bir vaxt gözləmişdir. Sonuncu dəfə yenə cavabdehlə əlaqə saxlayaraq belə qərara gəlmişdir ki, cavabdeh insanlardan pul alıb, etibarından sui-istifadə edərək aldadırmış. Ondan başqa bir neçə adama da pulunu, çətin vəziyyətdə olduğunu və borc kimi alacağı pulu tez bir zamanda qaytaracağına söz verib, lakin qaytarmamışdır. Buna görə də, Abşeron rayon Polis İdarəsinə şikayət etmişdir. Həmin şəxs Polis İdarəsinə gəlib etiraf edərək, pulu qaytaracağını bildirmişdir. xx.xx.2022-ci il tarixli, № 128-688 nömrəli qeydlə işə baxaraq müraciətin X2 səlahiyyətlərinə aid olmadığı zaman və eləcə də müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda müraciət müəllifinə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Öncəki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdehə pulu 18 dekabr 2020-ci il tarixində vermidir. O, cavabdehə 5.019 manat pul vermişdir. Cavabdeh ona vermiş olduğu puldan ümumilikdə 3000 manat geri qaytarmışdır. Hal-hazırda cavabdehin ona borca götürdüyü kreditin faizləri ilə birlikdə 2.800 manat borcu vardır. Bu səbəbdən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa və iddiaçının öncəki məhkəmə iclasında verdiyi izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddianı yalnız 300 manat hissəsində qəbul edir. Belə ki, o, iddiaçı ilə Bakı İqtisadiyyat və Humanitar kollecində bir yerdə işləmişdir. Onun başına işlər gəlmiş və bu hadisələr baş vermişdir. Bu işlərlə əlaqədar o, 2022-ci ilin noyabr ayında intihar etmişdir. Elektron qolbağ olduğu üçün heç yerdə işləyə bilmir. O, iddiaçıya ödənişlər etmişdir. Onun iddiaçıya 360 manat borcu vardır. O, iddiaçıya 1.530 manat ödəniş etmişdir. O, iddiaçıdan 2.000 manat borc almışdır. O, 3 dəfə iddiaçının maaş kartına pul vurmuşdur. İkisi tam yadında deyil, çünki o, tutulmamışdan öncə göndərmişdir. Birini isə 2022-ci ilin iyun ayında 200 manat göndərmişdir. Digər ikisinin qəbzlərini tapa bilməmişdir. Bu səbəbdən, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş, mətn və audioların ona aid olduğu cavabdeh tərəfindən inkar edilməyən, «WhatsApp» tətbiqi vasitəsi ilə iddiaçı ilə yazışmalarından və səs yazılarından görünür ki, cavabdeh iddiaçıya 5.029 manat ümumi borcu olduğunu etiraf etmiş, qeyd olunan yazışma 2020-ci ilin dekabr ayına təsadüf etmişdir. Tərəflər arasında borcun qaytarılması üçün uzun müddət danışıqlar aparılmış, cavabdeh tərəfindən hissəhissə ödənişlər edilmiş və bu günə cavabdehin iddiaçıya ödənilməmiş 2.019 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, ismarıclarda yer alan mətnlər və səs yazıları tərəflərin iştirakı ilə tədqiq edilmiş, tədqiqat xronoloji ardıcıllıqla araşdırılmışdır. İddiaçı cavabdehin 2.019 manatdan daha çox borcu olmasına dair, cavabdeh isə 2.019 manat borcu iddiaçıya ödəməsinə dair mötəbər sübutları məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələbinə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin tələbinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Toplanmış və tədqiq olunmuş sübutları məcmusu ilə müəyyən olunur ki, cavabdeh iddiaçıdan borc almış, həmin borcun bir hissəsini ödəmiş, qalan hissəsini ödəməyərək, iddiaçıya 2.019 manat borcu qalmışdır. Mübahisənin həllinə tətbiq olunmalı maddi hüquq normalarının tələbinə görə, cavabdeh iddiaçıya borclu olduğu qalıq məbləği ödəməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2.019 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 28 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2.019 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 28 manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-258/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-258/2024
17.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver