Məhkəmə qərarları › İş №2(006)-2580/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2580/2021

17.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2580/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh, "xxxx" MTK-nın nümayəndəsi X7, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və "xxxx" MTK-ya qarşı "dəymiş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh və "xxxx" MTK-ya qarşı "dəymiş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 517,3 kv.m qeyriyaşayış sahəsini həmin sahənin mülkiyyətçisi X4 icarəyə 27 fevral 2019-cu il tarixdən götürülmüş və həmin sahədə özəl tibbi fəaliyyət ilə həmin müddətdən məşğul olunur. 2020-ci ilin mart ayından yuxarı mərtəbədəki qonşu-cavabdeh tərəfindən Klinikanın resepşın hissəsinə su tökülməyə başlanılmış, həmin müddət ona edilmiş şifahi müraciətlər əsasında o həmin nüansları aradan qaldırmışdır. Yenidən 15.02.2021-ci il tarixdən resepşının arxası hissəsində, yəni Klinikanın stomatoloqun xidməti otağının giriş hissəsinə yenidən su axmağa başlamışdır və cavabdehin mənzilinə daxil olan zaman onun mətbəxindəki boruların nasaz olması nəticəsində su Klinikaya tökülür və bu zaman ziyan dəyməkdən başqa, gələn pasientlərdə və qonaqlarda mənfi bir fikir formalaşmaqdadır. Məsələ ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə müraciət edilmiş və həmin bölmənin sahə rəisi Xanlar müəllim tərəfindən araşdırma aparılaraq, Cavabdeh izahatı alınmış və məsələ mülki xarakterli olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən cavabdehə məxsus ünvan 1 evin 131 saylı mənzilindən Klinikaya axan suyun cavabdehin maddi vəsaiti hesabına qarşısı alınması və gələcəkdə bu kimi hərəkətlərin cavabdehə qadağan olunması, Klinikanın stomotoloqun xidməti otağına dəymiş ziyanın cavabdeh tərəfindən qarşılayaraq təmir etməsi vəzifəsi, habelə 5000 (beş min) manat mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehə məxsus ünvan 1 evin 131 saylı mənzilindən Klinikaya axan suyun hər iki cavabdehlərin maddi vəsaiti hesabına qarşısı alınması və gələcəkdə bu kimi hərəkətlərin cavabdehə qadağan olunması, Klinikanın stomatoloqun xidməti otağına 490 manat dəymiş ziyanın cavabdehlərdən müştərək qaydada tutulması, habelə 5000 (beş min) manat mənəvi ziyanın cavabdehlərdən iddiaçının xeyrinə tutulması və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində, müstəqil tələb irəli sürən üçüncü şəxs X9 Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 517 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Y.Cəfərovanın xüsusi mülkiyyətində olmaqla, RX seriyalı, ******* saylı çıxarış DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmişdir. Hazırda Y.Cəfərova həmin sahəni İddiaçıMMC-yə icarəyə vermiş və bununla bağlı müqavilə notarial qaydada təsdiq edilmişdir. Hazırda Klinikanın invertarı olan texnikaya və iddiaçının mülkiyyətində olan sahəyə ziyan dəyməkdədir və cavabdehin qanunsuz əməlləri nəticəsində Klinikaya yuxarı hissədən cavabdehin su borularından su sızmaqdadır. Cavabdehə məxsus ünvan 1 evin 131 saylı mənzilindən Y.Cəfərovanın mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə axan suyun cavabdehin maddi vəsaiti hesabına qarşısının alınması və gələcəkdə bu kimi hərəkətlərin cavabdehə qadağan olunması, Y.Cəfərovanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın cavabdeh tərəfindən qarşılayaraq təmir etməsi vəzifəsi, habelə 3000 (üç min) manat mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələblərinə etiraz edərək bildirdi ki, 2017-ci ildən onun evində və adıçəkilən klinikada təmir işləri gedib. Həmin vaxt müdaxilə xəttinin qoyulmaması, kanalizasiyanın təmizlənməməsi və s. kimi problemlər onun evinin su basmasına gətirib çıxarmışdır. Onun uşaqları 2 gün mətbəxdən su daşıyıb töküblər. Eyni zamanda, qəza xidmətinə müraciət edilmişdir. Bu səbəbdən iddia tələblərinin təmn edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X10 iddia tələblərinə etiraz edərək, tələbin ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 həm iddiaçının, həm müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həm İddiaçı MMC-nin, həm müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 58 X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 27.02.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, «İcarəyəverən» X9 ilə «İcarəçi» İddiaçı MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 58-in icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1756 nömrəli, 24 iyun 2021-ci il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və 131 saylı mənzilin divarlarında olan su sızma əlamətlərini nəzərə alaraq, həmin qüsurların divar daxilindən keçən ümumi kanalizasiya sistemində nasazlıqlar nəticəsində əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Lakin kanalizasiya xəttinin üzəri bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 490 manat məbləğində müəyyən olunur. Həmin ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin istifadəsində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh məxsus ünvan 1 evin 131 saylı mənzilindən su axıtması baş vermiş və bunun nəticəsində sözügedən ünvana ziyan dəymişdir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə hesab edir ki, hər iki iddia tələbi “suyun axıdılmasının qarşısının alınması” hissələrində təmin edilməli, Cavabdeh məxsus ünvan 2 evin, 131 saylı mənzilindən İddiaçı MMCnin icarəsində olan qeyri-yaşayış sahəsinə suyun axıdılmasının qarşısı Cavabdeh hesabına alınmalıdır. Məhkəmə İddiaçı MMC-nin iddia tələbinin “490 manat məbləğində maddi ziyanın cavabdehlərdən müştərək qaydada tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının icarəsində olan sözügedən əmlaka dəymiş maddi ziyanla əlaqədar iddiaçı ilə yanaşı həmin əmlakın mülkiyyətçisi də məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəmə İddiaçı MMC-nin iddia tələbinin “mənəvi ziyanın cavabdehlərdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb əsassızdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008ci il tarixli qərarının 3-cü bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz "xxxx" MTK tərəfindən baş verməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia tələbi qalan hissədə və cavabdeh "xxxx" MTK-ya münasibətdə təmin edilməməlidir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbinin “qeyri-yaşayış sahəsinə dəymiş ziyanın cavabdeh tərəfindən qarşılayaraq təmir etməsi vəzifəsi” hissəsi ilə bağlı qeyd edir ki, Y.Cəfərova adıçəkilən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğuna görə iddia tələbi həmin hissədə təmin edilərək, Cavabdeh maddi zərərin əvəzi kimi 490 (dörd yüz doxsan) manat məbləğində pul alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X8 verilməlidir. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 490 manat məbləğində məbləğində olduğu müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbinin “3000 manat mənəvi ziyanın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən müstəqil tələb irəli sürən üçüncü şəxsin xeyrinə 200 (iki yüz) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və "xxxx" MTKya qarşı "dəymiş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh məxsus ünvan 2 evin, 131 saylı mənzilindən İddiaçı MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinə suyun axıdılmasının qarşısı Cavabdeh hesabına alınmalı, İddiaçı MMC-nin iddia tələbi qalan hissədə və cavabdeh "xxxx" MTK-ya münasibətdə təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın tutulması tələbi”nə dair iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh məxsus ünvan 2 evin, 131 saylı mənzilindən müstəqil tələb irəli sürən üçüncü şəxs X5 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə suyun axıdılmasının qarşısı Cavabdeh hesabına alınmalı, Cavabdeh maddi zərərin əvəzi kimi 490 (dörd yüz doxsan) manat, mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 720 (yeddi yüz iyirmi) manat məbləğində pul alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X8 verilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və "xxxx" MTK-ya qarşı "dəymiş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh məxsus ünvan 2 evin, 131 saylı mənzilindən İddiaçı MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinə suyun axıdılmasının qarşısı Cavabdeh hesabına alınsın. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə və cavabdeh "xxxx" MTK-ya münasibətdə təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın tutulması tələbi”nə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh məxsus ünvan 2 evin, 131 saylı mənzilindən müstəqil tələb irəli sürən üçüncü şəxs X5 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə suyun axıdılmasının qarşısı Cavabdeh hesabına alınsın. Cavabdeh maddi zərərin əvəzi kimi 490 (dörd yüz doxsan) manat, mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 720 (yeddi yüz iyirmi) manat məbləğində pul alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X8 verilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar