Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2581/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi, İddiaçı və cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC tərəfindən ona vurulmuş maddi ziyana görə 24750 manat (məcburi iş buraxma müddəti üçün əmək haqqı 7700 AZN, başqa işə düzəlməkdə cavabdehin təqsiri nəticəsində düzələ bilmədiyi müddət üçün orta əmək haqqı 3000 AZN, işsiz qalmaqla əlaqədar dostundan aldığı borc pulu 2000 AZN, məhkəmə xərcləri 500 AZN və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada gecikdirilmiş əmək haqqının 1 faizi məbləğinə əlavəyə görə 11550 manatı) və mənəvi ziyana görə 50000 (əlli min) manat məbləğində təzminatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdən «xxxx» ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin Sığorta Hadisələri şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyi bildirilmişdir. İşlədiyi bütün müəssisələrdə hər zaman əmək və icra intizamına əməl etmiş, rəhbərlərinin xidməti qaydada və tabeçilik qaydasında verdiyi bütün tapşırıqları vaxtında yerinə yetirmişdir. Son işlədiyi «xxxx» ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin Sığorta Hadisələri şöbəsinin mütəxəssisi vəzifəsini layiqincə icra etmişdir. Bir neçə dəfə rəhbərlik tərəfindən ona könüllü olaraq işdən getməyi barədə ərizə yazmağı bildirilmiş, bunun səbəbini soruşduqda isə, bu şirkətin özəl olduğu və rəhbərliyin istədiyi qərarı verməkdə sərbəst olduğu bildirilmişdir. Özü və etibarnamə üzrə nümayəndəsi tərəfindən «xxxx» ASC-yə müraciət edərək sənədlərin təqdim edilməsi xahiş olunsa da «xxxx» ASC tərəfindən müraciətləri cavabsız qaldığından məcbur olub Nəsimi rayon Məhkəməsinə “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, hakim Ramin Xəlilovun xx.xx.2019-cu il tarixli 2(006)-7275/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, «xxxx» ASC tərəfindən verilən əmr ləğv edilərək onun əvvəlki işi bərpa olunması haqda qətnamə qəbul edilmişdir. Burada əsas məqsədi ona qarşı tətbiq olunmuş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin işəgötürən tərəfindən ləğv edilərək əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi olmuşdur. Məhkəmə qətnamə qəbul etməmişdən əvvəl «xxxx» ASC-nin nümayəndəsi ona hər hansı maddi tələbi olmadığı halda 1-ci instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməyəcəyini və qətnamə hüquqi qüvvəyə mindikdən dərhal sonra əmri ləğv edərək onu əvvəlki işinə qaytararaq öz xahişi ilə çıxarılacağını bildirmişdir. Elə bu səbəbdən o zaman «xxxx» ASC-yə qarşı heç bir maddi və mənəvi tələb qoymamışdır. Lakin, «xxxx» ASC-nin rəhbər şəxsləri verdiyi vədlərə əməl etməmiş, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərar ilə apellyasiya şikayəti təmin edilmədən Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-7275/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda qanuni qüvvəyə minmiş qətnamə «xxxx» ASC-nin vəzifəli şəxsləri tərəfindən icra olunmur. Hal-hazırda keçirdiyi mənəvi psixoloji sarsıntılar, kollektiv içindəki hörməti, yaxın ətrafının keçirdiyi stress, kollektiv arasında gözdən salınması və gələcək kariyerasının korlanlanması məqsədi ilə barəsində əmrin verilməsi ona mənəvi ziyana görə təzminat tələb etməyimə əsas verir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və yazılı ərizə təqdim edərək bildirdi ki, hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş 1 (bir) illik iddia müddəti buraxılmışdır. Belə ki, iddiaçı bu hal üzrə ilk dəfə işə bərpa olunması üçün Nəsimi Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə müraciət etmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Hal-hazırda iddiaçı qeyd edilən normanın tələblərinin pozaraq yenidən məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş X2 izahatında İddiaçı ilə dost münasibətində olduğunu, onun maddi ziyana düşdüyünün şahidi olduğunu və bu səbəbdən İddiaçı 1000 manat məbləğində borc pul verdiyini bildirdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və şahidin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-7275/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı "əmrin ləğv edilməsi və digər" tələbinə dair iddia tələbi təmin edilmiş, «xxxx» ASC-nin xx.xx.2019-cu il tarixli, AS-k-19/241 saylı əmri ləğv edilmiş və İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Sığorta Hadisələri Şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 3578/2020 saylı qətnaməsindən görünür ki, «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-7275/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 300-cü maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə, 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli, 2(006)-7275/2019 saylı qətnaməsi ilə «xxxx» ASC-nin xx.xx.2019-cu il tarixli, AS-k-19/241 saylı əmri ləğv edib və İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Sığorta Hadisələri Şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edərkən, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə də münasibət bildirməli idi. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozularaq iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi faktı Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-7275/2019 saylı qətnaməsi ilə müəyyən edildiyindən bu qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Ona görə də məhkəmə belə hesab edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpası baxımından və onun məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi onun əvvəlki “əmrin ləğv edilməsi və işə bərpa tələbinin” maraq dairəsinin tərkib hissəsi olduğundan iddia müddətinin tətbiq olunmasını mübahisələndirmədən bu hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən başqa işə düzəlməkdə cavabdehin təqsiri nəticəsində düzələ bilmədiyi müddət üçün orta əmək haqqı 3000 AZN, işsiz qalmaqla əlaqədar dostundan aldığı borc pulu 2000 AZN, məhkəmə xərcləri 500 AZN və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada gecikdirilmiş əmək haqqının 1 faizi məbləğinə əlavəyə görə 11550 manat tutulmasına dair hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki-prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı başqa işə düzəlməkdə cavabdehin təqsiri nəticəsində düzələ bilmədiyi müddət üçün orta əmək haqqı 3000 AZN, işsiz qalmaqla əlaqədar dostundan aldığı borc pulu 2000 AZN , məhkəmə xərcləri 500 AZN və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada gecikdirilmiş əmək haqqının 1 faizi məbləğinə əlavəyə görə 11550 AZN tələb etsə də, qeyd olunan tələblərin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, şahid ifadəsində iddiaçının 1000 manat məbləğində borc aldığı təsdiqlənsə də, qeyd olunan borcun məhz iş buraxma dövrü ilə əlaqədar olaraq alınmasını təsdiq etmir, habelə təklikdə şahid ifadəsi borc münasibətlərinin sübutu kimi sübutların tamlığı şərtini təmin etmir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyana görə 50.000 manat məbləğində təzminatın tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı işdən qanunsuz çıxarılması ilə bağlı əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və bu halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «xxxx» ASC-dən məcburi iş buraxma müddəti üçün əmək haqqı və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh «xxxx» ASC-dən məcburi iş buraxma müddəti üçün əmək haqqı və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2581/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2581/2021
05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver