Məhkəmə qərarları › İş №2(006)-2596/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2596/2023

11.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2596/2023 11.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X3 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh1 MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 5300 (beş min üç yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ilin fevral ayından “İnsta Pover” proqramına qoşulub “M10” platformasından istifadə etmiş və həmin proqrama mütəmadi olaraq 5300 (beş min üç yüz) manat pul yatırmışdır. 2023-cü ilin 8 Mart bayramından sonra şirkət bağlanmış, iddiaçı şirkətin “8810” nömrəli qaynar xəttinə dəfələrlə zəng etmiş, lakin cavabdeh tərəfindən iddiaçının 5300 (beş min üç yüz) manat pulu qaytarılmamış və iddiaçıya tövsiyyə edilmişdir ki, məhkəməyə müraciət etsin. Ona görə iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi X2 ərizə təqdim edərək, iş üzrə cavabdehin məsuliyyət daşımamasının nəzərə alınmasını, hesabına pul vəsaiti köçürülmüş – “M10” pul kisəsi istifadəçilərinin, yəni mobil telefon sahiblərinin müəyyən edilməsi üçün müvafiq mobil operatorlara sorğular verilərək, onların müəyyən olunmasını və cavabdeh qismində işə cəlb edilməsini, iddiaçının tələb etdiyi vəsaitin onlardan tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə sübutların cəlb edilməsi təmin edilmiş, müvafiq məlumatların təqdim edilməsi aidiyyəti hüquqi şəxslərdən və orqanlardan tələb edilmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi X2 ərizə təqdim edərək, iş üzrə cavabdehin məsuliyyət daşımamasının nəzərə alınaraq, iddiaçının təqdim etdiyi qəbzlər əsasında 4989 manat pul vəsaitinin və dövlət rüsumunun cavabdehdən deyil, hesabına pul vəsaiti köçürülmüş “M10” hesablarından tutulması barədə məhkəmənin müvafiq qərar qəbul etməsinin qanunauyğun olduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X4 məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN statusu: aktiv). Mülki işin materiallarında olan İnternet Vergi İdarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışından görünür ki, Cavabdeh1 (VÖEN: **********) xx.xx.2005ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh1 MMC (VÖEN: **********) vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyiciləridir. Deməli, hazırki mübahisənin subyektiv tərkibinin sahibkarlıq fəaliyyətinin subyektləri olması işin mübahisəsiz halını təşkil edir. Tərəflər arasında olan münasibətlərin xarakterinə və mübahisənin predmetinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı cavabdeh şirkətə məxsus “M10” adlı tətbiq vasitəsilə “İnsta Pover” adlı platformaya investisiya qoyub gəlir əldə etməyə çalışdığını bildirərək, platformanın bağlanması nəticəsində itirdiyi pulları cavabdehdən tələb edir. Göründüyü kimi, iddiaçının niyyəti gəlir əldə etmək olmuşdur. Cavabdeh isə məhdud məsuliyyətli cəmiyyət təşkilatihüquqi formasında olan kommersiya hüquqi şəxsi olduğundan, onun nizamnaməsinə uyğun olaraq göstərdiyi fəaliyyətdən gəlir əldə etmək niyyətinin olması işin mübahisəsiz halıdır. Deməli, iddiaçı cavabdehə məxsus tətbiqdən istifadə edərək başqa bir platformaya investisiya qoyaraq davamlı gəlir əldə etmiş, sonradan platformanın bağlanması nəticəsində müəyyən miqdarda pulundan məhrum olmuş, cavabdeh isə iddiaçının ona məxsus tətbiqdən istifadə edərək köçürmələr etməsi nəticəsində gəlir əldə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər kommersiya münasibətləri olduğundan, hazırki mübahisə də kommersiya xarakterli mübahisədir. Ona görə də hazırki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı X3 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh1 MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh1 MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar