Məhkəmə qərarları › İş №2(006)-26/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-26/2022

31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-26/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh «İlk İnşaat» Tikinti İdarəsinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin, 11, 21 və 23 saylı mənzilləri iddiaçının xüsusi mülkiyyətindədir, 1995-ci ildən ailəsi ilə həmin mənzildə yaşayırlar. Bir neçə il bundan əvvəl «Sovetski» adlandırılan ərazidə söküntü işləri başlandı və cavabdeh «İlk İnşaat» Tikinti İdarəsi söküntü işləri aparmağa başladı. Eyni zamanda evlərindən bir az aralı nə isə bir qurğu qurdular, həmin qurğu torpağa güclü zərbələr endirməklə nə isə endirdi, mənzilin böyük zalında tavan dağılmağa başladı. İddiaçı Bakı şəhəri Yasamal rayonu 61 saylı MKİS-ə şikayətlə müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə oradan 31 saylı cavab almışdır. Həmin cavabda bildirilmişdir ki, həmin ərazidə tikinti işlərini cavabdeh «İlk İnşaat» Tikinti İdarəsi aparır. Yazılı müraciətinə cavab verməmişdir. Cavabdehin iddiaçıya cavab verməməsini Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquqlarının pozulması kimi qiymətləndirir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın müəyyən edilməsi üçün məhkəmə-tikinti ekspertizasının təyin edilməsini, vurulmuş maddi ziyanın müəyyən edilməsini və müəyyən edilmiş məbləğin cavabdehdən alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini qanunauyğun hesab edir. Bundan əlavə, iddiaçının və ailə üzvlərinin həyatı və sağlamlığı daimi təhlükə altındadır, bilmirlər tavanın hansı hissəsi nə vaxt başlarına uçacaq. Buna görə də cavabdehdən mənəvi ziyana görə 100.000 manat məbləğin alınaraq, iddiçıya verilməsini məntiqi hesab edir. Göstərilənlərə əsasən cavabdeh «İlk İnşaat» Tikinti İdarəsindən iddiaçıya vurulmuş, ekspertizanın müəyyən etdiyi maddi ziyana görə məbləğin və mənəvi ziyana görə 100.000 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. ddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh şirkətdən vurulmuş maddi ziyana görə 18.000 manat, mənəvi ziyana görə isə 100.000 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin adının «İlk İnşaat» Tikinti İdarəsindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə əvəz edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, 3 il ərzində həmin evdə dağılmış şəraitdə yaşamağa məcbur olmuşlar. Sonradan normal yaşayışları bərpa etmək üçün özləri təmir işləri aparmışlar və hal-hazırda orada yaşayırlar. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək və bununla bağlı yazılı etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı heç bir vaxt göstərilən ərazidə söküntü işləri aparmayıb. Qeyd edilən ərazidə söküntü işləri başa çatdıqdan sonra, yəni xx.xx.2017-ci il tarixdə «Təzəpir məscidi kompleksinin ətrafındakı ərazinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri» çərçivəsində müqavilə əsasında abadlıq işləri başlanmışdır. Abadlıq aparılan ərazi iddiaçının yaşadığı ünvandan təqribən 300 metr aralıda yerləşir, orada yaşayış binaları və əlavə aradan enli (təqribən 25-30 metr) avtomobil yolu keçir. Abadlıq aparılan ərazidə heç bir qurğu qurulmamışdır və zatən buna ehtiyac da yoxdur. Şirkət olaraq onlar vətəndaşların müraciətlərinə sayğı ilə yanaşırlar. Lakin iddiaçıdan onlara müraciət daxil olmamışdır. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, sözügedən ərazidə cavabdeh şirkət tikinti və söküntü işləri deyil, abadlıq işləri aparmışdır. Bu işlərin aparılması da cavabdehlə "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsi əsasında həyata keçirilmişdir. Həmin ərazidə tunel isə birbaşa sözügedən şirkət tərəfindən çəkilmişdir. Onlar abadlaşdırılma işləri aparmağa başlayanda artıq tikinti-söküntü işləri aparılmışdı və başqa şirkət tərəfindən həyata keçirilmişdir. Ekspert rəyindən də görünür ki, orada evə dəmiş zədənin məhz onların həmin ərazidəki fəaliyyətləri nəticəsində yaranıbyaranmamasının müəyyən edilə bilməməsi qeyd olunmuşdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Ş.Əzizbəyov küçəsindəki 22 nömrəli yaşayış evi 11,23 və 21 nömrəli mənzilləri İddiaçı xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

9. İş materiallarında olan texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən 22 nömrəli evin 8 otaqlardan ibarət olan 11,21 və 23 nömrəli mənzillər İddiaçı məxsusdur,

10. İş materiallarında olan Yasamal RİH MKTB-nin 61 saylı İstismar Sahəsi tərəfindən İddiaçı qıqına ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı mənzili özəlləşdirilmiş mənzildir. Yoxlama zamanı mənzilinin giriş hissəsində, pilləkən qəfəsində divarda çatların olduğu məlum oldu. Bundan əlavə, mənzilin bir otağının tavanının 2,0 kv.m. sahəsi uçulub dağılması və vanna otağının davanının bir hissəsinin sökülməsi, faktı aşkar olundu. Bildirirlər ki, mənzilin daxilində tələb olunan hər hansı bir təmir işlərinin aparılması, mənzil sahibinin öz vəsaiti hesabına aparılmalıdır. Mənzilə dəymiş maddi ziyanın hesablanması üçün 61 №-li MKİS-də ekspert-mühəndis mütəxəssisi yoxdur. 61 №-li MKİS-in ərazisində aparılan tikinti işlərini «İLK İnşaat» Tikinti İdarəsi aparır. Həmin idarə ilə 61 №-li MKİS arasında heç bir müqavilə tərtib olunmadığına görə həmin idarə haqqında məlumatları yoxdur. 11 .İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 16613 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, - 1-ci sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin11,21 və 23 saylı mənzilin pilləkən qəfəsinin divarlarında ayrı-ayrı hissələrdə müxtəlif istiqamətli çatlar yaranmış, şpaklyovka və emulsiya qatı qopub tökülmüşdür. Mənzilin yaşayış və yardımçı otaqlarında xarici və daxili divarlarda, eləcə də arakəsmələrdə şaquli və üfüqi istiqamətlərdə, bəzi yerlərdə ikitərəfli çatlar əmələ gəldiyi, şpaklyovka və emulsiya qatının qopub töküldüyü, zalda tavanın beton və suvaq qatının bir neçə yerlərdə qopub döşəmənin üzərinə töküldüyü, ayrı-ayrı hissələrin, həmçinin divarların çatladığı, sanitar qovşağında dartılma asma tavan partlayaraq cırıldığı, tavanın şpaklyovka və emulsiya qatının qopub töküldüyü müəyyən olunmuşdur. - 2-ci sual üzrə: Rəyin təhqiqat hissələrində göstərilənlərir nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11,21 və 23 saylı mənzilinin yaxınlığında (bitişik ərazidə) söküntü işlərinin aparıldığı müəyyən olunmuşdur ki, bu da həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşaldaraq sürüşməsi nəticəsində iddiaçıya məxsus mənzildəki zədələrin əmələ gəlməsinə səbəb ola bilər. Qeyd olunur ki, tədqiq olunan mənzildəki zədələrin, konkret olaraq «İLK İnşaat» Tikinti İdarəsinin həmin ərazidə fəaliyyəti nəticəsində yaranıbyaranmamasını müəyyən etmək tikinti ekspertinin səlahiyyətinə aid deyildir. - 3-cü sual üzrə: tədqiq olunan mənzilə dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar qeyd olunur ki, baxış zamanı həmin mənzilin bərpa olunmasıüçün müəyyən hissələrin sökülərək yenidən inşa edilməsinin, ayrı-ayrı konstruktiv elementlər üzrə, eləcə də tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, mübahisəli mənzil və mənzilin yerləşdiyi torpaq sahəsi üzrə tikinti konstruktorunun müvafiq hesablamaları əsasında gücləndirmə işləri aparıldıqdan və yerinə yetirilməli işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər.

12. İş üzrə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 10/7053 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, - 1-ci sual üzrə: Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11,21 və 23 saylı mənzilin pilləkən qəfəsinin divarlarında ayrı-ayrı hissələrdə müxtəlif istiqamətli çatlar yaranmış, şpaklyovka və emulsiya qatı qopub tökülmüşdür. Mənzilin yaşayış və yardımçı otaqlarında xarici və daxili divarlarda, eləcə də arakəsmələrdə şaquli və üfüqi istiqamətlərdə şpaklyovka və emulsiya qatının qopub töküldüyü, zalda tavanın beton və suvaq qatının bir neçə yerlərdə qopub döşəmənin üzərinə töküldüyü, ayrı-ayrı hissələrin, həmçinin divarların çatladığı,sanitar qovşağında dartılma asma tavan partlayaraq çırıldığı, tavanın şpaklyovka və emulsiya qatının qopub töküldüyü müəyyən olunmuşdur. Rəyin təhqiqat hissəsində göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11,21 və 23 saylı mənzilinin yaxınlığında (bitişik ərazidə) söküntü işlərinin aparıldığı müəyyən olunmuşdur ki, bu da həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşalaraq sürüşməsi nəticəsində iddiaçıya məxsus mənzildəki zədələrin əmələ gəlməsinə səbəb olat bilər. Lakin tədqiq olunan mənzildəki zədələrin, konkret olaraq «İLK İnşaat» Tikinti İdarəsiinin həmin ərazidə fəaliyyəti nəticəsində yaranıb-yaranmamasını müəyyən etmək tikinti ekspertin səlahiyyətinə aid deyildir. - 2-ci sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11,21 və 23 saylı mənzilinin sahəsi 60,0 kv.m. təşkil etdiyini yaşayış otağında mövcud olan qüsurları nəzərə alaraq həmin tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 18000,0 (60,0 kv.m. x 300 manat) məbləğində müəyyən olunur.

13. İş materiallarında olan «Sifarişçi» qismində "xxxx" ASC ilə «Podratçı» qismində Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında filialı arasında bağlanmış xx.xx.2017-ci il tarixli «Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi» və «Təzəpir məscidi kompleksinin ətrafındakı ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri» layihəsinin İİ mərhələsi üzrə müqavilənin surətindən görünür ki, «Layihə» - bu müqavilə üzrə nəzərdə tutulmuş Obyektin planlaşdırılması və inşa etmək üçün layihə deməkdir (bənd 1.26). Podratçı Layihənin planlaşdırılması, təchizat və inşaat işlərini həyata keçirir (bənd 2.). Podratçı işin icra olunması üçün müvəqqəti mühəndis kommunikasiyalarının (şəbəkələrinin) saxlanılması (istismarı) və layihə icra olunduqdan sonra isə müvəqqəti mühəndis kommunikasiyalarının (şəbəkələrinin) Ərazidən daşınmasına məsuldur (bənd 4.5.1). İnşaat: Podratçı inşaat işlərini təhlükəsiz və səmərəli şəkildə icra etməlidir (bənd 4.6).

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən aparılmış abadlıq və tikinti işləri ilə əlaqədar İddiaçı mülkiyyətində olan əmlaka maddi ziyan dəymişdir. Hazırda iddiaçı cavabdehdən əmlaka dəymiş maddi ziyan və mənəvi ziyanın əvəzini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir». Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Bu baxımdan əmlak hüquqlarının reallaşdırılması, öhdəliklərin yerinə yetirilməsilə bağlı münasibətlərə hər hansı qanunsuz müdaxilə edilməsi, maneə yaradılması məqbul hesab oluna bilməz».

17. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz».

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

24. Məhkəmə qeyd edir ki, iddaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11,21 və 23 saylı mənzillərinə cavabdeh təşkilatın həmin ərazidə aparmış olduğu söküntü, qazıntı, təmir işləri ilə əlaqədar olması məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizanın rəyindən də müəyyən edilmişdir.

25. Belə ki, sözegedən mənzil uzun illər öncə tikilmiş olduğu dövrdə heç bir zədələnməsinin olmaması (iddiaçının nümayəndəsi və vəkilinin izahatına uyğun olaraq) , onun bu dərəcədə zədələnməsi isə yağış suları, qrunt suları və s kimi təbbi aşınma prosesi zamanı olmadığı da ağlabatan olması müəyyən edilmiş, ekspert rəyində isə bunun həmin ərazidə aparılan (bitişik ərazi) söküntü işləri zamanı yaranmış silkələnmələr nəticəsində başverməsinin daha böyük ehtimal olması müəyyən edilmişdir.

26. Məhkəmə həmçinin qeyd edir ki, sırf həmin tikilinin zədələnməsinin bir başa cavabdeh təşkilat tərəfindən törədilməsi hazırda tikinti işləri yekunlaşdığından iddiaçının bu halı başqa cür məyyən etməsidə qeyri mümkün olmuşdur. Bu qeyri mümkünlüyün isə faktiki ziyan dəymiş iddiaçının məhkəmə müdafiəsindən kənar qalmaq kimi nəzərə alınması hüquqa zidd olardı.

27. Məhkəmə yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək, habelə ekspert rəyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 18.000 (on səkkiz min) manat pul tutulmalıdır.

28. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 100.000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməlidir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

32. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

33. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 34.Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

35. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

36. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 100.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında filialından İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 18.000 (on səkkiz min) manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə təyin edilmiş ekspertiza xərcləri cavabdehə aid edilməlidir.

40. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 (iki yüz) manat Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında filialından tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında filialından İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 18.000 (on səkkiz min) manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 (iki yüz) manat Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında filialından tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar