Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2601/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədirliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (maraqlı şəxs: AR Mərkəzi Bankı) qarşı "Birbank plastik kartdan çıxarılmış pulun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (maraqlı şəxs: AR Mərkəzi Bankı) qarşı "”Birbank” plastik kartdan çıxarılmış pulun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş **********217935 nömrəli ”Birbank” plastik kartından çıxarılmış 5133 manat pul vəsaitinin qaytarılması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra“İddiaçı” adlanacaq) əmək haqqını Cavabdeh ASC (bundan sonra “Cavabdeh” adlanacaq) tərəfindən verilmiş plastik kart vasitəsilə alır. xx.xx.2023-cü il tarixində saat 19:30 radələrində cavabdehə məxsus “Birbank” mobil tətbiqinə pul uduşu ilə bağlı reklam xarakterli məlumat mesajı gəlmiş, mesaja daxil olduqdan sonra OTP kodu tələb olunmuş, o, həmin kodu yazdıqdan sonra kartda olan 170 manat vəsait əmək haqqı kartına köçürülərək 1483 manat vəsait əmək haqqı kartından çıxarıldı. Bununla bağlı dərhal cavabdehin “196” qaynar xətt mərkəzinə məlumat verilmişdir. Həmin mərkəzlə əlaqə zamanı ona məxsus əmək haqqı kartının bloklanması ona təklif olundu, o, razılıq verdi və bank tərəfindən əmək haqqı kartı bloklandı. Mərkəzdən əlavə məlumat kimi bildirilmişdir ki, “Birbank” mobil tətbiqinin sazlanma bölməsindən daxil olaraq istədiyi kartı blok etdiyi zaman heç bir halda kənar şəxslər tərəfindən ona məxsus kartlardan vəsait çıxarıla bilməyəcəyi və 14 iş günü müddətində onun müraciətinə baxılıb məlumat veriləcəyi ona bildirildi. O əmək haqqı kartını və “Birbank” plastik kartını yeniləmək üçün yenidənCavabdeh ASC-yə müraciət etdi. Bankın 196 Məlumat Mərkəzinə baş vermiş hadisə barədə yenidən məlumat verdikdən sonra bankdan ona bildirildi ki, “Birbank”hesabından kartın illik sığorta haqqı ilə bağlı 8,25 manat vəsait silinəcək və baş vermiş dələduzluq birdaha təkrarlanmayacaq və onun razılığı ilə yeni “Birbank” plastik kartından 31 mart 2023-cü il tarixində illik sığorta haqqı silinmişdir. Bankın ona verdiyi güvəncə görə o “Birbank” plastik kartında olan 1500 manatlıq hesab limitini 4200 manat məbləğə artırmışdır. xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində mobil telefonuna heç bir xəbərdaredici məlumat gəlmədən eləcə də mobil telefonunda onun tərəfindən heç bir əməliyyat aparmadan əmək haqqı kartının balansında olan 570 manat vəsait “Birbank” plastik kartına köçürülərək 3650 manat vəsaitin həmin plastik kartdan çıxarıldığı barədə ona məlumat mesajı gəldi. Bu barədə yenidən Cavabdeh ASC-nin 196 qaynar xətt Mərkəzinə zəng edərək məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh ASCCavabdeh ASC-nin Yasamal filialına baş vermiş hadisə barədə yazılı müraciət etmişdir. Bankdan 10 iş günü ərzində baxılıb ona məlumat veriləcəyi bildirilsə də 15 iş günü ərzində ona yazılı cavab verilərək bildirilmişdir ki, 3650 manat pulun çıxarılması zamanı əməliyyat müraciətdə qeyd edilən mobil nömrəyə göndərilmiş OTP kodun istifadə edilməsi ilə icra edilmiş, lakin müraciətdə qeyd edilən mobil nömrəyə OTP kodu gəlmədən 3650 manat vəsait silinmişdir. Cavabdeh ASC baş vermiş ilk hadisədən sonra təhlükəsizlik tədbirləti görsəydi ikinci hadisə baş verməzdi və onun “Birbank” plastik kartından 3650 manat pul vəsaiti çıxarılmazdı. İlkin hadisədən sonra birbank kart hesabından kartın illik sığorta haqqı ilə bağlı 8,25 manat vəsait silinəcək və baş vermiş dələduzluq birdaha təkrarlanmayacaq bildirilsə də xx.xx.2023-cü il tarixində 19:00-da onun birbank kart hesabından 3650 manat vəsait silinmişdir. Cavabdeh ASC tərəfindən ona məxsus birbank plastik kartından silinmiş 5133 manat vəsait onun kartına qaytarılmalıdır. Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək ona məxsus kart hesabından tutulmuş 1749,94 manat pul məbləğinin cavabdeh tərəfindən ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixli Birbank Cashback kredit xətti müqaviləsi bağlanmışdır. Kart məlumatlarının qorunması, üçüncü şəxslərə verilməsi barədə məsuliyyət kart istifadəçisinin üzərinə düşür. İddiaçı ona gələn reklam xarakterli mesajı OTP kodu daxil edərək, bildirişin məhz Birbank tətbiqindən gəlməsi barədə sübut təqdim edə bilməmişdir. Birinci əməıliyyat zamanı bankın təqsiri müəyyən edilməmişdir. İkinci əməliyyat zamanı isə bankın operatoru gələn zəngdən sonra Birbank tətbiqini dəyişdirməli olduğu halda dəyişdirmədiyi üçün vəsait ona geri qaytarılmışdır. Bu səbəbdən iddianın əsassız olduğunu və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli cavab məktubundan görünür ki, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Müştərilərin daha diqqətli olmaları üçün bank tərəfindən sosial paylaşımlar edilir. 23mart 2023-cü il tarixdə 510307xxxxxx5328 nömrəli plastik kartdan 31310 UAH (ekvivalenti olaraq 1483,06 manat) məbləğində əməliyyat və qanunvericiliyə uyğun olaraq əməliyyat üzrə 266,95 manat olmaqla 18 faiz həcmində ƏDV məbləği tutulmuş, 03 aprel 2023-cü il tarixdə 510307xxxxxx2618 nömrəli plastik kartdan 76210 UAH (ekvivalenti olaraq 3609,85 manat) məbləğində əməliyyat qanunvericiliyə uyğun olaraq əməliyyat üzrə 649,77 manat olmaqla 18 faiz həcmində ƏDV məbləği tutulmuşdur. Əməliyyat müraciətdə qeyd eidlən mobil nömrəyə göndərilmiş OTP kodun istifadə edilməsi ilə icra edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixli Birbank Cashback kredit xətti müqaviləsi bağlanmış, iddiaçı bankdan plastik kart əldə etmişdir. Kartın ilkin limiti 1500 manat təyin edilmişdir. xx.xx.2023-cü il tarixində İddiaçı məxsus kartdan reklam xarakterli bildirişə OTP kodunu daxil etdiyi üçün kartda olan 170 manat vəsait əmək haqqı kartına köçürülərək 1483 manat vəsait əmək haqqı kartından məxaric edilmişdir. Daha sonra bank onun limitini 4200 manata artırmışdır. Bu dəfə onun əmək haqqı kartından 570 manat vəsait Birbank kartına köçürülmüş, ona OTP kodu gəlmədən kartından 3650 manat məbləğində vəsait çıxılmışdır. İddiaçı banka müraciət etmiş, ona ikinci əməliyyata görə kartından çıxılmış vəsaitə görə 3383,06 manat məbləğ Cavabdeh ASC tərəfindən ona qaytarılmışdır. Hal-hazırda iddiaçı bu halın baş verməsini bankın təhlükəsizlik sisteminin əlverişsiz olduğundan baş verdiyini iddia edir və birinci əməliyyata görə onun kartından çıxılmış 1483 manat pulun və 18 faiz ƏDV-nin (1483:100x18=266,94 1483+266,94=1749,94) 1749,94 manat məbləğin ona ödənilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdeh tərəfindən həqiqətən də bankın təhlükəsizlik sisteminin əlverişsiz olduğundan ona zərərin vurulmasını, bankın vaxtında öz öhdəliklərini yerinə yetirmədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli Birbank Cashback kredit xətti müqaviləsinin 8.2-ci bəndindən görünür ki, müştəri anlayır və qəbul edir ki, müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirilmə məlumatlarının məxfi saxlanılması təhlükəsizliyinin təmin edilməsi habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı müştəriyə dəymiş zərərə görə bank məsuliyyət daşımır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından da göründüyü kimi İddiaçı istifadəsində olan kartın məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmişdir. Nəticədə qeyd olunan silinmə həyata keçirilmişdir. Birinci əməliyyat zamanı bankın təqsiri müəyyən edilməmiş, iddiaçı bu barədə məhkəməyə bankın təqsiri barədə sübut təqdim etməmiş, həmçinin kart məlumatlarını iddiaçı üçüncü şəxsə özü təqdim etmiş, ikinci əməliyyat zamanı isə kartdan çıxılan vəsait bankın səhvi nəticəsində baş verdiyi üçün vəsait iddiaçıya bank tərəfindən geri qaytarılmışdır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2020-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı "pul" tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-2601/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2601/2023
05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver