Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2609/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) «qeyriqanuni tələblərə son qoyulması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) «qeyri-qanuni tələblərə son qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsindən aydın olur ki, iddiaçı, tərəflərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5640/2018 saylı icra sənədi üzrə tələbin yerinə yetirildiyini, lakin onlara qarşı əsassız tələblərin irəli sürüldüyünü qeyd edərək, bu hallara son qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, hazırki tələbə icra icraatı qaydasında baxılıb həll edilməli olmasına baxmayaraq, iddiaçı öz müraciətini mülki məhkəmə icraatı qaydasında “iddia ərizəsi” formasında tərtib etməklə, məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbində qeyd etdiyi məsələlər icra mərhələsində həll olunmalı məsələlərə aid edilməklə, səlahiyyətli icra məmuru tərəfindən həyata keçirilməli olduğundan, həmin səlahiyyətlərin, o cümlədən iddiaçının hazırki tələbinin məhkəmə qaydasında həll edilməsi yolverilməzdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10-cu maddəsi normativ hüquqi aktların kolliziyasının həlli qaydasına aiddir. 10.4-cü maddədə qeyd olunub ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. “İcra haqqında” Qanunun 87-ci maddəsi ümumi norma sayılır, çünki, burada konkret olaraq icra məmurunun hansısa hərəkət və hərəkətsizliyindən şikayətin verilməsi deyil, ümumi olaraq icra məmurunun bütün hərəkət və hərəkətsizliyindən şikayətin hansı məhkəməyə verilməsi göstərilmişdir. 20-ci və bunun kimi digər maddələrdə isə konkret olaraq göstərilir ki məhz hansı hərəkətdən müvafiq məhkəməyə şikayət verilir. Bu da onu deməyə əsas verir ki, belə olan halda bunlar xüsusi normalardır. Azərbaycan dilinin izahlı lüğətində “müvafiq” sözünün anlayışından biri də “uyğundur”. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində və eləcə də digər maddələrində göstərilmiş “müvafiq məhkəmə” müddəasında qanunverici inzibati-iqtisadi məhkəməni yox, aidiyyatı üzrə uyğun məhkəməni nəzərdə tutmuşdur. “İcra haqqında” Qanunun 87-ci maddəsinə edilən dəyişiklik nəticəsində onunla xüsusi normaları arasında kolliziya yaranmışdır. 87-ci maddə ümumi norma olsa da, “İcra haqqında” Qanunun xüsusi normalarının istifadəsi üçün hüquqi əsas yaratmır. Bu halda yaranmış problemlər “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Yəni, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinə dair tərəflər icra sənədini verən məhkəməyə müraciət etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) «qeyri-qanuni tələblərə son qoyulması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, o, icra icraatı çərçivəsində icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) «qeyriqanuni tələblərə son qoyulması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, icra icraatı çərçivəsində icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2609/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2609/2023
19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver