Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2620/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istintaq orqanı tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məclləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona 05 sentyabr 2024-cü ildən 06 yanvar 2025-ci il tarixədək 4 ay iş yerindən əmək haqqı verilməməsi və 2024-cü ilin İV rübü üçün iş yerindən pul mükafatını ala bilməməsi ilə vurulmuş maddi zərərin əvəzi olaraq cəmi 2961 manat pul vəsaitinin və əməlində cinayət tərkibi olmadığı halda cinayət qanununun həmin maddələri ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunduğuna görə ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10 000 manat, beləliklə də cəmi 12 961 manat pulun dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 03 mart 2021-ci ildən 13 fevral 2025-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X5 X10 və Fumiqasiya (zərərsizləşdirilmə) Mərkəzində müddətli əmək müqaviləsi ilə aparıcı aqronom vəzifəsində işləmişdir. Əmək müqaviləsinə onun müddətinin başa çatması əsası ilə xx.xx.2025-ci ildən etibarən xitam verilmişdir. Xankəndi şəhər Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenant Amin Əsgərovun 14 avqust 2024-cü il tarixli qərarı ilə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq icraatına qəbul edilmiş və istintaqı aparılmışdır. Qərarda qeyd edilənlərə əsasən cinayət işinin başlanılmasına səbəb və əsas X6, X4 və İddiaçı xx.xx.2024-cü il tarixdə hərəkətdə olduqları “Mitsubshi”markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə Xankəndi şəhəri ərazisində yerləşən 4-cü blok postda xidmət edən polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı müxtəlif məişət əşyalarının aşkar olunması barədə toplanmış materiallar olmuşdur. İstintaq zamanı müstəntiq Amin Əsgərovun müvafiq qərarları ilə o, həmçinin X7 və X4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmuşdur. Ona elan olunmuş ittihamda göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 20 radələrində tanışları Bərdə rayon sakinləri X6 və X4 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında vahid niyyətlə oğurluq etmək qərarına gəlib bu məqsədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındakı Əmlak Məsələləri Dövlət Xidmətinə mühafizə olunması üçün həvalə edilmiş Xankəndi şəhəri ərazisində yerləşən müxtəlif ünvansız yaşayış evlərinə qanunsuz daxil olmaqla həmin evlərdə olan 01 ədəd qiyməti 85 manat olan elektrik ayrıcısı, 02 ədəd ümumi qiyməti 30 manat olan rezbaaçan, 01 ədəd qiyməti 35 manat olan avtomobil ehtiyyat hissəsi (starter), 01 dəst qiyməti 25 manat olan fincan dəsti, qiyməti 15 manat olan şahmat qutusu, 03 ədəd ümumi qiyməti 60 manat olan elektrik samovarı, 02 ədəd ümumi qiyməti 90 manat olan su isidici (minutka), 01 ədəd qiyməti 40 manat olan “EMERFİLD” markalı şirəçəkən, 06 ədəd ümumi qiyməti 6 manat olan xörək qaşığı, 01 ədəd qiyməti 8 manat olan taxta şirniyyat qabı, 08 ədəd ümumi qiyməti 5 manat olan çaydan, 09 ədəd ümumi qiyməti 18 manat olan yağ bıçağı, 01 ədəd qiyməti 38 manat olan mis qəfədan, 01 ədəd qiyməti 35 manat olan mis güldan, 35 ədəd ümumi qiyməti 4 manat olan banka qapağı, 21 ədəd qiyməti 21 manat olan boşqablar, 04 ədəd ümumi qiyməti 32 manat olan çaynik, 02 ədəd ümumi qiyməti 50 manat olan elektron tərəzi 03 ədəd ümumi qiyməti 33 manat olan hesablayıcı (kalkulyator), 02 ədəd ümumi qiyməti 30 manat olan Rus baltasını götürərək Elməddin Hümbətovun idarə etdiyi ”Mitsubishi” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib daşıyarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, xx.xx.2024-cü il tarixdə saat 20:45-dən saat 21:15-dək Xankəndi şəhər polis şöbəsinin duracağında həmin avtomobilə baxış keçirilərkən əşyalar aşkar edilmişdir. Bununla da onlar, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanındakı Əmlak Məsələləri Dövlət Xidmətinə ümumilikdə 690 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. 11 dekabr 2024-ci il tarixdə həmin cinayət işi tərtib olunmuş ittiham akti ilə birlikdə təsdiq edilərək Xankəndi şəhər məhkəməsinə göndərilməsi üçün şəhər prokurorluğuna təqdim edilmişdir. Cinayət işi Xankəndi şəhər prokurorluğunda öyrənilərkən təqsirləndirilən şəxslərə istinad edilən əməlin cinayət tərkibi yaratmadığı, cinayət işi üzrə icraata xitam verilməsi üçün əsasların mövcud olduğu müəyyən edilmişdir. Odur ki, Xankəndi şəhər prokuroru, ədliyyə müşaviri Rəşadət Orucovun 16 dekabr 2024cü il tarixli “İttiham aktının təsdiq edilməsindən imtina olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə Azərbaycan Respublikası 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibinin olmaması) İddiaçı, X6 və X1 Azərbaycan Respublikası CM-nin 177.25.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair olan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, ********* nömrəli cinayət işinin istintaqının gedişatında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimovun 5 sentyabr 2024-cü il tarixli 3-22- 1-1/3-1- 418/2024 nömrəli Əmri ilə o, xx.xx.2024-cü il tarixindən cinayət tərkibi olan ictimai-təhlükəli əməl törətdiyinə görə istintaq davam edənədək işdən kənarlaşdırılmış və işdən kənar edildiyi dövr ərzində ona əmək haqqı hesablanmaması da da həmin əmrdə göstərilmişdir. Sözügedən Əmrin verilməsi üçün əsas olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xankəndi şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-122/2- 3720/2024 nömrəli məktubu göstərilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Kənd Təsərüüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimovun 29 dekabr 2024-cü il tarixli 3-22- 1-1/3-1-667/2024 nömrəli Əmri ilə xx.xx.2025 ci il tarixdən işinə bərpa edilmişdir. Sözügedən Əmrin verilməsi üçün əsas olaraq Azərbaycan Respublikası Prokurorluğu Xankəndi şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-463/2-208456/2024 məktubu göstərilmişdir. Beləliklə də o, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar olaraq işdən kənarlaşdırıldığı üçün tam 4 ay, yəni xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək olan dövr üçün cəmi 2632 manat əmək haqqından (1 aylıq ə/h 658 manatx4) və 329 manat məbləğində rüblük mükafatdan məhrum olmuşdur. Rüblük mükafat hər rübdə 1 dəfə olmaqla 1 aylıq əmək haqqının 50%-i həcmində verilirdi (658 manat:50%). Belə olan halda, yəni istintaq orqanı tərəfindən qanunsuz olaraq cinayət məsuliyətinə cəlb edilməsi nəticəsində ona vurulmuş maddi zərərin məbləği cəmi 2961 manat təşkil edir. İsitntaq orqanı tərəfindən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona vurulmuş mənəvi ziyanı 10 000 manat hesab edir. Belə ki, oğurluq cinayəti törətmədiyi halda, rəsmi ittiham edilməklə “oğru” hesab edilmiş və bu barədə istintaq orqanı tərəfindən iş yerinə rəsmi qaydada məktub göndərilməklə işlədiyi kollektivə “oğru” kimi təqdim edilmişdir. O, həmin təşkilatda uzun illər işləmiş, işlədiyi müddət ərzində həmişə yaxşı cəhətdən tanınmış və nümunəvi işçi hesab edilmişdir. Heç vaxt hər hansı bir formada, intizam tənbehi də almamış, 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olmaqla ictimai fəal kimi tanınmış, rayon səviyyəli ictimai-siyasi tədbirlərdə fəal iştirak etmiş, yaşadığı yerdə və ictimaiyyət arasında həmişə yaxşı cəhətdən tanınmış və hörmət-nüfuz sahibi olmuşdur. Odur ki, istintaq orqanının onu etmədiyi oğurluq cinayətində qanunsuz olaraq təqsirli hesab etməklə bərabər, onu həm də əmək kollektivinə rəsmi qaydada-məktub göndərməklə “oğru” və “cinayətkar” kimi təqdim etməsi nəticəsində ona ölçüyə gəlməz dərəcədə mənəvi ziyan vurulmuşdur və işgüzar nüfuzu ləkələnmişdir. Onun 67 yaşı vardır, nümunəvi ailə başçısıdır, 2 övladı, 4 nəvəsi vardır, ali təhsilli aqronomdur. Odur ki, törətmədiyi cinayətə görə qanunsuz olaraq xırda məişət əşyaları oğurlamaqda günahlandırılaraq ona əsassız ittiham elan edilməsi yaşı, səhhəti və ailə vəziyyətinə görə ona xüsusilə ağır mənəvi əzab vermiş, hazırda da verməkdədir və depresiyadan çıxa bilmir. Ona münasibətin mənfi istiqamətə dəyişdiyi aşkar hiss edilir və heç bir oğurluq cinayəti etmədiyinə onu tanıyanlar şübhə ilə yanaşırlar. Ailədə, qohum-əqraba, dost-tanış və qohumlar yanında nüfuz və etibarı ciddi olaraq zədələnmişdir. Ailə üzvləri də onun kimi mənəvi sarsıntı keçirmişlər, həm də sözügedən cinayət işi ilə əlaqədar hər dəfə istintaqa çağırıldıqda gərginlik və narahatçılıq keçirmiş, həbs olunacağını və bir daha evinə qayıtmayacağını düşünərək gərginlik içərisində yaşamışlar. İstintaq orqanının yazılı göstərişinə əsasən 4 ay kənarlaşdırılmağa görə həmin dövr üçün əmək haqqı almaması səbəbindən özü və ailə üzvləri ciddi maddi sıxıntı və çətinlik içərisində yaşadığından törətmədiyi cinayətə görə oğurluq cinayəti törətməkdə qanunsuz olaraq təqsirləndirilməsi səbəbi ilə keçirdiyi mənəvi sarsıntı və istirab ona daha da ağır əzab vermişdir. Səhhəti pozulmuşdur, müntəzəm surətdə əsəb sakitləşdirici dərman preparatları qəbul edir, gecələr yuxu dərmanları qəbul etməsə yata bilmir. Hesab etmişdir ki, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində keçirdiyi stress, iztirab və depressiya səbəbli səhhətində yaranmış problemlər-əsəb-psixoloji fəsadlar bundan sonra ömrü boyu müalicə almasını və xüsusi şəraitdə yaşamağını tələb edir. Yuxarıda şərh etdiyi səbəblərdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi əsaslı olmaqdan başqa, həm də qanuni hesab edir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etirazla (mülahizə) məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 177.2.1 -ci və 177.2.3-cü maddələri ilə cinayət işinin başlanmasını və barəsində cinayət təqibinin həyata keçirilməsini qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 10.000 manat, maddi ziyanın əvəzi olaraq 2961 manat, ümumlikdə 12.961 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti", yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin etirazını, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-22-1-1/3-1-418/2024 saylı əmrində göstərilmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (Bakı şəhəri, Nəcəf Nərimanov 7A) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X11 Mərkəzinin baş aqronomu X8, aparıcı aqronomu İddiaçı və xüsusi təyinatlı avtomobil sürücüsü X3 xx.xx.2024-cü il tarixindən cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikləri üçün istintaq davam edənədək işdən kənar edilsinlər. İş materiallarında olan Xankəndi şəhər prokurorunun “ittiham aktının təsdiq edilməsindən imtina olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi” haqqında 16 dekabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı, X6 və X1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair olan cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, İddiaçı tərəfindən talanmış əmlakın ümumi dəyəri 463 manat, Nayib Hüseynov tərəfindən talanmış əmlakın ümumi dəyərinin isə 172 manat olduğu müəyyən edilmiş Elməddin Hümbətov tərəfindən isə hər hansı əmlakın talanması faktı öz təsdiqini tapmamışdır. Bu isə öz növbəsində İddiaçı, Nayib Hüseynov və Elməddin Hümbətovun əməllərində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş oğurluq cinayətinin olmamasına dəlalət edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-22-1-1/3-1-667/2024 saylı əmrində göstərilmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X11 Mərkəzinin aşağıda adları qeyd olunan əməkdaşları barədə açılmış cinayət işinə xitam verilməsi ilə əlaqədar əmək fəaliyyətlərinə xx.xx.2025-ci il tarixdən bərpa edilsinlər. X8 - baş aqronom, İddiaçı-aparıcı aqronom, X3-xüsusi təyinatlı avtomobil sürücüsü. Mərkəzin 2024-cü il 05 sentyabr tarixli 3-22-1-1/3-1-418/2024 və 2024-cü il 11 sentyabr tarixli 3-22-1-1/3-1-428/2024 nömrəli əmrləri qüvvədən düşmüş hesab edilsin. Əmrin verilməsinə əsas Xankəndi şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən istintaq davam etdiyi müddətdə işdən kənarlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(065)- 27/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu (vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda) maddəsinə əsasən xitam verilmişdir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi sübut olunmuş, o, protokolda təsvir olunmuş əşyaların gizli yolla talanmasını etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişində göstərilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam veriləcəkdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı və digər iki şəxsin barəsində 14 avqust 2024-cü il tarixdə Xankəndi şəhər polis şöbəsinin müstəntiqi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə istintaq aparılsa da, sonda Xankəndi şəhər prokurorunun 16 dekabr 2024-cü il tarixli qərarı əsasında cinayət əməlinin olması öz təsdiqini tapmadığından İddiaçı və digər iki şəxsin həmin maddələrlə təqsirləndirilmələrinə dair olan cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd olunan araşdırma aparıldığı dövrdə iddiaçı barəsində xx.xx.2024-cü il tarixindən “başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilmişdir. Bununla da barəsində cinayət xarakterli araşdırmanın başlanması səbəbi ilə iddiaçı xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və X5 Regional Mərkəzinin baş aqronomu kimi fəaliyyət göstərdiyi vəzifəsindən 05 sentyabr 2024-cü il tarixli, 3-22-1-1/3-1-418/2024 saylı əmrlə işdən kənarlaşdırılmış və Əmrdə onun işdən kənar edildiyi dövr ərzində əmək haqqının hesablanmaması qeyd edilmişdir. Lakin, bundan sonra iddiaçı barəsində cinayət işi üzrə icraata xitam verilməsi səbəbindən müvafiq əmrlə əmək fəaliyyəti bərpa edilmiş, kənarlaşdırıldığı dövrə aid iş yerindən heç bir ödəniş edilməmiş və xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu (vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda) maddəsinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı barəsində qanunsuz olaraq aparılan cinayət işi üzrə iş yerindən, bununla da əmək haqqı və digər gəlirlərindən məhrum edildiyini, eyni zamanda cinayət məsuliyyətinə cəlb edildiyi üçün mənəvi ziyana məruz qaldığını iddia edərək, ona vurulmuş maddi ziyanın əvəzi kimi 2961 manat, mənəvi ziyanın əvəzi kimi isə 10000 manat məbləğində pulun tutulmasını tələb edir. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyinə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan (“polisin nəzarəti altına vermə”) seçilmiş qətimkan tədbirinin 1 ayına görə şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 300 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3095/2023 xx.xx.2023-cü il tarixli qərarı). İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində xx.xx.2024-cü il tarixindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xx.xx.2024-cü il tarixinədək qüvvədə olmuşdur (Xankəndi şəhər prokurorunun xx.xx.2024-cü il tarixli qərarı). O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 300 manat hesablanmaqla 1200 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin “vurulmuş maddi ziyana görə 2961 manatın tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. İşdən kənarlaşdırılma səbəbi iddiaçı barəsində cinayət işinin açılması olmuşdur ki, həmin cinayət işi üzrə icraata sonradan əməldə cinayət tərkibinin olmaması əsası ilə xitam verilmişdir. Məhkəmə vurulmuş maddi ziyanın miqdarını müəyyən edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışı əsas götürməklə İddiaçı 2024-cü il üçün vəzifə maaşının 584 manat, zərərli işə görə isə əlavənin 116.8 manat təşkil etməsini və cəmi hesablanan aylıq əmək haqqı məbləğinin 700.8 manat olmasına əsaslanaraq, iddiaçıya işdən kənarlaşdırılmış 4 ay (xx.xx.2024xx.xx.2025-ci il) müddətindən sentyabr ayının 3 iş gününə görə (zərərli şəraitlə birlikdə) ödənilmiş 100.11 manat məbləği nəzərə alaraq (700.8x4-100.11) 2703 manat maddi ziyanın vurulması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Müəyyən edilmiş məbləğın hansı mənbədən ödənilməsinə dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 6-cı bəndinə əsasən şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur. Qanunun həmin maddəsinin 7-ci bəndinə əsasən polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir. Həmin Qanunun 39-cu maddəsinə əsasən polisin fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, qanunla müəyyənləşdirilmiş qaydada bağlanmış müqavilələr əsasında, habelə dövlət və qeyri-dövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilir. Göründüyü kimi, polisin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiyindən polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyanın mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti” çıxış edir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, bu ifadə ilə dövlət nəzərdə tutulur, dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə görə, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 1200 manat məbləğində mənəvi zərərin əvəzi, 2703 manat maddi ziyanın əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 1200 manat məbləğində mənəvi zərərin əvəzi, 2703 manat maddi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2620/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2620/2025
29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver