Məhkəmə qərarları › İş №2(006)-2621/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2621/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2621/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət edərək, istintaq orqanı tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona 05 sentyabr 2024-cü ildən 06 yanvar 2025-ci il tarixədək 4 ay iş yerindən əmək haqqı verilməməsi və 2024-cü ilin İV rübü üçün iş yerindən pul mükafatını ala bilməməsi ilə vurulmuş maddi zərərin əvəzi olaraq cəmi 2.025 manat pul vəsaitinin və əməlində cinayət tərkibi olmadığı halda cinayət qanununun həmin maddələri ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunduğuna görə ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10.000 manat, cəmi 12.025 manat pulun dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, noyabr 2018-ci ildən 13 mart 2025-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X2 X11 və Fumiqasiya (zərərsizləşdirilmə) Mərkəzində müddətli əmək müqaviləsi ilə xüsusi təyinatlı sürücü işləmişdir. Əmək müqaviləsinə onun müddətinin başa çatması əsası ilə xx.xx.2025-ci ildən etibarən xitam verilmişdir. Xankəndi şəhər Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Amin Əsgərovun 14 avqust 2024-cü il tarixli qərarı ilə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq icraatına qəbul edilmiş və istintaqı aparılmışdır. Qərarda qeyd edilənlərə əsasən «cinayət işinin başlanılmasına səbəb və əsas X5, İddiaçı və X13 xx.xx.2024-cü il tarixdə hərəkətdə olduqları «Mitsubishi» markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə Xankəndi şəhəri ərazisində yerləşən 4-cü blok postda xidmət edən polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı müxtəlif məişət əşyalarının aşkar olunması barədə toplanmış materiallar olmuşdur». İstintaq zamanı müstəntiq Amin Əsgərovun müvafiq qərarları ilə o, həmçinin X19 və X5 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmuşdur. Ona elan olunmuş ittihamda göstərilmişdir ki: «İddiaçı xx.xx.2024-cü il tarixdə saat 20 radələrində tanışları Bərdə rayon sakinləri X19 və X9 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında vahid niyyətlə oğurluq etmək qərarına gəlib bu məqsədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındakı Əmlak Məsələləri Dövlət Xidmətinə mühafizə olunması üçün həvalə edilmiş Xankəndi şəhəri ərazisində yerləşən müxtəlif ünvansız yaşayış evlərinə qanunsuz daxil olmaqla həmin evlərdə olan 01 ədəd qiyməti 85 manat olan elektrik ayrıcısı, 02 ədəd ümumi qiyməti 30 manat olan rezbaaçan, 01 ədəd qiyməti 35 manat olan avtomobil ehliyyat hissəsi (starter), 01 dəst qiyməti 25 manat olan fincan dəsti, 01 ədəd qiyməti 15 manat olan şahmat qutusu, 03 ədəd ümumi qiyməti 60 manat olan elektrik somavarı, 02 ədəd ümumi qiyməti 90 manat olan su isidici (minutka), 01 ədəd qiyməti 40 manat olan «EMERFİLD» markalı şirəçəkən, 06 ədəd ümumi qiyməti 6 manat olan xörək qaşığı, 01 ədəd qiyməti 8 manat olan taxta şirniyyat qabı, 08 ədəd ümumi qiyməti 5 manat olan çaydan, 09 ədəd ümumi qiyməti 18 manat olan yağ bıçağı, 01 ədəd qiyməti 38 manat olan mis qəhvədan, 01 ədəd qiyməti 35 manat olan mis güldan, 35 ədəd ümumi qiyməti 4 manat olan banka qapağı, 21 ədəd qiyməti 21 manat olan boşqablar, 04 ədəd ümumi qiyməti 32 manat olan çaynik, 02 ədəd ümumi qiyməti 50 manat olan elektron tərəzi, 03 ədəd ümumi qiyməti 33 manat olan hesablayıcı (kalkulyator), 02 ədəd ümumi qiyməti 30 manat olan Rus baltasını götürərək İddiaçı idarə etdiyi «Mitsubishi» markalı **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib daşıyarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, xx.xx.2024-cü il tarixdə saat 20:45-dən saat 21:15-dək Xankəndi şəhər polis şöbəsinin duracağında həmin avtomobilə baxış keçirilərkən əşyalar aşkar edilmişdir. Bununla da onlar, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındakı Əmlak Məsələləri Dövlət Xidmətinə ümumilikdə 690 manat maddi ziyan vurmaqla oğurluq etmişlər.» 11 dekabr 2024-cü il tarixdə həmin cinayət işi tərtib olunmuş ittiham aktı ilə birlikdə təsdiq edilərək Xankəndi şəhər məhkəməsinə göndərilməsi üçün şəhər prokrorluğuna təqdim edilmişdir. Cinayət işi Xankəndi şəhər prokurorluğunda öyrənilərkən təqsirləndirilən şəxslərə istinad edilən əməlin cinayət tərkibi yaratmadığı, cinayət işi üzrə icraata xitam verilməsi üçün əsasların mövcud olduğu müəyyən edilmişdir. Odur ki, Xankəndi şəhər prokuroru, ədliyyə müşaviri Rəşadət Orucovun 16 dekabr 2024-cü il tarixli «İttiham aktının təsdiq edilməsindən imtina olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında» qərarı ilə Azərbaycan Respublikası 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibinin olmaması) X19, X6 və İddiaçı Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair olan ********* nömrəli cinayət işi üzrə icraata xilam verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, ********* nömrəli cinayət işinin istintaqının gedişatında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimovun 5 sentyabr 2024-cü il tarixli 3-22-1-1/3-1-418/2024 nömrəli əmri ilə o, xx.xx.2024-cü il tarixdən cinayət tərkibi olan ictimai-təhlükəli əməl törətdiyinə görə istintaq davam edənədək işdən kənarlaşdırılmış və işdən kənar edildiyi dövr ərzində ona əmək haqqı hesablanmaması da həmin əmrdə göstərilmişdir. Sözügedən əmrin verilməsi üçün əsas olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xankəndi şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-122/2-3720/2024 nömrəli məktubu göstərilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimovun 29 dekabr 2024-cü il tarixli 3-22-1-1/3-1-667/2024 nömrəli əmri ilə xx.xx.2025-ci il tarixdən işinə, X16 xüsusi təyinatlı sürücü vəzifəsinə bərpa edilmişdir. Sözügedən əmrin verilməsi üçün əsas olaraq Azərbaycan Respublikası Prokurorluğu Xankəndi şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-463/2-208456/2024 saylı məktubu göstərilmişdir. Beləliklə də, o, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar olaraq işdən kənarlaşdırıldığı üçün tam 4 ay, yəni xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək olan dövr üçün cəmi 1.800 manat əmək haqqından (1 aylıq əmək haqqı 450 manat x 4 ay) və 225 manat məbləğində rüblük mükafatdan məhrum olmuşdur. Rüblük mükafat hər rübdə 1 dəfə olmaqla 1 aylıq əmək haqqının 50 %-i həcmində verilirdi (450 manat : 50 %). Belə olan halda, yəni istintaq orqanı tərəfindən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona vurulmuş maddi zərərin məbləği cəmi 2.025 manat təşkil edir. İstintaq orqanı tərəfindən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona vurulmuş mənəvi ziyanı isə 10.000 manat hesab edir. Belə ki, oğurluq cinayəti törətmədiyi halda, ona rəsmi ittiham edilməklə «oğru» hesab edilmiş və bu barədə istintaq orqanı tərəfindən iş yerinə rəsmi qaydada məktub göndərilməklə işlədiyi kollektivə «oğru» kimi təqdim edilmişdir. O, həmin təşkilatda uzun illər işləmiş, işlədiyi müddət ərzində həmişə yaxşı cəhətdən tanınmış və nümunəvi işçi hesab edilmişdir. Heç vaxt hər hansı bir formada, intizam tənbehi də almamışdır. Vətəndaş kimi ictimai fəal kimi tanınmış, rayon səviyyəli ictimai-siyasi tədbirlərdə fəal iştirak etmiş, yaşadığı yerdə və ictimaiyyət arasında həmişə yaxşı cəhətdən tanınmış və hörmət-nüfuz sahibi olmuşdur. Odur ki, istintaq orqanının onu etmədiyi oğurluq cinayətində qanunsuz olaraq təqsirli hesab etməklə bərabər, onu həm də əmək kollektivinə rəsmi qaydada məktub göndərməklə «oğru» və «cinayətkar» kimi təqdim etməsi nəticəsində ona ölçüyə gəlməz dərəcədə mənəvi ziyan vurulmuşdur və işgüzar nüfuzu ləkələnmişdir. Onun 43 yaşı vardır, nümunəvi ailə başçısıdır, 3 övladı vardır. Odur ki, törətmədiyi cinayətə görə qanunsuz olaraq xırda məişət əşyaları oğurlamaqda günahlandırılaraq ona əsassız ittiham elan edilməsi yaşı, səhhəti və ailə vəziyyətinə görə ona xüsusilə ağır mənəvi əzab vermiş, hazırda da verməkdədir və depresiyadan çıxa bilmir. Ona münasibətin mənfi istiqamətə dəyişdiyi aşkar hiss edilir və heç bir oğurluq cinayəti etmədiyinə onu tanıyanlar şübhə ilə yanaşırlar. Ailədə, qohum-əqraba, dost-tanış və qohumlar yanında nüfuz və etibarı ciddi olaraq zədələnmişdir. Ailə üzvləri də onun kimi mənəvi sarsıntı keçirmişlər. Həm də sözügedən cinayət işi ilə əlaqədar hər dəfə istintaqa çağırıldıqda gərginlik və narahatçılıq keçirmiş, həbs olunacağını və bir daha evinə qayıtmayacağını düşünərək gərginlik içərisində yaşamışlar. İstintaq orqanının yazılı göstərişinə əsasan 4 ay kənarlaşdırılmağa görə həmin dövr üçün əmək haqqı almaması səbəbindən özü və ailə üzvləri ciddi maddi sıxıntı və çətinlik içərisində yaşadıqlarından törətmədiyi cinayətə görə oğurluq cinayəti törətməkdə qanunsuz olaraq təqsirləndirilməsi səbəbli keçirdiyi mənəvi sarsıntı və iztirab ona daha da ağır əzab vermişdir. Səhhəti pozulmuşdur, müntəzəm surətdə əsəb sakitləşdirici dərman preparatları qəbul edir. Hesab edir ki, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində keçirdiyi stress, iztirab və depressiya səbəbli səhhətində yaranmış problemlər - əsəb-psixoloji fəsadlar bundan sonra ömrü boyu müalicə almasını və xüsusi şəraitdə yaşamasını tələb edir. O, Ağdam rayonu Maqsudlu kəndindən olan məcburi köçkündür, 32 ildən çoxdur ki, yəni 11 yaşından ailə üzvləri ilə birlikdə məcburi köçkün həyatı yaşayır. Bərdə rayonunun keçmiş «Meşəçilik İnstitutu» adlanan ərazisində daxmalarda məskunlaşmışlar, hər cür çətinlik və məhrumiyyətlərə baxmayaraq ölkə başçısının məcburi köçkünlərə olan daimi qayğı və diqqəti sayəsində həyatda qalmağı bacarmışlar. Himayəsində 13, 11 və 9 yaşları olan 3 azyaşlı uşağı vardır. Həyat yoldaşı işsiz qadındır. Himayəsində həmçinin onunla yaşayan 80 yaşlı, ağır formalı şəkərli diabet xəstəsi olan anası vardır. Atası isə 5 il bundan əvvəl vəfat etmişdir. İİ dərəcəli ömürlük hərbi əlildir və əlilliyi hərbi xidmət zamanı aldığı xəsarətlə əlaqədardır. 6 nəfərdən ibarət olan böyük ailənin yeganə qazanc gətirən üzvü odur. O, 2018-ci ilin noyabr ayından etibarən müddətli əmək müqaviləsi ilə Bərdə X11 və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzində xüsusi təyinatlı sürücü işləmişdir. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamış, əksinə yaxşı işinə görə əməyi həmişə qiymətləndirilmiş və dəfələrlə mükafatlandırılmışdır. Məcburi köçkün, İİ dərəcəli əlil olması və yuxarıda təsvir etdiyi çətin ailə vəziyyəti səbəbli istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyan ölçüyə gəlməzdir. Yuxarıda şərh etdiyi səbəblərdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini əsaslı olmaqdan başqa, həm də qanuni hesab edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X14 məhkəməyə iddiaya etiraz təqdim etmiş və etirazda göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3cü maddələri ilə cinayət işinin başlanmasını və barəsində cinayət təqibinin həyata keçirilməsini qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 10.000 manat, maddi ziyanın əvəzi olaraq 2.025 manat, ümumlikdə 12.025 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda «müvafiq icra hakimiyyəti», yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi «Azərbaycan Respublikası» dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Bununla yanaşı qeyd edir ki, iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi də əsassız hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə onun işləməsi, aylıq gəlir və qazancını sübut edəcək faktlar (hesabatlar) təqdim edilməmişdir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Göstərilənlərə əsasən, iddianın tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2017-ci il tarixdə Bərdə regional ASAN xidmət mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən, AA seriyalı 277779 saylı məcburi köçkün vəsiqəsindən, 100838 saylı əlillik vəsiqəsindən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 nömrəli TSEK tərəfindən verilmiş TSE-01 seriyalı 280190 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Ağdam rayonu Maqsudlu kəndində doğulmuşdur, məcburi köçkün olmaqla yanaşı, İİ dərəcəli əlildir, əlillik hərbi xidmət dövründə alınmışdır, müddətsiz xarakteri daşıyır. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsinin 14 mart 2025-ci il tarixli 838 saylı arayışından görünür ki, İddiaçı Bərdə rayonu Meşəçilik qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı xx.xx.2012-ci il təvəllüdlü Minayə, xx.xx.2014-cü il təvəllüdlü Firuzə, xx.xx.2016-cı il təvəllüdlü Tunar adlı üç övladı var. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin 12 avqust 2024-cü il tarixli əmrindən görünür ki, fitosanitar monitorinqin aparılması məqsədi ilə X3 və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin əməkdaşı olan İddiaçı digər əməkdaşlarla birlikdə 12 avqust 2024-cü il tarixdən 3 gün müddətinə Xankəndi rayonuna ezam edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli əmrindən görünür ki, X12 xüsusi təyinatlı avtomobil sürücüsü İddiaçı xx.xx.2024-cü il tarixdən cinayət tərkibi olan ictimai təhlükəli əməllər törətdikləri üçün istintaq davam edənədək işdən kənar edilmiş, həmin dövr ərzində əmək haqqının hesablanmaması göstərişi verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin 29 dekabr 2024-cü il tarixli əmrindən görünür ki, X12 xüsusi təyinatlı avtomobil sürücüsü İddiaçı barədə açılmış cinayət işinə xitam verilməsi ilə əlaqədar əmək fəaliyyətinə xx.xx.2025-ci il tarixdən bərpa edilmişdir. Xankəndi şəhər Prokurorluğunun 16 dekabr 2024-cü il tarixli ********* saylı məktubundan və 16 dekabr 2024-cü il tarixli ittiham aktının təsdiq edilməsindən imtina olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Tətbiq edilən hüquq: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı əsassız yerə kifayət qədər uzun müddət ərzində törətmədiyi cinayət əməli ilə bağlı istintaqa cəlb edilmiş, barəsində cinayət işi ilə əlaqədar araşdırma aparılmış, ittiham aktı tərtib olunaraq prokurorluğa təqdim edilmiş, lakin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktının təsdiq edilməsindən imtina edilmişdir.Şəxsin cinayət əməli törətməsi ilə bağlı məktubla iddiaçının iş yerinə müraciət edilməklə onun işdən kənar edilməsi işin mübahisəsiz halıdır. Belə ki, müəyyən edildiyi kimi iddiaçıya barəsində aparılan araşdırmaya əsasən işdən kənar edilməklə əmək haqqı ödənilməməsi əmr edilmişdir. Bununla da işçi həmin müddət üçün gəlirlərindən məhrum olmuşdur. Qanunvericiliyin müddəalarına əsasən işçinin işdən kənar edilməsinə əsas olmuş hal, yəni onun tərəfindən hüquqazidd əməl törədilməsi öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçının gəlirlərindən məhrum olması əsassız olduğundan həmin hissədə maddi ziyan tələbi qismən təmin edilməklə iddiaçının hüquqları bərpa edilməlidir. Məhkəməyə təqdim edilmiş e-sosial portalından əmək haqqı barədə çıxarışdan görünür ki, şəxsin aylıq əmək haqqı məbləği 470,96 manat təşkil etmişdir, həmçinin rəsmi dövlət bayramları ilə əlaqədar işçilərə mükafatlar ödənilmiş və belə olan halda əmək haqqı məbləği 673,96 manat təşkil etmişdir. İşçinin işdən kənar edilməsi barədə əmr 5 sentyabr 2024-cü il tarixdə verilmiş və həmin ayın iş günlərinə görə işçiyə 67,28 manat pul ödənilmişdir. Belə olan təqdirdə işçiyə tam olaraq oktyabr, noyabr dekabr ayları üçün əmək haqqı və sentabr ayı üçün ödənilmiş 67,28 manat çıxılmaqla (470,96-67,28=403,41) əmək haqqı hesablanmaqla, habelə dekabr ayında rəsmi bayramlara görə mükafat verilməsi də nəzərə alınmaqla (470,96+470,96+673,96+403,41=2019,29) pul ödənilməlidir. Odur ki, iddiaçının işdən kənar edildiyi müddət üçün ödənilməmiş əmək haqqı dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməlidir. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar doğrudur və ona yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyanın vurulması aşkardır. Məhkəmə, iddiaçının qanunsuz və əsassız yerə istintaqa cəlb edilməsi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 400 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 400 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddia ərizəsinin məzmunundan və təqdim edilmiş sənədlərdən aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə törətmədiyi əməldə təqsirləndirilərək, rahatlığı əlindən alınmış, uzun müddət mənəvi iztirab çəkmiş, təqsiri olmadan çətin dönəmdən keçmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 400 manat və maddi ziyana görə 2.019,29 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 400 (dörd yüz) manat və maddi ziyana görə 2.019,29 (iki min on doqquz manat iyirmi doqquz qəpik) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar