Məhkəmə qərarları › İş №2(006)-2622/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2622/2025

14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2622/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 13 mart 2020-ci ildən 13 mart 2025-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X5 X7 və Fumiqasiya (zərərsizləşdirilmə) Mərkəzində müddətli əmək müqaviləsi ilə baş aqranom vəzifəsində işləmişdir. Əmək müqaviləsinə onun müddətinin başa çatması əsası ilə xx.xx.2025-ci ildən etibarən xitam verilmişdir. Xankəndi şəhər Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Amin Əsgərovun 14 avqust 2024-cü il tarixli qərarı ilə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq icraatına qəbul edilmiş və istintaqı aparılmışdır. Qərarda qeyd edilənlərə əsasən cinayət işinin başlanılmasına səbəb və əsas İddiaçı, X4 və X8 xx.xx.2024-cü il tarixdə hərəkətdə olduqları “Mitsubshi” markalı, 99PH151 dövlət qeydiyyat nişanlı avtomobildə Xankəndi şəhəri ərazisində yerləşən 4-cü blok postda xidmət edən polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı müxtəlif məişət əşyalarının aşkar olunması barədə toplanmış materiallar olmuşdur. İstintaq zamanı müstəntiq Amin Əsgərovun müvafiq qərarları ilə iddiaçı, həmçinin X11 və X4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə ittiham elan olunmuşdur. İddiaçıya elan olunmuş ittihamda göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 20 radələrində tanışları Bərdə rayon sakinləri X11 və X4 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında vahid niyyətlə oğurluq etmək qərarına gəlmiş, polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, xx.xx.2024-cü il tarixdə saat 20:45-dən saat 21:15-dək Xankəndi şəhər polis şöbəsinin duracağında həmin avtomobilə baxış keçirilərkən əşyalar aşkar edilmişdir. Bununla da onlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındakı Əmlak Məsələləri Dövlət Xidmətinə ümumilikdə 690 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. 11 dekabr 2024-cü il tarixdə həmin cinayət işi tərtib olunmuş ittiham akti ilə birlikdə təsdiq edilərək Xankəndi şəhər məhkəməsinə göndərilməsi üçün şəhər prokurorluğuna təqdim edilmişdir. Cinayət işi Xankəndi şəhər prokurorluğunda öyrənilərkən təqsirləndirilən şəxslərə istinad edilən əməlin cinayət tərkibi yaratmadığı, cinayət işi üzrə icraata xitam verilməsi üçün əsasların mövcud olduğu müəyyən edilmişdir. Odur ki, Xankəndi şəhər prokuroru, ədliyyə müşaviri Rəşadət Orucovun 16 dekabr 2024cü il tarixli “İttiham aktının təsdiq edilməsindən imtina olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə Azərbaycan Respublikası 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibinin olmaması) X11, İddiaçı Səfıyar oğlu və X2 Azərbaycan Respublikası CM-nin 177.25.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair olan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. ********* nömrəli cinayət işinin isinin istintaqının gedişatında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisinin 05 sentyabr 2024-cü il tarixli əmri ilə iddiaçı xx.xx.2024-cü il tarixindən şikayət tərkibi olan ictimai-təhlükəli əməl törətdiyinə görə istintaq davam edənədək işdən kənarlaşdırılmış və işdən kənar edildiyi dövr ərzində iddiaçıya əmək haqqı hesablanmaması da həmin Əmrdə göstərilmişdir. Sözügedən Əmrin verilməsi üçün əsas olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xankəndi şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-122/2-3720/2024 nömrəli məktubu göstərilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Kənd Təsərüüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisinin 29 dekabr 2024-cü il tarixli 3-22-1-1/3-1-667/2024 nömrəli Əmri ilə xx.xx.2025 ci il tarixdən işinə bərpa edilmişdir. (X9 baş aqronom) Sözügedən Əmrin verilməsi üçün əsas olaraq Azərbaycan Respublikası Prokurorluğu Xankəndi şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2- 463/2-208456/2024 məktubu göstərilmişdir. Beləliklə də iddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməyi ilə əlaqədar olaraq işdən kənarlaşdırıldığı üçün tam 4 ay, yəni xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək olan dövr üçün cəmi 3240 manat əmək haqqından və 405 manat məbləğində rüblik mükafatdan məhrum olmuşdur. Rüblük mükafat hər rübdə 1 dəfə olmaqla 1 aylıq əmək haqqının 50%-i həcmində verilirdi.(810 manat:50%) Belə olan halda, yəni istintaq orqanı tərəfindən qanunsuz olaraq cinayət məsuliyətinə cəlb edilməyi nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın məbləği cəmi 3645 manat təşkil edir. İsitntaq orqanı tərəfındən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməyi nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyanı 10000 manat hesab edilir. Belə ki, oğurluq cinayəti törətmədiyi halda ona rəsmi ittiham edilməklə “oğru” hesab edilmiş və bu barədə istintaq orqanı tərəfindən iş yerinə rəsmi qaydada məktub göndərilməklə işlədiyi kollektivə “oğru” kimi təqdim edilmişdir. “Oğru” və “cinayətkar” kimi təqdim etməsi nəticəsində iddiaçıya ölçüyə gəlməz dərəcədə mənəvi ziyan vurulmuşdur və işgüzar nüfuzu ləkələnmişdir. Törətmədiyi cinayətə görə qanunsuz olaraq xırda məişət əşyaları oğurlamaqda günahlandırılaraq ona əsassız ittiham elan edilməsi yaşı, səhhəti və ailə vəziyyətinə görə ona xüsusilə ağır mənəvi əzab vermiş, hazırda da verməkdədir və depresiyadan çıxa bilmir. İstintaq orqanının göstərişi əsasında 4 ay əmək haqqı almaması səbəbindən özü və ailə üzvləri ciddi maddi sıxıntı və çətinlik içərisində yaşadıqlarından törətmədiyi cinayəyə görə keçirdiyi mənəvi sarsıntı və iztirab ona daha da ağır əzab vermişdir. Səhhəti pozulmuşdur, şəkərli diabet xəstəliyinə tutulmuşdur. Göstərilənlərə əsasən vurulmuş maddi zərərin əvəzi olaraq 3645 manat və mənəvi ziyanın əvəzi olaraq isə 10000 manat olmaqla, ümumilikdə 13645 manat pulun cavabdeh vasitəsilə ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi kimi məbləğlərin hər hansı bir əsası sübut olaraq işin materiallarında göstərilməmişdir. Belə ki, tələblə əlaqədar olaraq birbaşa səbəbli göstərilməyə çalışılmış hallardan biri də məhz vətəndaşın əldən çıxan fayda ilə bağlı göstərilmiş məbləğlərlə bağlıdır. İstinad edildiyi kimi hadisə nəticəsində dəymiş zərər birbaşa göstərilən məbləğlərin itirilməsi faktı ilə əlaqədardırsa, sözügedən hallar ilə bağlı sübutlar ya mövcud deyildir, ya da ümumiyyətlə məhkəməyə edilmiş müraciətlər paylaşılmamışdır. İddiaçının iddia edərək təzminat qismində tələb etdiyi məbləğlərin reallığı isbat olunmadığı təqdirdə şübhəli və ağlabatan olmayan kimi rədd edilə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi maddi və mənəvi zərərlərin ona tətbiq edilmiş inzibati tənbeh tədbirilə birbaşa əlaqəsi yoxdur. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə 4 aylıq əmək haqqını almadığını, aylıq əmək haqqının 681 manat olduğunu, dekabr ayında verilməli olan mükafatın da verilmədiyini, bundan əlavə ezamiyyət pullarının da olduğunu, bu məbləğlərin 2024-cü ilə aid olduğunu, əmək haqqı çıxarışında qeyd olunduğunu, xx.xx.2025-ci il tarixində işə bərpa edildiyini, xx.xx.2025-ci ildə isə müqavilənin müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam verildiyini, 2024-cü ilin aprel ayında məzuniyyətə çıxmadığını, Balakəndə 3, 4 gün ezamiyyətdə olduğunu, ezamiyyət pulunun isə əvvəl 55 manat, sonradan 90 manat olduğunu bildirmişdir. 5.Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxsin və cavabdehin nümayəndlərinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 135 nömrəli arayışdan görünür ki, Hüseynov X1 yaşayır. 8.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən verilən 12 avqust 2024-cü il tarixli, 3-22-1-1/3-372/2024 saylı ezamiyyə haqqında Əmrdən görünür ki, Fitosanitar monitorinqlərin aparılması məqsədilə X6 və X5 Regional Mərkəzinin baş aqronumu İddiaçı Səyfar oğlu 12 avqust 2024-cü il tarixindən 3 gün müddətinə Xankəndi rayonuna ezam edilmişdir. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən verilən 05 sentyabr 2024-cü il tarixli, 3-22-1-1/3-1-418/2024 saylı İddiaçı işdən kənar edilməsi haqqında Əmrdən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və X5 Regional Mərkəzinin baş aqronomu İddiaçı xx.xx.2024-cü il tarixdən cinayət tərkibi olan ictimai-təhlükəli əməl törətdiyi üçün istintaq davam edənədək işdən kənar edilmiş, İddiaçı işdən kənar edildiyi dövr ərzində əmək haqqı hesablanmaması nəzərdə tutulmuşdur. Əsas kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xankəndi şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3- 13/122/2-3720/2024 nömrəli məktubu və işçilərin izahatları göstərilmişdir. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən verilən 29 dekabr 2024-cü il tarixli, 3-22-1-1/3-1-667/2024 saylı İddiaçı əmək fəaliyyətinin bərpa edilməsi haqqında Əmrdən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və X5 Regional Mərkəzinin baş aqronomu İddiaçı barədə açılmış cinayət işinə xitam verilməsi ilə əlaqədar əmək fəaliyyətinə xx.xx.2025-ci il tarixdən bərpa edilmişdir. Əsas kimi Azərbaycan Respublikasının Prokurorluğu Xankəndi şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2- 2-463/2-208456/2024 nömrəli məktubu göstərilmişdir. 11.Mülki işin materiallarında olan Xankəndi şəhər prokuroru tərəfindən qəbul edilən ittiham aktının təsdiq edilməsindən imtina olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında 16 dekabr 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı 14 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, lakin sözügedən qərarla İddiaçı həmin maddələrlə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. 12.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən İddiaçı məxsus hesabdan çıxarış məlumatları və e-sosial sistemdən edilən fərdi şəxsi hesab haqqında arayış. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı və digər iki şəxsin barəsində 14 avqust 2024-cü il tarixdə Xankəndi şəhər polis şöbəsinin müstəntiqi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə istintaq aparılsa da, sonda Xakəndi şəhər prokurorunun 16 dekabr 2024-cü il tarixli qərarı əsasında cinayət əməlinin olması öz təsdiqini tapmadığından İddiaçı və digər iki şəxsin həmin maddələrlə təqsirləndirilmələrinə dair olan cinayət işi üzrə icraata xitam verilmişdir. 14.Müəyyən edilmişdir ki, iddiaçı 13 mart 2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və X5 Regional Mərkəzinin baş aqronomu kimi fəaliyyət göstərmiş, məlum hadisə ilə bağlı olaraq 05 sentyabr 2024-cü il tarixli, 3-22-1-1/3-1-418/2024 saylı Əmrlə işdən kənar edilmiş və Əmrdə onun işdən kənar edildiyi dövr ərzində əmək haqqının hesablanmaması qeyd edilmişdir. Lakin bundan sonra iddiaçı barəsində cinayət işi üzrə icraata xitam verildiyindən müvafiq əmrlə xx.xx.2025-ci il tarixdən əmək fəaliyyətinə bərpa edilmiş və 13 mart 2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. 15.Hazırda İddiaçı barəsində qanunsuz olaraq aparılan cinayət işi üzrə iş yerindən, bununla da əmək haqqı və digər gəlirlərindən məhrum edildiyini, eyni zamanda cinayət məsuliyyətinə cəlb edildiyi üçün mənəvi ziyana məruz qaldığını iddia edərək, ona vurulmuş maddi ziyanın əvəzi kimi 3645 manat, mənəvi ziyanın əvəzi kimi isə 10000 manat məbləğində pulun tutulmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0, 56.0.5-ci maddələrinə əsasən qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 58.3-cü maddəsinə əsasən bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri müdafiəçiyə ödənilmiş pul məbləği və hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir. 17.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096, 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 19.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 20.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxudqadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır 21.İddiaçı barəsində 14 avqust 2024-cü il tarixdən 16 dekabr 2024-cü il tarixədək, yəni 04 ay müddətinə qanunsuz olaraq cinayət işi üzrə icraat aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi nəticəsində ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. 22.İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı cinayət məsuliyyətinə cəlb edildiyinə görə iş yerinin müvafiq əmri ilə işdən kənarlaşdırılması və əmək haqqısından məhrum edilməsi ilə əlaqədar ona 3645 manat məbləğində maddi ziyan dəydiyini iddia edir. Məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də barəsində cinayət işi başlanmamışdan öncə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və X5 Regional Mərkəzinin baş aqronomu vəzifəsində çalışmış, işlədiyi müddətdə aylıq əmək haqqı daxil olmaqla, mükafat və ezamiyyə ilə bağlı müəyyən məbləğlərdə gəlirləri olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarış məlumatlarından göründüyü kimi həqiqətən də iddiaçı işdən kənar edildiyi vaxtdan, yəni 2024-cü ilin sentyabr ayından dekabr ayına kimi gəlirlərindən məhrum edilmişdir. Məhkəmə iddiaçının faktiki olaraq işlədiyi sonuncu 8 ay üzrə (2024-cü ilin yanvarından sentyabr ayınadək) əmək haqqı kartına oturulan bütün gəlirlərini hesabdan çıxarış məlumatlarına əsasən hesablamış və müəyyən edilmişdir ki, onun orta aylıq gəlirləri təxminən 1062 manat olmuş, 2024-cü ilin sentyabr ayı da daxil olmaqla 2024-cü ilin yanvarınadək işləmədiyi 4 ay üçün təxmini 4250 manat məbləğində gəlirlərindən məhrum edilmişdir. 23.Lakin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 24.Hazırda iddiaçının ona vurulmuş maddi ziyanın əvəzi olaraq 3645 manat məbləğində kompensasiya tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbindən kənara çıxmamaqla, tələb edilən həddə vurulmuş maddi ziyanın əvəzi ödənilməlidir. 25.İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, 04 ay müddətinə iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, onun barəsində 14 avqust 2023-cü il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsə də, prokurorun 16 dekabr 2024-cü il tarixli qərarı ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. 26.Odur ki, iddiaçıya barəsində qanunsuz aparılan cinayət işi üzrə və prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı mənəvi zərər dəyməsi aşkardır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. İddiaçıya dəymiş mənəvi zərərə görə tələb olunan məbləğdə deyil, 1.000 (min) manat həcmində kompensasiya ödənilməsini məhkəmə ağlabatan və ədalətli hesab edir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 1.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. 27.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 3645 (üç min altı yüz qırx beş) manat məbləğində maddi ziyan və 1.000 (min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 29.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 3645 (üç min altı yüz qırx beş) manat məbləğində maddi ziyan və 1.000 (min) manat məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə 4645 (dörd min altı yüz qırx beş) manat pul vəsaiti ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar