Məhkəmə qərarları › İş №2(006)-2624/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2624/2025

19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2624/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərə görə 10.000 manat və mənəvi zərərə görə 140.000 manat, cəmi 150.000 manat məbləğində pulun cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 97/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə İddiaçı elan edilmiş Azərbaycan Respublikası CMnin 28, 181.2.1, 28, 181.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən, bəraət verilmiş, İddiaçı barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə zalında həbsdən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-97/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-97/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, iddiaçı barəsində xx.xx.2015-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(010)-12/2024 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(010)-12/2024 saylı hökmü ilə müəyyən edilmişdir ki, cinayət işinin materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulma haqqında protokoluna tərtib edilməsi üçün başlanma vaxtı xx.xx.2022-ci il tarix, saat 19:10 göstərilsə belə, lakin tutulma vaxtı, yəni hansı vaxtdan iddiaçının tutulmuş hesab olunmalı olması qeyd edilməmişdir. Həmin protokola əsasən protokolun tərtib edilməsi vaxtı saat 19:10 göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-275/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Prokurorluğunun 229-C 22 nömrəli material üzrə araşdırma zamanı izahatı alınmış iddiaçı bildirmişdir ki, o, 29 aprel 2022-ci il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində saxlanılaraq Suraxnı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən onu etmədiyi oğurluq cinayətində təqsirləndirmişlər. O polislərə oğurluq əməli etmədiyini bildirdikdə 6 gün müddətinə şöbədə qanunsuz saxlayıb, işgəncələr vermişdir. O daha sonra verilən işgəncələrə dözməyib qarşısına qoyulan sənədlərə imza çəkmişdir. Hazırda bədəni üzərində heç bir xəsarət və ya xəsarət izi olmadığından ekspertiza müayinəsindən keçməkdən imtina etmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 18:00da Polis şöbəsinə gətirilmiş və onunla oğurluq hadisəsi ilə əlaqədar olaraq şifahi söhbət aparılmış və daha sonra isə xx.xx.2022-ci il tarixdə saat 20:10 radələrində Polis şöbəsindən buraxılmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə şifahi söhbət aparılsa da Polis şöbəsindən buraxıldıqda izahatı alınaraq buraxılması göstərilmişdir. İddiaçı ilə şifahi söhbət aparıldığından izahatının göndərilməsi mümkün deyildir. Bundan başqa iddiaçı xx.xx.2022-ci il tarixdə saat 16:00-da saxlanılaraq Polis şöbəsinə gətirilmiş və xx.xx.2022-ci il tarixdə saat 17:30-da Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilməmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ ”Bakı şəhər Təcili və X2 Stansiyası” PHŞ-nin 28 sentyabr 2022-ci il tarixli, 27 saylı məktubuna əsasən, xx.xx.2022-ci il tarixdə saat 13:08-də “103” Xidmətinə 30-cu Polis Bölməsinin özünə ünvanından naməlum şəxsin adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 11 saylı bölmənin həkim Aksun Qocayeva icra edərək, xəstə İddiaçı (28 yaş) “Baş ağrısı” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. İttiham aktına əsasən iddiaçının 02 may 2022-ci il tarixdə saxlanılması qeyd edilmişdir. Belə ki, iddiaçının ifadəsində əsas göstərdiyi hal onun 29 aprel 2022-ci ildə Xəzər rayon Pİ-nin 3 saylı PB-nin polis əməkdaşları tərəfindən tutulduqdan və Suraxanı Rayon Pİ-nin 30-cu PŞ-nə təhvil verildikdən sonra həmin bölmədə 6 gün saxlanılması, döyülməsi və saxlanılmasının yalnız 04 may 2022-ci il tarixdə rəsmiləşdirilməsidir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, İddiaçı 04 may 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, tutulma haqqında protokolu tərtib etmənin başlanma vaxtı 04 may 2022-ci il tarix, saat 19:10 göstərilsə belə, tutulma vaxtı, yəni hansı vaxtdan iddiaçının tutulması qeyd edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00-dan təqsirləndirilən şəxs İddiaçı Xəzər Rayon Polis İdarəsinin 3 saylı PB-nin əməkdaşları tərəfindən tutularaq Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-yə təhvil verilmiş, faktiki olaraq 29 aprel 2022-ci il saat 18:00-dan etibarən həmin bölmədə qanunsuz olaraq saxlanılmış, yalnız xx.xx.2022-ci il tarixdə saat 19:10-da barəsində “tutma protokolu” tərtib edilmiş, lakin qeyd edilən pozuntular istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutlarla təkzib edilməmiş və ibtidai istintaq zamanı və yaxud məhkəmə istintaqı zamanı ağlabatan formada izah olunmamışdır. Məhkəmə, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində iddiaçının 4 oğurluqla bağlı 4 epizodun törədilməsini polis əməkdaşları tərəfindən təzyiq altında etiraf etdirilməsi, prosessual qanunvericiliyin pozulmaqla tutulması və sonrakı istintaq hərəkətlərinin həyata keçirilməsi, bu zaman prosessual hüquqlarının, o cümlədən azadlıq və müdafiə hüquqlarının pozulması və onların ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi ilə əlaqələndirildiyindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan və işin mühüm əhəmiyyət kəsb edən halları baxımından iddiaçının barəsində olan cinayət işi ilə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işləri arasında bənzərlik olduğundan həmin presedentin hazırkı işə tətbiq edilməsini zəruri hesab etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, iddiaçının ilkin izahatları PB-də prosessual hüquqların təmin edildiyi şəkildə saxlanıldığı andan deyil, 06 gündən artıq müddət keçdikdən sonra alınmış, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamışdır və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, dindirilməsi, təqsirləndirilən şəxsin cəlb edilməsi və dindirilməsi haqqında qərarlar və protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərinindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikası CPM-nin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin istintaq zamanı etirafedici ifadələrini, o cümlədən hər epizodla bağlı verilmiş etirafedici izahatlar, sonradan şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokollarda əks olunmuş ifadələr müxtəlif təsir, təzyiq hədə və təhdid altında imzalanması inandırıcıdır. Cinayət prosessual qanunvericilik zorakılıq, aldatma, işgəncə ilə yanaşı, həm də hədə-qorxu ilə alınmış, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir. Məhkəmə cinayət işinin rədd edilməsinə dair materialı tədqiq edərək, təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatları araşdıraraq, həm həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata məhkəmə nəzarəti qaydasında baxılan məhkəmə iclasında, həm də ki, hazırkı məhkəmə baxışı zamanı müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsdə olan xəsarətlərin müəyyən edilməsi ilə əlaqədar məhkəmə tərəfindən verilmiş məlumata, təqsirləndirilən şəxsin özünün, həmçinin də cinayət işinin başlanmasının rədd edilməsi barədə materiallar əlavə edilmiş təqsirləndirilən şəxsin anası Nümayəndə iddiaçının PB-də döyülməsi barədə çoxsaylı şikayətlər olduğuna, həmin araşdırma zamanı təqsirləndirilən şəxs prokurorluğun müstəntiqi M.Alışanov tərəfindən dindirilərkən PB-də döyüldüyünü göstərməsinə, təqsirləndirilən şəxsin onu döydüyünü iddia etdiyi polis əməkdaşının ziddiyyətli və işin həqiqi halları ilə uzlaşmayan ifadələr verməsinə baxmayaraq prokurorluq orqanı tərəfindən heç bir əsaslandırma aparılmadan, təqsirləndirilən şəxsin döyülməsi faktı, ümumiyyətlə araşdırılmadan- məhkəmə ekspertizası keçirilmədən, saxlayan əməkdaşları dindirmədən, həmin faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir ki, bu da istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə bağlı araşdırma aparılmasının və məhkəmənin məlumatına səthi və laqeyd münasibətin göstəricisidir. İddiaçı tutularaq “azadlığının məhdudlaşdırıldığı” müddətdə fiziki və psixoloji təzyiqlər edilməklə etmədiyi cinayəti etiraf etməyə məcbur edilmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilərək həbsdə saxlanıldığı müddətdə azadlıq hüququ tamamilə əlindən alınmışdır. İstintaq təcridxanasında saxlanıldığı müddət ərizində ona gətirilən ərzaqlara və sair bu kimi xərclərə xeyli miqdarda pul xərclənmişdir ki, bu problemdən dolayı ailəsi ciddi şəkildə maddi zərər görmüşdür. Ətrafındakı bir çox şəxslər cinayətkar olduğunu zənn edərək, onunla münasibətləri kəsmişlər. Beləliklə də ciddi şəkildə mənəvi zərər almışdır. İlkin araşdırma zamanı, ibtidai istintaqda gedən araşdırmalar, məhkəmə prosesləri zamanı həbsdə saxlanılması onu həm maddi, həm də mənəvi zərərə məruz qoymuşdur. İddiaçı cavabdehə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Odur ki, iddiaçı mənəvi ziyanın əvəzi olaraq 140.000 manat və maddi ziyanın əvəzi olaraq 10.000 manat olmaqla, cəmi 150.000 manat məbləğində pul vəsaitinin cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

3. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı maddi zərərə görə kompensasiya tələb edərkən həmin zərərin nədə ifadə olunmasını təsdiq edən sənədlər təqdim etmədən, ümumi ifadələrlə kifayətlənir. Belə ki, hansı fəaliyyəti ilə məşğul olduğu barədə, aylıq gəliri ilə bağlı, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə hər hansı təsdiqedici sübutlar təddim etməmişdir. İddiaçı xərcləri əsaslandırmadan maddi zərərə görə yüksək məbləğdə kompensasiya ödənilməsini tələb etmişdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s.) konkret növləri göstərilmişdir. İddiaçı, həmçininmənəvi zərərin ödənilməsini də tələb edir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Mövcud qanunvericiliyə görə hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Cavabdeh bildirir ki, Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya həmin Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. Məhkəmə Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini nəzərə almalıdır. Reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı, məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməlidir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Cinayət prosesini həyata keçirən orqan (vəya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. İddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir.

5. Sonradan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdirlər.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil və nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirib, təmin olunmasını xahiş etdilər.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin və nümayəndəsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-97/2016 nömrəli xx.xx.2016-cı il tarixli hökmündən (giriş və nəticə hissələrindən) görünür ki, xx.xx.2015-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2015-ci il tarixdə hazırkı cinayət işi üzrə barəsində qətimkan tədbiri qismində həbs seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan İddiaçı Azərbaycan Respublikası CM-nin 28,181.2.1, 28,181.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsi, barəsində ibtidai istintaq seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə zalında həbsdən azad edilməsi hökm edilmişdir.

10. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-97/2016 nömrəli xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-97/2016 nömrəli xx.xx.2016-cı il tarixli hökmü xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1103/2024 saylı, 01 aprel 2024-cü il il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməsinin nəzərə alınması hökm edilmişdir.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-12/2024 nömrəli xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 1(010)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində onun ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir və xx.xx.2024-cü il tarixli hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır.

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-362/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından çıxarışdan görünür ki, iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ona alternativ olan ev dustaqlığı qətimkan tədbirinin seçilməsi, iddiaçının məhkəmə zalında dərhal həbsdən azad edilməsi və s. qərara alınmışdır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Penitensiar Xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “X5”nda mövcud olan məlumata əsasən xx.xx.1993-cü il təvəllüdlü İddiaçı barəsində məlumatlar aşağıdakı qaydadadır: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı, AR CM-nin 28, 181.2.1-ci maddəsi ilə təqsirləndirilən, barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmaqla 03 ay 15 gün müddətində həbs qətimkan tədbiri seçilib, xx.xx.2015-ci il tarixdə 3 saylı istintaq təcridxanasına keçirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü, AR CM-nin 28,181.2.1, 28, 181.2.3, 29,1772.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı, AR CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən, barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2017-cü il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilib, xx.xx.2017-ci il tarixdə 3 saylı istintaq təcridxanasına keçirilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin İstintaq şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə AR CPM-nin 21, 39.1.1, 41, 85, 144-145, 175, 280-282-ci maddələrinə əsasən ********* saylı cinayət işinin ona aid olan hissəsinə hissəvi xitam verildiyindən və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunduğundan həmin təcridxanadan azad edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı, AR CM-nin 177.2.3cü maddəsi ilə təqsirləndirilən, barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilib, xx.xx.2019-cu il tarixdə 3 saylı istintaq təcridxanasına keçirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən, AR CM-nin 177.2.3, 69.3-cü maddələri ilə 02 il 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilərək, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı, AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən, barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilib, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü, AR CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3, 69.3, 68.1.1-1, 67.1-ci maddələri, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası endirilərək 02 il 06 ay müddətində saxlanılıb; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək cəzasının cəkilməmiş hissəsi 6 ay azaldılaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb, cəzasının əvvəli xx.xx.2020-ci il, cəzasının sonu xx.xx.2022-ci il, (hərəkətləri: xx.xx.2020-ci il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olub, xx.xx.2020-ci il tarixdə 17 saylı cəzaçəkmə müəssisəsinə keçirilib, xx.xx.2020-ci il tarixdə Bakı istintaq təcridxanasına və xx.xx.2020-ci il tarixdə 17 saylı cəzaçəkmə müəssisəsinə keçirilib) 17 saylı cəzaçəkmə müəssisəsindən xx.xx.2022-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar azad edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı, AR CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən, barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilib, xx.xx.2022-ci il tarixdə 3 saylı istintaq təcridxanasına keçirilib. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir. - Əlavə olaraq qeyd edilmişdir ki, məhkum İddiaçı hazırda (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən, barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü, AR CM-nin 234.1-1, 93.1.2-ci maddələri, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli xx.xx.2023-cü il, cəzasının sonu xx.xx.2027-ci il; hərəkətləri: xx.xx.2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olub və xx.xx.2024-cü il tarixdə 1 saylı cəzaçəkmə müəssisəsinə keçirilib) Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçıya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmləri ilə bəraət verilmişdir. Həmin hökmlər qanuni qüvvəsini almışdır.

16. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2015-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2015-ci il tarixdə isə həmin cinayət işi üzrə barəsində qətimkan tədbiri qismində həbs seçilmişdir. Daha sonra məhkəmə araşdırmalarının nəticəsində Azərbaycan Respublikası CM-nin 28,181.2.1, 28,181.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində iddiaçının təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsi, barəsində ibtidai istintaq seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə zalında həbsdən azad edilməsi hökm edilmişdir.

17. Göründüyü kimi, iddiaçının təqsirliliyi olmadığı halda Daxili İşlər Nazirliyinin müvafiq Polis əməkdaşları tərəfindən xx.xx.2015-ci il tarixdə şübhəli şəxs qismində qanunsuz tutulmuş, xx.xx.2015-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2016-cı il tarixdə məhkəmənin hökmü ilə bəraət verilmiş və həbsdən azad edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək qanunsuz olaraq azadlığından məhrum edilmişdir.

18. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə münasibətdə qeyd edir ki, iddiaçı barəsində 06 may 2022-ci il tarixdə əvvəli 04 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir.

19. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə iddiaçıya təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, lakin məhkəmə iclas zalından azad edilməmişdir. Çünki, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1103/2024 saylı, 01 aprel 2024-cü il il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli isə xx.xx.2023-cü il tarixdən hesablanmış, xx.xx.2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuşdur. Hazırda 1 saylı cəzaçəkmə müəssisədində cəza çəkir.

20. Göründüyü kimi, iddiaçı barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri tətbiq olunmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə ev dustaqlığı növündə qətimkan tədbiri tətbiq olunmuşdur. xx.xx.2023-cü ildə şübhəli şəxs kimi tutulmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2024-cü il il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

21. Hazırda iddiaçı azadlığından məhrum olunduğu (ev dustaqlığında olduğu) müddətdə, həmçinin həbsdə olduğu müddətdə qanunsuz olaraq fiziki və psixoloji təsirlərə məruz qaldığına və azadlıq hüququ əlindən çıxdığı üçün mənəvi zərərə görə 140.000 manat məbləğində kompensasiyanın, istintaq təcridxanasında saxlanıldığı müddət ərzində ona gətirilən ərzaqlara və digər xərclərə görə maddi zərər kimi 10.000 manat kompensasiyanın cavabdeh vasitəsi ilə dövlət vəsaiti hesabına ona ödənilməsini, cavabdeh isə iddiaçının öz dəlillərini sübut edəcək heç bir mötəbər sübut təqdim etmədiyinə və Maliyyə Nazirliyinin əsl cavabdeh olmadığına görə iddianın rədd edilməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

22. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə şübhəli şəxs qismində tutulması, xx.xx.2015-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi, xx.xx.2016-cı il tarixdə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə bəraət verilməklə həbsdən azad edilməsi onun azadlıq hüququnun pozulması ilə nəticələnmişdir.

23. Bundan başqa iddiaçının xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulması, xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək barəsində həbs qətimkan tədbirinin tətbiq olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığı növündə qətimkan tədbiri tətbiq olunması və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə isə iddiaçıya təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi onun azadlıq hüququnun pozulması ilə nəticələnmişdir.

24. İddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təsdiqlənməklə mülki məhkəmə icraatı üzrə işin mübahisəsiz halı olmuşdur.

25. Məhkəmə iddiaçının qanunsuz olaraq cinayət təqibinə məruz qaldığına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə etməklə qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli əsas məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

26. Məhkəmə işin mübahisəsiz halı olaraq qeyd edir ki, iddiaçının qanunsuz olaraq 21 aya yaxın müddətdə həbsdə saxlanılması, barəsində 7 ay müddətinə “ev dustaqlığı qətimkan” tədbirinin seçilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla azadlıq hüququ məhdudlaşdırılmışdır. İddiaçının barəsində qanunsuz aparılan cinayət təqibi, iddiaçının qanunsuz olaraq həbsə alınması, azadlığının məhdudlaşdırılması nəticəsində ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin 140.000 manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, zərərçəkmiş şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır. Təcrübədə bu cür zərərlərin qiymətləndirilməsi zamanı məhkəmə bir sıra halları, o cümlədən zərərçəkmişə dəyən mənəvi sarsıntının dərəcəsini, hadisənin xarakterini, nəticələrini, tərəflərin sosial-iqtisadi vəziyyətini və hüquqazidd əməlin davametmə müddətini nəzərə alır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 24.500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 24.500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.

27. İddia tələbinin “10.000 manat məbləğində maddi ziyan ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin bu hissəsi iddiaçının istintaq təcridxanasında saxlanıldığı müddət ərizində ona gətirilən ərzaqlara və sair bu kimi xərclərə xeyli miqdarda pul xərclənməsi, bu problemdən dolayı ailəsinin ciddi şəkildə maddi ziyan görməsi ilə əsaslandırılır. Məhkəmə iclasında iştirak edən Nümayəndə (iddiaçının anası-nümayəndəsi) həbsdə olduğu müddətdə iddiaçıya sovqat aparıldığını, lakin buna dair sübutlarının olmadığını bildirmişdir. Məhkəməyə iddiaçının maddi ziyana məruz qalmasına əsas olan heç bir sübut təqdim edilməmişdir. Halbuki, maddi ziyan real olmalıdır.

28. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

29. Məhkəmə hesab edir ki, iddia “10.000 manat məbləğində maddi ziyan ödənilməsi” hissəsində sübut təqdim edilmədiyinə və əsassız olduğuna görə təmin edilməməlidir.

30. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

31. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

32. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun müvafiq orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.

33. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

34. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

35. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz.

36. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 36.2. Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya cinayət nəticəsində zərər çəkmiş, habelə təqsirsiz məhkum olunmuş, qanunsuz həbsdə saxlanılmış, yaxud cinayət prosesi gedişində hüquqları digər formada məhdudlaşdırılmış şəxslərin hüquqları bu Məcəllə ilə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada bərpa olunur. Maddə 56.0.1, 56.0.5. Bəraət almış təqsirləndirilən şəxslər, qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

37. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

39. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

40. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

41. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.

42. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

43. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

45. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 24.500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar