Məhkəmə qərarları › İş №2(006)-2626/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2626/2024

27.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2626/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı X2 Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 Dürdanə Tofiq qızına qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4500 manat maddi ziyanın və 1000 manat mənəvi ziyanın-cəmi 5500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2023-cii il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 170.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətinə azdlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azdlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azdlıqdan məhrumetmə cəzası təyin edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar və əlavə cəzalar qismən toplanmaqla və toplanmış əlavə cəza əsas cəzaya birləşdirilməklə Cavabdeh qəti olaraq 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cavabdehin törətdiyi cinayət əməli ilə bağlı ona 4500 manat məbləği idə maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan həm ittiham aktında həm də Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli hökmündə öz əksini tapmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli hökmünə görə Cavabdeh Tollq qızı 2019-cu ilin sentyabr ayında əlavə təhsil üzrə Bakı Slavyan Universitetinin “İbtidai sinif müəllimliyi’ ixtisasına tələbə kimi qəbul olunmasında köməklik göstərilməsi üçün özünə müraciət etmiş X3 atası X4 qəbul üzrə yerləri olmasına baxmayaraq yalandan yerlərin olmamasını bildirib 2019-cu ilin sentyabr ayında xidməti otağında sonuncuya qəbul edilməsinə köməklik etmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün Bakı Slavyan Universitetinin səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar 2019-cu ilin sentyabr ayında Sahib Nuriyevdən xidməti otağında 500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına xərcləməklə, həmçinin eyni niyyətlə cinayətkar əməllərini davam etdirərək həmin vaxt özünə olan etibardan sui-isifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək niyyəti ilə 2019cu ilin sentyabr ayında xidməti otağında X8 Ağayevanın adına olan ilk diplomu ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyində problemin yaranmasını, lakin buna baxmayaraq Lamiyə Ağayevanın təhsilini davam etdirməsinə köməklik etmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün Bakı Slavyan Universitetinin səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Lamiyə Ağayevanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4000 manat məbləğində pul vəsaitini xidməti otağında ondan alıb, şəxsi ehtiyaclarına xərcləməklə, qeyd edilən qaydada ümumilikdə 4.500 manat məbləğində Sahib Nuriyevə məxsus pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Lamiyə Ağayevanın xeyrinə edəcəyi hərəkələ görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə sonuncu və Sahib Nuriyevi təkrarən təhrik etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirməklə iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-66/2023 saylı hökmündən görünür ki, Cavabdeh 178.2.2, 178.2.3, 178.2.4, 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4,maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-cı maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-cı maddəsinə əsasən 1 il müddətə dövləl və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq huququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cu maddələrinə əsasən təyin edilmiş əsas cəzalar və əlavə cəzalar qismən toplanmaqla və toplanmış əlavə cəza əsas cəzaya birləşdirilməklə Cavabdeh qəti olaraq 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh 4500 manat məbləğində X4 məxsus pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, sonuncu zərərçəkmiş şəxs qismində tanınmaqla dəymiş zərərin ödənilməsi ilə bağlı mülki iddia ərizəsi təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-66/2023 saylı hökmü Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanmışdır. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-66/2023 saylı hökmü hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda X1 Dürdanə Tofiq qızına qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məcəllənin 1093-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvericiliyin normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən cinayət qanuni ilə nəzərdə tutulmuş əməl törədilməklə iddiaçıya zərər vurulduğundan, iddiaçı həmin zərərin əvəzini tələb etməklə haqlıdır. Odur ki, 4500 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “1000 manat mənəvi ziyanın tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, «mənəvi zərər» anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərər dəyməsi nədə ifadə edilməsi müəyyən olunmadığından iddia tələbi qeyd olunan hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X7” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Ağdam rayonundan məcburi köçkün olduğundan dövlət rüsumunu ödəməkdən azad olunan şəxs kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən tutulmalı olan dövlət rüsumunun miqdarına gəldikdə qeyd edir ki, iddia tələbi 4500 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsində təmin edildiyindən 65 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Belə ki, “X7” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4500 manat alınaraq iddiaçı X4, dövlət rüsumuna görə 65 manat alınaraq Azərbaycan Respublikasını Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4500 manat iddiaçı X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 65 manat alınaraq Azərbaycan Respublikasını Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar