Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-264/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçı nümayəndəsi (vəkili) - Nümayəndə, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) - Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən iddiaçıya məxsus daşınar əmlaka dəymiş maddi zərərə görə 7938 manat, xidmət haqqına görə 1460 manat, ümumilikdə 9398 manat və mənəvi zərərə görə isə 2000 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ** RN *** dövlət qeydiyyat nişanlı, Hyundai Sonata minik markalı avtomobilinin sahibidir. Həmin avtomobil AD N 384762 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən iddiaçıya məxsusdur. xx.xx.2021-cı il tarixində saat 01:00 radələrində qeyd etdiyi avtomobillə Bakı Quba yolunun 17-ci km-də üzü Bakı istiqamətində hərəkət edərkən Saray DYP-si postunu keçəndən sonra cavabdeh təşkilatın yolda təmir işləri aparması və yol hərəkətinini müvəqqəti nizamlayan yol hərəkəti nişanı ilə nizamlamaması nəticəsində və təmir işləri apardığı yolda sürücülər üçün təhlükə yaradan yola çıxmaması üçün tədbirlər görməməsi, təhlükəli ərazilərin nişanlanmaması səbəbindən avtomobili ilə təmir işləri aparılan qazıntı quyusuna düşmüşdür. Hadisə nəticəsində avtomobilinə ciddi ziyan dəymişdir, demək olar avtomobili məhv olmuşdur. Avtomobilin 1 ədəd sağ ön padknlniki, 1 ədəd sağ qabaq brizqaviki, 1 ədəd sağ alt spolleri, 2 ədəd diski, 1 ədəd təkəri, 1 ədəd arxa sağ amartizatoru, 1 ədəd modolu, 1 ədəd patpresi, 1 ədəd patpresin kantı, 1 ədəd sit, 1 ədəd sitin airbağı, 1 ədəd rulun airbağı, 2 ədəd sağ sol təhlükəsizlik kəmərləri, 1 ədəd sağ ön çaşka, 1 ədəd sağ ön amartizator, 1 ədəd sağ ön qranat, 1 ədəd ön traves, 1 ədəd sağ sağra, 1 ədəd motor yastığı, 1 ədəd motorun qoruyucusu, 1 ədəd qabaq buferin alt rezini, 20 ədəd knobka sıradan çıxmışdır və dəyişdirilməlidir. Əlavə olaraq avtomobildə dəmirçi işləri (sağ ön qapının qanadı, kapotun sağ padnoşkanın təmiri) işləri, rəngsaz işləri (sağ ön qanadın, buferin, kapotun, sağ spollerin rənglənməsi), armatur işləri (spollerin sökülməsi, padpresin dəyişdirilməsi), elektrik işləri (sitin dəyişdirilməsi, oturacaqların sökülməsi), çilingər işləri (travesin, safpanm, amartizatorlarm, qranatın dəyişdirilməsi, tikiş işi (oturacaqların tikilməsi), razval balans montaj işlərinin görülməsi tələb olunur. Qeyd etdiyi ehtiyat hissələrinin alınması üçün 7938 manat, xidmətlə bağlı işə 1460 manat tələb olunur. Beləliklə avtomobilinə ümumilikdə 9398 manat manat zərər vurulmuşdur. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus daşınar əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu yol nəqliyyat hadisəsinin baş verməsini təsdiq edən DYP-in 036536 saylı arayışı və DYP-də saxlanılan kamera görüntüləri və şahid ifadələri ilə təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində avtomobil yararsız vəziyyətə düşmüşdür. Yararsız vəziyyətə düşmüş daşınar əmlakın ümumi dəyəri xidmət haqqı ilə birlikdə 9398 manat manat təşkil edir. 25 sentyabr 2020-ci il tarixində sifarişçi Azərbaycan Avtomobil Yolları Agentliyi Bakı Quba-Rusiya avtomobil yolunun təmir-bərpa işləri ilə bağlı “15 nömrəli X8 İstismarı” MMC arasında podrat müqaviləsi bağlanmış yə müqavilə üzrə tərəflər sifarişçi “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”, podratçı isə "xxxx" MMC adlandırılmışdır. Müqavilənin 2.3-cü bəndinə görə “podratçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi-yə yerinə yetirilməli olan yolların təmiri işlərinin aparılması ilə əlaqədar bütün işlərin başa çatdırılmasını öhdəsinə götürmüşdür. Hadisə olan zaman da, hazırda da isə həmin ərazidə işlər podratçı tərəfindən görülür və başa çatdırılmamışdır. Müqavilənin 5.4cü bəndinə görə bu müqavilənin icrası ilə bağlı Podratçının təqsiri üzündən digər fiziki və hüquqi şəxslərin əmlakına dəymiş zərərə, habelə onun üçüncü şəxslər qarşısında öhdəliklərinə görə Sifarişçi məsuliyyət daşımır. Bütün bunlardan məlum olur ki, əmlaka vurulmuş ziyana görə hadisə olan zaman həmin yolun təmir işləri ilə məşğul olan Podratçı - "xxxx" MMC məsuliyyət daşıyır. Cavabdehin təqsiri ucbatından avtomobili yararsız hala düşmüşdür. Bu səbəbdən avtomobilsiz qalmışdır. Buna görə də öz işinə və başqa yerlərə gedib gəlmək üçün taksi xidmətindən istifadə etmişdir. Belə ki, işinə tələsik olaraq əlində musiqi alətləri ilə getdiyi üçün avtobusdan istifadə edə bilmir. Taksi ödənişləri isə günə 5- 10 manat civarında olur. Halbuki cavabdehin təqsiri səbəbindən bu yol nəqliyyat hadisəsi baş verməsəydi, işinə şəxsi avtomobili ilə gedib gələrdi. Əlavə nəqliyyat xərclərinə də düşməzdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkiliddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, fevralın 19-dan 20-nə keçən gecə ona məlumat verilmişdir ki, Bakı istiqamətində yolda qəza baş vermişdir. Oraya yaxınlaşanda hadisə yerində lent yox idi və iddiaçının avtomobilindən başqa digər avtomobillərin də həmin istiqamətdə (hadisə baş verən zolaqda) hərəkət etdikləri müəyyən edildi. Hadisə baş verən günü iddiaçının avtomobilinin daxil olduğu yerdə ümumiyyətlə lent mövcud deyildi, məhəccərlərin qarşısında maneə, heç bir yol işarəsi yox idi. Lakin əvvəllər orada lent mövcud idi. Həmin istiqamətdə iddiaçının avtomobilindən də başqa avtomobillər oradan keçirdilər, yol birtərəfli açıq idi. Təmir işləri Bakı istiqamətində, həmin yerdən də başqa 2-3 yerdə gedirdi. Sürücülər səhv istiqamətdə hərəkət edirdilər. Əsas giriş tərəf bağlı deyildi, lakin çıxış hissəsi isə aşağı tərəfdən qismən bağlı idi, beton plitələr qoyulmuş, Xırdalan şəhərinə tərəf olan hissə isə açıq idi. Məhz buradan maşınlar hərəkərlətini davam edərək təmir aparılan ərazidən çıxarıdılar. Əvvəlki məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 2011-ci ildən fəhlə işləyir. Hadisə 19 fevral 2021-ci il tarixdə gecə saatlarında baş vermişdir. Həmin yerə fosforlu lent ilə və tikintinin getməsi ilə bağlı işarə qoyurlar və təmir işi gedən yolun qabaq və digər tərəfi beton dirəklər ilə bağlı olur. Maşın yolu iki tərəflidir. İş vaxtı bitdikdən sonra həmin yolu lent və xüsusi yol işarələri ilə bağlayır. Hadisə vaxtı lent cırılmış vəziyyətdə idi. Əvvəlki məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 13 ildir işləyir və texnika sürücüsüdür. Həmin ərazidə işləmişdir. Hadisə 19 fevral 2021-ci il tarixdə gecə saatlarında baş vermişdir. Təmir gedən yolun baş və qurtaracağına beton dirəklər qoyulur və həmin günü də qoyulmuşdu. Qırmızı lent və təmir getməsi ilə bağlı yol işarəsi qoyulur. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndəsinin (vəkil) izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AD seriyalı 384762 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Sonata minik” markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının adına qeydiyyata alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının “Hyundai Sonata minik” markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan 9398 manat təşkil edir. Azərbaycan Avtomobil Yolları Agentliyi ilə cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli AAY-211/2020 saylı “Bakı-Quba-Rusiya Federasiyasi ilə Dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (Vaz Dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işləri barədə” podrat müqaviləsindən görünür ki, podratçı olan cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə yerinə yetirilməli olan Bakt-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmirbərpa işlərinin görülməsini öhdəsinə götürmüşdür. Məhkəmə sorğusuna cavabdehin xx.xx.2021-ci il tarixli 229 saylı cavab məktubundan görünür ki, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi avtomobil yolunun 16-ci km-dən (VAZ dairəsi) 30-cu km-dək (Sumqayıt) təmir-bərpa işləri cavabdeh tərəfindən həyata keçirilir. Təmir-bərpa işlərinin aparılması zamanı yolda lazımı, tələb olunan yol nişanlarının yerləşdirilməsi çox vacib məsələdir. Təmir-bərpa işlərinin görüldüyü sahədə təhlükəsizlik tədbirlərinin tələbinə uyğun olaraq, işlərin aparıldığı sahədən 100-200 m məsafədə xəbərdaredici nişanlar mövcud olmuşdur, bu nişanlar yolda təmirin aparıldığını, hərəkət istiqamətini, sürət məhdudiyyətini bildirən nişanlardır, yolda yerləşdirilmiş nişanlar həmçinin irəlidə yolun daraldığını və alternativ yola dönmə istiqamətini göstərmişdir. Bütün sadalanlardan əlavə olaraq təmir-bərpa işlərinə başlanılmazdan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürücülərə/əhaliyə mətbuat və TV vasitəsilə məlumat verilmişdir. İstehsalat zərurəti səbəbindən əsas yoldan kənar hissədə müəssisənin yük maşınları üçün giriş/çıxış saxlanılmışdır ki, bu da armatur və xəbərdaredici qırmızı lentlə nişanlanmışdır. Sürücünün nə səbəbdən əsas yoldan çıxaraq, yol nişanlarının tələbinə əməl etmədən lentlə nişanlanmış sahəyə keçməsi anlaşılmır. Yolda tələb olunan qadağanedici və istiqamətgöstərici nişanlar olmasaydı, digər hərəkət vasitələri də qəza törədə bilərdi. Baş Dövlət Yol Polis İdarəsi Yol Polis Xidməti Alayının 1-ci tağımın komandiri, polis mayoru Vüqar Əskərovun raportundan görünür ki, xx.xx.2021-cı il tarixdə təsdiq edilmiş cədvəl üzrə 1-ci marşurutu üzrə xidmətdə olan YPXİ polis baş serjantı X2 xidməti ərazisini müayinə edərkən Bakı-Quba yolunun 17-ci km-də təmir işləri getiyi üçün yol bir tərəfli hərəkət təşkil etmişdir. Bakı-Quba yolunun 17-ci km-də dəmir məhəccərlər yol idarəsi tərəfindən əvvəlcədən sökülmüş halda olduğu üçün dəfələrlə yol idarəsinə telefon vasitəsilə və “Laçına” radiocihaz vasitəsilə məlumat verilmiş, lakin heç bir tədbir görülməmişdir. Saat 01:30 radələrində Hyundai Sonata markalı 99RN762 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sözu gedən arakəsmədən təmir olan əraziyə daxil olmuş və yolun orta hisəssində qazılmış əraziyə düşərək maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2294 saylı ekspert rəyi ilə iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Hyundai Sonata” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6578,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Avromobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 40-2-ci maddəsinə əsasən avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol təsərrüfatı orqanlarının işçilərinin və yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin olunmalı və yol hərəkəti düzgün təşkil edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 19 fevral 2021-ci il tarixində saat 01:30 radələrində iddiaçının idarəetməsində olan “Hyundai Sonata” markalı 99RN762 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cababdeh tərəfindən təmir-bərpa işləri aparılan əraziyə daxil olmuş və yolun orta hisəssində qazılmış əraziyə düşərək maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsirlik prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd etmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.” İş materiallarından göründüyü kimi nəqliyyat hadisəsi baş verən ərazidə cavabdeh tərəfindən dəmir məhəccərlər əvvəlcədən sökülmüş halda olmuş, məhəccərlərin qarşısında maneə və yaxud lent, təmir-bərpa işlərinin aparılmasına dair hər hansı yol işarəsi olmamışdır. Qeyd olunan hallar hadisə vaxtı xidmətdə olan, yol nəqliyyat hadisəsinin sxemini tərtib edən hazırki iş üzrə şahid qismində dindirilmiş YPXİ polis baş serjantı X1 ifadəsi ilə də təsdiq olunur. Göründüyü kimi cavabdeh avtomobil yolunun təmiri zamanı yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməmiş və yol hərəkətini düzgün təşkil etməmişdir ki, bununla da “Avromobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 40-2-ci maddəsinin, yəni avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı təhlükəsizlik tələblərinə əməl etməməklə cavabdehin əməli hüquqa zidd olmuşdur. Göstərilən əməlin törədilməsi nəticəsində iddiaçı yolun həmin istiqamətindən istifadə edərkən, ona məxsus nəqliyyat vasitəsi cavabdeh tərəfindən qazılmış və qarşısında heç bir yol nişanı olmayan çuxura düşmüş, nəticədə onun nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. İddiaçıya dəymiş maddi zərər məhz cavabdeh tərəfindən törədilmiş hüquqa zidd əməl, yəni “Avromobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 40-2-ci maddəsinin tələblərinə əməl etməməsi nəticəsində əmələ gəlmişdir. Eyni zamanda cavabdeh tərəfindən göstərilənləri təkzib edən hər hansı bir mötəbər sübut (işçilərin ifadələri mötəbər sübut deyil) məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün tələb olunan şərtlər hazırki mübahisə üzrə mövcud olduğundan iddiaçı, ona dəymiş zərəri cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Maddi ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı maddi ziyana görə cavabdehdən 9398 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2294 saylı ekspert rəyi ilə nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 6578,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyinə və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən maddi ziyanın məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalqa maddi ziyanın tutulması hissəsində iddia qismən təmin edilməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin təqsiri üzündən iddiaçıya məxsus daşınar əmlaka dəymiş maddi zərərə görə 6578 manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği cavabdehdən, qalan 50 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri üzündən İddiaçı məxsus daşınar əmlaka dəymiş maddi zərərə görə 6578 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, qalan 50 manat məbləği İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM: VÖEN: **********, X3, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-264/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-264/2022
18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver