Məhkəmə qərarları › İş №2(006)-264/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-264/2023

18.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Maddi ziyanın ödənilməsi - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-264/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət AR Daxili İşlər Nazirliyinin əməkdaşı olaraq polis nəfəri kimi fəaliyyət göstərmidir. İşlədiyi dövr ərzində rəhbərlik tərəfindən bir dəfə də olsun inzibati tənbeh almamışdır və qanun pozuntusuna yol verməmişdir. Öz vəzifənin öhdəsindən layiqincə gəlmişdir və əmək fəaliyyətini layiqincə icra etmişdir. Cavabdehin hazırki həm hərəkəti və həmçinin qəbul etdiyi və iddiaçıya təqdim etmədiyi əmr qanusuzdur. Buna əsasən iddiaçıya tətbiq edilən Əmək Məcəlləsində əsassız olaraq əmək fəaliyyəti ilə bağlı fəaliyyətinə xitam verilməsinin səbəbi ilə maraqlanan zaman müəyyən etmişdir ki, iddiaçıya aid olmayan maddə ilə işdən qanunsuz olaraq çıxarılmışdır. O, heç zaman fəaliyyəti zamanı qeyri-etik davranışlara və digər qəbahətlərə yol verməmişəm. Hazırda qaynanası ilə iddiaçının və həyat yoldaşının münasibəti ailə daxili və ailə sirri olan münasibətlərdir. İddiaçı tərfimdən əmək fəaliyyətinin icrası zamanı heç bir qeyri-etik davranışlara yol verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində (qanun preambulasında) qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X2 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, onlara xitam verilməsi və bu münasibətlərinin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Bu prizmadan çıxış edərək Əmək Məcəlləsinin 2 və 3cü maddələrində əmək müqaviləsinin bağlanmasında tərəflərin haqqa və ədalətə söykənməklə müqaviləyə uyğun hərəkət etmələri, haqlı araşdırma aparmaları işəgötürən tərəfindən işçi barədə qəbul edilmiş qərarların doğru və düzgün olması halları müqaviləyə əsasən doğru olmalıdır. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Cavabdeh hərəkətinin qanunsuz hesab edilməklə iddiaçının işdən azad olunması ilə bağlı əmrini ləğv edərək tutduğu vəzifəyə (işinə) bərpa olunmasına və məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsinə və cavabdeh tərəfindən iddiaçının qanunsuz vəzifədən (işdən) çıxması ilə bağlı ona dəymiş 5000 manat mənəvi zərərin ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının vəkili Nümayəndə2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış teleqramda iddia tələbinə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və iddiaçının vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili həmçinin göstərmişdir ki, İddiaçı uzun müddət AR Daxili İşlər Nazirliyinin əməkdaşı olaraq mülki fəhlə olaraq fəaliyyət göstərmişdir. İşlədiyi dövr ərzində rəhbərlik tərəfindən bir dəfə də olsun inzibati tənbeh almamış və qanun pozuntusuna yol verməmişdir. Buna baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmiş və ona bu barədə hər hansı məlumat verilməmişdir. İddiaçı işdən çıxarılmasının səbəbləri barədə maraqlanan zaman ona məlum olmuşdur ki, işdə yol verdiyi qeyri-etik davranışlara və ailəsində baş vermiş münaqişələrə görə işdən azad olunmuşdur. Onlar hesab edirlər ki, çıxarılan əmr qanunsuz və əsassızdır. Buna görə də əmr ləğv edilərək iddiaçı öz vəzifəsinə bərpa olunmalıdır. Belə ki, iddiaçı tərəfindən işdə heç bir əmək funksiyalarını pozan davranışa yol verilməmişdir. Ailəsi ilə bağlı problemlərə gəldikdə isə bu iddiaçının şəxsi məsələsidir və bunun onun əmək fəaliyyəti ilə heç bir bağlılığı yoxdur. Qeyd edilənləri nəzərə almaqla iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2021ci il tarixdə Daxili İşlər Nazirliyinin X9 İdarəsində mülki mühafizə vəzifəsinə qəbul olunmuşdur. Sonradan o, ailə-məişət normalarına uyğun olmayaraq həyat yoldaşı Lamiyə İbrahimova və qayınanası Könül İbrahimova ilə mütəmadi olaraq münaqişələr yaşamış və bununla bağlı dəfələrlə onlar tərəfindən idarəyə şikayət məktubları göndərilmişdir. Həmin şikayətlərə əsasən iddiaçının arvadına şiddət göstərməsi nəticəsində onun qulaq pərdəsinin zədələnməsi, həmçinin iddiaçı tərəfindən qayınanası Könül İbrahimovaya qeyrietik fotoşəkillərin göndərilməsi məlum olmuşdur. Şikayətlər əsasında araşdırma aparılmış və nəticədə işçi tərəfindən idarənin nüfuzunun zədələnməsi əsası ilə xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Düşünürlər ki, iddia əsassızdır. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, etik davranış kodeksi mülki mühafizəçilərə tətbiq olunmur. Həmin kodeks sadəcə serjantlara və zabitlərə tətbiq olunur. Ancaq idarədə hər bir işçi işə götürülərkən ona qurumun adına və nüfuzuna xələl gətirməməklə bağlı xəbərdarlıq olunur və bununla bağlı sənəd ona imzaladılır. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəməyə ünvanlayaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Gəncə RMİ-də mühafizəçi işləyən İddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək rəsmi nikah münasibətdə olduğu L.İbrahimova və sonuncunun anası ilə münaqişəli vəziyyət yaratmış, bu zəmində qeyri-etik tərzdə çəkilmiş intim fotoşəkili özünə məxsus olan smartfon tipli telefonda «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə qaynanası K.İbrahimovaya göndərmişdir. Qeyd olunan hərəkətləri ilə DİN-nin Mühafizə Xidmətinin nüfuza xələl gətirən mülki mühafizəçi İddiaçı barəsində haqlı şikayət olunmasına zəmin yaratmış, eləcə də xidmət yoxlama zamanı qeyri-səmimi mövqe tutmuşdur. Bundan başqa, iddiaçı məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, müddətin tətbiqinə dair ərizə təqdim etməklə, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər. İddiaçı ilə cavabdeh arasında yaranmış münasibət faktiki olaraq əmək münasibətidir. Bu səbəblə onlar arasında yaranmış mübahisəyə əmək qanunvericiliyi tətbiq edilmişdir. Belə olan halda Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən iddiaçı tələbetmə müddətini ötürmüşdür. ƏM-nin 296-cı maddəsinin ikinci hissəsinin mənasına görə işçinin fərdi əmək mübahisəsinə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Fərdi əmək mübahisələrinin anlayışı, konkret tərifi Əmək Məcəlləsində gönlərilmişdir. Belə ki, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Eyni zamanda fərdi əmək mübahisələrinin predmetinin dəqiq siyahısı AR ƏM-nin 288-ci maddəsində sadalanmışdır. Həmin maddənin «a» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisəsinin predmetidir. Bundan əlavə şəxsin öz hüququnun pozulduğu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Göründüyü kimi, hazırki mübahisə üzrə şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu vaxt BMİ-nin 3 sentyabr 2021-ci il tarixli, Ə272-038-21 nömrəli əmrinin qəbul edildiyi tarixdir. Beləliklə, qeyd olunanlar ilə müəyyən olunur ki, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür, bu müddətini bərpasının üzrlü hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə görə qanunu bilməmək məsuliyyətdən azad etmir. Bundan başqa iddiaçının yaranmış fərdi əmək müğahisəsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada müraciət etmək hüququ məhdudlaşdırılmamışdır. Göstərilənlərə əsasən iddia ərizəsinin əsassız hesab edilməsi, eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizənin təmin edilməsi və iddia müddəti tətbiq edilməklə də iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.

9. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin (kontraktın) təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X9 İdarəsinin MMX üzrə mühafizəçisi vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 310 manat təşkil etmişdir.

11. İş materiallarında olan TİŞ-in TAB-ın inspektoru İlqar Malışov, TİŞ-in rəis müavini, o da TAB-ın rəisi Ziya Ağayev, Təşkilat-inspektor şöbəsinin rəisi Asəf Dəmirov, Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyev tərəfindən tərtib edilmiş vətəndaşlar Könül və Lamiə İbrahimovların müraciətlərinə baxılmasının nəticəsinə dair xx.xx.2021-ci il tarixli rəyin surətindən görünür ki, vətəndaş Lamiə İbrahimovanın sağ qulatında eşitmə azlığının olması barədə arayışda həmin fiziki qüsurun yaranma səbəbinin göstərilmədiyi, eləcədə sonuncunun həyat yoldaşı tərəfindən döyülmədiyi barədə izahatı nəzərə alınması, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək rəsmi nikah münasibətdə olduğu vətəndaş L.İbrahimova və sonuncunun anası K.İbrahimova ilə mütəmadi olaraq mübahisə edərək münaqişəli vəziyyət yaratdığına, qeyri-etik tərzdə çəkilmiş intim fotoşəkili «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə qayınanası K.İbrahimovaya göndərdiyinə, həmin hərəkətləri vətəndaşın haqlı şikayətinə səbəb olduğuna, habelə yoxlama prosesində qeyri-səmimi mövqe tutduğuna, bununla da DİN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirdiyinə X9 İdarəsinin mülki mühafizəçisi İddiaçı ciddi intizam tənbehinə cəlb olunmağa layiq olmasını təklif etmişlər.

12. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli Ə272-038-21 saylı əmrin surətindən görünür ki, Cəmiyyətdə qəbul olunmuş ailəməişət normalarına riayət etməyərək rəsmi nikah münasibətdə olduğu vətəndaş L.İbrahimova və sonuncunun anası K.İbrahimova ilə mütəmadi olaraq mübahisə edərək münaqişəli vəziyyət yaratdığına, qeyri-etik tərzdə çəkilmiş intim fotoşəkili «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə qayınanası K.İbrahimovaya göndərdiyinə, həmin hərəkətləri vətəndaşın haqlı şikayətinə səbəb olduğuna, habelə yoxlama prosesində qeyrisəmimi mövqe tutduğuna, bununla da DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirdiyinə görə X9 İdarəsinin mülki mühafizəçisi İddiaçıla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunmuşdur.

13. İş materiallarında olan DİN-nin Baş Mühafizə İdarəsinin rəisi Nurullah Məmmədxanlı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X9 İdarəsində mülki mühafizəçi vəzifəsində işləyən kürəkəni İddiaçı ailəsində münaqişə yaradaraq həyat yoldaşı Lamiə İbrahimovanın qulaq pərdəsini zədələməsi, boy həddi və yaşı nəzərə alınmadan Mühafizə xidmətində işə qəbul edilməsi barədə vətəndaş X6 İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı elektron müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, xx.xx.1993-cü il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul olunan İddiaçı Gəncə şəhər X7, 1994-cü ilin yanvar ayındvn isə Gəncə şəhər Polis İdarəsində sıravi və kiçik rəis heyəti üzrə müxtəlif vəzifələrdə xidmət etmişdir. 2012-ci ilin dekabr ayından 2014-cü ilin fevral ayınadək Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi təyinatlı bölüyündə polis nəfəri vəzifəsində xidmət etmiş İddiaçı xx.xx.2014-cü il tarixdə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən öz arzusu ilə xidmətdən xaric edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdən Gəncə RMİ-də mülki mühafizəçi vəzifəsində işləyən İddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək rəsmi nikah münasibətində olduğu vətəndaş Lamiə İbrahimova və sonuncunun anası Köeül İbrahimova ilə mütəmadi olaraq mübahisə edərək münaqişəli vəziyyət yatarmış, bu zəmində qeyri-etik tərzdə çəkilmiş intim fotoşəkili özünə məxsus olan smartfon tipli mobil telefondan «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə qayınanası K.İbrahimovaya göndərmişdir. Qeyd olunan hərəkətləri ilə DİN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirən mülki mühafizəçi İddiaçı barəsində haqlı şikayət olunmasına zəmin yaratmış, eləcə də xidməti yoxlama prosesində qeyri-səmimi mövqe tutmuşdur. Göstərilənlər nəzərə alınaraq Baş Mühafizə İdarəsinin müvafiq əmri ilə mülki mühafizəçi İddiaçıla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunmuşdur. Yoxlama nəticəsində İddiaçı mülki mühafizəçi vəzifəsinə qəbulu prosesində yol verildiyi müəyyənləşdirilməmişdir. Müraciətinə baxılmasının nəticəs barədə vətəndaş K.İbrahimovaya məlumat verilmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli Ə1338Ş/h-038-21 saylı əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) X9 İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir. Əsas: DİN BMİ-nin xx.xx.2021-ci il tarixli Ə272-038-21 nömrəli əmri.

15. İş materillarında olan Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X3 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 51 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Hüseynov, arvada İbrahimova soyadı verilmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X8 regional «ASAN xidmət» mərkəzi tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin X9 İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Mərkəzdəki fəaliyyət dövrü ərzində DİN-nin Baş Mühafizə İdarəsinin X9 İdarəsinin əməkdaşı İddiaçı bu ali, məsuliyyətli və səmərəli işlərində onlarla çiyin-çiyinə çalışmış, asayışın qorunmasında yardım etmişdir. Mühafizə xidməti işinin yüksək səviyyədə təşkil olunmasının nəticəsidir ki, mərkəzin əməkdaşı ilə qarşılıqlı səmimi münasibət nümayiş etdirərək hər zaman qətiyyətli və xidmətdə peşəkar olmuş, həmçinin vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl etmişdir. Bu səbəbdən İddiaçı «ASAN xidmət» mərkəzində göstərdiyi əzm və köməyə görə dərin təşəkkürünü bildirirlər.

17. İş materiallarında olan X5 tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X9 İdarəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi İddiaçı xidmətdən xaric olması ilə əlaqədar bildirir ki, xx.xx.2021-ci il tarixdə Gəncə Asan Xidmət mərkəzinə gedəndə tanışı həmin yerdə xidmət aparan mühafizəçi İddiaçı telefonunun xarab olduğunu, ona kömək etməsi barədə ondan xahiş etmişdir. O, isə telefonunu düzəldən zaman telefona virus düşdüyünü görmüş və həmin an telefon öz özünə proqramlara girdi və sonda telefonun ekranına «Whatsapp» proqramı gəlmiş öz özünə nəzə göndərmiş və telefon donmuşdur. Nəticədə Əsəd telefonunda olan sonuncu nömrəyə qeyri-etik şəkil onun tərəfindən göndərilmişdir. Sonradan ona məlum olmuşdur ki, qeyri-etik şəkil göndərdiyi nömrənin sahibi Əsədin qayınanasıdır. Bu məsələdə bütün məsuliyyət və qəbahət onun üzərinə düşür. Əsədin heç bir günahı yoxdur.

18. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi tərəfindən X1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, X9 İdarəsində mülki mühafizəçi vəzifəsində işləyən kürəkəni İddiaçı ailəsində münaqişə yaradaraq həyat yoldaşı Lamiə İbrahimovanın qulaq pərdəsini, boy həddi və yaşı nəzərə alınmadan Mühafizə xidmətində işə qəbul edilməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlaldığı elektron müraciəti ilə bağlı aparılmış xidməti yoxlama nəticəsində mülki mühafizəçi İddiaçı K.İbrahimovaya qarşı qeyri-etik hərəkətlərə yol verdiyi və digər qəbahətləri müəyyənləşdirildiyindən Baş Mühafizə İdarəsinin müvafiq əmri ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

19. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11129/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadın surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğv edilməsi tələbinə dair 2-1(112)-11129/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

20. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-611/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnəqarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

21. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidməti haqqında Əsasnamənin 4-cü maddəsinin 13-cü bəndinə əsasən Müəssisədənkənar Mühafizə xidməti işçiləri xidmət zamanı əmlakı hüquqa zidd qəsdlərdən qorunmalı və müqavilələrə uyğun olaraq mühafizə rejiminə əməl olunmasını təmin etməlidirlər.

22. ş materiallarında Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞG/1- 03834 nömrəli, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi, İddiaçı tərəfindən təsvir edildiyi kimi «Əmək mübahisəsi üzrə əmrin ləğv edilməsi»nə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixdə, 11.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. AR Daxili İşlər Nazirlyinin Baş Mühafizə İdarəsinin nümayəndəsi ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 13 gün əvvəlcədən xx.xx.2022-ci il tarixli dəvət məktubu vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə saat 11.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

23. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanılmış və iddiaçı Azərbaycan Respublikasının Cavabdeh X9 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə əmri qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı əmrin ləğv edilməsini, onun işə bərpa olunmasını, məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməsini və mənəvi zərərin ödənilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

24. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim etmiş və verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir.

25. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir».

26. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir.

27. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir.

28. Məhkəmə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün əsasların olub-olmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.

29. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.

30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cü bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur.

31. Həmin Məcəllənin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

32. Azərbaycan Respublikasmm Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfmdən həmin əsasla ləğv edilə bilər.

33. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

34. Göstərilən Məcəllənin 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

35. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.

36. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir.

37. Məhkəmə qeyd edir ki, iddiaçının şəxsi həyatı ilə bağlı şəxsi yazışmalarının olması onun öz əmək funskiyalarının yerinə yetirilməməsi kimi qiymət verilə bilməz. Həmçinin məhkəmə tərəfindən tələb olunmuş iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsindən də görünür ki, cavabdeh tərəfindən iddiaçının üzərinə etik davranışla bağlı hər hansı bir şərt (əlavə iltizam və s) qoyulmamışdır.

38. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr qanunsuz hesab edilməklə ləğv edilməlidir.

39. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir.

40. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

41. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.

42. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər.

43. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnəqarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

44. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət etməzdən əvvəl qanunun yeni qəbul edilmiş müddəasına uyğun mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir. Mediasiya Təşkilatı tərəfindən cavabdehin nümayəndəsini ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 13 gün əvvəlcədən xx.xx.2022-ci il tarixli dəvət məktubu vasitəsi ilə məlumatlandırılmış, xx.xx.2022-ci tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmiş və bu barədə mediasiya təşkilatı müvafiq arayış tərtib edilmişdir.

45. Azərbaycan Respublikası «Mediasiya haqqında» Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

46. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

47. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

48. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

49. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).

50. Bununla belə, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).

51. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı ilkin olaraq düzgün olmayan məhkəməyə (Gəncə İnzibatı Məhkəməsinə) müraciət etmiş olsada bu hal müddətin ötürülməsi kimi nəzərə alına bilməz. Çünki iddiaçı fərqli məhkəməyə müraciət etməklə artıq məhkəmə müdafiəsi hüququndan vaxtında müddəti ötürməməklə istifadə etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən və qəbzlərdən görünür ki, iddiaçı istər ilkin olaraq məhkəməyə müraciət edərkən, istər mediasiya təşkilatına müraciət edərkən, istər mediasiyadan imtinanı aldıqdan sonra yenidən məhkəməyə müraciət etdikdə belə heç bir hissədə bir aylıq müddəti ayrı-ayrılıqda ötürməmişdir. Bununla da məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsinə dair cavabdehin nümayəndəsinin dəlillərini tam əsassız hesab edir.

52. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə qəbul edilmiş əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir.

53. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir.

54. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 5.000 manat tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır.

55. Belə ki, iddiaçı ona cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

56. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

57. Həmçinin, Ali Məhkəmənin Plenumu yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

58. İddiaçı cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını bildirsə də, ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir.

59. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Cavabdeh İddiaçı işdən azad olunması barədə Ə1338Ş/h-038-21 saylı xx.xx.2021-ci il tarixli əmri ləğv edilməli, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə o, Azərbaycan Respublikasının Cavabdeh X9 İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

60. Azərbaycan Respublikası MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

61. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumu 100 (yüz) manatdır.

62. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

63. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

64. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, lakin mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, eyni zamanda dövlət rüsumunun ödənilməli olan hissəsi - 50 (əlli) manat dövlət hesabına tutulmalıdır.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

67. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

68. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

69. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

70. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Cavabdeh İddiaçı işdən azad olunması barədə Ə1338Ş/h-038-21 saylı xx.xx.2021-ci il tarixli əmri ləğv edilsin, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə o, Azərbaycan Respublikasının Cavabdeh X9 İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikasının Cavabdehndən dövlət rüsumunun əvəzi kimi İddiaçı xeyrinə 50 (əlli) manat, dövlət nəfinə isə ayrıca 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar